Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyası (ATAİC) 15 oktyabr 2003-cü il tarixdə 11 islam ölkəsi (Banqladeş, Bruney, İndoneziya, İordaniya, Küveyt, Livan, Malayziya, Mərakeş, Pakistan, Tacikistan və Yəmən) tərəfindən imzalanmış Razılaşma əsasında Malayziyanın Putrajaya şəhərində təsis edilmişdir. Hazırda aşağıdakı dövlətlər ATAİC-in üzvləridirlər: Banqladeş, Bruney, Kamor adaları, Cibuti, Misir, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Küveyt, Livan, Malayziya, Mərakeş, Pakistan, Qatar, Səudiyyə Ərəbistanı, Seneqal, Syerra Leone, Sudan, Tacikistan, Yəmən. ATAİC-in əsas məqsədi üzv olan islam ölkələrində vergi və zəkat siyasətinin və bunların bütün aspektlərinin inzibatçılığının təkmilləşdirilməsinə yardım etməkdən ibarətdir. Bununla yanaşı ATAİC-in fəaliyyətinə aşağıdakılar da aid edilə bilər:

  • Vergilərlə bağlı təcrübə və fikir mübadiləsinin həyata keçirilməsi məqsədilə İllik Texniki Konfrans da daxil olmaqla iclasların təşkil edilməsi;
  • Vergilərin təşkili ilə bağlı seminarların və təlim kurslarının keçirilməsi;
  • Vergilərlə bağlı məlumatların toplanması və təhlil edilməsi;
  • İslam ölkələri arasında funksional əməkdaşlıq vasitəsilə vergi və ya zəkatın inzibatçılığının təkmilləşdirilməsi üçün fəaliyyətin həyata keçirilməsi;
  • Üzv olan islam ölkələrinin vergi sistemlərinin qeyri-islam ölkələrində inkişaf edən vergi və digər aidiyyəti rejimlərlə bir səviyyədə saxlanılmasına yardım etmək.