Məlum olduğu kim, iqtisadiyyatın rəqəmsallaşması nəticəsində sürətlə inkişaf edən elektron ticarətin şəffaf və qanunamüvafiq şəkildə vergiyə cəlb olunması, verginin əsas iqtisadi fəaliyyətin həyata keçirildiyi və dəyərin yarandığı ölkədə tutulması məqsədilə Vergi Məcəlləsində dəyişikliklər edilərək 33.8-1-ci və 169.8-ci maddələr əlavə edilmişdir.
Bundan irəli gələrək, "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası" Nazirlər Kabinetinin 30.10.2023-cü il tarixli 387 №-li qərarı ilə təsdiq edilmişdir.
Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təlimatlarında müəyyən olunmuş tövsiyələri əhatə edən, daxili bazarda fiziki mövcudluğu olmadan rəqəmsal iqtisadiyyat sahəsində fəaliyyət göstərən subyektlərin vergiyə cəlb edilməsinin səmərəliliyini artıran, habelə qabaqcıl ölkələrin təcrübələri nəzərə alınmaqla, elektron ticarət qaydasında vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən aparılan əməliyyatlara tətbiq edilməsi istiqamətində Platforma Dövlət Vergi Xidməti tərəfindən hazırlanmışdır.
Bununla əlaqədar, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış platforma vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin uçota alınmasına başlanılmışdır.
Qeyri-rezidentin uçota alınması bu sayt vasitəsilə həyata keçirilir: https://ecommerce.e-taxes.gov.az
Uçota alınma zamanı yarana biləcək suallar və xətalar barədə ecommerce@taxes.gov.az e-mail ünvanına müraciət edilə bilərsiniz.