Kənd təsərrüfatı malları malların istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə, həmin şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur.
Vergi Məcəlləsinin 13.2.61-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışı zamanı, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir.
Müraciətinizdə qeyd olunan alça turşusu kənd təsərrüfatı məhsulu hesab olunmadığı və emal sənayesi məhsulu hesab olunduğu üçün ödəmə mənbəyində verginin tutulması tələb olunmur.
Həmçinin bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.
Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Əsas: Vergi Məcəlləsinin 13.2.61-ci, 71-2-ci, 101.6-cı və 150.1.14-cü maddələri.
Bildiririk ki, qeyri-maddi aktivin alğı-satqısı əməliyyatı üzrə ödənişlər royalti hesab olunmadığı üçün qeyri-rezidentdən alınmış qeyri-maddi aktivə görə ona edilən ödənişlər 18 faiz dərəcə ilə əlavə dəyər vergisinə cəlb edilməklə yanaşı, həmin ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.
Müraciətinizdə qeyd olunan halda, qeyri-rezidentə ödənilmiş məbləğdən 10 % dərəcə ilə ÖMV tutulmalı və 18% dərəcə ilə ƏDV hesablanaraq büdcəyə ödənilməlidir. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.
Eyni zamanda, bildiririk ki, qeyri-rezidentdən tutulmalı olan verginin gəliri ödəyən şəxs tərəfindən ödənilməsi həmin şəxsin gəlirdən çıxılan xərclərinə aid edilmir.
Əsas:Vergi Məcəlləsinin 125-ci və 169-cu maddələri.
Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.
Vergi ödəyicisi tərəfindən qeyd olunan fəaliyyət təsərrüfat subyekti (obyekti) vasitəsilə həyata keçirildiyi halda təsərrüfat subyekti (obyekti) vergi uçotuna qoyulmalı və nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, I və II qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Göründüyü kimi, azadolma yalnız I və II qrup əlillər üçün nəzərdə tutulmuşdur.
Eyni zamanda, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 102.1.6-cı və 102.3-cü maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat gəlir vergisindən azad edilmişdir.
Müraciətinizdə qeyd olunan halda işçinin muzdlu işdən gəliri 2500 manatdan çox olduğu üçün qeyd olunan azadolma tətbiq edilmir və 2000 manatdan 14 % dərəcə ilə gəlir vergisi hesablanmalıdır.
Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 102.1.6-cı və 102.1.8-ci maddələri.
Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.
Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.
Bildiririk ki, “Büdcə gəlirlərinin Təsnifatı"nda, Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmalar 121300 altbölməsində fəaliyyət sahələri üzrə aşağıdakı qaydada təsnifləşdirilmişdir.
121310 Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üzrə ödənilən sosial ayırmalar
121320 Xüsusi notariuslar üzrə ödənilən sosial ayırmalar
121330 Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121340 Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121350 Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121360 Ailə kəndli təsərrüfatları üzrə ödənilən sosial ayırmalar
121370 Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121380 Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
Əsas: Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı.
Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.
Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır.
Bu halda Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünün kodu kimi 97002 (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.
Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101.2-ci, 127-ci, 130-cu, 149.1.4-cü, 149.2-ci, 152.1-ci maddələri.
Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən xidmətlərə görə ona ödənilən məbləğdən 10 faiz dərəcə ilə vergi tutulmalı, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə vergi tutulan rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilməli və həmin müddətdə dövlət büdcəsinə köçürülməlidir.
Eyni zamanda, sorğuda qeyd etdiyiniz halda xüsusi elektron şəbəkəsi vasitəsilə göstərilən xidmətin alıcısının Azərbaycan Respublikasında yerləşməsinə əsasən ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.
Qeyd edilənlərə əsasən, qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.
Sadələşdirilmiş vergi ödəyicisi hesablanan vergini qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğdən tutulmuş əlavə dəyər vergisinin bəyannaməsi”ni verməyə borcludur. Bu zaman ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.
Əsas: Vergi Məcəlləsinin 125-ci, 159-cu, 150-ci və 169-cu maddələri.
Azərbaycan Respublikasında vergi növlərindən biri olan, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və proseduralarına əsasən ƏDV konkret müəssisəsinin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir.
ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.
Müraciətinizdə qeyd olunan tibb müəssisəsi ƏDV qeydiyyatında olduğu üçün göstərilən xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanır.
Əsas: Vergi Məcəlləsinin 153-cü, 161-ci və 173-cü maddələri.
Bildiririk ki, "Malların emala göndərilməsi qaiməsi” məlumat xarakterlidir. Bu qaiməni malları emala göndərən tərəf hazırlayır. Emal məqsədləri üçün alınmış mallar emal edildikdən sonra təhvil verilməsi zamanı “Emal prosesi keçmiş malların qaytarılması” elektron qaimə-fakturası tərtib edilir. Bu zaman tərtib edilən elektron qaimə-fakturada emal edilmiş malların dəyəri istisna olmaqla, məhsula dair bütün rekvizitlər, habelə göstərilmiş emal xidmətinin dəyəri əks etdirilir.
Yuxarıda qeyd olunanlar istehsal sahəsində istehsal ehtiyatlarının mədaxilinin sənədləşdirilməsinə aid edilmir. Belə ki, istehsal üçün nəzərdə tutulan xammalın alınması və hazır məhsulun satılması zamanı hər iki tərəf "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə" elektron qaimə-fakturası tərtib edərək qarşı tərəfə təqdim etməlidir.
Əsas: Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1-ci maddələri.
Bildiririk ki, dövlət vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.
Qeyd olunanlara əsasən, müraciətinizin nəticəsi barədə məlumat qanunvericilikdə nəzərdə tutulmuş qaydada veriləcəkdir.
Əsas: Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsi.
Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir və sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Əlavə olaraq bildiririk ki, təqsirkar şəxsin işdən azad edilməsi həmin şəxsin qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətdən azad etmir.
Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq vergi ödəməkdən azad edilən əməliyyatlar aparıldıqda, aparılmış əməliyyatın növündən asılı olaraq, ƏDV bəyannaməsinin 5 saylı Əlavəsinin müvafiq kodlarının xanalarına Təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə ƏDV-dən azad olan əməliyyatların məbləği yazılır.
Təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə ƏDV-dən azad olan əməliyyatların məbləğinin cəmi 303-cü sətrinin xanalarında göstərilir. İdxalda ƏDV-nin ödənilməsindən azad olunan əməliyyatlar haqda məlumatın ƏDV bəyannaməsinin 5 saylı Əlavəsində qeyd olunması tələb olunmur.
Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt-bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, ƏDV-yə cəlb edilən əməliyyatlar aparan şəxslər tərəfindən əvəzləşdirilməsinə yol verilməyən ƏDV-nin məbləği həmin malların (işlərin, xidmətlərin) dəyərinə aid edilməklə gəlirdən çıxılır. Qeyd olunan xərclər mənfəət vergisi bəyannaməsinin "Malın dəyəri” sətrinin xanalarında əks olunur.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərinin (arvadının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
2-ci qrup əlillərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Yuxarıda qeyd olunan iki güzəştin ən yüksək olanı tətbiq olunur.
Eyni zamanda, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Qeyd olunanlara əsasən, siz azadolmanı təsdiq edən sənədləri təqdim etməklə 600 manat güzəştdən faydalana bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır. Buna əsasən, 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir. 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.
Əsas: Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələri.
Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 4-cü abzasına əsasən, müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən müraciətinizdə qeyd olunan işçiyə ödənilən birdəfəlik məbləğlərə sosial sığorta haqqı hesablanmır.
Müraciətinizlə bağlı mühasibat uçotunun təşkili və aparılması sahələrində tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.