Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən, ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün:

- verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;

- malın (işin xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;

- alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;

- vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron vergi hesab-fakturaları verilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 sentyabr 2015-ci il tarixli Qərarının 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikasında vergilər dövlət, muxtar respublika və yerli (bələdiyyə) vergilər olmaqla 3 qrupa bölünür.

Dövlət vergilərinə fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi və sadələşdirilmiş vergi aiddir.

Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan yuxarıda  sadalanan dövlət vergiləri aiddir.

Yerli vergilərə (bələdiyyə vergiləri) isə Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərin əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi aid edilir.

Əsas: Vergi Məcəlləsinin 4-cü, 6-cı, 7-ci, 8-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Cavab 1. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 sentyabr 2015-ci il tarixli Qərarının 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

Göründüyü kimi, vergi ödəyicisinin verilmiş elektron vergi hesab-fakturası üzrə ödənilmiş ƏDV məbləğini əvəzləşdirmək hüququ yalnız həmin fakturada göstərilmiş malların (işin, xidmətin) ƏDV-siz dəyərinin nağdsız qaydada təqdim edənə, ƏDV-nin məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi zamanı yaranır.

Cavab 2. Bildiririk ki, ƏDV tutulan əməliyyatın vaxtı sifarişçi müqavilə üzrə təqdim edilmiş malların, göstərilmiş xidmətlərin, görülmüş işlərin dəyərini 30 gün müddətində ödədikdə ödəmənin həyata keçirildiyi vaxt, 30 gündən gec ödədikdə isə malların, xidmətlərin, işlərin təhvil verilməsindən 5 gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturasının tarixi, elektron vergi hesab-fakturası 5 gündən gec verildiyi halda isə malların, xidmətlərin, işlərin təhvil verilməsi tarixi hesab olunur.

Ödəmə dedikdə verilmiş elektron vergi hesab-fakturası əsasında eyni vaxtda malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına, ƏDV məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi nəzərdə tutulur.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün isə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir.

Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir.

Əsas: Vergi Məcəlləsinin  16.3-cü, 34-cü, 149.2-ci, 149.3-cü maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114-cü maddəsinin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Eyni zamanda, əsas vəsaitlər  istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur.

Sorğunuzda qeyd olunan malların əsas vəsait kimi deyil, əmtəə-material ehtiyatları kimi uçota alınmalıdır və həmin mallara amortizasiya hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.17-ci, 114-cü və 139-cu maddələri.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, ƏDV məqsədləri üçün vergidən azad edilən idxal istisna edilməklə malların idxalı vergi tutulan idxal sayılır və Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.

Müraciətinizdə qeyd olunanlara əsasən, malı təqdim edən tərəf ƏDV ödəyicisi olmadıqda, həmin malların təqdim edilməsinə ƏDV tətbiq olunmur. Həmin müəssisənin seçdiyi vergitutma metodundan asılı olaraq gəlirlər sadələşdirilmiş və ya gəlir (hüquqi şəxs olduqda mənfəət) vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 154-cü, 159-cu maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, qeyd etdiyiniz Vergi Məcəlləsinin 169.2-ci maddəsində qeyri-rezidentə ödəniş edən ƏDV ödəyicisi olan rezident şəxs, 169.5-ci maddədə isə ƏDV ödəyicisi olmayan rezident vergi ödəyiciləri nəzərdə tutulur.

Həmin maddədə qeyd olunduğu kimi, yuxarıdakı iki halda ƏDV-nin ödənilməsi, əvəzləşdirilməsi və hesabatının təqdim olunması bir-birindən fərqlənir.

Общая цена: 0/50
Оцените:

Cavab 1. Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Buna əsasən, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Cavab 2. Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 000 manatdan və ya 15 000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Adıçəkilən Qanunun 3.4.6-cı maddəsinə əsasən, vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 110-cu və 123-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, rezident müəssisə tərəfindən ödənilən dividendlərdən ödəmə mənbəyində vergi tutulduğu üçün dividendi alan fiziki şəxsin vergi orqanında uçota alınması və hesabat təqdim etməsi tələb olunmur.

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər uçota durmaq üçün ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 33.4-cü və 122-ci maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, vergi ödəyicisi tərəfindən qeyd olunan fəaliyyət təsərrüfat subyekti (obyekti) vasitəsilə həyata keçirildiyi halda təsərrüfat subyekti (obyekti) vergi uçotuna qoyulmalı və nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir.

Malların alıcısına mal təqdim olunarkən NKA çeki təqdim olunmalı və həmin çekdə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş məlumatlar əks etdirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunmalıdır.

Sorğunuzda qeyd olunan birinci sual ilə əlaqədar olaraq bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda elektron qaimə-faktura və elektron vergi hesab-fakturası əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər.

Bunlarla yanaşı, sorğuda göstərilən əməliyyatlar üzrə müxabirləşmələrin aparılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 58.8.2-ci, 130.1-1-ci maddəsi.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, rezident müəssisə tərəfindən güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri rezidentdən alınmış mallara görə köçürülən məbləğdən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən ödəmə 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri rezident tərəfindən iş və xidmətlərin göstərilməsi ilə bağlı rezident müəssisənin ödəmələrindən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, eyni işəgötürən müəssisə ilə həm əsas əmək müqaviləsi, həm də əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq eyni iş yerində çalışan işçinin hər iki əmək müqaviləsindən əldə etdiyi muzdlu işlə əlaqədar aylıq gəlirləri cəmlənərək gəlir vergisi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

Eyni zamanda Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, rezident müəssisənin xarici dövlətdə yerləşən əmlakına görə həmin ölkədə ödənilmiş əmlak vergisinin Azərbaycan Respublikasında əmlak vergisi ödənilərkən nəzərə alınması Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrinin müddəaları ilə tənzimlənir.

Eyni zamanda rezident müəssisənin balansında olan əmlaklara, o cümlədən xarici dövlətdə yerləşən əmlaklarına görə əmlak vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Hesablanmış əmlak vergisi vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 201-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 104.6-cı maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Qeyd olunanlara əsasən iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq təsisçi hüquqi şəxsin vergi tutulan gəlirlərinə aid edilməklə vergiyə cəlb olunur.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət vergisindən azaddır.

Əlavə olaraq bildiririk ki, mülki qanunvericiliyə uyğun olaraq ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.

Eyni zamanda iştirak payları təqdim edilərkən cəmiyyətin xalis aktivlərinin dəyərinin müəyyənləşdirilməsi alğı-satqı müqaviləsinin bağlandığı tarixə qiymətləndirilməklə həyata keçirilir.

İştirak payını əvəzsiz əldə edən fiziki şəxsin vergi öhdəlikləri ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinin müddəalarına əsasən təqvim ili ərzində alınan hədiyyə məbləği fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilərək həmin hədiyyənin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Dəyəri 1000 manatdan yuxarı hədiyyə əldə edən fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci, 102-ci, 104-cü, 106-cı və Mülki Məcəllənin 90-cı maddələri.

Общая цена: 3/52
Оцените:

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.

Həm ictimai iaşə, həm də mehmanxana fəaliyyəti ilə məşğul olan şəxslərin mehmanxana fəaliyyəti üzrə əldə etdiyi gəlirlərinə mənfəət vergisi, ictimai iaşə fəaliyyəti üzrə əldə olunan gəlirlərinə isə 8 faiz dərəcəsi ilə sadələşdirilmiş verginin tətbiqi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Buna əsasən vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan həmin şəxslər hər iki fəaliyyət üzrə mənfəət vergisinin və ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərməklə əldə olunan gəlirlərindən mənfəət vergisini və ƏDV-ni hesablayıb dövlət büdcəsinə ödəməlidirlər.

Cavab 2. bildiririk ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.

Buna əsasən sualda göstərilən halda səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinin idxal əməliyyatları barədə rəsmi məlumatlarına əsasən idxal edilmiş mallar faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə təqdim edilmiş kimi qiymətləndirilərək yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə ƏDV və sonuncu hesabat dövrü üzrə 2018-ci il üçün mənfəət vergisi hesablanmalıdır.

 Əsas: Vergi Məcəlləsinin 67-ci, 104-cü, 159-cu və  221-ci maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, elektron vergi hesab-fakturasının dəqiqləşdirilməsi elektron vergi hesab-fakturası təqdim edildikdən sonra Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan qaydada vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə aparılır.

Vergi tutulan əməliyyatda dəqiqləşdirilmə aparılan hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməyibsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü (sizin halda – noyabr ayı) üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Bu zaman vergi tutulan əməliyyatın azalmasından və artırılmasından asılı olaraq 318-ci və ya 319-cu sətirlərdə düzəliş edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 176-cı və 175.5-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Sorğunuzda qeyd etdiyiniz halda işçiyə verilən müavinət həmin ayın əmək haqqı ilə cəmlənməklə ümumi qaydada gəlir vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Общая цена: 0/50
Оцените: