Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Müraciətinizdə qeyd olunan şəxs sadələşdirilmiş vergi bəyannaməsindən əlavə olaraq aşağıdakı hesabatları vergi orqanına təqdim etməlidir.

- Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat

- İşsizlik sığortası üzrə rüblük hesabat

Vergi növləri üzrə öhdəliklər, verginin ödənilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri ilə saytımızın Bəyannamələr bölməsindən tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir bu halda həmin şəxsin vergi öhdəliyi yaranmır.

Əsas: Vergi məcəlləsinin 16.2-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər davam edir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni real rejimdə vergi orqanlarına qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Ümumi qiymət: 4/51
Qiymət ver:

Bildiririk ki, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün satışı topdansatış fəaliyyəti hesab olunur. Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Buna əsasən topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan müəssisə 1 yanvar 2019-cu il tarixdən mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir və əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz məbləğində gəlir vergisi ödəyir.

Pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır və pərakəndə ticarətlə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmək hüququna malikdirlər.

Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci, 13.2.63-cü, 218.5.9-cu maddələri.

Ümumi qiymət: 5/511
Qiymət ver:

Bildiririk ki, dövlət vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Yuxarıda qeyd olunanlara əsasən qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, yəni hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərlərinin toplanıb ikiyə bölünmüş məbləği əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda, əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Eyni zamanda bildiririk ki, müəssisə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövr ərzində balansındakı olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər, lakin hesablanmış amortizasiya ayırmaları (xərcləri) növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir.

Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas:  Vergi Məcəlləsinin 16.3-cü, 16.4-cü, 72.2-ci, 108-ci və 114-cü maddələri, XIII fəsli.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul elan edildikdə müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı “İşə qəbul” bölməsinin müvafiq altbölməsində yerləşdirilmişdir (https://www.taxes.gov.az/az/page/ise-qebul).

Ümumi qiymət: 5/51
Qiymət ver:

Cavab 1. Bildiririk ki, vergi orqanlarının vəzifəli şəxslərinin təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə iştirak etməyə, sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa, üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə və bunun müqabilində haqq almağa, imtiyazlar və xidmətlər əldə etməyə, əvəzçilik qaydasında istənilən haqqı ödənilən işi görməyə (elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

Əsas: “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu.

Cavab 2. Bildiririk ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

Eyni zamanda, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir.

Əsas: Mülki Məcəllənin 16-cı fəsili.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.14-cü maddəsində vergitutma məqsədləri üçün maliyyə xidmətinin növləri qeyd olunmuşdur. Həmin maddənin 13.2.14.4-cü bəndinə əsasən inkassasiya xidməti (nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınması), nağd pul və digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər (başqa sözlə desək, texniki xidmətlər) maliyyə xidmətlərinə aid edilmir.

Vergi Məcəlləsinin 13.2.66.3-cü maddəsinin qeyd etdiyiniz cümləsində isə “Müəssisənin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin (Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi) göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20%-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur.

Göründüyü kimi, maliyyə aktivlərinin saxlanılması maliyyə xidmətlərindən ayrı qeyd olunmuşdur.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1410-JVQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır.

Qanuna əsasən 2021-ci il yanvarın 1-dək yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) zəng edərək İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyiniz halda, 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir və bu halda göstərdiyiniz əmək haqqı məbləğindən gəlir vergisi tutulmur.  Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. (sorğunuzda 6+300*10%=36). İşəgötürən isə sığorta haqqına cəlb edilən aylıq gəlirin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Həmçinin bildiririk ki, neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyiniz halda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Buna əsasən sizin aylıq əmək haqqınızdan 200 manat çıxılmaqla qalan fərqdən gəlir vergisi hesablanır ((500-200)*14%=42). Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəlirindən 3 faiz işçi, 22 faiz isə işəgötürən tərəfindən sosial sığorta haqqı ödənilr.

Qeyd olunan hesablamalarla bağlı qanunvericilikdə hər hansı dəyişiklik edilməmişdir.

Əlavə olaraq bildiririk ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru” istifadəyə verilmişdir. Kalkulyatordan istifadə etməklə  siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Ümumi qiymət: 4/56
Qiymət ver:

Bildiririk ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

Eyni zamanda, qanunvericiliyin tələbinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

Bu baxımdan da işçinin məzuniyyətə çıxması barədə əmr əsas götürülməklə həmin şəxsin məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanır, avans şəklində ödənilir, hesablanmış məbləğə uyğun olaraq gəlir vergisi tutulur.

Məzuniyyət götürülən ay başa çatdıqdan sonra məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı ilə həmin ayda işlənmiş günlərin sayına uyğun olaraq hesablanan əmək haqqı məbləği cəmlənir, məzuniyyət haqqı ödənilən zaman hesablanmış vergi məbləği dəqiqləşdirilir.

Onu da qeyd edək ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə hər ay üzrə ayrılıqda gəlir vergisi hesablanır.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ vergi qanunvericiliyi ilə tənzimlənmədiyi üçün, təsərrüfat uçotunun aparılması ilə bağlı ətraflı məlumat üçün Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin  98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

Əmək Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Müraciətinizdə qeyd olunan halda, işçiyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməli olan məbləğdən artıq ödənilmiş hissəsi işəgötürənin sərbəst mənfəəti hesabına maliyyələşdirilməklə gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 108-ci maddələri, Əmək Məcəlləsinin 157-ci və  162-ci maddələri

Cavab 2. Bildiririk ki, banklar tərəfindən verilmiş kreditlər üzrə faizlər gəlirlərə daxil edilməklə yanaşı, verilən aktivlərin tam dəyərindən “Aktivlərin təsnifləşdirilməsi və zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması” qaydalarına uyğun olaraq ehtiyatlar yaradılmaqla xərclərə aid edilir. Dəyəri ödənilməyən aktivlərin ödənilməsi zamanı əvvəllər gəlirdən çıxılan ehtiyatların azalan hissəsi (ehtiyatlar) gəlirə əlavə edilir.

Əsas: Vergi Məcəlləsinin 111-ci və 141-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır.

Buna əsasən 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir.

1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Hüquqi şəxs tərəfindən təsisçilərinə dividendlərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində göstərilən hədlər daxilində nağd qaydada ödənilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən Qanunun 3.3-cü maddəsinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin  102.1.22-1-ci və 106.10-cu maddələri,  “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsi.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, lotereya keçirən şəxs üçün ƏDV üzrə vergi tutulan əməliyyatların dəyəri lotereyaların satışından əldə olunan məbləğdən uduş fondunun məbləği çıxıldıqdan sonra qalan məbləğ hesab edilir.

İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 101.5-ci172.5-ci maddələri.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Cavab 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 106-cı maddəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir.

Göründüyü kimi qeyd olunan əlavə vəzifə maaşını təşkil etmir və vəzifə maaşına nisbətdə ibarət əlavə kimi müəyyən edildiyindən Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən gəlir vergisindən azaddır.

Cavab 2. Bildiririk ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar, hakimlərin müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.

Bunlarla əlaqədar olaraq “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı yuxarıda qeyd olunan dövlət müavinəti hesab edildiyi təqdirdə gəlir vergisinə cəlb edilmir.

Əks halda Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən müalicə üçün verilən məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmək şərti ilə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi gəlir vergisindən azad olunur.

Əsas: Vergi Məcəlləsinin 98.1-ci və 102.1.3-cü maddələri, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli, 310-IQ nömrəli Qanunu.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, müəssisəyə təsisçi tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər.

Hüquqi şəxsin təsisçisi tərəfindən pul vəsaiti əvəzsiz olaraq hüquqi şəxsə verildikdə, bu zaman həmin pul vəsaitləri hüquqi şəxsin gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək müvafiq qaydada vergiyə cəlb olunmalıdır.

Hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldığından təsərrüfat əqdləri həmin şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14.3-cü, 18-ci, 58.7-1-ci, 110-cu, 123.1-ci  150-ci maddələri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 19.09.2019-cu il tarixində müsabiqə elan edilmişdir və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün tələb olunan ixtisaslar,  eyni zamanda üstünlük verilən namizədlər barədə məlumatlar öz əksini tapmışdır.

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver: