Birləşmiş Millətlər Təşkilatı 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır. Birləşmiş Millətlər təşkilatının fəaliyyəti və missiyası onun təsis Nizamnaməsində yer alan məqsəd və prinsiplərə əsaslanır. Təşkilat hazırda 193 üzv dövlətdən ibarətdir və üzv ölkələrin hər biri Baş Assambleyanın üzvüdür. Dövlətlərin BMT üzvlüyünə qəbulu Təhlükəsizlik Şurasının təqdimatına və Baş Assambleyanın qərarına əsaslanır. BMT-nin əsas orqanları Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Bu orqanların hamısı 1945-ci ildə BMT-nin əsası qoyulan zaman yaradılmışdır. Qeyri-rəsmi olaraq həm də "Birləşmiş Millətlər ailəsi" kimi də tanınan BMT sistemi, BMT-nin özü və rəhbərlikləri, üzvləri və büdcələri daxil olmaqla tabeliyində olan bir sıra proqramlardan, fondlardan və ixtisaslaşmış agentliklərdən ibarətdir. Proqram və fondlar məcburi üzvlük haqlarından çox könüllülük prinsipi əsasında maliyyələşir. İxtisaslaşmış Agentliklər isə həm könüllü, həm də müəyyən edilmiş məbləğdə ödənişlər vasitəsilə maliyyələşdirilən müstəqil təşkilatlardır.