Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC), Avstriya Respublikası, Avropa Dələduzluğa qarşı Mübarizə Ofisi (OLAF) və başqa maraqlı tərəflərin birgə təşəbbüsü ilə 8 mart 2011-ci il tarixində beynəlxalq təşkilat kimi təsis edilmişdir. IACA antikorrupsiya sahəsində bilik və təcrübələrlə bağlı mövcud çatışmazlıqların aradan qaldırılması məqsədini daşıyan ilk təşkilatdır. Bu funksiyanı həyata keçirmək məqsədilə Akademiya antikorrupsiya sahəsində təhsil, tədris, şəbəkələşmə və əməkdaşlıq, eləcə də akademik araşdırma sahəsində müstəqil mərkəz kimi fəaliyyət göstərir. Akademiyanın baş qərargahı Avstriya Respublikasının paytaxtı Vyana şəhərindən 15 km aralıda yerləşən Laksenburq şəhərində yerləşir..

Azərbaycan Respublikası 3 noyabr 2012-ci il tarixindən etibarən təşkilata tam hüquqlu tərəf dövlət hesab olunur.

2012-ci ilin 14-15 fevral tarixlərində IACA nümayəndə heyəti Azərbaycanda işçi səfərdə olmuşdur. Səfər çərçivəsində 15 fevral tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzində “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilmişdir. Konfransda IACA-nın, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisin, Baş Prokurorluğun, Vergilər Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndələri ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində aparılan işlərlə, eləcə də dövlət strukturlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində nailiyyətlərlə tanış olmuşlar. Konfransın sonunda korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınmasını birgə təşviq etmək və korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə “Azərbaycan Respublikası Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu” imzalanmışdır. 2012-ci ilin 23-25 may tarixlərində IACA tərəfindən Avstriyanın Laksenburq şəhərində keçirilən “müasir mühitdə korrupsiya ilə mübarizə: özəl sektor üçün dərslər” mövzusunda seminarda Vergilər Nazirliyinin aidiyyəti sahə üzrə mütəxəssisi iştirak etmişdir. 9-11 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında Sazişi ratifikasiya etmiş ölkə və təşkilatların yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilmiş 2-ci iclasında iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikası Assambleyanın Bürosuna üzv seçilmişdir. 2013-cü ilin 10-11 iyul tarixlərində IACA tərəfindən keçirilən “Korrupsiyaya qarşı mübarizə üzrə preventiv və maarifləndirici tədbirlər” mövzusunda seminarda Vergilər Nazirliyinin əməkdaşı iştirak etmişdir.

IACA ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində “Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu”nun icrası üzrə tədbirləri müzakirə etmək məqsədilə nazirliyin nümayəndə heyəti 2013-cü ilin heyəti 14-16 avqust tarixlərində Avstriyanın Laksenburq şəhərində işçi səfərdə olmuşdur. 21 may 2014-cü il tarixində Banqkok şəhərində Tailand Krallığı hökuməti adından Tailandın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Komissiyasının ev sahibliyi ilə Beynəlxalq Anti-Korrupsiya Akademiyasının Üzvlər Yığıncağının ikinci sessiyasının Komitə iclasında Vergilər Nazirliyinin nümayəndəsi iştirak etmişdir. 2014-cü ilin 19-21 noyabr tarixlərində Bakıda IACA-nın beynəlxalq təşkilat olaraq təsis edilməsinə dair Müqaviləyə tərəf dövlətlərin 3-cü Baş Assambleyası keçirilmişdir. Tədbirdə Vergilər Nazirliyini nazir müavini Sahib Ələkbərov təmsil etmişdir. 2017-ci ilin 2-4 oktyabr tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində IACA tərəfindən Tərəflərin Assambleyasının 6-cı sessiyasında Vergilər Nazirliyi təmsil olunmuşdur. 2018-ci ilin 29 iyun - 6 iyul tarixlərində Avstriya Respublikasının Laksenburq şəhərində IACA-nın “Anti-korrupsiya üzrə yay kursu”nda Vergilər Nazirliyinin əməkdaşının iştirakı təmin edilmişdir.