Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən 21 fevral 2025-ci il tarixdə təsdiq olunmuş “Dünya Bankı Qrupunun “Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı olaraq “Vergi və hesabatlılıq” İşçi Qrupu tərəfindən rüblük olaraq iclaslar təşkil olunmaqdadır. 07.02.2025-ci il, 21.05.2025-ci il və 15.10.2025-ci il tarixlərində “Vergi və hesabatlılıq” İşçi Qrupunun iclasları keçirilmişdir. Görüşlərdə Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tapşırıqlar müzakirə olunmuş, cari il üçün Yol Xəritəsinin vergi qanunvericiliyi və inzibatçılığının aydınlığı, vergitutmaya dair qaydalarda dəyişikliklərin şəffaflığı, ətraf mühit vergiləri, vergi inzibatçılığının rəqəmsallaşdırılması, vergi auditi, mübahisələrin həlli mexanizmi alt indikatorları üzrə nəzərdə tutulmuş tədbirlər barədə məlumat verilmiş, müzakirələr aparılmışdır.
Dövr ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 429 580 şəxs qəbul edilmiş, onlara 682 504 sayda xidmət göstərilmişdir. O cümlədən, 241 mindən çox sayda şifahi xidmət göstərilərək müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualları cavablandırılmış, 150 mindən çox sayda elektron xidmət göstərilərək bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilmişdir. Vergi ödəyicilərindən daxil olmuş 25,4 minə yaxın sayda yazılı müraciət cavablandırılmış, 19,1 milyondan çox sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilmişdir.
Dövr ərzində 3024 vergi ödəyicisinin iştirakı ilə 289 görüş keçirilmiş, 3806 vergi ödəyicisinə ünvanlı xidmət göstərilmişdir.
Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 2 milyon 215 minə yaxın sayda SMS göndərilmişdir.
Dövr ərzində ümumilikdə 236 862 müraciət üzrə 361 361 Asan İmza sertifikatı verilmişdir.