Bildiririk ki, fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.
Uçotdan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş “Uçotun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.
Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.
Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.
Məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.
Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması prosedurları ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.
Əmrahov Oqtay Bəxtiyar oğlu (VÖEN 7701388392) Vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.
Bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.
Hər hansı mal, iş və ya xidmət olmadan tərtib olunan elektron qaimə-faktura əsassız hesab olunur. Müraciətinizdə qeyd olunan halda, B müəssisəsi məsələnin araşdırılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.
Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı bu maddədə göstərilən müddətlərdə təqdim etməlidir. Eyni zamanda həmin maddədə vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq müvafiq növdə elektron qaimə-faktura verilməsi nəzərdə tutulmuşdur.
Belə ki, tərəflər arasında bağlanılmış agent müqaviləsinə əsasən mallar komitent tərəfindən agentə təqdim olunduğu zaman təqdim olunan malların dəyərində “Malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə”, eyni zamanda agent tərəfindən göstərilən agent xidmətinə görə komitentə alınan komissiyon haqqı məbləğində “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə”, agent tərəfindən malların vergi ödəyicisi olan alıcılarına (müştərilərə) təqdim olunması zamanı “Agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən” elektron qaimə-faktura təqdim edilir.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.
Bildiririk ki, sığortaçılar tərəfindən göstərilən sığorta xidmətləri üzrə əldə edilən haqlar onların gəlirlərinə, bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər, o cümlədən sığorta haqları ilə bağlı yaradılan ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.
Vergi Məcəlləsinin 112-ci maddəsinə əsasən Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına ayırma məbləğlərini gəlirdən çıxmaq hüququna malikdir.
Sığorta ehtiyatlarının yaradılması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06.12.2011-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”na uyğun olaraq tənzimlənir.
Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.
Bildiririk ki, ərzaq satışı fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş fəaliyyət növlərinə aid edilmir. Həmin şəxslərin eyni zamanda bir neçə fəaliyyət növü olduqda və həmin fəaliyyət sahələrinin arasında pandemiyadan zərər çəkmiş fəaliyyət növü olduqda, vergi orqanına həmin işçiləri üçün muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində maliyyə dəstəyinin ayrılması haqda müraciət edə bilərlər.
Bildiririk ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.
Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.
12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.
Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.
Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.
Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən fərdi sahibkar kimi digər vergi ödəyicilərinə xidmət göstərdiyini nəzərə alaraq sorğunuzda qeyd olunan şəxs vergi orqanında uçotda olduğu halda gəlir vergisi ödəyicisi kimi xərclər çıxılmaqla 20 % vergi ödəməlidir. O da nəzərə alınmalıdır ki, 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır. Bu halda qeyd olunan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı Sosial sığorta haqqında Qanununa əsasən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında ödənilməlidir.
Tərəflər arasında əmək müqaviləsi bağlandığı halda isə, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən əməkhaqqından gəlir vergisi ödəmə mənbəyində işəgötürən tərəfindən hesablanaraq ödənilməlidir.
Əsas: Vergi Məcəlləsinin 101.1-1-ci, 102.1.30-cu, 218.5.10-cu və 218.6.2-ci maddələri, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndə(notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına təqdim edə bilər. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.
Müvafiq qaydada verilmiş etibarnamə əsasında ərinizin adından fəaliyyətinin müvəqqəti dayandırılması və ya uçotdan çıxarılması üçün vergi orqanına müraciət edə bilərsiniz.
Bildiririk ki, “ASAN İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.
Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.
Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:
Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.
İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan fərdi (mikro) sahibkarlara şamil edilir.
Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz.
Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz:
https://www.taxes.gov.az/az/page/elaqe
“Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari
Fiziki şəxsin vergi uçotu və asan imza sertifiakatının əldə olunması üçün yaşadığınız ərazi üzrə ASAN xidmət mərkəzlərində qabaqcadan onlayn növbə tutmaqla müraciət edə bilərsiniz.
Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:
Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.
İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan fərdi (mikro) sahibkarlara şamil edilir.
Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması nəzərdə tutulmuşdur. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Hüquqi şəxslər tərəfindən alınmış iş və xidmətlərə görə ƏDV-nin qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".
Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının, vergi bəyannamələrinin (hesabatların) surətlərinin verilməsi vergi ödəyicisinin sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında 15 gün müddətində uçotda olduğu vergi orqanı tərəfindən verilir.
Əsas: Vergilər nazirinin 24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”
Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin səhmdar cəmiyyətə çevrilməsi hüquqi şəxsin yenidən təşkil edilməsinə aid edilir. Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.
Nəzərə almaq lazımdır ki, qapalı səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum həddi 10 milyon manat, iştirakçılarının say həddi isə 50 fiziki və hüquqi şəxslərdən ibarət olmalıdır.
Yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Vergilər Nazirliyinin müvafiq qeydiyyat orqanına notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə müraciət edilir. Ərizəyə isə aşağıdakı sənədlər əlavə edilməlidir:
- “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat”;
- yenidən təşkil haqqında qərar;
- təhvil aktı və ya bölünmə balansı;
- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat;
- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”;
- təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti;
- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”;
- təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;
- səhmdar cəmiyyətinin təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;
- səhmdar cəmiyyətinin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar;
- “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə));
- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);
- səhmdar cəmiyyətinin təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- hüquqi ünvanını təsdiq edən sənəd;
- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);
- nizamnamə kapitalı pul formasında deyil, əmlak formasında qoyulduqda, həmin əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi;
- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;
- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda);
- bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd;
Eyni zamanda məhkəmə tərəfindən hüquqi şəxs barədə cinayət-hüquqi tədbirin təyin edilib-edilməməsi və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub olunmaması, qəbul olunubsa həmin qərarın tam icra edilib-edilməməsi və ya ləğv edilməsi barədə məhkəmədən müvafiq sənəd də əlavə olunur.
Əsas: Mülki Məcəllənin 55-58-ci, 92-ci, 98-ci və 103.2-ci maddələri, İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi, Cinayət Məcəlləsinin 99-4.7-ci maddəsi, Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il, tarixli 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Qanununun 9-cu maddəsi və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin qəbul edilməsindən irəli gələn bəzi məsələlərin həll edilməsi haqqında” Nazirlər Kabinetinin 23.12.2000-ci il tarixli 224 nömrəli qərarı.
Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Fiziki şəxslərə ödənilən icarə haqqı isə vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, fiziki şəxs əldə etdiyi gəlirdən 14 faiz gəlir vergisini özü ödəyir və bəyannnamə təqdim edir.
Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 104-cü, 124-cü maddələri.