Bildiririk ki, qeyri-rezident tərəfindən yüklərin xarici ölkədən Azərbaycan Respublikasına çatdırılması ilə bağlı göstərilən nəqliyyat xidmətləri üçün rezident tərəfindən aparılan ödənişlərdən ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə vergi tutulur.
Bununla yanaşı, qeyri-rezidentlə bağlanmış müqavilə əsasında qeyri-rezident tərəfindən təqdim edilən malların dəyərinə malların daşınması ilə bağlı xərclər də aid edildiyi halda qeyri-rezident tərəfindən müstəqil olaraq daşıma xidmətləri malların alıcısına göstərilmədiyindən rezident şəxs tərəfindən qeyri-rezidentə aparılan belə ödənişlərdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulmur.
Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.
Bildiririk ki, Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.
Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Eyni zamanda "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir.
Göründüyü kimi, natural şəkildə verilməyən ərzaq payının dəyərinin gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqlarının tərkibinə daxil olması Əsasnamədə təsbit edilmişdir.
Qeyd olunanlara əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı, o cümlədən əmək haqqına natural şəkildə verilməyən ərzaq payının dəyəri kimi verilən əlavə icbari tibbi sığorta haqlarına cəlb olunur.
Əsas: Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” Qanunu və "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə.
Bildiririk ki, Vergi Məcəlləsinin 67-2.1-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.
Eyni zamanda Vergi Məcəlləsinin 67-2.4-cü maddəsinə əsasən investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv edildikdə, vergilər üzrə faizlərin ödənilməsi istisna olmaqla, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən bu Məcəllə ilə müəyyən edilmiş vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi verilmiş şəxslər tərəfindən yerinə yetirilir. Bu zaman yenidən hesablanmalı vergilərin məbləği investisiya təşviqi sənədinin ləğv edildiyi hesabat dövründə və ya vergi nəzarəti zamanı bu hal aşkar edildiyi halda yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçirilir.
Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Beləliklə qeyd edilən sahə üzrə fəaliyyət göstərilmədikdə, investisiya təşviqi sənədi üzrə nəzərdə tutulan güzəştlərin ləğvinə əsas verən hallar yaranmış olarsa verilən güzəştlərin bərpa edilməsi həyata keçirilir.
Əsas: Vergi Məcəlləsinin 67-2-ci maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində qeyd edilmiş sığorta hadisəsi qanunla və sığorta müqaviləsi ilə müəyyən edilən bütün növ sığortalara aid edilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi.
Bildiririk ki, bina tikintisi ilə məşğul olan şəxslər tikilən binalar üzrə gəlirlərin və xərclərinin uçotunun tanınması Vergi Məcəlləsinin 130.6-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.
Eyni zamanda payçının müəssisənin nizamnamə kapitalına qoyduğu pay məbləği müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilmir, həmin evlərin söküntüsü üzrə çəkilən xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.
Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən sualın mahiyyəti tam aydın olmadığı üçün əməliyyatın xarakteri açıqlanmaqla zəruri təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda elektron qaimə-faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər.
Belə ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.
Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-2-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.
Buna əsasən gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan vergi ödəyicisi tərəfindən hesabat ili ərzində satışını həyata keçirdiyi mənzillərin tikintisi üzrə işlər tamamlanmadığı halda (sorğuda göstərilən halda tikintisi hələ başlamamış mərtəbələr) cəmiyyətin həmin alqı-satqı əməliyyatları üzrə mənfəət vergisi məqsədləri üçün öhdəliyi yaranmır.
Eyni zamanda tikilən binadan təqdim ediləcək yaşayış və qeyri-yaşayış sahələrinin 1 kv.m-nın maya dəyəri həmin binanın tikintisi ilə bağlı istehsala silinmiş məsrəflər, o cümlədən alınmış mal-materialların, iş və xidmətlərin dəyəri, habelə əmək haqqı və digər xərclər əsasında müəyyən edilir.
Əsas: Vergi Məcəlləsinin 130-cu, 134-cü və 166-cı maddələri.
Bildiririk ki, sifarişçinin tapşırığı ilə borcların yığılmasını həyata keçirən şəxsin göstərdiyi xidmətlər Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi ilə müəyyən olunan maliyyə xidmətlərinə aid edilmir və həmin fəaliyyətdən əldə olunan gəlirlər ümumi qaydada ƏDV-yə cəlb edilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 159-cu maddələri.
Bldiririk ki, bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilən malların dəyərinin alınması hüququnun tapşırıq müqaviləsinə əsasən üçüncü bir vergi ödəyicisinə verilməsinə vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.
Eyni zamanda tərəflər arasında bağlanan müqavilə üzrə borcların yığılması üzrə göstərilən xidmətlərə görə əladə olunan xidmət haqların Vergi Məcəlləsi ilə müəyyə olunmuş ümumi qaydada vergiyə cəlb edilir.
Əlavə olaraq qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.
Ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.
Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.
Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.
Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.
Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Sorğunuzda qeyd olunan xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılan xərclərə aid edilir.
Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.
Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
İstehlakçı hüquqlarınızın pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Onu da qeyd edək ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, 01.01.2014-cü tarixdən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmişdir.
Eyni zamanda, heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir.
Müraciətinizdə qeyd olunan iki hissəyə bölünmüş heyvan əti ilkin formasını dəyişdiyi (diri şəkildə təqdim edilmədiyi) üçün kənd təsərrüfatı məhsulu hesab olunmur.
Sorğuda qeyd olunan halda heyvanların yetişdirilməsi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən həmin heyvanların diri şəkildə təqdim edilməsi və onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edildiyi halda, qeyd olunan vergi güzəştləri həmin şəxslərə tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci, 218.5.8-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.
Bildiririk ki, xarici ölkələrdə əmək fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşlarının gəlirlərinin Azərbaycan Respublikasında sosial sığorta haqlarına cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmur.
Xarici ölkələrdə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşları isə Azərbaycan Respublikasında ümumi qaydada “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqqı ödəyirlər (yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üzrə müəyyən olunan dərəcə ilə hesablanır).
Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.
Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün onlayn müraciət qəbulu bitmişdir. Könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə saytımızda məlumat veriləcək.
Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.https://www.youtube.com/watch?v=kvniIYW5518
Müraciətinizdə qeyd olunan TIN (Taxpayer Identification Number), yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".