1. DTA-03, DTA-04 və DTA-05 ərizə formalarının 2.7-ci bəndində rezident yoxsa qeyri-rezident hüququ şəxsin məlumatları qeyd olunmalıdır?
Cavab: Müvafiq DTA formalarının 2.7-ci bəndində qeyri-rezident hüquqi şəxsin adı qeyd olunmalıdır.
2. DTA-03 formasının 6.5-ci bəndində “ödənişlərin aparılacağı dövr” hissəsində hansı müddətlər qeyd olunmalıdır?
Cavab: DTA-03 formasının 6.5-ci bəndində cari rüb daxil olmaqla növbəti dövr məlumatları əks olunmalıdır.
3. DTA-03 və DTA-05 formalarına hansı hallarda Arayış əlavə olunmalıdır?
Cavab: Müraciət görülmüş və ya görüləcək işlərlə (xidmətlərlə) bağlı olduğu halda, gəlir ödəyən şəxsdən əldə edilmiş arayış müraciətə əlavə olunmalıdır.
4. Müraciətə əlavə olunmuş sənədlərə hansı hallarda apostil vurulması tələb olunur?
Cavab: Razılığa gələn digər dövlət “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulduğu və həmin Konvensiya Azərbaycan Respublikası ilə həmin digər dövlət arasında tətbiq edildiyi halda təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunmur. Bu halda, sənədlərə həmin dövlətin Haaqa Konvensiyası üzrə səlahiyyətli orqanı tərəfindən apostil vurulur.
5. Müraciətə əlavə olunan sənədlər hansı hallarda leqallaşdırma olunmalıdır?
Cavab: “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulduğu və həmin Konvensiya Azərbaycan Respublikası ilə digər dövlət arasında tətbiq edilmədiyi halda təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunur. Bu halda, müraciətə əlavə edilən və razılığa gələn digər dövlətin səlahiyyətli orqanı tərəfindən həmin dövlətin milli qanunvericiliyi və inzibatçılığına müvafiq qaydada verilmiş təsdiqedici sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları tərəfindən leqallaşdırılmaqla təqdim edilməlidir.
6. Əlavə sənədlərdə hansı hallarda gerbli möhürün olması kifayət edir?
Cavab: Razılığa gələn digər Dövlət Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlər arasında “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 1993-cü il 22 yanvar tarixli Minsk Konvensiyasına və (və ya) “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına qoşulduğu və həmin Konvensiyalar Azərbaycan Respublikası ilə həmin digər dövlət arasında tətbiq edildiyi halda, həmin dövlətin səlahiyyətli orqanı yaxud şəxsi tərəfindən öz səlahiyyəti çərçivəsində verilmiş və gerbli möhürlə təsdiqlənmiş sənədlər leqallaşdırılmadan və apostil vurulmadan qəbul edilir. (Istisna olaraq Qazaxıstan Respublikası və Azərbaycan Respublikası arasında apostil tətbiq olunur)
7. Rezidentlik sertifikatı hansı müddətə verilir?
Cavab: Rezidentlik sertifikatı cari və müəssisənin yarandığı il də daxil olmaqla əvvəlki illər üçün təqdim olunur.
8. Faktiki sahibliyi sübut edən sənədlər nə zaman tələb olunmur?
Cavab: Beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarında və ya mənbəyi bəlli olan məlumatların yerləşdiyi rəsmi məlumat bazalarında faktiki sahibliyi sübut edə biləcək məlumatlar mövcud olduğu halda faktiki sahibliyi sübut edən sənədlər tələb olunmur.
9. Artıq ödənilən vergi nə zaman gəlir ödəyənin digər vergi öhdəlikləri ilə əvəzləşdirilir?
Cavab: DTA-05 formasının vergi orqanı tərəfindən araşdırılması zamanı qeyri-rezidentə ödənilməli olan məbləğin tam şəkildə ödənilməsi təsdiqlənərsə və artıq ödənilmiş (tutulmuş) vergilər, gəlir ödəyən şəxsin (vergi agentinin) müvafiq dövr üzrə təqdim etdiyi mənfəət (gəlir) vergisi bəyannaməsində vergi orqanı tərəfindən xərclərdə nəzərə alınmamışdırsa, həmin vergi məbləği gəlir ödəyən şəxsin digər vergi öhdəlikləri ilə əvəzləşdirilir
10. DTA-03 və DTA-05 üzrə rezidentlik sertifikatları hansı dövrü əhatə etməlidir?
Cavab: DTA-03 forması üzrə ödənişlərin aparılacağı dövr üçün alınmış rezidentlik sertifikatı rezidentliyin təsdiq edildiyi il nəzərə alınmaqla növbəti ilin sonunadək etibarlı hesab edilir. DTA-03 və DTA-05 formaları üzrə rezidentlik sertifikatı işlərin görüldüyü (xidmətlərin göstərildiyi) dövrü və ödənişlərin aparılacağı (aparıldığı) dövrü əhatə etməlidir.
11. Müraciət edən şəxs nə zaman sənədləri təkrar göndərmir?
Cavab: Müraciət edən şəxsin yeni müraciət zamanı əvvəlcədən təqdim etdiyi, etibarlılıq müddəti bitməmiş və ləğv edilməmiş sənədləri yenidən təqdim etməmək hüququ var.
12. DTA formaları haqqında statistik məlumatları necə əldə etmək olar?
Cavab: Bu cür məlumatların ictimaiyyətə açıqlanması texniki səbəblərə görə hazırda mümkün deyil, lakin gələcəkdə bu imkanın yaradılması nəzərdə tutulur.
13. Eyni müqavilə üzrə bir neçə invoys və ödəniş tapşırığı olduğu təqdirdə DTA-03 və DTA-05 forması necə təqdim olunmalıdır?
Cavab: Müvafiq müqavilə üzrə bütün invoyslar və ödəmə tapşırıqları bir DTA-03 və DTA-05 formasına əlavə olunaraq təqdim olunmalıdır.