Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Atakişiyev Telman Cəbrayıl oğlu te***@mail.ru ID: 3088
Salam. 2 sualım olacaq xahiş edirəm cavablandırasız. 1. Hüquqi şəxs öz istehsalı olan kənd təsərrüfatı mallarının ətini satır. Əlavə olaraq heyvanlardan çıxan tullantıları (dəri,baş,qarın) başqasına satır. Bu tullantıların satışı vergiyə cəlb olunur, yoxsa azaddır. 2. ƏDV 18% ödəyicisiyik. Dükan açırıq ət satışı üzrə. Ət satışı 2024-ci ilə qədər ƏDV azaddır. Bu halda maqazinda nəzarət kassa aparatı qoyulmalıdır, ya yox?
08/10/2020 Oxunub: 282 Orta qiymət: 4

Cavab 1. Bildiririk ki, 01.01.2014-cü tarixdən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmişdir.

Eyni zamanda, heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. 

Heyvana aid tullantılar, o cümlədən heyvan dərisi kənd təsərrüfatı məhsullarına və ya heyvan ətinə hesab edilmədiyi üçün, hər hansı azadolma nəzərdə tutulmamışdır və ümumi qaydada ƏDV-yə və mənfəət vergisinə cəlb olunur.

Cavab 2. Bildiririk ki, pərakəndə satış fəaliyyətini həyata keçirən şəxslər təsərrüfat subyektində (obyektində) nəzarət-kassa aparatı (NKA) quraşdırmaqla nağd pul hesablaşmalarını NKA vasitəsilə həyata keçirməlidir. 

Həmçinin, heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilsə də, mənfəət və ya sadələşdirilmiş vergidən azad deyil. Belə ki, vergi qanunvericiliyinə əsasən heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi kənd təsərrüfatı məhsullarının istehsalı hesab edildiyindən, vergidən azad edilir. Sorğunuzda qeyd olunan heyvanların diri şəkildə təqdim olunduğu halda vergidən azad hesab olunur, kəsilərək heyvan əti formasında təqdim olunduğu halda isə ümumi qaydada vergiyə cəlb olunur. 
Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

 

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Elgün Hümbətov Xalid hu***@gmail.com ID: 3092
VÖEN - ü bağlatmaq istəyirəm fiziki şəxs kimi açdırmışdım. Nə etməliyəm və hara getməliyəm, hansı sənədlər lazımdır?
08/10/2020 Oxunub: 58 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ramiz Rəhimzadə ra***@gmail.com ID: 3091
Mən VÖEN açmışam, lakin heç bir yerdə işləmirəm. Məndən vergi tutula bilər?
08/10/2020 Oxunub: 68 Orta qiymət: 0

Bildririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. Bu halda vergi ödəyicisinin vergi və sosial sığorta haqqı üzrə öhdəliyi yaranmır.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hacıyev Kamran Mahir Oglu kh***@gmail.com ID: 3060
Salam. Mən əgər Xarici olkədən məsələn, Türkiyədən 4000 manta özüm üçün velosiped alsam və yaxud özüm alıb gətirsəm nə qədər vergi verməliyəm? Onun ölkəyə gətirilməsində nə qədər vergi ödənilməlidir?
08/10/2020 Oxunub: 96 Orta qiymət: 5

İdxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Aydın Mehdiyev Ənvər ay***@yahoo.com ID: 3087
Əmlak vergisinin hesablanmasında hansı köməkçi tikililər və gurğular nəzərə alınır? Bizim bələdiyyə hətta hasarın 20sm galınlığını və altı boş olan talvarı vergiyə düşən bina kimə hesablayır. Bu nə dərəcə də doğrudur? Əgər doğrudursa, bu hansı məntiqə sığır? Divarın içində yaşamaq ya da heç bir fəaliyyət göstərmək mümkün deyil. Talvar da açılıb-bağlanan olur. Bu necə tənzimlənir? Ümumiyyətlə, bunun dəqiq təlimatı varmı?
08/10/2020 Oxunub: 109 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlakvergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Müraciətinizdə qeyd olunan altı açıq sahələr və hasar istisna olmaqla, fiziki şəxsə məxsus olan tikililər əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Oksana Əliyeva ok***@mail.ru ID: 3090
2015-ci ildə mən Gəncə şəhərində Dövlət İpotekası ilə ev almışam. Qeydiyyata düşməmişəm. Hal-hazırda ipotekanı ödəyə bilmədiyim üçün evi satmaq istəyirəm. Mən ev alveri ilə məşğul deyiləm. İpoteka yolu ilə əziyyət çəkib aldığım evə görə niyə vergi ödəməliyəm? Xahiş edirəm, mənim məktubumu şikayət kimi qəbul edin.
08/10/2020 Oxunub: 98 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir. 

Fiziki şəxsin mülkiyyətində olan və ipoteka predmeti olan yaşayış sahəsinin təqdim edilməsinin sadələşdirilmiş vergidən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Bununla yanaşı bildiririk ki, fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi sadələşdirilmiş vergidən azaddır.

Eyni zamanda, yaşayış yeri üzrə qeydiyyatda olma müddətindən aslı olmayaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi sadələşdirilmiş vergidən azaddır.

Qeyd olunanlara əsasən fiziki şəxsin yaşayış yeri üzrə 3 (üç) təqvim ilindən az müddətdə qeydiyyatda olduğu yaşayış sahəsinin (mənzilinin) təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan hissəsindən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləği yaşayış sahəsini təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 1-ci, 150-ci və 218-1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal vu***@hotmail.com ID: 3086
Salam, müəssisə adının dəyişdirilməsi üçün hansı lazimi sənədləri təqdim etməliyəm? Xahiş edirəm, koməklik göstərəsiniz.
08/10/2020 Oxunub: 91 Orta qiymət: 0

Bildiririk ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-nin, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.

Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur.

Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən,  kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülnarə Əliyeva İlham ga***@ada.edu.az ID: 3187
Salam, mənim VÖEN-im hələ də aktivdir. Ən son nə vaxt hesabatını vermişəm xatırlamıram, çox güman ki, borc yığılıb. Sayta da girə bilmirəm iki gündür. Nəticədə nə qədər borcum var məlum deyil. Men bunu vergi idarəsinə yaxınlaşaraq həll eləyə bilərəm ya tək onlayn olaraq həll olunur?
07/10/2020 Oxunub: 39 Orta qiymət: 0

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə və vergi borcu, o cümlədən təqdim edilməmiş bəyannamələr haqda məlumat ala bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rauf Ibrahimov ma***@list.ru ID: 3185
Salam ! Vətəndaş yerli rezident “A” MMC-nin yeqanə təsisçisi (iştirakçısıdır), ona məxsus həmin MMC-nin 100%-lik 10 payın nomial dəyəri 10 manatdır. Həmin vətəndaş digər birisi ilə yeni “B” MMC-nin təsis edilməsi ilə bağlı danışıqlar aparır. Vətəndaş həmin bu təsis edilən yeni “B” MMC-nin nizamnamə kapitalındakı öz payını ona məxsus “A” MMC-nin 100%-lik payları ilə ödəmək qərarına gəlmişdir. Həmin “A” MMC-nin paylarının maya dəyəri “B” MMC-nin təsisçilərin ümumi yığıncağı tərəfindən 1000 manat dəyərində qiymətlndirilib, dəvət olunmuş auditorun rəyi ilə həmin dəyər təsdiqlənib. Beləliklə, vətəndaş 10 manat dəyərində “A” MMC-nin paylarının əvəzinə 1000 manat dəyərində olan “B” MMC-nin paylarını əldə etmiş olur. Sual: 1.”B” MMC-nin nizamnamə kapitalınına maya kimi verilən “A” MMC-nin paylarının 1000 manatlıq maya dəyəri ilə, həmin payların nominal dəyəri arasındakı 990 manatlıq fərqddən hansı vergilər (ƏDV, mənfəət vergisi, vətəndaşın gəlir vergisi, ödəmə mənbəyində gəlir vergisi) və kim tərəfindən ödənilməlidir: “A” MMC tərəfindən, “B” MMC tərəfindən, “A” MMC-nin təsisçisi tərəfindən yaxud “B” MMC-nin təsisçisi (təsisçiləri) tərəfindən ? 2. Beləliklə 2 təsisçisi olan ”B” MMC “A” MMC-nin nizamnamə kapitalının 100 %-lik paylarının mülkiyyətçisi olur. Həmin bu paylar “B” MMC-də və “A” MMC-də hansı uçot qiyməti ilə vergi və muhsibat uçotunda qeydə alınmalıdır: 10 manat, yaxud 1000 manat ? 3.”B” MMC-ti dövlət qeydiyyatına alındığı tarixdən 40 iş günü ərzində “A” MMC-nin reyestr məlumatlarının dəyişikliyi ilə əlaqədar qeydiyyat orqanına müraciət etməlidir mi ?
07/10/2020 Oxunub: 180 Orta qiymət: 2

Bildiririk ki, Vergi Məcəlləsinin 96.5-ci maddəsinə görə hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Vergi Məcəlləsinin 146.1-ci maddəsinə əsasən şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə aktivlərin təqdim edilməsi vergiyə cəlb olunan gəlir hesab edilmir.

Vergi Məcəlləsinin 146.2-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-ci maddəsinin müddəaları şamil edilən aktivi alan iştirakçı üçün onun dəyəri aktivi verən iştirakçı üçün onun verilmə vaxtındakı dəyərinə bərabərdir və aktivin balans dəyəri onu alan şəxsə keçir.

Vergi Məcəlləsinin 146.4-cü maddəsinə əsasən götürülmüş öhdəliklər verilən aktivlərin dəyərindən artıqdırsa, bu maddə həmin artıq məbləğə tətbiq edilmir.

Bildiririk ki, əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 34-cü, 96-cı, 102-ci, 146-cı və Mülki Məcəllənin 90-cı maddələri.

2/5 (3 Orta qiymət)
Qiymət ver:
Vüsalə Hacıyeva vu***@mail.ru ID: 3182
Salam, internetlə bağlı edvgerial.az işləmir, "Birkart"la da alınmır. Bunlar nəzərə alınacaq, çünki çeklərin müəyyən vaxtları var?
07/10/2020 Oxunub: 39 Orta qiymət: 0

Bldiririk ki, hazırda edvgerial.az portalı və Birbank mobil tətbiqinin istifadəsində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Eyni zamanda, istehlakçı çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət edə bilər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Bünyad el***@gmail.com ID: 3085
Salam. Pərakəndə satış fəaliyyəti ilə məşğuluq, kassadan hər hansı ödənişimiz olmur, yalnız müştərilərdən nağd şəkildə ödənişlər alırıq, hansı ki, bu əməliyyatlar da Nəzarət kassa aparatının hesabatında (Z və ya hər hansı dövr aralığı üçün X hesabatı) əks olunur. Bu halda pul vəsaitlərinin uçotunu kassa mədaxil orderləri ilə rəsmiləşdirməyə, kassa kitabını ehtiyac varmı?
07/10/2020 Oxunub: 120 Orta qiymət: 0

Bildiririk ki, maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid edildiyindən bu məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sadıqzadə Nailə Məmməd qızı sa***@lcloud.com ID: 3181
VÖEN pin kodunu itirdiyim üçün sizə müraciət edirəm.
07/10/2020 Oxunub: 49 Orta qiymət: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” və “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair Müqavilə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz.

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Əsas: Dövlət Vergi Xidmətinin 08.10.2020-ci il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Teymur İslamlı te***@gmail.com ID: 3180
Topdan satış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi satdığı mallara görə elektron qaimə-fakturalar təqdim etməklə həmin malların pulunu nağd şəkildə kassa-mədaxil qəbzi (orderi) vasitəsilə qəbul edir. Bu zaman pul vəsaitini nağd qaydada qəbul edən vergi ödəyicisinə hər hansı maliyyə sanksiyası və ya cərimə tətbiq edilə bilərmi?
06/10/2020 Oxunub: 112 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən nağd qaydada hesablaşmalar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən hədd daxilində, yəni təqvim ayı ərzində ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə 15.000 manatdan artıq olmamaqla həyata keçirilməlidir. Sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən bu həddən yuxarı məbləğlər üzrə ödənişlər isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əks təqdirdə ödənişi həyata keçirən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsində göstərilən maliyyə sanksiyaları tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.
 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Gülay Qədiməliyeva Elmar gl***@icloud.com ID: 3177
Salam, mən ədv gerial sehifəsində çek vururam, lakin çek tapılmır. 90 dəqiqə müddətini keçib. QR koduna girsəmdə çek tapılmır, xahiş edirəm kömək edərdiniz.
06/10/2020 Oxunub: 60 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynzadə Hüseyn İlham oğlu hu***@gmail.com ID: 2990
Hüquqi şəxs ofis ləvazımatlarının topdan və pərakəndə satışı ilə məşğuldur. Sual ondan ibarətdir ki , aldığı məhsullardan müəssənin ofisində iş prosesində istifadə olunur və satılmır. Ofis üçün istifadə etdiyi halda aldığı məhsulları görə ƏDV-ni əvəzləşdirə bilərmi? Ofis istifadə olunan malları xərcə aid etmək ilə bağlı vergi qanunvericiliyinə əsasən hansı sənədləşməni tərtib etməliyik?
06/10/2020 Oxunub: 145 Orta qiymət: 5

Bildiririk ki, təsərrüfat və dəftərxana xərcləri bilavasitə gəlirin əldə olunması ilə bağlı çəkilirsə, bu halda Vergi Məcəlləsinin müddəalarının tələblərinə uyğun olaraq ödənilən ƏDV məbləği əvəzləşdirilir.

Təsərrüfat və dəftərxana xərcləri qeyri-kommersiya xarakteri daşıdığı halda belə xərclərin çəkilməsi zamanı ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.

Əməliyyatların bir hissəsi sahibkarlıq fəaliyyəti ilə bağlı, digər hissəsi isə başqa məqsədlər üçün nəzərdə tutulduqda əvəzləşdirilən ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərinə uyğun olaraq sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların xüsusi çəkisinə əsasən müəyyən olunur.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kərimov İlkin Adil oğlu i.***@absheronport.az ID: 3019
Salam. AR Vergi Məcəlləsinin 218.4.1. maddəsinə əsasən Vergi Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Xahiş edirəm qeyd olunan maddənin "və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər" ifadəsinin izahını verərdiniz.
06/10/2020 Oxunub: 149 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsinin  156-cı maddəsinin müddəaları nəzərə alınmaqla mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-ci maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" alarkən dövlət büdcəsinə ödəməlidirlər.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, "Fərqlənmə nişanı" mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddələri.

3/5 (4 Orta qiymət)
Qiymət ver:
Esmer Mirzezade ae***@mail.ru ID: 3174
Salam, onlayn növbə götürmək üçün müraciət etmək istəyirəm. Saytınızda şəxsiyyət vəsiqəsinin seriya nömrələri xanasında AA ilə başlayan seriya nömrəsi qeyd olunmayıb. Müraciətimi necə etməliyəm?
06/10/2020 Oxunub: 50 Orta qiymət: 0

Bildiririk ki, elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində elektron xidmətin istifadəçisi şəxsiyyətini təsdiq edən sənədin növünü seçir. Elektron xidmətin istifadəçisi Azərbaycan Respublikasının vətəndaşı olduğu halda “ŞƏXSİYYƏT VƏSİQƏSİ” xanası xanası seçilir. Şəxsiyyətini təsdiq edən sənədin növü seçildikdən sonra “FİN” xanasına şəxsiyyəti təsdiq edən sənədin FİN kodu daxil olunur. 

Onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur). Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əfəndiyeva Əfşan Eldəniz qızı af***@yandex.ru ID: 2999
Salam. Sualım belədir sizə: Frilanserlər xidməti göstərmək üçün hansı lisenziya lazımdır? Hansı rəsmiləşmə sənədlərinə ehdiyac duyulur?
06/10/2020 Oxunub: 125 Orta qiymət: 5

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Həmçinin, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101.3-cü, 102.1.30-cu,  218.5.10-cu, 218.6.2-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Arzu Həsənov Nizami ar***@mail.ru ID: 3173
Salam! Məndə edvgerial-la bağlı problem yaşanıb. Çekin kodu qəbul olunmur. Bu problemi necə aradan qaldıra bilərəm? Zəhmət olmazsa, köməklik edərdiniz. Öncədən təşəkkürlər.
05/10/2020 Oxunub: 42 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mamedov Elşən Məcid el***@gmail.com ID: 2983
Kassa barəsində soruşmaq istəyirəm. Deməli, satıcını dəyişib VÖEN açdıranda hər dəfə kassa almalıyam? Kassanın üstündə nömrəsi və ya çip yoxmu pereaformut eləməyə teze işçiyə? Daha ikisi alınıb, belə qanun varmı?
05/10/2020 Oxunub: 89 Orta qiymət: 0

Bildiririk ki, satıcı muzdlu işçi hesab olunur. İşəgötürən tərəfindən onunla, habelə muzdlu işə cəlb edilmiş hər bir işçi ilə yazılı əmək müqaviləsi bağlanmalı, qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsinin bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməli, bu şəxslərlə Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı hesablanmalı, həmin əmək haqqından ödəmə mənbəyində vergi, sosial və işsizlikdən sığorta haqları tutulmalı və vergi orqanına bu barədə hesabat təqdim edilməlidir.

Eyni zamanda, işçi işdən azad olunduqda əmək müqaviləsinə xitam verilməli və  müvafiq bildirirş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməlidir. 

Nəzarət-kassa aparatı isə malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri olmaqla, vergi ödəyicisinə məxsus təsərrüfat subyektində quraşdırılır. 

Yuxarıda qeyd olunanlara əsasən, vergi ödəyicisinin işçisinin dəyişməsi heç bir halda, nəzarət-kassa aparatının dəyişdirilməsi üçün əsas deyil.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver: