2025-ci ildə hüquqi şəxslərin reyestrinin proaktivliyinin təmin edilməsi məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi və əlaqəli fərman layihələri hazırlanıb. Layihə kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları üzrə dəyişikliklərlə əlaqədar notariat hərəkətləri aparıldıqdan sonra müvafiq məlumatların Dövlət Vergi Xidməti tərəfindən Ədliyyə Nazirliyindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə onlayn qaydada əldə edilərək proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması ilə əlaqədar münasibətləri tənzimləyir. “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 336-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 9 fevral 2026-cı il tarixində qüvvəyə minib.
Təsis payının özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin (alğı-satqı, bağışlama, dəyişdirmə və s.) qeydiyyat orqanı tərəfindən inteqrasiya çərçivəsində onlayn qaydada Ədliyyə Nazirliyindən əldə edilərək kommersiya hüquqi şəxsin təsisçi dəyişikliyinin qeydiyyata alınması ilə bağlı texniki imkanın yaradılması istiqamətində müvafiq işlər həyata keçirilib.
Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən Qanuna “benefisiar mülkiyyətçi” anlayışı daxil edilmiş, benefisiar mülkiyyətçi ilə bağlı qeydiyyat orqanına təqdim olunan ərizədə göstərilən məlumatların dairəsi və dövlət reyestrinə daxil edilən məlumatlar müəyyən edilib.
Ədliyyə Nazirliyi tərəfindən elektron apostil verilmiş xarici mənşəli sənədləri müvafiq proqram vasitəsilə yoxlamaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant qaydada rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkil edilməsi məqsədilə müvafiq portalın yaradılması təmin edilib.
Fəaliyyəti xüsusi qanunvericilik aktları ilə tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digər dövlət orqanları tərəfindən verilən sənədlərin elektron qaydada qeydiyyat orqanına təqdim olunmasının icrası məqsədilə Dövlət Vergi Xidmətinin məlumat bazası ilə Ədliyyə və Elm və Təhsil nazirliklərinin, Mərkəzi Bankın, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazaları arasında elektron mübadiləni təmin edən texniki imkanın yaradılması təmin edilib, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə müvafiq texniki imkanın yaradılması ilə bağlı işlər davam etdirilməkdədir.
6 fevral, 12 may, 25 sentyabr və 23 dekabr 2025-ci il tarixlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüşlər keçirilib. Görüşlərdə biznesin qeydiyyatının daha da təkmilləşdirilməsi istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilib, qarşılıqlı müzakirələr aparılıb, iclas iştirakçılarının sualları cavablandırılıb. Görüşlər barədə məlumat hazırlanaraq DVX-nın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində və vergiler.az, azranking.az saytlarında yerləşdirilib. .
24 fevral, 24 iyun, 30 sentyabr və 26 dekabr 2025-ci il tarixlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda yeniliklərə həsr edilmiş onlayn görüşlər keçirilib. Görüşlərdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilərək sualları cavablandırılıb. Görüşlər barədə məlumat hazırlanaraq DVX-nın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində və vergiler.az, azranking.az saytlarında yerləşdirilib.
2025-ci ilin fevral ayında biznesə başlama sahəsində aparılmış islahatların üstünlükləri və nəticələri barədə 163 sahibkar arasında onlayn sorğu keçirilib.
Biznesə başlama sahəsində islahatlar barədə KOBİA tərəfindən iyun-sentyabr ayları ərzində 500 respondent arasında sosioloji tədqiqat aparılıb. Tədqiqatın nəticələri təhlil olunub, icmal hazırlanıb.
“Kommersiya hüquqi şəxslərin qeydiyyat məlumatlarındakı dəyişiklikləri vergi orqanına necə təqdim etmək olar?” mövzusunda videoqrafik çarx hazırlanıb.
Dövlət Vergi Xidməti vətəndaşlara onlardan xəbərsiz adlarına hüquqi şəxslərin açılmasına şərait yaradılmaması ilə bağlı xəbərdaredici reklam çarxları hazırlanıb, DVX-nın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində və vergiler.az saytında yerləşdirilib.
Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayevanın “Report” informasiya agentliyinə müsahibəsi təşkil edilib. Həmçinin qeydiyyata alınmış kommersiya qurumları ilə bağlı müvafiq statistik və informativ materiallar hazırlanaraq (qrafikalarla) mediada yayımlanıb.
Kommersiya qurumlarının dövlət qeydiyyatına alınması prosesində təqdim olunan sənədlər və məlumatlar əsasında benefisiar mülkiyyətçi (mülkiyyətçilər) barədə məlumatların təqdim edilməsi ilə bağlı bildiriş DVX-nın rəsmi internet səhifəsində yerləşdirilib.