Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz.
Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Həmçinin bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. Təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə və ya gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaqdır.
Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.
Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.
Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət ilə məşğul olmaq üçün ilk növbədə vergi orqaninda uçota durmaqla VÖEN əldə etməli, daha sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna aınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə”ni obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına təqdim etməlisiniz.
Fiziki şəxs vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığda müəyyən özəllikləri və xüsusiyyətləri vardır.
Vergi orqanlarında uçot prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı rəsmi internet səhifəmizin “Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri”, “Vergi bələdçisi” bölmələrindən və ya Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət etməklə əldə edə bilərsiniz.
Salam bildiririk ki, İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı üçün tələb olunan sənədlər.
Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə*
- təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin) surəti (PDF formatında)
Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dən məhdudlaşdırılıb. Həmin tarixdən etibarən elektron kabinetdən yalnız elektron imzadan istifadə etməklə istifadə etmək mümkündür.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 124-cü maddələri.
Bildiririk ki, Vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər 5 gün ərzində ödənilmədikdə, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə, məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq və ya vergi ödəyicisinin yazılı razılığı olduqda Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
Vergi Məcəlləsinin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödə
yicisinin ödəmə tapşırıqları icra edilir.Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi
Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Sorğunuza əsasən, gəlirlərinizin yalnız hüquqi şəxslərdən formalaşdığını nəzərə alsaq, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.
Vergi məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyil.
Əlavə olaraq nəzərinizə catdırırıq ki, vergi məcəlləsinin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquna malikdir.
Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.
Həmçinin vergi məcəlləsinin 152.3 maddəsinə əsasən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.
Bildiririk ki, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur. Həmin maddənin 2024-cü ilin yanvarın 1-dək qüvvədə olmuş müddəalarında dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulması nəzərdə tutulmuşdur.
Buna əsasən sorğuda göstərilən halda, 2022-2023-cü ilin yekunları üzrə bölüşdürülməmiş mənfəətin hesabına dividendin 2024-cü ilin yanvarın 1-dən sonra elan edilərək ödənilməsi zamanı ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur.
Əsas: Vergi Məcəlləsinin 122-ci maddəsi.
Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.
Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.
Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.
Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.
Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, 1 yanvar 2024-cü il tarixindən etibarən vergi ödəyicilərinin e-taxes.gov.az portalındakı şəxsi elektron kabinetlərindən istifadəsi yalnız gücləndirilmiş elektron imza ilə mümkündür. Vergi ödəyiciləri əməliyyatlar üçün gücləndirilmiş elektron imza əldə etməlidir.
“ASAN imza” sertifikatı almaq üçün vergi ödəyiciləri istənilən mobil şəbəkə operatorundan aldığı biznes tipli “ASAN İmza” mobil SİM kartı və şəxsiyyəti təsdiq edən sənədlə birgə KOB evlərinə də müraciət edə bilərsiniz.
"ASAN İmza” mobil SİM kartını KOB evlərində xidmət göstərən mobil operatorlara müraciət etməklə də əldə etmək olar.
Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlakvergisinin vergitutma obyektini təşkil edir.
Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.
Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.
Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2017-ci il tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsinin 4.4-cü bəndinə əsasən Agentlik açıq məkanda reklam yerləşdirməyə icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu, Nizamnamənin 4.4-1-ci bəndinə əsasən açıq məkanda reklam yayımına görə müvafiq məbləğdə haqq tutur.
Vergi Məcəlləsinin 164.1.6-cı maddəsinə əsasən tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə) və onların tutulması müqabilində göstərdiyi xidmətlər ƏDV-dən azaddır.
Göründüyü kimi, reklam yayımına görə reklam yayıcılarından tutulan haqlar ƏDV-dən azad deyildir.
Qeyd olunanlara əsasən Agentliyin tutduğu dövlət rüsumu istisna olmaqla, Agentliyin açıq məkandan reklam yayımına görə reklam yayıcılarından tutduğu haqlar ümumi qaydada ƏDV-yə cəlb edilir və Agentlik tərəfindən həmin haqq məbləğində reklam yayıcısına elektron qaimə-faktura təqdim olunur.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 164-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul 1566 nömrəli Fərmanı.
Bildiririk ki, malların əvəzsiz olaraq digər şəxsə hədiyyə verilməsi Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi hesab edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 142.1-ci maddəsinin müddəalarına əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.
Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir.
Qeyd olunanlara əsasən Cəmiyyət tərəfindən hədiyyə olaraq əvəzsiz qaydada təqdim edilən mallar bazar qiyməti əsas götürülməklə Cəmiyyətin vergitutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 159.4-cü maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi ƏDV tutulan əməliyyat sayılır.
Sorğuda göstərilən halda, malları əvəzsiz qaydada əldə edən ƏDV qeydiyyatında olan vergi ödəyicisi həmin malların elektron qaimə-faktura əsasında əvəzsiz olaraq aldığı bazar dəyəri ilə (ƏDV daxil) vergi uçotunda əks etdirməklə mənfəət vergisinə cəlb edir və əvəzsiz qaydada əldə olunan həmin malların dəyəri sonradan təqdim edildiyi halda Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılır.
Belə ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər satışdankənar gəlirlərə aid edilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci, 142-ci və 159-cu maddələri.
Bildiririk ki, elektron qaimə-fakturanın tərtibi və tətbiqi ilə bağlı qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə tənzimlənir.
Həmin Qaydaların 2.3-cü bəndində elektron qaimə-fakturada əks etdirilməli məlumatlar öz əksini tapmışdır və malın (işin, xidmətin) vahidinin satış qiyməti və cəmi dəyəri (manatla, ƏDV və yol vergisi istisna olmaqla) elektron qaimə-fakturada əks etdirilir.
Buna əsasən alınmış avans ödənişlər üzrə mallar, işlər və xidmətlər təqdim edildikdə tərtib olunan “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturada malların, işlərin və xidmətlərin tam dəyəri əks etdirilir.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”.
Bildiririk ki, bazar qiymətinin tətbiq olunduğu hallar Vergi Məcəlləsinin 14.3-cü maddəsində qeyd olunmuşdur. Həmin hallardan biri təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi haldır. Vergitutma məqsədləri üçün, qarşılıqlı surətdə asılı olan şəxslər Vergi Məcəlləsinin 18.2-ci maddəsində qeyd olunmuşdur. Şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olduqları halda, həmin şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur.
Eyni zamanda qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Bununla yanaşı, bağışlanmış borcun məbləği vergi ödəyicisinin qeyri-sahibkarlıqdan əldə etdiyi gəlir hesab olunur və vergiyə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 99.3.5-ci və 123.1-ci maddələri.
Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.
Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub.
Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.
Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.
Məlumat üçün bildiririk ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.
Bildiririk ki, vergi ödəyicisinin fəaliyyyət növü haqda məlumat vergi sirri hesab edilir və “Sual-cavab” bölməsində kommersiya (vergi) sirri təşkil edən məlumatlar verilmir.
Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin vergi uçotundan çıxarılıb-çıxarılmaması, vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan haqqında məlumat səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına) verilə bilər.
Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə) haqqında məlumat hesabların açılması məqsədilə bank əməliyyatı aparan şəxslərə verilə bilər.
Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) olduğu təqdirdə, həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Belə ki, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunan təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınması qanunvericiliyin tələbidir.
Vergi ödəyicisi tərəfindən təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınmamasının vergi ödəyicisinin gəlir vergisindən azadolma hüququnu məhdudlaşdırması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.
Bununla belə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə Vergi Məcəlləsində nəzərdə tutulmuş müvafiq azadolmalardan yararlanmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədləri), habelə kənd təsərrüfatı məhsullarının ailə kəndli təsərrüfatından istehsal edildiyi halda bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti və digər zəruri sənədlər mövcud olmalıdır.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü və 58-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.
Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.
Qeyd olunanlara əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə olunmaqla müddət məhdudiyyəti qoyulmadan gəlirdən çıxılan xərclərə aid edilir.
Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.
Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.
Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan proseduralarla bağlı ətraflı məlumat əldə etmək üçün qeyd olunan linkə daxil ola bilərsiniz https://www.youtube.com/watch?v=HCXDfORFvnk
Müraciətiniz barədə ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.