Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Orxan Hacızadə Talıb ha***@gmail.com ID: 4963
Salam hörmətli vergi əməkdaşları! Hüquqi şəxs olaraq, ƏDV vergi ödəyicisi kimi vasitəçilik xidməti göstərmək istərdim. Onlayn elektron tədris platforması üzərindən tələbə və müəllimlərin arasında elektron vasitəçilik (hər hansı bir tələbədən sifarişi götürüb onu təşkil etmək və bunun müqabilində ödəniləcək məbləğin 20 %-nin (komissiya) əldə edilməsini nəzərdə tuturam). Vasitəçilik xidməti ilə bağlı bütün pul daxil olmaları və ödənişləri (tələbələrin ödədikləri tədris haqqları və müəllimlərə ödənilən haqqlar) vasitəçilik xidməti göstərən hüquqi şəxsin adına bankda açılacaq bank hesabı ilə həyata keçiriləcəkdir. Tədrisi aparan müəllimlər vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslər (nəzərə alaq ki, müəllimlər kimi xaricdən elektron qaydada tədrisi aparan xarici müəllimlər də ola bilərlər) olacaqdır. Suallar: 1) Tələbələr və müəllimlər ilə ayrı-ayrılıqda komisyon vasitəçilik xidmət müqavilələri bağlanılmalıdırmı? 2) Müəllimlər ilə ayrı-ayrılıqda mülki hüquqi müqavilə kimi komisyon vasitəçilik xidmət müqavilələri bağlanılmalıdırmı? 3) Müəllimlərə aparılan ödənişlər üzrə hüquqi şəxsin vergi öhdəlikləri hansılardır? 4) Hüquqi şəxsin vergitutma obyekti yalnız əldə olunan komissiya haqqı məbləği təşkil edəcəkdirmi? 5) İlkin olaraq hüquqi şəxs bir nəfər (yalnız özüm rəhbər kimi) olmaqla fəaliyyət göstərəcəyəm. Buna görə özüm olan həmin bir nəfər üçün hər hansı bir vergi öhdəlikləri nəzərdə tutulurmu?
27/07/2021 Read: 174 Average count: 2

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200.000 manatdan artıq olduğu halda vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Eyni zamanda, vergi ödəyicisi kimi uçotda olmayan rezident və qeyri-rezident şəxslərə aparılan ödəmələrdən ödəmə mənbəyində vergi tutularaq, vergi orqanına bəyan edilməlidir.

Hüquqi şəxsin rəhbəri olaraq əldə etdiyiniz muzdlu işlə bağlı gəlirlərdən vergi və digər icbari ödəmələr tutularaq ödənilməli və vergi orqanına "Vahid bəyannamə" təqdim edilməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci,104-cü, 108-ci, 150-ci, 159-cu və 172-ci maddələri.

2/5 (3 Average count)
Qiymət ver:
Mikayıl mi***@mail.ru ID: 4962
Salam! Xahiş olunur aşağıda qeyd olunan sualı cavablandırın. ƏDV qeydiyyatında olan müəssisə 2020-ci təsərrüfat ilində fəaliyyət göstərib. Həmin il üçün yerinə yetirilmiş iş və xidmət üçün hesabatları (bəyannamələri) təqdim edib. Lakin, yerinə yerilmiş iş və xidmətin dəyəri sifarişçi təşkilat tərəfindən verilmədiyindən müəssisənin 1900,0 min manat debitor borcu yaranmışdır. Həmin borc ödənilmədiyindən müəssisənin maliyyə çatışmazlığı yaranmışdır. Maliyyə çatışmazlığı olduğuna görə fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Gələcəkdə debitor borcu daxil olan kimi yenidən fəaliyyətə başlayacaqdır. Bununla bağlı vergi orqanına məlumat veriləcəkdir. Sual: Müəssisənin fəaliyyətinin dayandırılması müddəti nə vaxtadək davam edə bilər? Dayandırılması müddətində müəssisənin torpaq və əmlak vergisindən başqa hansı öhdəlikləri yarana bilər? Əvvəlcədən minnətdarlığımızı bildiririk.
27/07/2021 Read: 104 Average count: 0

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir. Vergi qanunvericiliyində vergi ödəyicisinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı müddət məhdudiyyəti nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsinin 16.4-cü maddəsinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

0/5 (0 Average count)
Qiymət ver:
Mikayıl mi***@mail.ru ID: 4961
Hörmətli Vergi əməkdaşları salam! Sizdən aşağıdakı suallara aydınlıq gətirməyinizi xahiş edirəm. Əvvəlcə fəaliyyət göstərəcəyim işin xüsusiyyəti ilə Sizi tanış edim. Mən qərara almışam ki, hüquqi və ya fiziki şəxs qismində vergi ödəyicisi kimi sayt açmaqla həmin saytda müəllimlərin onlayn qaydada tədris edə biləcəyi kursları istifadəçilərə təqdim etməklə xidmət göstərim. Belə ki, açıdığım saytda müəllimlər qeydiyyatdan keçərək müxtəlif mövzularda ödənişli kurs (və ya mühazirə və ya dərs) yaradır. Daha sonra, istifadəçilər sayt vasitəsi ilə ehtiyacları olan müəllimin dərsini alır. Sayt içində yerləşən ismarıc sistemi ilə istifadəçi və müəllim onlayn keçiriləcək dərsin vaxtını təyin edir və təyin edilmiş tarixdə onlayn dərs keçirilir. Sayt vasitəsi ilə kursu (və ya mühazirəsi və ya dərsi) satılan elmi əməkdaşa vəsait veriləcəkdir. Qeyd etmək lazımdır ki, saytda elmi əməkdaş tərəfindən yaradılan dərslər (kurslar) istifadəçi tələbi olduğu zaman satılır və mümkündür ki, yaradılan dərslər (kurslar) heç bir zaman istifadəçilər tərəfindən satın alınmasın. Bir sözlə elmi əməkdaşların tədris etdiyi dərslər Mənim yaratdığım sayt vasitəsi ilə istifadəçilərə təqdim olunacaqdır. Dərsin alınması ilə bağlı istifadəçilər tərəfindən ödənilən vəsaitin müəyyən bir hissəsi dərsi keçən elmi əməkdaşa ödəniləcək, qalan hissəsi isə mənim gəlirimi təşkil edəcəkdir. Suallar: Mənim qeyd etdiyim bu xidmət, digər saitlərdə (Turbo.az, Tap.az və digər buna oxşar saitlər) olduğu kimi fəaliyyət göstərə bilərmi? Belə olan halda Mənim vergi öhdəliklərim necə formalaşacaq? Əgər yuxarıda qeyd etdiyim saitlərdən fərqli bir vergi münasibəti nəzərdə tutulduğu halda mənim vergi öhdəliklərim necə olacaq? Həmin gəlirlərdən mən hansı qayda ilə vergi ödəməliyəm? Hansı vergi ödəyicisi hesab ediləcəyəm? Elm adamlarının materiallarının istifadəsi ilə bağlı mənim onlara ödəyəcəyim vəsait necə rəsmiləşdirilməlidir? Həmin əməkdaşlar da vergi ödəyicisi kimi qeydiyyata durmalıdırmı? Xahiş edirəm, qeyd olunan suallara sadə formada imkan varsa misallarla izah etməklə cavalandırasınız. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
27/07/2021 Read: 159 Average count: 0

Bildiririk ki, veb sayt vasitəsilə tədris materiallarının istifadəçilərə təqdim olunması fəaliyyət ilə məşğul olan şəxs öz seçiminə uyğun olaraq Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlir və ya sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə bilər.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. Eyni zamanda mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.

Əlavə olaraq bildiririk ki, fəaliyyətiniz üzrə əldə etdiyiniz gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olduğu halda tərəfinizdən ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata dair ərizə verməli və əldə etdiyiniz gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV ödəməlisiniz. 

Bununla yanaşı, vergi ödəyicisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa borcludur. Buna əsasən müəllimlərə ödənilən vəsaitlər tərəfinizdən müvafiq müqavilə və digər ilkin uçot sənədləri ilə rəsmiləşdirilməlidir.

Saytdan gəlir əldə edən müəllimlər də öz növbəsində, vergi ödəycisi kimi uçota alınmalı, təqdim etdikləri xidmətlərə görə elektron qaimə-faktura təqdim etməlidirlər. 

Ətraflı məlumat üçün, əməliyyatların xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 71-ci, 96-cı, 157-ci, 159-cu və 218-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Firuzə Həsənova Şamil hs***@gmail.com ID: 5068
Salam. Gozləmədə olan ƏDV-lərim elə böyük məbləğ deyil. Heç olmasa, bəzi xərcləri az da olsa ödəyərik. Xahiş edirəm, ƏDV qaytarılmasında mənə kömək edin. Qabaqcadan təşəkkür edirəm.
26/07/2021 Read: 60 Average count: 0

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün müddətində ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

0/5 (0 Average count)
Qiymət ver:
Elvin Xəlilov el***@gmail.com ID: 4958
Salam. Mən bir sıra suallar vermək istəyirəm. Onlayn hər hansısa bir mal sifariş verəndə nə qədər gömrük vergisi ödəmək lazımdır? Bu vergi hansı parametrlərə görə dəyişir və dəyəri neçə manatdan yüksək mallara gömrük vergisi qoyulur? Bu vergi neçə faizdir? Online sifariş yerinə özüm Türkiyəyə gedəndə alıb gəlsəm yenə eyni miqdarda vergi ödəməliyəm? Gömrük vergisinin faizlə miqdarı malın alındığı ölkəyə görə və mala görə dəyişir? Yoxsa sabit faiz var hər bir mal üçün? Qısaca, bir mal alanda nə qədər gömrük vergisi ödəyəcəyimi, malı sifariş verməzdən əvvəl öyrənmək istəyirəm. İnternetdən, əsasən Türkiyədən online komputer, komputer hisseleri (ram ssd və s.) printer, telefon və s. kimi texnoloji elektronik cihazlar almaq istəyirəm özüm üçün. Satmaq məqsədilə yox. Qulaqdan dolma fərqli, yetərsiz və qıt bilgilərə güvənmədiyim üçün sizə müraciət edirəm. Sağolun.
26/07/2021 Read: 120 Average count: 3

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

3/5 (2 Average count)
Qiymət ver:
Həkimov İlkin Pərviz oğlu il***@bk.ru ID: 4957
Salam. Misal: İşçi 15.04.2021 tarixdə işdən çıxır. İşçiyə istifadə olunmamış məzuniyyət görə 01.04.2019-15.04.2021 dövrü üçün 1150 AZN (01.04.2019-31.12.2019 üçün -400 AZN, 01.01.2020-31.12.2020 üçün - 600 AZN, 01.01.2021-15.04.2021 dövrü üçün 150 AZN) konpensasiya hesablanmışdır. İşçinin 01.04.2021-15.04.2021 dövrü üçün hesablanmış əmək haqqı 300 AZN olmuşdur (Cəmi: 300 AZN (əmək haqqı) + 1150 AZN (istifadə olunmamış məzuniyyyətin konpensasiyası) = 1450 AZN (aprel 2021 üzrə cəmi hesablanıb). Yuxarıda qeyd olunan misala görə neft sektoru və qeyri neft sektoru üzrə ayrı ayrılıqda 2021 ci ilin aprel ayı üzrə işçinin əmək haqqından tutulmalı vergi məbləğləri barədə (Gəlir vergisi, pensiya fondu, İşsizlikdən sığorta haqqı, İcbari tibbi sığorta haqqı) tutulacaq məbləğlər qeyd olunmaqla məlumat verməyinizi Sizdən xahiş edirəm.
26/07/2021 Read: 147 Average count: 5

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Sorğunuzda qeyd olunan kompensasiya məbləğləri (400, 600, 150) ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. 

Eyni zamanda əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə ödənilən kompensasiya məbləğləri əmək haqqına əlavə edilmədən ayrılıqda işsizlikdən sığorta və tibbi sığorta haqlarına cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci,102-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
Ceyhun Süleymanov Nizami ce***@mail.ru ID: 4956
Salam. Sualım odur ki, bir çox ölkələrdə dövlət işində çalışan əməkdaşlar əgər kreditlə ev alarsa, ipoteka ilə alırsa dövlətə ödədiyi gəlir vergisi geri ödənir. Yəni ev almaq üçün çəkdiyi bir çox xərclər. Bizdə də bele bir qanun varmı?
26/07/2021 Read: 73 Average count: 5

Bildiririk ki, gəlir vergisindən azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunmuşdur.

Sorğunuzda qeyd olunan, ipoteka krediti ilə ev alan şəxslərə, gəlir vergisi ilə bağlı hər hansı azadolma vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

5/5 (1 Average count)
Qiymət ver:
Qardaşxanlı Qardaşxan Süleyman qa***@gmail.com ID: 4952
Vergiyə qəbul imtahanları 2021 ci ilin sonunadək olacaq?
25/07/2021 Read: 76 Average count: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqə ilə bağlı yeni məlumat olmadığından, hər hansı məlumatın verilməsi imkan xaricindədir.  

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Cabir Sultanov Mircabar oğlu ca***@gmail.com ID: 4950
“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən müəyyən mallar nağd qaydada satın alına bilər. Hüquqi şəxs tərəfindən vergi ödəyicisi olmayan kənd təsərrüfatı mallarını nağd qaydada satan fiziki şəxsdən məhsul satın alınanda, qeyd olunan Qanunun 3.3.-cü maddəsində nəzərdə tutulan limitlər (ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir) tətbiq edilir, ya vergi ödəyicisi olmayan kənd təsərrüfatı mallarını nağd qaydada satan fiziki şəxsdən məhsul satın alınanda nağd qaydada hesablaşma məbləğinə heç bir limit tətbiq edilmir. Xahiş edirəm, bu sualıma aydınlıq gətirəsiniz.
24/07/2021 Read: 124 Average count: 5

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

5/5 (3 Average count)
Qiymət ver:
Elməddin Sadıqov Elşad el***@gmail.com ID: 4948
Mən Dövlət Vergi Xidmətinə imtahanla qəbul olmaq istəyirəm. Azərbaycan Turizm ve Menecment Universitetinin "Turizm ve otelçilik" ixtisası üzrə təhsil almışam. İmtahanla qəbul ola bilərəm?
24/07/2021 Read: 75 Average count: 4

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

4/5 (3 Average count)
Qiymət ver:
Dilarə Məmmədova vi***@mail.ru ID: 4944
Cari il üçün torpaq vergisi bəyannaməsinin doldurulması haqda məlumat gəlib. 15 iyul 2021-ci ildə və mən bu bəyannaməni doldurub paketləyib göndərdikdən sonra 1313 saylı xəta baş verdi. infoe-taxes.gov.az ünvanına məlumat göndərilməsi bildirildi. Lakin, onu necə göndərim açılmır. Həmin ünvan bu haqda və nə edəcəyimi bilmirəm.
23/07/2021 Read: 109 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.

Vergi Məcəlləsinin 208.3-cü maddəsinə əsasən müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Fiziki şəxslər tərəfindən torpaq vergisi bəyannaməsi təqdim edilmir.

Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Eyni zamanda, bəyannamələrin (hesabatların) təqdim olunması zamanı, yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 208-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad Asnayi Mikayıl ra***@gmail.com ID: 4940
Salam, mən fiziki şəxs kimi VÖEN açdırmışam. İşim alınmadı, mən necə hesabat verə bilərəm, bu haqda məlumat verərdiniz.
22/07/2021 Read: 81 Average count: 0

Bildiririk ki, gəlir vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Bəyannamələr təqdim edilərkən bəyannamənin növü "ləğv" seçilməlidir. Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin Bəyannamə bölməsində tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin  149-cu,  və 221-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Günel Eyvazova Eyvaz gu***@gmail.com ID: 4939
Salam. Çağrı mərkəzinə dəfələrlə zəng etdim ancaq zəngim qəbul edilmədi. Mən Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika müəllimi ixtisasını bitirmişəm. Dövlət vergi orqanlarına işə qəbul üzrə test imtahanında iştirak edə bilərəm?
22/07/2021 Read: 48 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Əbdüləzimov Natiq Mücü a.***@mail.ru ID: 5043
Qeydiyyatdan keçdiyim nömrəni unutmuşam. Yeni nömrəni necə əlavə edim?
21/07/2021 Read: 46 Average count: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı, aidiyyəti üzrə müştərisi olduğunuz müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Bəxtiyar Əhmədov be***@mail.ru ID: 4851
Salam. Yerli vergi ödəyicisindən alınan mallar tərəfimizdən xaricə ixrac olunur. İxrac əməliyyatlarınən ƏDV-dən azad olduğunu nəzərə alsaq ixrac ediləcək malların alışında ƏDV öhdəliyi yaranırmı?
21/07/2021 Read: 137 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların ixracına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Eyni zamanda, məhsulların ixrac məqsədilə ölkə daxilində digər vergi ödəyicilərindən alışı malların ixrac qeydi ilə rəsmiləşdirildikdə həmin malların Cəmiyyət tərəfindən alışı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilə bilər.

Belə ki, Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qeydi ilə satışı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilir.

Eyni zamanda malların ixrac qeydi ilə satışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 nömrəli Qərarı təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı Qaydası” ilə tənzimlənir.

Bununla yanaşı, ixrac qeydi ilə satılan mallara Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.

Əsas: Vergi Məcəlləsinin 71-ci, 165-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 nömrəli Qərarı təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı Qaydası”.

5/5 (1 Average count)
Qiymət ver:
Rəşad Hüseynzadə Elçin hu***@mail.ru ID: 4936
Salam bilmək istərdim ki, Dövlət və ictimai münasibətlər ixtisas məzunu Vergi Xidmətində işə qəbulla bağlı imtahanda iştirak edib işləyə bilər mi. Həmin ixtisas qrupu Vergi Xidmətinə qəbul üçün uyğundurmu? Xahiş edirəm məlumatlandırasınız.
20/07/2021 Read: 44 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur. Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Aqşin Süleymanov Nazim aq***@gmail.com ID: 4935
Mən hansı vergiləri ödəməli olduğumu necə öyrənə bilərəm?
19/07/2021 Read: 68 Average count: 0

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Vüsalə Hüseynova Vüsalə Məmli qızı qa***@gmail.com ID: 4930
Elektron poçtunuzda iki məktubu oxumaq üçün nə etməliyəm?
18/07/2021 Read: 54 Average count: 0

Həmçinin bildiririk ki, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Faiq Namazov Hamlet fa***@gmail.com ID: 4929
Salam. Mən Turizm və otelçilik ixtisasını bitirmişəm. Mən vergilər Nazirliyində işləmək üçün imtahan verə bilərəmmi? İxtisasımın heç bir problemi yoxdur ki?
17/07/2021 Read: 56 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Fərid Xəlilov Elşad fx***@gmail.com ID: 4928
Salam. Mən VÖEN şəhadətnaməsini itirmişəm. Zəhmət olmasa, köməklik göstərərdiniz.
17/07/2021 Read: 57 Average count: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver: