Bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunmalıdır.
Sorğunuzda qeyd olunan birinci sual ilə əlaqədar olaraq bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda elektron qaimə-faktura və elektron vergi hesab-fakturası əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər.
Bunlarla yanaşı, sorğuda göstərilən əməliyyatlar üzrə müxabirləşmələrin aparılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 58.8.2-ci, 130.1-1-ci maddəsi.
Bildiririk ki, rezident müəssisə tərəfindən güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri rezidentdən alınmış mallara görə köçürülən məbləğdən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən ödəmə 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.
Bununla yanaşı, güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri rezident tərəfindən iş və xidmətlərin göstərilməsi ilə bağlı rezident müəssisənin ödəmələrindən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.
Bildiririk ki, eyni işəgötürən müəssisə ilə həm əsas əmək müqaviləsi, həm də əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq eyni iş yerində çalışan işçinin hər iki əmək müqaviləsindən əldə etdiyi muzdlu işlə əlaqədar aylıq gəlirləri cəmlənərək gəlir vergisi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.
Eyni zamanda Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.
Bildiririk ki, rezident müəssisənin xarici dövlətdə yerləşən əmlakına görə həmin ölkədə ödənilmiş əmlak vergisinin Azərbaycan Respublikasında əmlak vergisi ödənilərkən nəzərə alınması Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrinin müddəaları ilə tənzimlənir.
Eyni zamanda rezident müəssisənin balansında olan əmlaklara, o cümlədən xarici dövlətdə yerləşən əmlaklarına görə əmlak vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Hesablanmış əmlak vergisi vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.
Əsas: Vergi Məcəlləsinin 197-ci və 201-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 104.6-cı maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.
Qeyd olunanlara əsasən iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq təsisçi hüquqi şəxsin vergi tutulan gəlirlərinə aid edilməklə vergiyə cəlb olunur.
Bunlarla yanaşı, Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət vergisindən azaddır.
Əlavə olaraq bildiririk ki, mülki qanunvericiliyə uyğun olaraq ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.
Eyni zamanda iştirak payları təqdim edilərkən cəmiyyətin xalis aktivlərinin dəyərinin müəyyənləşdirilməsi alğı-satqı müqaviləsinin bağlandığı tarixə qiymətləndirilməklə həyata keçirilir.
İştirak payını əvəzsiz əldə edən fiziki şəxsin vergi öhdəlikləri ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinin müddəalarına əsasən təqvim ili ərzində alınan hədiyyə məbləği fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilərək həmin hədiyyənin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Dəyəri 1000 manatdan yuxarı hədiyyə əldə edən fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.
Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci, 102-ci, 104-cü, 106-cı və Mülki Məcəllənin 90-cı maddələri.
Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.
Həm ictimai iaşə, həm də mehmanxana fəaliyyəti ilə məşğul olan şəxslərin mehmanxana fəaliyyəti üzrə əldə etdiyi gəlirlərinə mənfəət vergisi, ictimai iaşə fəaliyyəti üzrə əldə olunan gəlirlərinə isə 8 faiz dərəcəsi ilə sadələşdirilmiş verginin tətbiqi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Buna əsasən vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan həmin şəxslər hər iki fəaliyyət üzrə mənfəət vergisinin və ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərməklə əldə olunan gəlirlərindən mənfəət vergisini və ƏDV-ni hesablayıb dövlət büdcəsinə ödəməlidirlər.
Cavab 2. bildiririk ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.
Buna əsasən sualda göstərilən halda səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinin idxal əməliyyatları barədə rəsmi məlumatlarına əsasən idxal edilmiş mallar faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə təqdim edilmiş kimi qiymətləndirilərək yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə ƏDV və sonuncu hesabat dövrü üzrə 2018-ci il üçün mənfəət vergisi hesablanmalıdır.
Əsas: Vergi Məcəlləsinin 67-ci, 104-cü, 159-cu və 221-ci maddələri.
Bildiririk ki, elektron vergi hesab-fakturasının dəqiqləşdirilməsi elektron vergi hesab-fakturası təqdim edildikdən sonra Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan qaydada vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə aparılır.
Vergi tutulan əməliyyatda dəqiqləşdirilmə aparılan hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməyibsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü (sizin halda – noyabr ayı) üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Bu zaman vergi tutulan əməliyyatın azalmasından və artırılmasından asılı olaraq 318-ci və ya 319-cu sətirlərdə düzəliş edilməlidir.
Əsas: Vergi Məcəlləsinin 176-cı və 175.5-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”.
Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.
Bildiririk ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Sorğunuzda qeyd etdiyiniz halda işçiyə verilən müavinət həmin ayın əmək haqqı ilə cəmlənməklə ümumi qaydada gəlir vergisinə cəlb edilir.
Əsas: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci maddələri.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Eyni zamanda bildiririk ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada ödənilməlidir.
Banklar tərəfindən kredit riskinin idarə olunması isə ölkədə qüvvədə olan müvafiq sahə qanunvericiliyi və bankın daxili nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, müraciətinizlə bağlı aidiyyəti üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya Mərkəzi Banka müraciət etməyiniz məqsədəuyğundur.
Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu, “Banklar haqqında” Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli 590-IIQ saylı Qanunu.
Bildiririk ki, rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş icarə haqlarından ödəmə mənbəyində vergi tutulmur.
Hüqüqi şəxslərin icarə haqqından gəlirləri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur və həmin gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunur.
Sorğunuzda qeyd olunan halda, icarə haqqının əvəzinə ödənilmiş təmir xərcləri icarə haqqından gəlir hesab olunur və ümumi qaydada mənfəət vergisinə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 104-cü, 105-ci və 124.3-cü maddələri.
ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.
Həmçinin təqdim etdiyiniz mala görə hesablanmış ƏDV idxalda ödədiyiniz və əvəzləşdirdiyiniz ƏDV-dən az olduqda fərq tərəfinizdən büdcəyə ödənilməlidir.
Eyni zamanda, mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsindən 30 faizdən aşağı olduqda ƏDV hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 159-cu, 163-cü maddələri.
Bildiririk ki, yaşayış sahəsinin kirayə verilməsi müqaviləsinin təsdiq edilməsi şəhər və rayon notariat ofisləri tərəfindən həyata keçirilir.
Bildiririk ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
Göründüyü kimi, maddədə hesabatın təqdim edilməsi müddətinin deyil, hesabat dövrünün qurtarmasından bəhs olunur. ƏDV üzrə hesabat dövrü ay olduğu üçün, sorğunuzda qeyd olunan halda, müddətin axımı 2017-ci ilin 1 fevral tarixindən etibarən başlayır.
Əsas:Vergi Məcəlləsinin 68-ci, 85.4-cü, 178-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.
“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Meyarların 2.2-ci bəndinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Meyarlar yalnız maliyyələşmə mənbəyinə münasibətdə deyil, həmçinin səhmlərin və ya payların sahiblərinə nisbətdə müəyyənləşdirilmişdir.
Qeyd edilənlərə əsasən, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirilmədiyi, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmadığı halda vergi ödəyicisi qeyri-dövlət sektoruna aid edilir və işləyən şəxslərin əmək haqlarından gəlir vergisi güzəştli dərəcələrlə, yəni Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə uyğun hesablanır.
Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı.
Bildiririk ki, elmi dərəcəyə görə ödənilən məbləğlər işçinin aylıq gəlirinə daxil edilməklə ümumi qaydada vergiyə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci 102-ci maddələri.
Bildiririk ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-in, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.
Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur.
Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.
Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “Bir Pəncərə” bölməsinin “Lazımi sənədlər” alt bölməsindən, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” alt bölməsindən əldə edə bilərsiniz.
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:
- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
- müharibə əlillərinin;
- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.
Qeyd olunan güzəşt Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda adı çəkilən sənədlərdən biri olduqda işçinin əmək kitabçasının olduğu əsas iş yerində tətbiq olunur.
Əsas: Vergi Məcəlləsinin 102.2-ci maddəsi və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.