Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün isə ərizəniz əsasında vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatmalıdır və bu barədə vergi ödəyicisinə məktub göndərilir.

Eyni zamanda bildiririk ki, Əmanətlərin Sığortalanması Fondu QSC  "BANK STANDARD" KB-nın ləğvedicisi təyin edilmişdir. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.

Eyni zamanda Mülki Məcəllənin 104.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər.

Əsas vəsaitlərin balansa daxil edilməsi üzrə sənədləşmə proseduru ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. 

Общая цена: 3/52
Оцените:

Bildiririk ki, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. 

Bundan səhm alğı-satqısından gəlir əldə edən fiziki şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99-cu, 101-ci maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, vergi ödəyicisi  Cəbiyev Natiq Adil oğlu (VÖEN 2901786022) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

Общая цена: 5/51
Оцените:

Biririnci və üçüncü suallarla bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Sahibkarlar tərəfindən həmin şəxslərdən kənd təsərrüfatı məhsullarının alışı malların alışına dair “Malların alış aktı” ilə sənədləşdirilməli və tərtib olunmuş alış aktına kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədlər) əlavə edilməli və həmin şəxslərdən alınmış malların dəyəri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsisteminə işlənilməlidir. 

Bunlardan əlavə, sahibkarlar tərəfindən kənd təsərrüfatı məhsulları ailə kəndli təsərrüfatından alındığı halda tərtib olunan “Malların alış aktı”na həmin təsərrüfatın bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti əlavə edilməli və həmin şəxslərə ödənilmiş məbləğlər barədə məlumat təsərrüfatın uçota alındığı bələdiyyəyə təqdim edilməlidir.

Qeyd olunan şərtlər daxilində ailə kəndli təsərrüfatlarından və kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsullarına görə onlara ödənilən məbləğdən ödəmə mənbəyində vergi tutulmur.

Eyni zamanda, vergi orqanında uçotda olmayan şəxs kənd təsərrüfatı məhsulu istehsalçısı olmadığı halda tədarük etdiyi kənd təsərrüfatı məhsullarını təqdim edərkən həmin şəxsdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur. 

İkinci sualla bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən nağd xərclənmiş pul vəsaitlərinin rəsmiləşdirilməsi, o cümlədən pul vəsaitlərinin kassaya mədaxili və məxarici üzrə sənədlərin tərtibi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” ilə tənzimlənir. Həmin Qaydaya əsasən kassadan pul vəsaitləri məxaric edilərkən, pul vəsaitlərini alan şəxs kassa məxaric orderini imzalamaqla yanaşı həmin məbləğin alınması barədə orderdə qeyd aparır. Kassa məxaric orderinə əlavə edilən ödəniş sənədləri müvafiq olaraq vergi ödəyicisinin rəhbəri, fərdi sahibkar, baş mühasib və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədar (və ya bu vəzifə həvalə olunmuş şəxs) və pulu alan şəxslər tərəfindən imzalanır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 71-1-ci, 71-2-ci, 101-ci maddələri və “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

İstehlakçı hüquqlarınızın pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Onu da qeyd edək ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Общая цена: 3/52
Оцените:

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Onu da bildiririk ki, malların səyyar (mövsümi) satışına olan müəyyən tələblərlə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda tanış ola bilərsiniz.

Bunula yanaşı nəzəriniz çatdırırıq ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən səyyar (mövsümi) ticarət yerlərinin müəyyən edilməsinə görə icazə tələb olunur.

Səyyar ticarətinin həyata keçirilməsinin reallaşdırılması barədə əlavə məlumatı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 33.2-ci, 33.4-cü, 34.1-ci, 34.2-ci və 34.3-cü maddələri, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 20-ci maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır. Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur. 

Mülki Məcəllənin 997-ci maddəsi ilə istiqrazlar və səhmlər investisiya qiymətli kağızlara aid edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.

Общая цена: 5/58
Оцените:

Bildiririk ki, vergi ödəyiciləri xidmət mərkəzlərinə gəlmədən özləri birbaşa internet üzərindən sertifikatın qüvvədə olma müddəti ərzində mövcud sertifikatının müddətinin uzadılması və ya “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” (öz sahibkarlıq fəaliyyəti və ya təmsil etdiyi digər vergi ödəyicisi üçün VÖEN-ə bağlı olan) sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər.

İstifadəçilər tərəfindən sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur. Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” ilə buradan tanış ola bilərsiz.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki,  təmir xərclərinin mühasibat uçotunda əks etdirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”I ilə tənzimlənir.

Belə ki, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər cari təmir məsrəflərinə aid edilir.

Bunlarla yanaşı, əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.

Buna əsasən nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi və ona texniki qulluğun (yağ, şin dəyişmə və s.) göstərilməsi ilə bağlı çəkilən xərclər təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artırılır.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi və “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı.

Общая цена: 4/54
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-6.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək istisna edilmişdir.

Buna əsasən, yuxarıda qeyd olunan təşkilatlar tərəfindən torpağın laborator analiz edilməsi üzrə işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilmir. 

Vergi Məcəlləsinin 16.1.11-6.2-ci maddəsi ilə elektron qaimə - faktura vermək vəzifəsi istisna edilmiş dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatlarına aid edilməyən təşkilatlar tərəfindən qeyd olunan xidmətlərlə bağlı elektron qaimə-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 71-1-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinin müddəalarına əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.

Buna əsasən qeyri-rezident olan sığorta şirkəti tərəfindən rezident şəxsə sığorta əməliyyatları üzrə xidmətlər göstərildiyi halda həmin xidmətlərə görə ödənilən haqq ƏDV-yə cəlb olunmur.

ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 164-cü və 169-cu maddələri.

Общая цена: 5/513
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin müddəalarına əsasən ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün müvafiq POS-terminallar quraşdırılmalıdır.

POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” ilə tənzimlənir.

Adıçəkilən qərarda dövriyyəsindən və ərazisindən asılı olmayaraq ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən) POS-terminalların məcburi quraşdırılması tələb olunur. Buna əsasən sorğunuzda qeyd olunan müəssisənin təsərrüfat subyektində POS-terminalın quraşdırılması məcburidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur.

Gəliri ödəyən şəxslər gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və "Ödəmə mənbəyində tutulan vergi" bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

Vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışının rəsmiləşdirilməsi zamanı mətbəədən sifariş olunmuş alış aktlarından istifadə olunmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Общая цена: 0/50
Оцените:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində yalnız vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər istisna edildiyindən, qeyri-rezident hüquqi şəxslərə xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Sorğunuza əsasən, gəlirlərinizin yalnız qeyri-əhali tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq qeyri-rezident hüquqi şəxslərə  xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin səhmdar cəmiyyətə çevrilməsi hüquqi şəxsin yenidən təşkil edilməsinə aid edilir. Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Nəzərə almaq lazımdır ki, qapalı səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum həddi 10 milyon manat, iştirakçılarının say həddi isə 50 fiziki və hüquqi şəxslərdən ibarət olmalıdır.

Yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Dövlət Vergi Xidmətinin müvafiq qeydiyyat orqanına notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə müraciət edilir. Ərizəyə isə aşağıdakı sənədlər əlavə edilməlidir:

- “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat”;

- yenidən təşkil haqqında qərar;

- təhvil aktı və ya bölünmə balansı;

- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”;

- təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”;

- təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;

- səhmdar cəmiyyətinin təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;

- səhmdar cəmiyyətinin  təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar;

- “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə));

- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);

- səhmdar cəmiyyətinin təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

- hüquqi ünvanını təsdiq edən sənəd;

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);

- nizamnamə kapitalı pul formasında deyil, əmlak formasında qoyulduqda, həmin əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi;

- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;

- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda);

-  bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd;

Eyni zamanda məhkəmə tərəfindən hüquqi şəxs barədə cinayət-hüquqi tədbirin təyin edilib-edilməməsi və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub olunmaması, qəbul olunubsa həmin qərarın tam icra edilib-edilməməsi və ya ləğv edilməsi barədə məhkəmədən müvafiq sənəd də əlavə olunur.

Əsas: Mülki Məcəllənin 55-58-ci, 92-ci, 98-ci və 103.2-ci maddələri, Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il, tarixli 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Qanununun 9-cu maddəsi 

Общая цена: 5/52
Оцените: