Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə maliyyə sanksiyası tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, topdansatış ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən həyata keçirilir.

Həmin Qaydaya əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası",  Vergi Məcəlləsinin 58-ci və 71-1-ci maddələri.

Общая цена: 3/52
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Sorğunuzda qeyd olunan əlavə və mükafatlar əməkhaqqı ilə cəmlənməklə ümumi qaydada gəlir vergisinə cəlb olunur. 

Siz əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əməkhaqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə, sual yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikasında yeni yaradılacaq kommersiya hüquqi şəxsinin təsisçi tərəfindən ona verilməli adın unikallığının yoxlanılması üçün "Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması" elektron xidmətinən istifadə edə bilərsiniz (xidmətin linki: https://www.taxes.gov.az/az/page/kommersiya-huquqi-sexsin-adinin-unikalliginin-yoxlanilmasi).

Общая цена: 0/50
Оцените:

Vergi orqanlarında uçota alındıqdan sonra vergi ödəyicisi tərəfindən seçilmiş vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq əldə olunan gəlirlərdən vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Qeyd olunan fəaliyyəti gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanlarına təqdim etməlidirlər.

Bu fəaliyyət üzrə sadələşdirilmiş vergitutma metodu seçildiyi halda həmin fəaliyyət üzrə əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanmalı və hər rübdən sonrakı ayın 20-dək vergi orqanına sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləğləri dövlət büdcəsinə ödənilməlidir.

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 96-cı, 102-ci, 108-ci, 219-cu və 220-ci maddələri.

Общая цена: 1/51
Оцените:

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Bunula yanaşı nəzəriniz çatdırırıq ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən səyyar (mövsümi) ticarət yerlərinin müəyyən edilməsinə görə icazə tələb olunur.

Səyyar ticarətinin həyata keçirilməsinin reallaşdırılması barədə əlavə məlumatı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə (economy.gov.az, 195-1 Çağrı Mərkəzi ) müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 33.2-ci, 33.4-cü, 34.1-ci, 34.2-ci və 34.3-cü maddələri, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 20-ci maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda bu Məcəllənin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır.

Artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması üçün vergi ödəyiciləri uçotda olduqları vergi orqanına müəyyən olunmuş ərizə forması ilə müraciət etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"

 

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Qeyd olunan güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Общая цена: 0/50
Оцените:

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bank əməliyyatları aparan şəxslərə) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-35-ci maddələri.

Общая цена: 1/51
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.

Bu maddədə “digər analoji xidmətlərin göstərilməsi” dedikdə bu maddədə sadalanan xidmətlərə oxşarlıq (uyğunluq) təşkil edən xidmətlər nəzərdə tutulur.

Əlavə olaraq bildiririk ki, konkret halla bağlı əməliyyatın xarakteri tam açıqlanmaqla qeydiyyatda olduğunuz vergi orqanına müraciət edildiyi halda əməliyyata münasibət bildiriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 168-ci maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində təsbit edilmişdir ki, beynəlxalq yük daşınması ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilir.

Buna əsasən, qeyd olunan xidmətlərin dəyəri elektron qaimə-fakturanın “o cümlədən, ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda göstərilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 165.1.4-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası”.

Общая цена: 4/55
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Buna əsasən işçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır. 

Eyni zamanda, sığortaedənin vəsaiti hesabına ödənilən sosial sığorta haqlarından sığortaedən tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən həmin məbləğlər işçinin gəlirlərinə və həmin ödənişlər işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, "vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışı" vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək əldə edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

 

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Sorğunuzda qeyd olunan, işçilərin işəgötürən tərəfindən ödənilmiş sosial xarakterli xərcləri işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

Общая цена: 3/57
Оцените:

Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyiciləri Vergi Məcəlləsinin 218-ci maddəsi ilə müəyyən olunur.

Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. 

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan ƏDV ödəyicisin digər təsərrüfat subyektində sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilən şəxslər sadələşdirilmiş vergini tətbiq edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Sorğunuzda qeyd oluann 350 manat, 2500 manatın 14 faizinə bərabərdir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Общая цена: 5/51
Оцените:

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Xidmət mərkəzində şəhadətnamənin yeni nüsxəsi ilə bağlı müraciətlər emal olunduqda, yeni nüsxə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. 

Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin itirilməsinə görə hər hansı cərimə və ya ödəniş nəzərdə tutulmamışdır. 

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, vergi ödəyiciləri elektron qaimə-faktura göndərmək üçün gücləndirilmiş elektron imza vasitələrindən birini - “Asan İmza” və ya “SİMA Token” əldə etməlidir.

Vergi ödəyiciləri “Asan İmza” Sertifikatlarını əldə etmək üçün mobil şəbəkə operatorlarından aldıqları biznes tipli “Asan İmza” mobil SİM kartı və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə, KOB evlərinə və ya ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. Sertifikat emal müddəti nəzərə alınmaqla müraciət zamanı verilir.

“SİMA Token” imza sertifikatını isə onlayn müraciət etməklə, yaxud Bakı şəhərində “Şəbəkə” xidmət mərkəzi, digər bölgələrdə isə “Azərpoçt” MMC-nin poçt filiallarından əldə etmək mümkündür. “SİMA Token” imza sertifikatı müraciət etdikdən sonra 3 iş günü ərzində hazır olur.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, öhdəliyin icra edilməməsinə görə və ya dəymiş zərərə görə hüquqi şəxsə ödənilən vəsait satışdankənar gəlirlər kimi vəsaiti alan şəxsin mükəlləfiyyətindən asılı olaraq mənfəət (gəlir) vergisinə və ya sadələşdirilmiş vergiyə cəlb olunmalıdır.

Həmçinin vergi ödəyicisi vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur.

Qeyd olunan ödənişlərə görə elektron qaimə-fakturanın təqdim olunması üçün qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci, 71.1-ci və 71-1-ci maddələri.

Общая цена: 3/52
Оцените: