Təsərrüfat subyektinin (obyektinin) uçota alınması üçün "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə" kağız formasında və ya "İnternet Vergi İdarəsi" vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir.
Ərizəyə aşağıdakı sənədlərdən uyğun olanı əlavə edilməlidir:
1. Mülkiyyət hüququnu təsdiq edən sənəd (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın dövlət aktı, daşınmaz əmlakın qeydiyyat vəsiqəsi, mənzilə verilmiş order);
2. Vərəsəlik şəhadətnaməsi və ya vərəsə təyin olunma barədə müvafiq notariusun sənədi;
3. İcarə və ya subicarə müqaviləsi;
4. Əvəzsiz istifadə müqaviləsi;
5. mənzil tikinti kooperativi ilə bağlanılmış alqı-satqı müqaviləsi və maliyyə arayışı;
6. daşınmaz əmlakın texniki pasportu;
7. yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş qərar, sərəncam və ya həmin sənədlərdən çıxarış;
8. bələdiyyə tərəfindən verilmiş qərar, sərəncam və ya həmin sənədlərdən çıxarış;
9. yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş tikintiyə icazə sənədi;
10. səlahiyyətli dövlət qurumu tərəfindən təsdiq edilmiş eskiz layihəsi;
11. sovxozlar (məsələn: Südçülük sovxozu, Donuzçuluq sovxozu) tərəfindən verilmiş arayış;
12. mülkiyyət sənədi olmayan ticarət bazarları tərəfindən verilmiş arayış.
13. daşınar digər təsərrüfat subyektinin (obyektinin) alqı-satqı müqaviləsi;
14. yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş daşınar əmlaka istifadə hüququnu təsdiq edən sənəd;
15. elektron-qaimə faktura;
16. daşınar əmlakın texniki pasportu
Ərizənin icra müddəti 2 iş günüdür (həm kağız, həm elektron).
Bank hesablarının açılması üçün şəhadətnamə-dublikatların verilməsi üçün "Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə" forması ilə kağız formasında və ya "İnternet Vergi İdarəsi" vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Həmin ərizəyə əsasən şəhadətnamə-dublikat hazırlanaraq real vaxt rejimində bank idarələrinə göndərilir.
Şəhadətnamə-dublikatın verilməsi: 2 iş günü (həm kağız, həm elektron)
01.10.2023-cü il tarixdən vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bundan sonra - bank əməliyyatları aparan şəxslərə) müraciət edilməsi, bank əməliyyatı aparan şəxslər tərəfindən vergi ödəyicilərinə hesabların açılması və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün forması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərilməsi nəzərdə tutulmuşdur.
Nəzarət kassa aparatlarının vergi orqanında qeydiyyata alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.08.2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı” Qaydaları ilə tənzimənir. Həmin Qaydalara əsasən, vergi ödəyicisi ilk növbədə Operatora müraciət edərək onunla müqavilə bağlayır. Müqavilə bağlandıqdan sonra Operator vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) nəzarət-kassa aparatını quraşdırır və bununla bağlı məlumatı təsdiqləməsi üçün vergi ödəyicisinin elektron kabinetinə göndərir. Operator tərəfindən daxil edilmiş məlumatlar əsasında hazırlanmış ərizə formasını vergi ödəyicisi gücləndirilmiş elektron imza ilə təsdiqlədiyi anda nəzarət-kassa aparatı vergi orqanında qeydiyyata alınmış hesab olunur.
Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən Vergi Məcəlləsinin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər, idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər istisna olmaqla) Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər, yəni aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.
Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur
"Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə" forması vergi ödəyicisi tərəfindən həm kağız daşıyıcıda və ya "İnternet Vergi İdarəsi" vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir.
ƏDV-nin məqsədləri üçün qeydiyyat 2 halda könüllü və məcburi halda həyata keçirilir. Aşağıdakı şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər:
-
göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
-
digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;
-
göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.
Həmin şəxslər yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.
ƏDV məqsədləri üçün məcburi qeydiyyata zamanı aşağıdakı tarixlərin birində qüvvəyə minir:
-
ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə;
-
bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək;
-
bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə.
Ərizənin icra müddəti 5 iş günü təşkil edir (elektron qaydada dərhal).
POS-terminalların qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.10.2012-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi” Qaydaları ilə tənzimənir. Həmin Qaydalara əsasən, Dövlət Vergi Xidməti qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan vergi ödəyicisinə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bildiriş göndərir. Vergi ödəyicisi bildirişi aldıqdan sonra 10 (on) iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət edir. Vergi ödəyicisi POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədləri və ya məlumatları bank ekvayerə təqdim etməlidir:
-
vergi ödəyicisinin və ya dövlət orqanının qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada);
-
sifarişçinin vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (kağız daşıyıcıda) və ya şəhadətnamənin məlumatları (elektron formada);
-
təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada);
-
əsas fəaliyyət növünün adı və kodu göstərilməklə, təsərrüfat subyektində POS-terminalın quraşdırılması üçün Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş bildirişin surəti (kağız daşıyıcıda) və ya bildirişin məlumatları (elektron formada).
Daha sonra bank ekvayer ilə vergi ödəyicisi arasında müqavilə bağlanılır və 10 (on) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş təsərrüfat subyektində POS-terminal quraşdırılır. Bank ekvayer POS-terminal quraşdırıldıqdan sonra 1 (bir) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş təsərrüfat subyektində quraşdırılmış POS-terminalın qeydiyyatı üçün elektron və ya kağız daşıyıcıda Dövlət Vergi Xidmətinə müraciət göndərir.
Dövlət Vergi Xidməti tərəfindən müraciətin icra müddəti 2 iş günü təşkil edir (həm kağız, həm elektron).
Normativ hüquqi aktların siyahısı:
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.08.2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı” Qaydaları;
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.10.2012-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi” Qaydaları.