Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.
Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər.
Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".
Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
Həmçinin, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.
Sorğunuzda qeyd olunan məsələ ilə bağlı, aidiyyəti üzrə müştərisi olduğunuz müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.
Misal:
Dövlət sektorunda çalışan işçinin aylıq vergiyə və sosial sığorta haqqına cəlb olunan gəliri – 1000 manat
Həyatın yığım sığortasına yönəldilən məbləğ – 500 manat
İşəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilən sosial sığorta haqqından azad olan sosial sığorta məbləği – 110 manat (500*22%)
Bu halda işinin aylıq gəliri 1110 manat təşkil edir (1000 manat əmək haqqı+işəgötürənin sığortaçıya ödədiyi 110) manat. İşəgötürən işçinin əməkhaqqından 610 manat məbləğ həyatın yığım sığortasına köçürdüyü halda yalnız 555 manat məbləğ vergi və sosial sığorta haqlarından azad olacaqdır. Qalan məbləğ isə vergiyə və sosial sığorta haqlarına cəlb ediləcəkdir.
Bunlardan əlavə, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.
İşsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.
Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.
Qeyd olunanlara əsasən sığortaedən tərəfindən ödənilən işsizlikdən sığorta haqqı ilə sığortaolunanın ödədiyi işsizlikdən sığorta haqqı məbləğləri fərqli məbləğlər ola bilər.
Həmçinin bildiririk ki, əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər sığortaedən nə sığortaolunan üzrə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunan gəlirlərə aid edilmir.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 109.3-cü və Əmək Məcəlləsinin 157-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.
Qüvvədə olan əmək müqavilələri haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142,www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və baş ofisin tapşırıqlarını yerinə yetirməklə fəaliyyət göstərdiyi halda həmin nümayəndəlik vergi orqanında mənfəət vergisinin ödəyicisi kimi qeydiyyata alınmalıdır. Bu zaman baş ofisdən göndərilən saxlanma xərcləri ilə sənədlərlə rəsmiləşdirilmiş xərclər arasındakı fərq mənfəət vergisinə cəlb edilir.
Qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən gəlir və xərclərinin uçotu aparılmadıqda və ya qeyri-rezidentin daimi nümayəndəliyi vasitəsilə əldə etdiyi gəlirini birbaşa müəyyən etmək mümkün olmadığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq nümayəndəliyin xərclərinin maliyyələşdirilməsi ilə bağlı baş ofis tərəfindən köçürülən məbləğ üzrə şərti rentabellik norması əsasında müəyyən edilmiş vergitutma obyektindən mənfəət vergisi hesablanır.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 104-cü, 108-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”
Bildiririk ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Eyni zamanda, istifadəçilər mobil tətbiqlər vasitəsilə çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq. İsitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər.
Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.
Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada müraciət etməyiniz tövsiyə olunur.
Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.
Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
Sorğunuzda qeyd olunan hal araşdırma tələb etdiyindən, müəssisə haqda ətraflı məlumatları təqdim etməklə qeydiyyatda oldunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər.
Fərdi sahibkarlıq - hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədilə fərdi qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir.
Hüquqi şəxs - qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış, müstəqil balansı olan elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı olsun, öz öhdəlikləri üçün bu əmlakla cavabdehlik daşısın, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində iştirak etmək hüququna malik olsun.
Sahibkar vergi ödəyicisi kimi uçota alınan zaman seçdiyi vergitutma sisteminə və yaranmış vergitutma obyektlərinə uyğun olaraq, müvafiq vergiləri (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi, ƏDV, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi, ödəmə mənbəyində tutulan vergilər və s.) hesablayıb dövlət büdcəsinə ödəməli və müvafiq bəyannamələri vergi orqanına təqdim etməlidir.
Fiziki şəxs kimi vergi uçotuna dayanma, kommersiya hüquqi şəxsin yaradılması, təsərrüfat subyetinin uçota alınması, bank hesabının açılması, NKA-nın və POS-terminalın qeydiyyatı, vergi öhdəliklərinin yerinə yetirilməsi və s. barədə daha geniş məlumatla "Vergi bələdçisi" bölməsində tanış olmaq olar.
Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir.
İcarə haqqını ödəyən şəxs (sorğunuzda hərbçilər) vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 101-ci, 124-cü və 150-ci maddələri.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi
-
Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi hansı sahibkarlara aiddir?
Dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini həyata keçirir.
-
Pandemiyadan zərər çəkən sahələr hansılardır?
Pandemiyadan zərər çəkmiş 4 böyük sektor üzrə aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilib.
-
Sənaye sektoru üzrə:
-
İstehsal sektoru (ərzaq, dərman, tütün və içki istehsalı istisna olunmaqla).
-
Ticarət sektoru üzrə:
-
Topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olunmaqla);
-
Turizm, ictimai iaşə və digər xidmətlər sektoru:
-
Yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;
-
Turoperator və turagent fəaliyyəti;
-
Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq məhsullarının daşınması və (və ya) çatdırılması xidmətləri;
-
İctimai iaşə fəaliyyəti;
-
Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
-
İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;
-
Hazırlıq (tədris) və ixtisasartırma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərin fəaliyyəti;
-
Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti;
-
Özəl təhsil müəssisələri (o cümlədən uşaq bağçaları);
-
Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri.
-
Nəqliyyat sektoru:
-
Ölkədaxili yük və sərnişindaşıma (o cümlədən taksi ilə) fəaliyyəti.
Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatı ilə ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://www.e-taxes.gov.az/
-
Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyindən faydalanmaq üçün sahibkar müraciəti haradan etməlidir?
“Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə məlumat qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetinə də göndərilir. Vergi ödəyiciləri müraciəti İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etməlidirlər. Bunun üçün elektron kabinetdə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” altbölməsinə daxil olmaqla buradakı müvafiq altbölmədəki müraciət forması elektron qaydada doldurulmalıdır. Müraciətin tərtib olunması qaydaları ilə bağlı hazırlanmış videotəlimatla İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində (www.economy.gov.az) və Nazirliyin sosial şəbəkə səhifələrində (Youtube, Facebook, Instagram) tanış olmaq mümkündür.
-
Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyini əldə etmək üçün sahibkardan hansı məlumatların verilməsi tələb olunur?
Müraciət formasında vergi ödəyicisinin reyestr məlumatları - vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayı - avtomatik əks etdirilir. Sahibkarlar müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, bu fəaliyyət sahələri üzrə 1 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısını, vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı barədə əlavə məlumatları onlayn qaydada doldurmalıdırlar.
-
Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyini əldə etmək üçün sahibkarın göndərdiyi müraciətdəki məlumatlar yoxlanılacaqmı?
Məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Vergi ödəyicisi məlumatların səhih verildiyinə, vergi orqanlarına təqdim etdiyi hesabatlardakı göstəricilərdən fərqli olmamasına diqqət yetirməlidir. Müraciətin yoxlanılması zamanı sistem vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməsini, müraciət tarixinə işçi sayında azalmaların olmamasını, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi halları yoxlayacaq. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir.
-
Əgər məlumatlarda uyğunsuzluq aşkarlanarsa, bunu düzəltmək imkanı olacaqmı?
Vergi ödəyicisinə uçot məlumatları üzrə uyğunsuzluğu aradan qaldırmaq və şəxsi kabineti vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.
-
Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyi sahibkarlara hansı şəkildə ödəniləcək?
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.
-
Sahibkar bu vəsaitləri digər təxirəsalınmaz zəruri xərclərinə yönəldə bilərmi?
Dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.
-
Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi göstərilərkən hansı meyar əsas götürüləcək?
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə 2020-ci ilin yanvar ayına olan orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülür.
-
Əgər işçilər orta aylıq əməkhaqqından daha çox maaş alırsa, onlara hansı məbləğ ödəniləcək?
Müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.
Misal:
Vergi ödəyicisinin 10 işçisi var. Onlardan 6-sının əməkhaqqı 600 manat, 4-ünün isə 1200 manatdır. Bu halda, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizminə əsasən:
- 600 manat əməkhaqqı alan şəxslər üçün: həmin vəsait iki bərabər hissəyə bölünür, 300 manatı aprel, 300 manatı may ayında ödənilir.
- 1200 manat əməkhaqqı alan şəxslər üçün: ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi – 712 manat əsas götürülür və iki bərabər hissəyə bölünür. Həmin şəxslərə 356 manat aprel, 356 manat da may ayında ödənilir.
-
Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi çərçivəsində, əmək haqlarına hesablanmış sosial sığorta ayırmaları da qarşılanacaqmı?
Dövlət maliyyə dəstəyi muzdlu işçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsinin də vergi ödəyicilərinin bank hesablarına köçürülməsini nəzərdə tutur.
- Vergi ödəyicisinin ərzaq dükanı var və 2019-cu ildən etibarən 2 faiz sadələşdirilmiş vergi rejimində işləyir. Eyni zamanda, mağazada 2 işçi də çalışır. Belə olan halda sahibkar maliyyə dəstəyi ala bilərmi?
Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş fərdi (mikro) sahibkarlara şamil edildiyi üçün belə vergi ödəyiciləri fərdi sahibkar kimi maliyyə dəstəyi üçün müraciət edə bilərlər.
Lakin ərzaq məhsullarının satışı bir fəaliyyət istiqaməti olaraq pandemiyadan zərər çəkən sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil olmadığı üçün həmin sahibkar muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üzrə proqramda iştirak etmək hüququna malik deyil..
- Şəxsi kabinetdə ərizələrin siyahısından əməkhaqqı üçün maliyyə dəstəyi ərizəsini necə tapmaq olar?
Pandemiyadan zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyi əldə etmək üçün aşağıda qeyd olunan keçid yolu vasitəsilə müraciət təqdim edə bilərsiniz:
Giriş > "Onlayn kargüzarlıq və e-VHF" bölməsi > Yeni müraciət > Müraciətin növü - Ərizə > Sənədin növü -"Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət".
- Muzdlu işçi sahibkarın əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyi alıb-almadığını necə öyrənə bilər? Əgər sahibkar maliyyə dəstəyi aldığı təqdirdə əmək haqlarını ödəməsə, bu halda işçi hansı addımlar ata bilər?
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat və Vergilər nazirliklərinin rəsmi internet saytlarında yerləşdirilir və hər gün yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər.
- Maliyyə dəstəyi ilə bağlı müraciətə vergi orqanları tərəfindən imtina verildikdə, bu barədə bildiriş göndərilirmi?
Vergi ödəyicilərinin müraciəti sistem tərəfindən avtomatik yoxlanılır, uyğunsuzluq aşkar edildikdə, bu haqda ekranda bildiriş əks olunur. Vergi ödəycisinin təqdim etdiyi məlumatlarda müraciətin emalı zamanı doğru olmayan məlumat aşkar edildikdə isə, vergi ödəyicisinə məlumatların dəqiqləşdirilməsi üçün bildiriş göndərilir.
- Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi göstərilərkən növbəti ay da vergi orqanına müraciət etmək tələb olunurmu?
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir və bunun üçün vergi ödəyicisinin növbəti ay üçün müraciət etməsi tələb olunmur.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi
-
Maliyyə dəstəyinin göstərilməsi zərər çəkən fərdi sahibkarların hamısına aiddirmi?
Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş fərdi (mikro) sahibkarlara şamil edilir.
-
Maliyyə dəstəyi fərdi sahibkarlara necə çatdırılacaq?
Dövlət büdcəsindən ayrılan vəsaitlər fərdi sahibkarların bank hesablarına köçürüləcək.
-
Fərdi sahibkarlar maliyyə dəstəyindən faydalanmaq üçün müraciəti haradan etməlidir?
Vergi ödəyiciləri İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) şəxsi elektron kabinetlərində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” altbölməsinə daxil olaraq elektron qaydada müraciət formasını doldurmalıdırlar. Müraciətin tərtib olunması qaydaları ilə bağlı hazırlanmış videotəlimatla İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində (www.economy.gov.az) və Nazirliyin sosial şəbəkə səhifələrində (Youtube, Facebook, Instagram) tanış olmaq mümkündür.
-
Maliyyə dəstəyini əldə etmək üçün müraciət etdiyi zaman fərdi sahibkarlardan hansı məlumatların verilməsi tələb olunur?
Müraciət formasında reyestr məlumatları – vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər - avtomatik əks etdirilir. Sahibkarlar müraciətlərində öz vergi rejimi barədə məlumatları (2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması, yaxud gəlir vergisi mükəlləfiyyəti olması), habelə vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabını göstərməlidirlər.
-
Maliyyə dəstəyini əldə etmək üçün fərdi sahibkarın etdiyi müraciətdəki məlumatlar necə yoxlanılacaq və yanlışlıq olduğu halda bunu düzəltmək imkanı olacaqmı?
Fərdi (mikro) sahibkarların verdiyi məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Müraciətin yoxlanılması zamanı vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması ilə bağlı uyğunsuzluqların olub-olmaması araşdırılır. Əgər uçot məlumatlarında uyğunsuzluq aşkar edilərsə, bu halda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı verilir.
-
Maliyyə dəstəyinin göstərilməsi anına sahibkarın dövlət büdcəsinə borcu olarsa, ona ödənilən vəsait borca silinə bilərmi?
Pandemiyadan zərər çəkmiş vergi ödəyicilərinə göstəriən maliyyə dəstəyi üzrə ödənilmiş vəsaitlər digər borclara görə silinməyəcək. Vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin ediləcək.
-
Fərdi sahibkarlara dövlət maliyyə dəstəyinin minimal həddi varmı?
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi mexanizmi çərçivəsində göstərilən maliyyə dəstəyinin minimum həddi 250, maksimum həddi 5000 manatdır. Əgər fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olarsa, ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.
Misal: Fərdi sahibkarın ötən il ərzində ödədiyi vergilərin məbləği 180 manat təşkil edir. Bu halda fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində vergi ödəyicisinə 250 manat məbləğində ödəniş həyata keçiriləcək.
- Vergi qeydiyyatına durmaqla fərdi sahibkarlar üçün maliyyə dəstəyi proqramından faydalanmaq üçün müraciət etmək olarmı?
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı 2019-cu il ərzində vergi, sosial sığorta və işsizlikdən sığorta haqqı ödəmiş vergi ödəyicilərinə aid edildiyi üçün yeni vergi qeydiyyatına durmaq maliyyə dəstəyi almaq məqsədilə müraciət etmək hüququ vermir.
- Sahibkarların maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərinin nəticəsi nə zaman bilinəcək?
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlər sistem tərəfindən avtomatik yoxlanılır və uyğunsuzluq aşkar edilmədiyi halda müraciət qəbul edilir. Müraciətin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicisinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetinə və SMS şəklində mobil telefonuna göndərilir.
- Vergi ödəyicisinin VÖEN-ə bağlı olmayan bank hesabı mövcuddur. Maliyyə dəstəyi çərçivəsində sahibkara ödəniləcək vəsaitin həmin hesaba köçürülməsi mümkündürmü?
Maliyyə dəstəyi çərçivəsində ayrılmış vəsaitlər yalnız vergi ödəyicisinin VÖEN-lə əlaqəli olan bank hesabına köçürülür.
- İnternet Vergi İdarəsində şəxsiyyət vəsiqəsinin FIN kodu üçün nəzərdə tutulan bölməyə daxil olub maliyyə dəstəyi müraciəti etmək olarmı?
Xeyr, bu üsul yalnız yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı üçün nəzərdə tutulub. Vergi ödəyiciləri maliyyə dəstəyi üçün müraciəti Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq təqdim etməlidirlər.
- Şəxsi kabinetdə ərizələrin siyahısından fərdi sahibkarlar üçün maliyyə dəstəyi ərizəsini necə tapmaq olar?
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi əldə etmək üçün müraciəti aşağıda qeyd olunan keçid yolu vasitəsilə təqdim edə bilərsiniz:
Giriş > "Onlayn kargüzarlıq və e-VHF" bölməsi > Yeni müraciət > Müraciətin növü - Ərizə > Sənədin növü - "Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət".
- Vergi ödəyicisi maliyyə dəstəyi üçün meyarlara uyğun gəlir, lakin bank hesabı yoxdur. Vergi və sosial sığorta haqqı üzrə borcu olduğuna görə şəhadətnamə-dublikatın alınması üçün müraciət göndərə bilmir. Bu halda necə müraciət edə bilər?
Bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadığı halda verilir. Vergi ödəyicisinin borcu olduqda, şəhadətnamə-dublikatın verilməsi üçün məhdudiyyətin aradan qaldırılması məqsədilə qeydiyyatda olduğu vergi orqanına və ya Vergilər Nazirliyinə sərbəst ərizə forması ilə müraciət edilməlidir. Şəhadətnamə-dublikatın alınmasına məhdudiyyət götürüldükdən sonra vergi ödəyicisi bank hesabı açılması üçün müraciət edə bilər.
- Mənim adıma keçən ildən VÖEN var, vergi ödəməmişəm və müraciət etmək üçün şifrə və parolu itirmişəm. Mən yeni şifrə və parol əldə etsəm, maliyyə dəstəyi ala bilərəmmi?
Fərdi sahibkarlar üçün maliyyə dəstəyi 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir. Bu səbəbdən sizin maliyyə dəstəyi üçün müraciət etmək hüququnuz yoxdur.
- Fərdi sahibkarlar üçün maliyyə dəstəyi hər ay ödəniləcək?
Xeyr, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi birdəfəlik ödənişlər formasında həyata keçirilir.
- Vergi ödəyicisi VÖEN-ini müvəqqəti dayandırmaq üçün nə etməlidir?
Fəaliyyəti müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim edilməlidir. Arayış və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari
Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe
Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, fiziki şəxsin fəaliyyəti Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə dayandırıla bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0
- Vergi ödəyicisi VÖEN-ini ləğv etmək üçün nə etməlidir?
Vergi uçotunu ləğv etmək üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edilməlidir. Ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari
Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe
Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XzZv0w-M_9I
- Elektron kabinetə daxil olmaq üçün nəzərdə tutulmuş istifadəçi kodu, parol və şifrə unudulduqda, yenisi necə əldə edilə bilər?
İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada tərtib olunmalı, poçt vasitəsilə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına göndərilməlidir.
Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe
Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari
- Hər hansı bir şəxs VÖEN-i olsa da, fəaliyyətini müvəqqəti dayandırıbsa, 190 manat birdəfəlik müavinət ala bilərmi?
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən, fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) vergi ödəyiciləri, yaxud onların əri və ya arvadı işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmənin alınması məqsədilə müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.
Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.
Elektron qaydada xidmətlərin göstərilməsi və işlərin görülməsi dedikdə, informasiya sistemlərindən istifadə edilməklə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və digər analoji iş və xidmətlər üzrə həyata keçirilən fəaliyyət nəzərdə tutulur.
Əsas: Vergi Məcəlləsinin 169.1-ci və 169.3-cü maddələri.
Bildiririk ki, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanından kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.
İqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınma vergi ödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə həyata keçirilir. Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması barədə müraciətinə Dövlət Vergi Xidmətinin təhlil və uçota nəzarət strukturu tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun baxılır. Sorğunuzla bağlı zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.
Əsas: Vergi Məcəlləsinin 34.3-1-ci maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 20 avqust tarixli 1917050000012100 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması" Qaydası.
Bildiririk ki, Azərbaycan Respublikasının rezidenti olan və Transmilli şirkətlər qrupuna daxil olan Əsas müəssisə, Müvəkkil müəssisə və ya Qrupdaxili müəssisə Hesabat verilən ilin 30 iyun tarixinədək müvafiq bildirişi elektron ərizə vasitəsi ilə Azərbaycan Respublikasının vergi orqanlarına təqdim edir. Qeyd olunan hesabat, hasilatın pay bölgüsü haqqında sazişlər əsasında fəaliyyət göstərən müəssisələrə də aid edilir.
Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası ilə səhifəmizin "Beynəlxalq vergi münasibətləri" bölməsində tanış ola bilərsiniz.
Dövlət Vergi Xidməti tərəfindən elan olunan sorğularla bağlı təkliflərinizi office@taxes.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Bildiririk ki, pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalardan verilən yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi zamanı mənfəət (gəlir) vergisi hesablanarkən həmin binaların (mənzillərin və digər sahələrin) digər şəxslərə təqdim edilməsindən əldə edilən gəlir cəmiyyətin (fərdi sahibkarın) gəlirlərinə aid edilir, bu gəlirin əldə edilməsi ilə bağlı olan tikinti xərcləri, o cümlədən mənzilləri sökülmüş vətəndaşlara verilən mənzillərin tikintisinə çəkiliş xərclər də gəlirdən çıxılan xərclərə aid edilir. Vergi Məcəlləsinin 13.2.15-ci və 108-ci maddələrinə görə dövlətə ayrılan hissə vergitutulan gəlirlərə aid edilmədiyindən və həmin tikintilərlə bağlı çəkilən məsrəflər gəlirdən çıxılan xərclərə aid edildiyindən sökülən mənzillərlə bağlı sakinlərə verilən mənzillər (mülkiyyətçilərin sökülən sahələri həddində) gəlirlərə aid edilmir və tikinti ilə bağlı çəkilən xərclər olduğundan həmin xərclər təqdim edilən digər mənzillərin maya dəyərinə daxil edilir.
Bunlarla yanaşı, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən 164.1.47-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır.
Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci,108-ci və 164.1.47-ci maddələri.
Bildiririk ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi kimi ay ərzində muzdlu işlə əlaqədar alınan digər gəlirlərlə toplanmaqla işəgötürən tərəfindən gəlir vergisinə cəlb olunmalıdır.
“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır.
Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.
Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı ƏDV-dən azaddır. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. Göründüyü kimi lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı, habelə maliyyə lizinqi əməliyyatları ƏDV-dən azaddır.
Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən ƏDV-dən azad olunan əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.
Maliyyə lizinqi əməliyyatları Vergi Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir. Vergi Məcəlləsinin 140.1-ci maddəsinin müddəalarına əsasən maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.
Qeyd olunanlara əsasən cəmiyyət tərəfindən maliyyə lizinqinə verilən nəqliyyat vasitələrinin alışına görə ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən əvəzləşdirilmir.
Bunlarla yanaşı cəmiyyət maliyyə lizinqi əməliyyatları ilə yanaşı, ƏDV-yə cəlb olunan əməliyyatlar aparırsa ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq tənzimlənir.
Belə ki, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.
Əsas: Vergi Məcəlləsinin 140-cı, 164-cü, 175-ci maddələri.