Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

IOTA üzv ölkələrinə vergi inzibatçılığının təkmilləşdirilməsində köməklik göstərmək məqsədilə səmərəli platforma təqdim edən hökumətlərarası qeyri-kommersiya təşkilatıdır. Təşkilatın əsas missiyası Avropa regionunda vergi administrasiyaları arasında əməkdaşlığa köməklik göstərmək və onların fərdi tələbatlarına uyğun olaraq inkişaflarını dəstəkləmək məqsədilə vergi inzibatçılığının praktiki məsələlərinin müzakirə edilməsi üçün platformanın təşkil edilməsidir. IOTA-nın əsas fəaliyyəti üzv ölkələrin vergi inzibatçılığını möhkəmlətmək məqsədilə qabaqcıl təcrübələrə dair fikir və təcrübə mübadiləsi üçün şərait yaradan müxtəlif mövzularda təlim və seminarların təşkilindən ibarətdir. Bununla yanaşı, IOTA üzv ölkələri üçün praktiki əhəmiyyət kəsb edən nəşrlər də hazırlayır və üzv ölkələr arasında, eləcə də digər beynəlxalq və regional təşkilatlar arasında əməkdaşlığı təşviq edir. 28-30 oktyabr 1996-cı ildə Varşavada keçirilən Mərkəzi və Şərqi Avropa və Baltikyanı ölkələrin Vergi Administrasiyalarının 3-cü Konfransı zamanı IOTA-nın əsası qoyulmuşdur. Hazırda IOTA-nın 44 üzvü var. Mənzil qərargahı Macarıstanın paytaxtı Budapeştə yerləşir. Təşkilatın İcraçı Katibi 2016-cı ildən etibarən Portuqaliyadan olan Migel Silva Pintodur.

Azərbaycan Respublikası Vergilər Nazirliyi 2002-ci ildən etibarən IOTA-nın tam hüquqlu üzvüdür və Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli 442-IIQ nömrəli Qanunu ilə IOTA-nın Nizamnaməsinə qoşulmuşdur. IOTA tərəfindən il ərzində vergi inzibatçılığının müxtəlif sahələrinə dair keçirilən 20-dək müxtəlif formatlı tədbirlərdə nazirliyin aidiyyəti sahə üzrə mütəxəssisləri iştirak edir, qarşılıqlı maraq doğuran məsələlərə dair təcrübə mübadiləsi aparır və müzakirə edilən mövzulara dair təqdimatlar keçirərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına məlumat verirlər.

Vergilər Nazirliyi ardıcıl olaraq 3 dəfə (2013/2014, 2014/2015 və 2015/2016-cı illər) təşkilatın ən vacib orqanlarından biri olan İcraiyyə Şurasına üzv seçilmişdir. Hazırda IOTA-nın 2018-2022-ci illər üzrə Strategiyası qüvvədədir və həmin Strategiyanın hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyi də yaxından iştirak etmişdir. Belə ki, Strategiyanın hazırlanması ilə bağlı yaradılan İşçi qrupunda Birləşmiş Krallıq, İtaliya, Danimarka, Çex Respublikası, Rumıniya və Bolqarıstan ilə birgə Azərbaycan da təmsil olunmuşdur.

Vergilər Nazirliyi IOTA tərəfindən hazırlanan və vergi tutmanın müxtəlif mövzularına həsr olunan layihələrdə təmsil olunur. Sözügedən layihələrdən ən önəmlisi ISORA layihəsidir. Dörd beynəlxalq təşkilat - Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT), Beynəlxalq Valyuta Fondu (IMF), IOTA və OECD tərəfindən dünyanın gəlir/vergi administrasiyaları barədə məlumatların bir bazada toplanması və adıçəkilən təşkilatların ümumi istifadəsinə verilməsi məqsədilə 2014-cü ildə yaradılan Gəlir/Vergi administrasiyaları barədə beynəlxalq sorğu (ISORA) dörd təşkilata üzv dövlətlərdən daha müfəssəl məlumatların toplanmasına, o cümlədən əldə edilən məlumatlar əsasında müqayisəli təhlillərin aparılmasına imkan yaratmışdır.

IOTA milli vergi sisteminin tanıdılması və təbliği baxımından üzv ölkələr üçün əlverişli platforma rolunu oynayır. Azərbaycan Respublikasında vergi sistemində baş verən dəyişikliklər, yeniliklər barədə məlumatlar IOTA-nın veb səhifəsində yerləşdirilir. Bununla yanaşı, elektron nəşrlərində, xəbər bülletenlərində Vergilər Nazirliyi ilə bağlı məqalələr və nazirliyin nümayəndələrinin müsahibələri yerləşdirilir. 2007-ci ilin 16-18 may tarixlərində IOTA-nın “Vergi ödəyicilərinə xidmət”, 2010-cu ilin 15-17 sentyabr tarixlərində “ƏDV fırıldaqçılığının aşkarlanması və qarşının alınması”, 2012-ci ilin 7-9 mart tarixlərində isə yeni yaradılmış “Vergi borclarının idarə edilməsi” İşçi Qrupunun iclasları, 2013-cü ilin 19-21 fevral tarixlərində keçirilən Baş Əlaqələndirici Şəxslərin (PCP) 19-cu Forumu, 2014-cü ilin 25-27 may tarixlərində keçirilən İcraiyyə Şurasının 92-ci iclası, 2015-ci ilin 9-11 sentyabr tarixlərində Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu və 19-21 fevral 2019-cu il tarixində “Avtomatik məlumat mübadiləsindən əldə edilən məlumatlardan istifadə üzrə Forum” Vergilər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir.

Vergilər naziri cənab Mikayıl Cabbarov 24-26 oktyabr 2018-ci il tarixində IOTA, CIAT və Portuqaliyanın Vergi və Gömrük Administrasiyasının birgə təşkilatçılığı ilə keçirilən Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak etmişdir. Sammit çərçivəsində cənab Mikayıl Cabbarov IOTA-nın İcraçı Katibi Migel Silva Pinto və Belçika Krallığının Federal Dövlət Maliyyə Xidmətinin İcraedici Komitəsinin rəhbəri, eləcə də Təşkilatın Prezidenti Hans Dondt ilə görüşmüşdür. Sözügedən görüşlər zamanı IOTA çərçivəsində təşəkkül tapmış qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı, səfər çərçivəsində cənab Mikayıl Cabbarov Portuqaliyanın Vergi və Gömrük Administrasiyasının baş direktoru Helena Borxes, İspaniyanın Vergi Agentliyinin baş direktoru Xesus Qaskon, Litva Respublikasının Maliyyə Nazirliyi nəzdində Dövlət Vergi Müfəttişliyinin rəhbəri Edita Yanuşene və Ukraynanın Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsinin müvəqqəti icraçısı Oleksandr Vlasov ilə görüşmüşdür.

IOTA-nın İcraçı Katibi Migel Silva Pintonun rəhbərlik etdiyi nümayəndə heyəti 17-20 fevral 2019-cu il tarixində Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində o, 18 fevral 2019-cu il tarixində keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Forumda və 19-21 fevral 2019-cu il tarixində IOTA və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Avtomatik məlumat mübadiləsindən əldə edilən məlumatlardan istifadə üzrə Forum”da iştirak etmişdir. Həmçinin səfər çərçivəsində 19 fevral 2019-cu il tarixində Migel Silva Pinto və vergilər naziri Mikayıl Cabbarov arasında görüş keçirilmiş, IOTA ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilmişdir. 2019-cu ildə Vergilər Nazirliyinin IOTA-da üzvlüyünün 17-ci ili tamam olur. Bu məqsədlə, Vergilər Nazirliyi tərəfindən “Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) üzvlük: daha müfəssəl vergi sisteminin qurulması naminə əməkdaşlıq” mövzusunda buklet nəşr olunmuşdur. Bukletdə Vergilər Nazirliyinin Təşkilat ilə əməkdaşlığının tarixi, bu əməkdaşlığın üstünlükləri və qabaqcıl vergi sisteminin qurulmasına təsiri ilə yanaşı Vergilər Nazirliyinin tarixi, strukturu və fəaliyyəti barədə geniş məlumat verilmişdir.

https://www.iota-tax.org/