Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-ni və mənfəət vergisini tətbiq edə bilər.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər ƏDV qeydiyyatına alındıqdan sonra öz fəaliyyətlərini ƏDV-nin və mənfəət (gəlir) vergisinin ödəyicisi kimi davam etdiridklərindən onların “Fərqlənmə nişanı” almaqla sabit şəkildə vergi ödəmək öhdəlikləri yaranmır.

Cavab 2. Vergi ödəyicisi ƏDV ödəyicisi kimi qeydiyyatda olduğu halda, müştərilərin ƏDV ödəyicisi olub-olmamasından asılı olmayaraq, təqdim olunan xidmətlərin dəyərinə ƏDV hesablanmalıdır.

Cavab 3. Sorğunuzda qeyd olunan halda, müştərilərin elektron-qaimə fakturalar üzrə ödədiyi ƏDV məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə əməl olunmaqla əvəzələşdirilə bilər. 

Belə ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 

Bununla belə, fəaliyyətinizlə bağlı vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 156-cı, 175-ci, 218-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Həmçinin bildiririk ki,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

Sorğunuzda qeyd olunan halda Sizin muzdlu işdən əldə etdiyiniz aylıq gəlir 2500 manatadək olduqda 300 manat (200 + 100) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. 

Müraciətinizdə qeyd olunanlara əsasən, Sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır. Hesablanmış verginin məbləği "Gəlir vergisinin bəyannaməsi" ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.

Gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar hesabat ili ərzində rübdə bir dəfə olmaqla Vergi Məcəlləsinin 151-ci maddəsində qeyd olunan qaydada gəlir vergisi üzrə hesablanmış cari vergi məbləğini büdcəyə ödəməli, hesabat ili başa çatdıqdan sonra isə bəyannamənin təqdim olunmasınadək büdcə ilə son haqq-hesabı aparmalıdır.

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslə isə 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu halda vergi ödəyicisi tərəfindən təqdim etdiyi malların (xidmətlərin) dəyərinə 18 faiz dərəcə ilə əlavə dəyər vergisi hesablanmalı və müvafiq qaydada bəyan edilməlidir.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Muzdlu işçisi olmayan fərdi sahibkarlar tərəfindən isə işsizlikdən sığorta haqqının ödənilməsi tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101-ci, 108-ci, 149-cu, 151-ci, 155-ci, 218-ci maddələri, “Tibbi sığorta haqqında”, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Ümumi qiymət: 5/56
Qiymət ver:

Bildiririk ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. Sorğunuzda qeyd olunan müraciət üzrə ƏDV-nin geri qaytarılması təmin edilmişdir. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Qeyd olunan maddədə səhm və istiqrazların emissiyasını həyata keçirən emitent şəxsdən asılı olmayaraq, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış istənilən səhm və istiqrazlar üzrə ödənilən gəlirlərə vergi güzəştinin tətbiqi nəzərdə tutulmuşdur.

Eyni zamanda kütləvi təklif edilmiş və tənzimlənən bazarda səhmlərin və istiqrazların ticarətə buraxılması Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğuda göstərilən halda onlayn resurslardan istifadə və ya platformadan istifadə edilməsi üzrə ödənilən abunəlik haqlarına görə qeyri-rezidentə aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi və 18 faiz dərəcəsi ilə ƏDV tutulur.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin keçirilməsi üzrə xidmətlərin göstərildiyi yer həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, yer hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vətəndaşın xüsusi mülkiyyətində olan yaşayış sahəsinə əmlak vergisinin hesablanması zamanı binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə Lənkəran şəhəri üzrə müəyyən olunan 0,2 manat vergi dərəcəsi tətbiq edilir ((240 – 30) x 0,2 =42 manat).

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 198-ci və 200-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

Digər tərəfdən Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

Natamam iş vaxtı şəraitində işləyən işçinin əmək haqqının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Əmək Məcəlləsinin 155-ci, 157-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə". 

Ümumi qiymət: 4/54
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə (sorğunuza əsasən gəliriniz rüb ərzində 3000 manat olarsa: 3000 x 2% = 60 manat) sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.  

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı,101-ci, 102-ci, 218-ci və 220-ci maddələri.

Ümumi qiymət: 5/55
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün müraciət qəbulu bitmişdir. Könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə saytımızda məlumat veriləcək.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılmışdır və altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində müharibə veteranı statusu almış şəxslər barədə məlumatların həmin altsistemə daxil edilməsinin təmin olunması aidiyyəti dövlət qurumlarına tapşırılmışdır.

Buna əsasən müharibə veteranı adı almış şəxslər barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir və “Müharibə veteranı” vəsiqəsi verilənədək Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müəyyən edilmiş güzəşt hüququ Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilən arayışlar və DOST mərkəzinin arayışı əsasında fiziki şəxslərin muzdlu işdən gəlirlərinə tətbiq edilir. 

Əsas: Vergi Məcəlləsinin 102-ci, 108-ci və 143-cü maddələri, Əmək Məcəlləsinin 176-cı maddəsi, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, E-sosial portalı haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur. 

Vergi ödənişləriniz haqda ətraflı məlumatı isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə, eyni zamanda gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) əldə edə bilərsiniz.   

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərinə aiddir. Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. 

Qeyd olunanlara əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərin fiziki şəxs tərəfindən nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 99-cu və 220-ci maddələri.      

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qanunvericiliyə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq xidməti üzrə əldə olunan gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur. 

Eyni zamanda qeyd olunan fəaliyyət növü üzrə xüsusi icazə və ya lisenziyaların alınması ilə bağlı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə (195-1)  müraciət edilməsi tövsiyə olunur.

Əsas:  Vergi Məcəlləsinin 13.2.14.2-ci, 104.1-ci, 164.1.2-ci və Mülki Məcəllənin 655-ci maddələri 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki (hüquqi) şəxslərin dividend gəlirləri gəlir (mənfəət) vergisindən azaddır.

Sorğunuzda qeyd olunan müəssisə ƏDV ödəyicisi olduğu üçün, yuxarıda qeyd olunan vergi azadolması müəssisənin ödədiyi dividendlərə tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-1-ci, 106.10-cu və 122.1-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Vergi ödəyicisinin dövriyyəsi barədə və vergi ödəyicisinin fəaliyyətinin aktiv olub-olmaması barədə arayışların verilməsi sərbəst formada müraciət ərizəsi əsasında (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) 5 iş günü ərzində vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən təqdim edilir. 

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Həmçinin, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 

Müraciətinizdə qeyd olunan halda məbləğ müştəridən və ya hər hansı digər şəxsdən alınmalı məbləğdən (66 000 manat) 18 faiz dərəcə ilə ƏDV hesablanmalıdır.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 161-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi tərəfindən əldə olunmuş elektron qaimə-faktura üzrə ƏDV-nin əvəzləşdirilməsi, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvəzləşdirmə hüququnun yarandığı ay üzrə təqdim edilən ƏDV bəyannaməsində əks etdirilir. Əvəzləşdirmənin sonrakı hesabat dövrləri üzrə ƏDV bəyannamələrində nəzərə alınması və həyata keçirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Eyni zamanda Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 72-ci və 175-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan proqram təminatı qeyri-maddi aktivlərə aid edilir.

Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 114.3.6-cı maddəsində istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə illik amortizasiya ayırmalarının hesablanması müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 118.2-ci maddəsinə əsasən qeyri-maddi aktivlərə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. 

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya ayırmalarının gəlirdən çıxılmasına Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 114-cü və 118-ci maddələri.
 

Ümumi qiymət: 0/50
Qiymət ver: