Bildiririk ki, elektron qaimə-fakturanın tərtibi və tətbiqi ilə bağlı qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə tənzimlənir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir.
Bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.
Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Sorğunuza cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsində qeyd olunan maliyyə sanksiyası təqdim olunan xidmətə şamil olunmur. Lakin Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilirməsi nəzərdə tutulmuşdur.
Əsas: Vergi Məcəlləsinin 16-cı , 58- ci və 71-1-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.
Bildiririk ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.
Sorğunuza cavab olaraq bildiririk ki, yoldaşınız təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi almırsa, qanuna əsasən tam dövlət təminatında deyilsə himayədə olanlara aid edilir və siz güzəştdən istifadə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.
Nəzərinizə çatdırırıq ki, Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən büdcə səviyyəsinin kodları) və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir
Link vasitəsi ilə məlumat əldə edə biləriniz www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi.
Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.
Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir
Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, “Sosial sığorta haqqında”, “Tibbi sığorta" Azərbaycan Respublikasının Qanunları.
Bildiririk ki, Vergi Məcəlləsində əlilliyi olan şəxslər üçün müəyyən güzəştlər nəzərdə tutulmuşdur.
Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərinə və ya onların hissələrinə görə əmlak vergisi ödəyicisi hesab edilirlər.
Nəzərinizə çatdırırıq ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.
Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.
Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır.
Həmçinin Vergi məcəlləsinin 207.2-ci maddəsinə əsasən mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləğinin 10 manat azaldılması ilə bağlı güzəşt müharibə ilə əlaqədar əlil olan şəxslərə şamil olunur..
Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən, həmin vergini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
Sorğunuza cavab olaraq bildiririk ki, güzəştlər mükliyyətçi olan şəxslərə tətbiq olunur.
Əsas: Vergi Məcəlləsinin 102-ci, 197-ci, 198-ci, 208-ci maddələri
Bildiririk ki, hansı meyara aid olmasından asılı olmayaraq, əsas və əlavə iş yeri üzrə gəlir vergisi hər bir iş yeri üzrə ayrıca nəzərə alınmalıdır. Belə ki, dövlət və ya neft sektoru üzrə fəaliyyət göstərən müəssisədə çalışan işçilərin əməkhaqqı 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə, artıq olan məbləğin 25 faizi gəlir vergisi kimi tutulur.
Bununla yanaşı Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir.
Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.
Bildiririk ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək “Fiziki şəxsin uçotu haqqında ərizə” və həmin ərizəyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin sürəti ilə yaşadığı yer üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alına bilər.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.
Bildiririk ki, amortizasiya uzunmüddətli aktivə sərf edilmiş vəsaitin hissə-hissə gəlirdən çıxılmasıdır. Aktivlər xarakterinə görə iki böyük qrupa bölünür: maddi aktivlər və qeyri maddi aktivlər.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.
Bildiririk ki, Vergi Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar) amortizasiya olunmayan aktivlər hesab edilirlər.
Sorğunuza cavab olaraq bildiririk ki, balıqlar amortizasiya olunmur və əsas vəsait hesab edilmir.
Əsas : Vergi Məcəlləsinin 13-cü və 114-cü maddəsi.
Bildririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.
Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə maliyyə sanksiyası tətbiq edilmir.
Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri.
Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.
Sorğunuza cavab olaraq bildiririk ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı halda Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20 -ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir. Dayandırılmadığı halda müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Eyni zamanda bildiririk ki, 2025- ci lin yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Kuryer fəaliyyəti həmin maddədə qeyd olunan fəaliyyət növlərinə aid edilir .
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir
Əlavə olaraq nəzərinizə catdırırıq ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Sorğunuza cavab olaraq bildiririk ki, qeyd olunan xərclər bilavasitə gəlirin əldə edilməsi ilə bağlı xərclər hesab edildiyinə görə xidmətin tərkibinə daxil edilir və gəlirdən çıxılan xərclərə aid edilir.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 108-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən bəzi fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi 2025-ci ilin yanvarın 1-dən gəlir vergisindən azad edilib.
Həmin fəaliyyət növlərinə proqram təminatının işlənməsi sahəsində xidmətlər, layihə-dizayn və dekorasiya xidmətlər, tərcümə xidməti, reklam xidməti, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, jurnalistlərin fəaliyyəti, bazar konyukturunun öyrənilməsi ,qiymətləndirmə fəaliyyəti ,avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti ,turizm bələdçiliyi və xidmətlərin ixracı aiddir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.9-cı maddəsinə əsasən nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.
Əlavə olaraq bildiririk ki, qeyd olunan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, nəzərdə tutulan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək saxlanılır.
Nəzərinizə catdırırıq ki, Vergi Məcəlləsinin 102.6-ci maddəsinə əsasən təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.
Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.
Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən formada və qaydada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına vermək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə məlumat
Mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir və ya bir neçə sifarişçi üzrə sifarişin məbləği barədə məlumat
Bildiririk ki, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) və ya təsərrüfat subyektlərinə (obyektlərinə) boşaldılmış hesab olunur.
Nəzərinizə çatdırırıq ki, vergi orqanının bu Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək hüququ vardır.
İdxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları həmin maddədə nəzərdə tutulan formada və qaydada təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, bu maddənin tələbləri qeyri-sahibkarlıq və şəxsi istifadə üçün idxal olunan mallara şamil edilmir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 23-cü, 57-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyil.
Vergi Məcəlləsinin 218.6.2-cı maddəsinə əsasən bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi ödəyicisi hüququna malikdir.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, 218.7-ci maddəsinə əsasən 218.6.2-ci maddəsində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir.
Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi.
Bildiririk ki, elektron qaimə-fakturanın tərtibi və tətbiqi ilə bağlı qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə tənzimlənir.
Bildiririk ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir.
Vergi məcəlləsinin 71-1.1.5-ci maddəsinə əsasən alınmış avans ödənişləri barədə avansın alındığı gün elektron qaimə-fakturanı təqdim etməlidir.
Bildiririk ki, Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt təqdim edilməlidir.
Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura bölməsində alınmış avans ödənişləri barədə qaimə-faktura hissəsini seçməli və alınmış avans ödənişləri barədə qaimə-fakturanın seriya və nömrəsini qeyd etməlisiniz. Təqdim olunan mallar ilə bağlı bütün məlumatları daxil edərək elektron qaimə-fakturanı təqdim edə bilərsiniz.
Bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.
Əsas: Vergi Məcəlləsinin 71-ci maddəsi.
Bildiririk ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Vergi məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Nəzərinizə çatdırırıq ki, Vergi məcəlləsinin 116.1-ci maddəsinə əsasən öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır. Sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.
Sorğunuza əsasən cavab olaraq bildiririk ki, sosial sığorta haqları gəlirdən çıxılan xərclərə aid edilir. Əldə etdiyiniz gəlirdən sosial sığorta haqlarını çıxdıqdan sonra qalan məbləği gəlir vergisinə cəlb edirsiniz.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 108-ci, 116-cı maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən bir sıra fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi 2025-ci ilin yanvarın 1-dən gəlir vergisindən azad edilib.
Həmin fəaliyyət növlərinin siyahısında proqram təminatının işlənməsi sahəsində xidmətlər qeyd olunub.
6201003 - iqtisadi fəaliyyət kodu proqram təminatının işlənməsi fəaliyyət növünün alt fəaliyyət növünə aid edilir və güzəşt hüququna malikdir.
Link vasitəsi ilə ətraflı məlumat əldə edə bilərsiniz. www.taxes.gov.az/az/page/bir-pencere
Əsas: Vergi Məcəlləsi 102-ci maddəsi.
Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.
Sorğunuza cavab olaraq bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.