Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Tahir Həsənov Elman ta***@gmail.com ID: 2062
Edvgerial.az portalında daxil elədiyim çeklər hələ də gözləyir statusundadır. 1 həftə keçib, pul hələ də balansa oturmayıb. Məlumat verərsiniz, zəhmət olmasa.
23/05/2020 Oxunub: 34 Orta qiymət: 0

Bildiririk ki, çekin yaranma tarixindən 30 günü artıq keçibsə, çekin fiskal ID-si portalada daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür, “qaytarılan” status ilə “tarixçə” bölməsində saxlanılır. Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si portalada daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” status ilə “Tarixçə” bölməsində saxlanılır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsmayılov Sərvər Rəsul Se***@list.ru ID: 2061
Salam, fərdi sahibkar olaraq çap işləri ilə məşqul olmaq istədikdə və digər sifarişçilər ilə müqavilə bağladıqda hansı öhdəlikləri yerinə yetirməliyəm? Dövlət rüsumu və sadələşmiş vergi neçə faiz təşkil edir? Zəhmət olmasa təsnifat kodunu qeyd edəsiniz. Təşəkkür edirəm.
23/05/2020 Oxunub: 98 Orta qiymət: 5

Sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
ƏDV qeydiyyatına durmaq öhdəliyi isə, sahibkarlıq fəaliyyətindən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda yaranır.
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Qeyd olunan fəaliyyət sahəsi üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsllər minimum aylıq əməkhaqqının  15 faizi miqdarının: Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. 
Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin "Büdcə rekvizitləri barədə məlumatın verilməsi"  altbölməsində yerləşdirilmişdir: 
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü,  95-ci, 103-cü, 218.5.10-cu, 218.6.2-ci və 220-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rzayev Cəlal Orucalı oğlu ca***@mail.ru ID: 2060
Salam. Sualim belədir: Rezident şirkət Qeyri rezident şirkətin (Rusiya Federasiyası) istehsal etdiyi malların satışını Azərbaycan Respublikası ərazisində təşkil etmək üçün agent xidməti göstərir. İşlərin , xidmətlərin göstərilməsi ilə əlaqədar aktlarda xidmətin ixrac olunduğu ölkədə (Rusiya Federasiyası) Agentin xidmətinə görə alacağı dəyərdən ƏDV hesablanib (Rusiya Federasiyasında) ödənilib. Vergi Məcəlləsinin 165.1.3 və 168.1.5 müddəalarını əsas götürərək Rezident şirkət göstərdiyi agent xidmətinə görə ƏDV-yə 0 dərəcə ilə cəlb olunmalıdır yoxsa, ümumu qaydada ƏDV ödəməlidir? Əvvəlcədən təşəkkürümü bildirirəm.
23/05/2020 Oxunub: 193 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən malların və bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracına görə ƏDV sıfır (0) dərəcə ilə tutulur.
Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə bu xidmətlərin alıcısının olduğu yerdə, müraciətinizdə qeyd olunan halda Rusiya Federasiyasında ƏDV-yə cəlb edilir. 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Əkberov Insalla Agacan oglu si***@gmail.com ID: 2059
Mən 1975-ci ildə Sabirabad rayonunun Qəzli kəndində kolxozçu ailəsinde doğulmuşam. 3 usağım var, 2 qız və 1 oğlan. Oğlum tələbədir, yoldaşımla mən işsiz kimi qeydiyyatdayıq. Bizim ailə çox çətin durumdadır, sosial müavinət də almırıq. Çox sağ olun cənab prezidentimizin tapşırığı ilə pandemiya dövründə 190 manatdan yararlandım, amma 190 manat bu yaşıma qədər bizim evə gələn ilk və son yardım idi. Xahis edirəm aidiyyəti qurumlardan mənim sosial müavinətlə təmin olunmamda yardım göstərsinlər. Vəziyyətim cox acınacaqlıdır. Diqqətiniz üçün təşəkkür edirəm.
23/05/2020 Oxunub: 39 Orta qiymət: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Anar Kərimov Nadir k.***@mail.ru ID: 2057
Salam. Mikro sahibkar kimi 1 ay 250 azn aldım. Bunu təkrar alıb-almamaqla bağlı məlumat almaq istəyirdim.
23/05/2020 Oxunub: 32 Orta qiymət: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu maliyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəcəfzadə Elman Sabir ne***@gmail.com ID: 2054
Mən Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərirəm, amma pandemiyaya görə verilən yardımdan yararlana bilmədim. Mənə heç bir mesaj gəlmədi buna görə, məlumat verməyinizi xahiş edirəm.
22/05/2020 Oxunub: 29 Orta qiymət: 0

Müraciətinizin araşdırılması üçün qeydiyyatda olduğunuz vergi orqanına və ya səhifəmizin  "Onlayn müraciətlər" bölməsinə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aslanova Səbinə Niyazi sa***@gmail.com ID: 2053
Mən atam Aslanov Niyazi Aslan oğlunun nə qədər vergi borcu olması haqqında məlumat almaq istəyərdim. Hal hazırda özü bəzi səbəblərə görə müraciət edə bilmədiyindən mən bu barədə məlumat almaq istəyərdim.
22/05/2020 Oxunub: 39 Orta qiymət: 0

Bildiririk ki, Aslanov Niyazi Aslan oğlu (VÖEN: 2002256832) vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində uçotdadır və fəaliyyəti aktivdir. Hazırki tarixə vergi borcu yoxdur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəbrayılov Azər Baladadaş oğlu az***@mail.ru ID: 2051
102.4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır: 102.4.4. daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum. Sual- mən işləyirəm, həyat yoldaşim işşizdir. 18 yaşa qədər sağlamlıq imkanları məhdud uşağımız var. İş yerimdə mənə bu güzəşt aid edilirmi? Aiddirsə hansı sənədlər təqdim etməliyəm mühasibatlığa?
22/05/2020 Oxunub: 144 Orta qiymət: 4

Bildiririk ki, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan həyat yoldaşı kimi vergi tutulmalı olan aylıq gəliriniz 100 manat məbləğində gəlir vergisindən azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;

- uşağın doğulması haqqında şəhadətnamənin surəti;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı

Əsas: Vergi Məcəlləsinin 102.4.4-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Xəyyam Məmmədov ba***@gmail.com ID: 2050
Salam. Tələbəyəm heç bir yerdə işləmirəm və ailə üzvlərimdən də heç kim heç yerdə işləmir. Dövlət tərəfindən təhsilə yardım paketindən yararlana bilmirəm ve müvafiq qurumlardan sualımıza yekun cavab ala bilmirik. Biri digərine yönəldir. Bakı biznes və Kooperasiya kollecində qiyabi oxuyuram, axırıncı kurs tələbəsiyəm, kollecdən illik ödənişi tələb edirlər. Əgər bu gün ödəniş etməsəm diplom ala bilməyəcəyimi demişdilər. Aile büdcəmiz ödəniş etməyə imkan vermir. Xahis edirəm müraciətimizə cavab verəsiniz.
22/05/2020 Oxunub: 60 Orta qiymət: 5

Bildiririk ki, "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 saylı Qərarına əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan müvafiq həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Bununla bağlı ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Təhsil Nazirliyinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Tağıye Əli Sabir Ta***@mail.ru ID: 1815
Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında 4 iyul 2005-ci il tarixli 878 nömrəli AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMIna əsasən işçiyə əməkdar elm xadimi (fəxri ada layiq görülüb) olduğuna görə dövlət büdcəsi hesabına iş yerindən 100 manat aylıq təqaüd ödənilir. Eyni zamanda işçinin əmək haqqısı əsas iş yeri olaraq 2500 və ya 3000 manatdırsa, o zaman işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirindən gəlir vergisi necə hesablanmalıdır? Xahiş edirik cavablandırılarkən hər iki göstərici üzrə cavablandırasınız.
22/05/2020 Oxunub: 177 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən fəxri adlara görə ödənilən aylıq təqaüd dövlət təqaüdü hesab edilməklə gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, fiziki şəxslərin muzdlu işdən vergi tutulan aylıq gəlirinin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur. 

Eyni zamanda Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

1) Hesablanan aylıq əmək haqqı : 3 000,00 

Vergiyə cəlb olunan məbləğ: 2 900,00 olduqda, gəlir vergisinin məbləği - (350 + 100 =450) manat. 

2) Hesablanan aylıq əmək haqqı : 2 500,00 

Vergiyə cəlb olunan məbləğ: 2 400, 00 olduqda, isə gəlir vergisinin məbləği (2400 - 200) x 14% = 308 manat hesablanmalıdır.  

Əlavə olaraq bildiririk ki, səhifəmizdə “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru” yerləşdirilmişdir. Kalkulyatordan istifadə etməklə  siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir və bu halda göstərdiyiniz əmək haqqı məbləğindən gəlir vergisi tutulmur.  

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 102.1.4-cü, 102.1.6-cı maddələri, Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2005-ci il tarixli 878 nömrəli “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı.

5/5 (7 Orta qiymət)
Qiymət ver:
Cabbarov Fazil fa***@gmail.com ID: 2049
Salam. Hüquqi şəxs digər hüquqi şəxsdən əsas vəsaitləri (bina, maşın və avadanlıqlar vəs.) icarə götürür və icarə müqaviləsinin əlavəsində götürülən əsas vəsaitlərin qalıq dəyəri əks olunur. VM-nin 115.3 maddəsinə əsasən icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 -115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir. Göstərilən norma əsasında icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərcləri gəlirdən çıxıla bilərmi? Bu əsas vəsaitlər icarə müqaviləsi bitdikdən sonra geri qaytarılacaq. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
22/05/2020 Oxunub: 165 Orta qiymət: 1

Bildiririk ki, Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına əsasən icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 -115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

Həmçinin tərəflər arasında bağlanan icarə müqaviləsində əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılması ilə bağlı məsələlər qanunvericiliyin – Mülki Məcəllənin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. Mülki Məcəlləsinin 680-ci maddəsində nəzərdə tutulur ki, icarəyə verən icarəçi tərəfindən əmlakın yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzini ona ödəməyə borcludur. 

Vergi Məcəlləsi və Mülki Məcəllənin tələblərindən göründüyü kimi, balansda uçota alınmayan əsas vəsaitlərə çəkilən təmir xərci yalnız icarə haqqı ilə əvəzləşdirilir, bu zaman çəkilən xərc icarə haqqı şəklində gəlirdən çıxılır,  yaxud icarəyə verəninin vəsaiti ilə həyata keçirilir ki, bu da əvəzi alınan pul olduğu üçün gəlirdən çıxılmır. Yəni çəkilən məsrəflər artıq kompensasiya edilmişdir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilən “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların 5.5-ci bəndinin müddəalarına əsasən icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır.  Alınma hüququ olmayan və icarəçinin mülkiyyətinə keçməyən obyektlər, icarəçinin əsas fondlarına aid edilmədiyi üçün onun tərəfindən uçota alınmır.

icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclər aşağıdakı qaydada gəlirdən çıxıla bilər:

İcarəyə götürənin balansında uçota alınan əsas vəsaitlər – Vergi Məcəlləsinin 115.1-ci maddəsində göstərilən faiz dərəcəsi ilə;

İcarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlər - Vergi Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq icarə haqqı ilə əvəzləşdirilməklə. 

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi, Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Dilşad Səfərova Salman sa***@bk.ru ID: 2048
Salam mən pandemiyadan zərər çəkmiş fərdi sahibkar kimi qeydiyyatdan keçdim. Mənim şəxsi kabenitimə mesaj gəlib ki, pul hesabınıza köçürülüb. Amma banka gedirəm, bank deyir ki, xeyr sizin hesabınıza pul köçürülməyib. Xahiş edirəm, mənə kömək edəsiniz.
22/05/2020 Oxunub: 35 Orta qiymət: 0

Bildiririk ki, elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyest məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin edir. Bu səbəbdəbn bəzi hallarda ödəmənin bank hesabına köçürülməsi prosesi təsdiq haqda SMS bildirişdən bir-iki gün müddətində həyata keçirilə bilər. Bununla bağlı müştərisi olduğunuz banka və ya qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hacıyev Elmir Nürəddin oğlu el***@gmail.com ID: 2047
Sahibkarlara ödəniləcək sosial müavinət haqqında.
22/05/2020 Oxunub: 42 Orta qiymət: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cavidan Məmmədli Abduləziz oğlu ca***@outlook.com ID: 2046
Salam. Mən alış-veriş etdiyim zaman çeklərin üzərindəki Fiskal ID-ni qeydiyyatdan keçdiyim edvgerial.az saytında daxil etmişəm. Mənim 4 çekim uzun müddət gözlədilir. Mənim 1-ci çekim 09.05.2020 tarixində, 2-ci çekim 09.05.2020 tarxində, 3-cü çekim 12.05.2020 tarixində, 4-cü çekim 16.05.2020 tarixində alındığı gündə sayta daxil edilib, amma bu 4 çekim gözlədilir. Mən daha nə qədər gözləməliyəm? Fiskal ID daxil edildiyi zamandan ən geci neçə gün ərzində hesaba vəsait daxil olmalıdır? Mənim yəni istehlakçının bu məsələ barəsində hansı hüquqları var? Edəcəyiniz yardımınız üçün öncədən təşəkkür edirəm!
21/05/2020 Oxunub: 39 Orta qiymət: 4

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Bayramova Bənövşə Saleh be***@mail.ru ID: 2045
Salam, mən 19.05.2020 tarixində Asan4 -də vergi ödəyicisi kimi qeydiyatdan keçdim. Fiziki şəxs və kiçik sahibkar olaraq VÖEN açıldı kod, parol və şifrə verildi.Lakin vergini hara,necə və nə qədər ödəyəcəyim barədə məlumat vermədilər. Mən bu barədə məlumatı necə əldə edə bilərəm?
21/05/2020 Oxunub: 38 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar və təsnifat kodları saytımızın Bir pəncərə bölməsinin "Vergi və dövlət rüsumlarını hara köçürməli?" altbölməsində yerləşdirilmişdir.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həsənov Emin Kamal He***@gmail.com ID: 2043
Salam. Mən Mikro dəstəyi keçən ay aldım lakin bu ay almadım. Səbəb nə ola bilər? VÖEN 1102119202
21/05/2020 Oxunub: 32 Orta qiymət: 5

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu maliyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Tebriz İbrahimov Şahmar te***@gmail.com ID: 2042
Mən 2019 cu ilin dekabr ayından Nazlı saray adlanan resdaranda əmək müqaviləsi ilə işləyirdim. Pandemiyaya görə mart ayının 14 işimiz dayandı. Muzdlu işçilərin əmək haqqının bir hissəsinin ödənilməsi ilə bağlı qərara əsasən mənə bu günədək heç bir əməkhaqqı ödənilməyib. Restoranla əlaqə saxlayıram, deyirler dövlət bizə heç bir əmək haqqı ödəməyib. Bunu necə araşdırmaq, olar zəhmət olmasa bu barədə mene köməklik edəsiniz.
21/05/2020 Oxunub: 50 Orta qiymət: 0

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat və Vergilər nazirliklərinin rəsmi internet saytlarında yerləşdirilir və hər gün yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Arzu Mehralı Vidadi ar***@gmail.com ID: 2041
Salam. Mənim 2020-ci ilin 1-ci rübündə heç bir gəlirim olmayıb və Məcəllənin 151.5-ci maddəsi üzrə 1-ci rübün arayışını vermişəm. Orada gəlirimi 0 (sıfır) AZN göstərmişəm. Buna baxmayaraq mənə 1-ci rüb üzrə 259 AZN borcumun olduğu barədə bildiriş gəlib və hər gün üzərinə cərimə hesablanır Sual 1: Mən o borc məbləğinin aradan qaldırılması üçün hara müraciət etməliyəm? Sual 2: Mənim hesabıma sərəncam qoyulmaqla bu məbləğ hesabdan avtomatik silinə bilərmi vergi tətili dövründə?
21/05/2020 Oxunub: 120 Orta qiymət: 5

Cavab 1. Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Xidmət mərkəzlərinə və ya (195-1) Çağrı Mərkəzinə müraciət edərək borcunuzun yararnması haqda ətraflı məlumat ala bilərsiniz.

Cavab 2. Bildiririk ki, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək vergi orqanının hüququ hesab olunur, bu hüquqdan istifadə edilən zaman kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam verilir.

Əsas: Vergi Məcəlləsinin 23.1.7-ci və 65-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Vahid Bağıyev Yusif te***@gmail.com ID: 2040
Salam adıma olan VÖEN-i bağlamaq istəyirəm. 22.04.2020 tarixinden muraciət etmişəm. VÖEN-i bağlanması haqda da rəy gelib. Vergi orqanından mənə sabaha bağlanacaq deyilrər, amma 2 həftəyə yaxındır ki, bağlanmir. Sualım odur ki, VÖEN nə vaxt tam fəaliyyətini dəyandiracaq və hara müraciət edə bilərəm?
21/05/2020 Oxunub: 36 Orta qiymət: 5

Bildririk ki, hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Vahid Bağıyev Yusif oğlu adına VÖEN müəyyən edilməmişdir.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Zeynalova Nəzrin Afiq qızı ze***@mail.ru ID: 2039
Salam. Mən 21 may 2020-ci il saat 00:31 də Rahat market Zabrat qəsəbəsində 19 manat 9 qəpiklik alış veriş etmişəm. Edvgerial.az da edv-ni geri qaytarmaq istəyirəm. Lakin ''Gözlənilməyən xəta baş verdi, yenidən cəhd edin'' deyə bildiriş gəlir. Çek də mövcuddur. Zəhmət olmasa xətanı aradan qaldırardız. Təşəkkürlər.
21/05/2020 Oxunub: 42 Orta qiymət: 4

Çekin fiskal ID-nin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbəblərindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

4/5 (3 Orta qiymət)
Qiymət ver: