Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

2025-ci ilin 7 fevral, 21 may və 15 oktyabr tarixlərində "Business Ready" və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti iclasları baş tutub. İclasda Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Vergitutma” indikatoruna dair 2025-ci il üzrə Yol Xəritəsinin icra vəziyyəti, “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol xəritəsində nəzərdə tutulan tapşırıqların müzakirəsi həyata keçirilib.

Yeniliklər:

  • “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması layihəsi tamamlanaraq 2025-ci ilin oktyabr ayında istifadəyə verilib.
  • Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib.
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulma üzrə vahid bəyannamə şəxsi elektron kabinet üzərindən təqdim edilməsi üçün müvafiq imkanlar yaradılıb.
  • “Biznes mühitini və vergi yükünü araşdır” adlı elektron xidmətin texniki tapşırığının icrası yekunlaşıb.
  • Dövlət büdcəsinə artıq ödənilmiş məbləğlərinin qaytarılması üçün yeni mexanizm hazırlanıb və istifadəyə verilib. Belə ki, ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri nəzarət tədbirlərinə məruz qalmadan çevik şəkildə qaytarılır. Yeni mexanizmin ilkin olaraq ixrac fəaliyyəti göstərən vergi ödəyicilərini əhatə edib, sonrakı mərhələlərdə digər vergi ödəyicilərinə də şamil olunması nəzərdə tutulur. Artıq ödənilmiş məbləğlərin çevik qaydada qaytarılması ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə resurslarının likvidliyinin artırılmasına şərait yaratmış, eyni zamanda, onların inzibati işlərə vaxt itkisinin qarşısını alıb.
  • 2025-ci il ərzində Milli Məlumat Mübadiləsi sistemi (“Digital Bridge” sistemi) üzərindən müvafiq dövlət qurumlarının informasiya sistemləri ilə DVX-nin informasiya sistemi arasında EHİS (Elektron Hökumət İnformasiya Sistemi) vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə məlumatların mübadiləsi təşkil edilib.
  • Vergi öhdəliyinin əvvəlcədən müəyyən edilməsi barədə müraciətlərlə bağlı DVX-nin rəsmi internet saytında xüsusi bölmə yaradılıb, müraciətlərlə bağlı müvafiq statistika yerləşdirilib, həmçinin müraciətlərin edilməsi ilə bağlı videotəlimat hazırlanıb.

Sahibkarlarla görüşlər:

  • 2025-ci il ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin və onların aradan qaldırılması ilə bağlı təkliflərin öyrənilməsi məqsədilə 46 görüş təşkil edilib, həmçinin aidiyyəti dövlət orqanlarının və təşkilatların təşkil etdiyi 28 görüşdə nümayəndələrin iştirakı təmin edilib. Ümumilikdə təşkil və iştirak olunmuş 74 görüşün 19-u bir neçə sahəni əhatə edən ümumi xarakterli, 55-i sahəvi olmaqla maliyyə (bank və sığorta), səhiyyə, nəqliyyat, turizm, pərakəndə ticarət, mədənçıxarma, balıqçılıq və balıq emalı, kənd təsərrüfatı, istehsal və müxtəlif xidmət sahələrini əhatə edib. Bundan başqa, Dövlət Vergi Xidmətinin (DVX) və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin (İCMA) birgə təşkilatçılığı ilə “Vergi islahatları – bizneslə əməkdaşlıq” mövzusunda görüş keçirilib. Tədbirdə DVX nümayəndələri və ictimai birliyin 50-dən çox üzvü iştirak edib.
  • 2025-ci ildə həmçinin İqtisadiyyat Nazirliyinin inzibati binasında 2026-cı ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanan "Vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklər" layihəsinin ictimaiyyətə təqdimatı keçirilib. Tədbirdə ekspertlər, konsaltinq şirkətləri və digər nazirliklərin nümayəndələri iştirak ediblər.
  • Eyni zamanda, DVX nümayəndələri 2026-cı ilin büdcə-vergi siyasəti çərçivəsində vergi və sosial sığorta qanunvericiliyinə edilməsi nəzərdə tutulan dəyişikliklər barədə sahibkar birliklərinin və assosiasiyalarının, ictimai birliklərin, ticarət palatalarının, habelə digər vergi ödəyicisi qruplarının məlumatlandırılması məqsədilə “Deloitte & Touche” MMC, Alman–Azərbaycan Xarici Ticarət Palatası, Britaniya–Azərbaycan Ticarət Palatası (BCCA), Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM) və Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası ilə birgə təşkil olunmuş tədbirlərdə məruzəçi qismində iştirak ediblər.

Vergi ombudsmanın fəaliyyəti:

  • Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində və digər ərazi vergilər idarələrində qeydiyyatda olan vergi ödəyiciləri ilə görüşlər keçirilib. Keçirilən görüşlər zamanı vergi ödəyicilərinin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində təkliflər müzakirə edilib, səsləndirilən fikirlər və ünvanlanan suallar qeydə alınıb.
  • Dövlət Vergi Xidmətinin internet saytında Vergi ombudsmanı bölməsi təkmilləşdirilərək Vergi ombudsmanı və baş idarə haqqında məlumatlar, həmçinin məqsəd və fəaliyyət istiqamətləri, komandanın əsas üzvləri, struktur, əsas vəzifələr barədə məlumatlar əlavə edilib, keçirilmiş görüşlər və xarici ezamiyyələr barədə məlumatlar yerləşdirilib. Bundan əlavə xüsusi bölmə təkmillləşdirilərək vergi ödəyiciləri tərəfindən Vergi ombudsmanına onlayn müraciət edilməsi imkanı yaradılmışdır.
  • Vergi ombudsmanı və Vergi ombudsmanı xidməti baş idarəsinin fəaliyyəti barədə məlumatların geniş auditoriyaya çatdırılması məqsədilə mediada müsahibələr yayımlanıb, Vergi ombudsmanı xidməti baş idarəsinin fəaliyyəti haqqında reliz hazırlanaraq müxtəlif media resurslarında yayımı təmin olunub.

Vergi ödəyicilərinin və ictimaiyyətin məlumatlandırılması:

  • Vergi Məcəlləsinə 01.01.2025-ci il tarixdən edilmiş dəyişikliklərin əsas istiqamətləri üzrə 23 adda flayer və 25 adda buklet hazırlanıb və DVX-nin rəsmi internet saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrində yerləşdirilib.
  • Vergi ödəyicilərinin dəyişiklikləri daha rahat mənimsəməsi üçün praktiki sorğular əsasında "Vergi Məcəlləsində edilmiş dəyişikliklər suallar və cavablarda (2025)" adlı sual-cavab kitabçası hazırlanaraq DVX-nin rəsmi internet saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrində yerləşdirilib.
  • DVX-nin 2024-cü ilə dair illik hesabatı ictimaiyyətə təqdim edilib. Məlumat DVX-nin rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində və vergiler.az-da yerləşdirilib.
  • Yol Xəritəsi çərçivəsində həyata keçirilin yeniliklər (ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə qaytarılan ödənişlər, “Kontragentləri araşdır” elektron xidmətinin istifadəyə verilməsi, “SİMA İmza”nın İnternet Vergi İdarəsində təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyası, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulma üzrə vahid bəyannamənin şəxsi elektron kabinet üzərindən təqdim edilmə imkanı, “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması sistemi (prefiling) istifadəyə verilməsi, ƏDV depozit hesabı ilə bağlı qaydalarda dəyişikliklər edilməsi) barədə press-relizlər, müsahibələr və açıqlamalar hazırlanaraq mediada yayımlanıb.
  • Dövlət büdcəsinə daxilolmalar, vergi ödəyicilərinə göstərilən xidmətlər, qeydiyyata alınmış vergi ödəyiciləri, vergi orqanlarına vətəndaş müraciətləri, “ƏDV geri al” sisteminin fəaliyyəti və s. bağlı müvafiq statistik və informativ materiallar işlənərək mediada yayımlanıb.
  • Vergi xidmətləri və vergi inzibatçılığına həsr edilmiş müxtəlif çarxlar hazırlanaraq DVX-nin sosial şəbəkələrinə və video hostinqdəki səhifəsinə yerləşdirilib.
  • Vergi xidmətlərindən istifadə ilə bağlı müxtəlif videotəlimatlar hazırlanıb və rəsmi saytda, sosial şəbəkələrdə və video hostinqdəki səhifədə yerləşdirilib.
  • “Ən çox verilən suallar (FAQ)” altbölməsi üzrə mövcud olan suallar bazası yenilənib.
  • Biznes mühiti ilə bağlı rəy/münasibət (feedback) əldə edilməsinə imkan verən sorğuların keçirilməsi təmin edilib.
  • Vergi ödəyicilərindən daxil olan inzibati şikayətlərin araşdırılması nəticəsində ortaya çıxan və cavabları ümumilikdə bütün vergi ödəyicilərini əhatə edən suallar üzrə DVX-nin mövqeyini əks etdirən bəzi yanaşmalar hazırlanaraq rəsmi internet səhifəsində müvafiq bölmədə yerləşdirilib.
  • Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində “Statistika-Hesabat” bölməsi təkmilləşdirilib, DVX-nın fəaliyyətinə aid ictimaiyyət üçün açıq iş planları və görülmüş işlər barədə məlumatlar alt bölmədə yerləşdirilib.