Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Vüqar fe***@gmail.com ID: 5002
Borcumun olub olmamağını necə öyrənə bilərəm?
10/08/2021 Read: 112 Average count: 0

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə zəng edərək “3” düyməsini seçib öz VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

0/5 (0 Average count)
Qiymət ver:
Sultanov Ceyhun Qüdrət oğlu su***@gmail.com ID: 4945
VÖEN aktiv və ya passiv olması haqqda məlumat əldə etmək istəyirdim.
10/08/2021 Read: 135 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi Sultanov Ceyhun Qüdrət oğlu (VÖEN 1602615952) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Cavadov İlkin Elçin oğlu il***@mail.ru ID: 4903
Mən GDU-nun İqtisadiyyat fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. Dövlət qulluğu üzrə BB kateqoriyası üzrə test imtahanından 77 bal toplamışam, sertifikatım var. Mən vergi orqanlarında işləmək istəyirəm. Bunun üçün işə qəbul qaydası necədir, mən bura necə sənəd verə bilərəm? Bu barədə məlumat verməyinizi xahiş edirəm.
10/08/2021 Read: 157 Average count: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

5/5 (3 Average count)
Qiymət ver:
Afaq Bayramova Nadir qızı af***@gmail.com ID: 4938
Fərdi kiçik sahibkar kimi DSMF yə ödəniş (62 man) edmək yerinə, Dövlət Verqi Xidmətinə səhfən ödənilib. Sizin tərəfdən bunu necəsə düzəltmək olar? Yəni Dövlət Vergi Xidmətindən (fiziki şəxsin qeyri sahibkarlıq fəaliyyəti uzrə illik gəlirindən qəlir vergisi) həmin məbləği DSMF-ə yönəltmək olar?
10/08/2021 Read: 174 Average count: 5

Bildiririk ki, səhv təsnifat kodu üzrə həyata keçirilmiş ödənişlərin büdcə təsnifatı kodlarının dəyişdirilməsi mümkündür. Bununla bağlı qeydiyyatda olduğunuz vergi orqanına kağız formada və ya elektron kabinetiniz vasitəsilə ərizə ilə müraciət edə bilərsiniz. 

5/5 (5 Average count)
Qiymət ver:
Əsəd Əsədullayev Tofiq oğlu fx***@gmail.com ID: 4910
Adımdakı VÖEN-i bağlamaq, onun yerinə kənd təsərrüfatına aid VÖEN açdırmaq istəyirəm.
10/08/2021 Read: 180 Average count: 0

Bildiririk ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Vergi ödəyicisi eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul ola və ya uçota alınarkən, ərizəsində qeyd etdiyi fəaliyyət növünü digər fəaliyət növü ilə dəyişə bilər. Fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

 

0/5 (0 Average count)
Qiymət ver:
Turanə Əsədova Teymur qızı es***@yahoo.com ID: 4753
Salam. Şirkətimizə xidmət müqaviləsi ilə kondisioner quraşdırıcıları, təmirçiləri xidmət göstərirlər. Həmin şəxslər daimi olaraq işdə olmurlar, ehtiyac yarandıqda sifariş əsasında xidmət göstərirlər (müştərilərin kondisionerlərini quraşdırır və ya təmir edirlər). Şəxslər xidmət göstərdiyi ayın sonunda təhvil-təslim aktına əsasən xidmət haqqı alırlar və xidmət haqqı xidmətin növündən və sifarişin sayından asılı olaraq fərqli rəqəmlər olur. Bəzi aylarda sifariş olmadığından həmin şəxslərə heç bir ödəniş olmur. Əmək Məcəlləsinə son edilmiş dəyişikliklərlə xidmət müqavilələrinin məhdudlaşdırılmasına başlanıldıqdan sonra yuxarıda qeyd etdiyim fiziki şəxslərin şirkətimizə xidmət müqaviləsi ilə xidmət göstərməsi məsələsinin Vergi Orqanlarında şübhə yaradacağına narahatıq. Qeyd edim ki, həmin şəxslərin Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək münasibətləri yoxdur. Şəxslərin iş saatını , əmək haqqını (xidmət haqqı sifarişlərin sayından və xarakterindən asılı olaraq dəyişildiyinə görə) və digər əmək münasibətlərini müəyyənləşdirə bilmədiyimiz üçün onunla əmək müqaviləsi bağlaya bilmirik. Zəhmət olmazsa bu şəxslərin əmək münasibətlərinin olmamasını və buna görə də xidmət müqaviləsi bağlandığını sübut etməyimiz üçün hansı sənədlər lazımdır və hansı prosedurlar həyata keçirilməlidirsə bu barədə bizə məlumat verərdiniz.
09/08/2021 Read: 263 Average count: 4

Bildiririk ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 286-VIQD nömrəli 2 aprel 2021-ci il tarixli Qanunu ilə bu Məcəllənin 7-ci maddəsinə 2-3-cü bənd əlavə edilmiş və tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri hesab edildiyi və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədiyi hallar müəyyənləşdirilmişdir.

Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri hesab edildiyi və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədiyi hallardan biri də qeyd olunan münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranmasıdır.

Əmək Məcəlləsinə edilmiş bu dəyişikliklərin əsas məqsədi əmək münasibətləri ilə mülki hüquqi müqavilələr üzrə münasibətlərin dəqiq sərhədlərinin müəyyən edilməsi, habelə faktiki olaraq əmək münasibətlərində olan şəxslər tərəfindən bu münasibətləri pərdələmək məqsədilə mülki müqavilələr bağlanması hallarının qarşısının alınmasıdır.

Əlavə olaraq bildiririk ki, müəssisə tərəfindən əsas fəaliyyət növü ilə bağlı olan işlərin və xidmətlərin yerinə yetirilməsi üzrə işlərə cəlb etdiyi işçilərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmaqla əmək münasibətləri rəsmiləşdirilməlidir.

Eyni zamanda sualda şirkətin əsas fəaliyyəti barədə məlumat verilməmişdir. Buna əsasən şirkətin əsas fəaliyyəti barədə məlumat verilməklə və xidməti müqavilə ilə iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinin zəruriliyi əsaslandırılmaqla vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Əlavə olaraq bildiririk ki, əmək qanunvericiliyinin tətbiqi, o cümlədən tərəflər arasında əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsinin bağlanması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 286-VIQD nömrəli 2 aprel 2021-ci il tarixli Qanunu.

4/5 (4 Average count)
Qiymət ver:
Rauf Ibrahimov ma***@list.ru ID: 4694
Salam! Vergi Məcəlləsinin 206.1-1.-ci maddəsinə əsasən, “206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.” Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəsi zamanı yuxarıda qeyd olunmuş arayış üçün Kənd təsərrüfatı Nazirliyinə kim müraciət etməlidir,- “İcarəçi, yaxud “İcarəyə verən”, yaxud hər ikisi ? Əgər yuxarıda qeyd olunmuş arayış üçün “İcarəyə verən” müraciət etməlidirsə, bu zaman kənd təsərrüfatı məhsullarını istehsal edən, lakin adı çəkilən arayışı ala bilməyən “İcarəçi”yə dair Vergi Məcəlləsinin 102.1.11.-ci, 106.1.14-cü, 164.1.-ci, 199.9-cü və 218-1.1.1.-ci maddələi ilə 2024-cü ilədək nəzərdə tutulmuş vergi azadolmaları tətbiq ediləcəkmi?
09/08/2021 Read: 189 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Eyni zamanda “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsi ilə icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək icarəçinin vəzifələrinə aid edilmişdir.

Qeyd olunanlara əsasən icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarına aid olması barədə arayış icarəçi tərəfindən əldə edilir.

Əlavə olaraq bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək, gəlir vergisindən isə müddətsiz azad edilmişdir. Qeyd olunan güzəştlərin tətbiqi üçün torpaq sahələrinin təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarına aid olması barədə arayışın əldə olunması tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 85-ci, 87-ci, 114-cü, 206-cı maddələri və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (4 Average count)
Qiymət ver:
Yunis Yunisov Vüqar oğlu yu***@gmail.com ID: 4609
Hüquqi şəxs olan A MMC alğı –satqı müqaviləsi əsasında 25.02.2020 – ci il tarixində hüquqi şəxsdən 10 hektar torpaq sahəsi və 18.03.2020 tarixində isə fiziki şəxsdən 7 hektar torpaq sahəsi alıb. 23.06.2020 tarixində isə artıq mülkiyyətində olan 17 hektar torpaq sahəsindən 2 hektar torpaq sahəsini digər şəxslərə satıb. 31.12.2020 tarixinə müəssisənin balansında (mülkiyyətində) 15 hektar qalıq torpaq sahəsi var. A MMC 03.03.2021 tarixində yenidən hüquqi şəxsdən 1,5 hektar torpaq sahəsi və 14.03.2021 tarixində isə fiziki şəxsdən 1,5 hektar torpaq sahəsi alışı edib. 08.04.2021 tarixində isə mülkiyyətində olan 2 hektar torpaq sahəsini digər şəxslərə satıb. 15 may 2021-ci il tarixinə kimi 2021 –ci ilin hesabat dövrü üçün müəssisənin təqdim etməli olduğu torpaq vergi bəyannaməsində neçə hektar torpaq sahəsi qeyd edilib torpaq vergisinə cəlb edilməlidir? Qeyd: Bütün alınıb satılmış torpaq sahələri kənd təsərrüfatı təyinatlı və kənd təsərrüfatı üçün istifadə edilən torpaqlardır.
09/08/2021 Read: 145 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.

Vergi Məcəlləsinin 208.3-cü maddəsinə əsasən müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.

Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda hüquqi şəxs tərəfindən 15 may tarixinə mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisi hesablanmalı və torpaq vergisi bəyannaməsi vergi orqanına təqdim edilməlidir. Qeyd olunan tarixdən sonra alınmış torpaq sahələrinin əvvəlki sahibləri tərəfindən müvafiq sahələr üzrə torpaq vergisi ödənilməmişdirsə, həmin torpaq sahələri üzrə torpaq vergisi ödəmə vaxtına həmin torpağın mülkiyyətçisi olan hüquqi şəxs tərəfindən hesablanmalı və ödənilməlidir. Eyni zamanda torpaq vergisi bəyannaməsi təqdim edildiyi tarixdən sonrakı dövrlər üzrə təqdim edimiş torpaq sahələri üzrə torpaq vergisi hüquqi şəxs tərəfindən ödənilməmişdirsə, həmin torpaq sahələrinin alıcıları tərəfindən ödəmə tarixinə həmin torpaq sahələrinə görə torpaq vergisi ödənilir.

Alınmış torpaq sahələri üzrə torpaq vergisi əvvəlki sahib tərəfindən ödənildiyi halda, vergilərin ödənilməsi barədə arayış vergi orqanına təqdim edilməklə ödənilmiş məbləğlər vergilər hesablanarkən nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 208-ci maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Rauf İbrahimov ma***@list.ru ID: 4723
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 85.5.-ci maddəsinə əsasən, “85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.” Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki vergilər üzrə artıq ödənilmiş məbləğlərə dair 5 ildən artıq bir müddət keçdiyi üçün, vergi orqanı VM-in 85.4.-cü maddəsinə əsaslanaraq, həmin artıq vergi məbləğini vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki vergilər üzrə vərəqəsindən silərək, həmin məbləği şəxsi hesab vərəqəsinin “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”-ndə əks etdirmişdir. Suallar: 1.Özəl yerli vergi rezidenti olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”-ndə əks olunmuş məbləğ üzərində həmin vergi ödəyicisinin mülkiyyət hüququ qalmaqdadır, yaxud həmin mülkiyyət hüququna xitm verilmişdir? 2.Əgər mülkiyyət hüquq qalmaqdadırsa, bu zaman vergi ödəyicisi tərəfindən 5 illik müddətdən əvvəl artıq ödənilmiş vergi məbləğinə dair, əvəzləşdirmə və tələb etmə istisna olunmaqla, yerdə qalan sərəncamverici əməliyyatlar üçün, məsələn həmin vergi ödəyici olan yerli özəl hüququ şəxsin nizamnamə kapitalının artırılması,onun iştirakçılarına dividend ödənilməsi, onun işçilərinə əmək haqqının verilməsi, DSMF-na ödənişlərin edilməsi, mal-materialın alınması və s.,-istifadə oluna bilərmi ? 3. Özəl yerli vergi rezidenti olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”-ndə əks olunmuş məbləği “Mənfəət vergisinin bəyannaməsi”nin /”Sadələşdirilmiş vergi bəyannaməsi”nin 1 №-li Əlavəsinin 1-ci (cəmi aktivlər) və 2-ci (cəmi kapital və öhdəliklər) sətrlərinin müvafiq sütunlarında və altsətrlərində göstərməlidirmi?
09/08/2021 Read: 291 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

Eyni zamanda Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilərin Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddət bitdikdən sonra hər hansı şəkildə istifadəsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bundan əlavə, Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş müddəti bitmiş artıq ödənilmiş məbləğlər vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatlarında əks etdirilmir.

4/5 (6 Average count)
Qiymət ver:
Vəli Əliyev Əkbər oğlu ve***@mail.ru ID: 4678
Salam. Rəqəmlərin şərti olduğunu nəzərə alsaq hüququ şəxs 2021-ci ilin yanvar ayında qaimə tərtib edərək 1200 manatlıq Aİ92 markalı benzin satır (tapdansatış qaydasında). Qaimədə 1000 manat malın ƏDV-siz dəyəri, 180 manat ƏDV və 20 manat yol vergisi əks olunub. Satılan yanacağın dəyəri yol vergisi ilə birlikdə (ƏDV-siz dəyəri) satıcının bank hesabına fevral ayında 500 manat və mart ayında isə 520 manat daxil olub. Sual 1. Belə olan halda qeyd olunan məbləğlərdən yol vergisi hansı qaydada çıxarılmalıdır? Sual 2. Fevral və mart ayında təqdim olunmuş ƏDV bəyannaməsinin 3 saylı əlavəsinin 301.1.1.7-ci sətrinin "Daxil olmuş məbləğ" sütünunda hansı məbləğ əks olunmalıdır?
09/08/2021 Read: 153 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 166.5-ci maddəsinə əsasən vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.

Buna əsasən müəssisə tərəfindən təqdim edilmiş yanacaq müqabilində alıcının apardığı hər bir ödəniş ayrıca əməliyyat sayılmaqla ümumi qaydada ƏDV-yə cəlb edilir.  Eyni zamanda təqdim edilmiş yanacağa görə yol vergisi alıcı tərəfindən aparılmış son ödəniş zamanı nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Nasir Əzizi de***@mail.ru ID: 4954
Salam, sabahınız xeyirli olsun. Mən bununla neçənci dəfədir ki, yanımızda fəaliyyət göstərən Aptekden dərman alıram. ƏDV çekini tələb edirəm, mənə hər dəfəsində ƏDV olmayan saxta çek təqdim edirlər. Xahiş edirəm ki, bu barədə maraqlanasınız.
09/08/2021 Read: 260 Average count: 5

Bildiririk ki, ƏDV-nin geri qaytarılması yalnız ƏDV ödəyicisi olan  pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınmış mal və xidmətlərə aid edilir. ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür və bu səbəbdən istehlakçılar aldıqları mal və xidmətlərə görə kassa çekini əldə etməlidir.

Həmçinin, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir. 

ƏDV ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən təqdim olunan malların (iş və xidmətə) dəyərinə ƏDV tətbiq olunmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

5/5 (2 Average count)
Qiymət ver:
Rauf Ibrahimov ma***@list.ru ID: 4831
Salam! Vergi Məcəlləsinin 114.3.-cü maddəsinin ikinci abzasına əsasən, “Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.” Vergi Məcəlləsinin 114.3.-1.-ci maddəsinə əsasən, “114.3-1. Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.” Sual 1. Mikro sahibkarlıq subyektinə aid olan xüsusi MMC-də “maşınlar və avadanlıq” kateqoriyaya aid olan əsas vəsaitlər üzrə 2010-cu vergi ilində 5%, 2015-ci vergi ilində 0% və 2020-ci vergi illində 15% amortizasiya norması tətbiq olunmuşdur. 2010-cu, 2015-ci və 2020-ci vergi illərində “maşınlar və avadanlıq” kateqoriyaya aid olan əsas vəsaitlər üzrə 20%-dək və 2 əmsal tətbiq oluna bilən amortizasiya norması ilə 2010-cu, 2015-ci və 2020-ci illərdə faktiki tətbiq olunmuş amortizasiya normaları arasında yaranmış fərq həmin MMC-nin 2021-ci vergi ilinin gəlirindən çıxılan amortizasiyanın məbləğinə əlavə oluna bilərmi ? Sual 2. Vergi Məcəlləsinin 114.2.7.-ci maddəsinə əsasən, ” 114.2. Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:…114.2.7. konservasiya edilmiş əsas vəsaitlər;…” 2016-cı vergi ilində vergi ödəyicisi olan MMC sahibkarlıq fəaliyyətini dayandırmışdır, onun tərəfindən bu barədə dərhal vergi orqanlarına müvafiq arayış təqdim olunmuşdur. Həmin 2016-cı vergi ilində MMC-ti ona məxsus olan əsas vəsaitlərindən əmlak vergisini hesablayaraq, Dövlət Büdcəsinə ödəmişdir, ona məxsus olan əsas vəsaitləri konservasiya etməmişdir. Sual : Sahibkarlıq fəaliyyəti dayandırıldığı dövrdə vergi Ödəyicisi olan MMC-nin həmi dövr üçün amortizasiyanı hesablamaq və fəaliyyəti bərpa olunduğu gələcək dövrlərin gəlirindən həmin amortizasiyanı çıxmaq hüququ varmı?
09/08/2021 Read: 249 Average count: 3

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları həmin Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır. Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minən müddəalarına əsasən vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1.5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Eyni zamanda Vergi Məcəlləsinin 85-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını həyata keçirə bilər. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamələr vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 85-ci, 114-cü maddələri və 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu.

Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinin 16.4-cü maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandıraraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyekti sayılır.
Vergi Məcəlləsinin 198.2-ci maddəsinə görə müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. 

Qeyd olunanlara əsasən müəssisə tərəfindən fəaliyyətini dayandırdığı dövrdə balansında olan əsas vəsaitlərə görə əmlak vergisi hesablanıb ödənilməlidir. Bundan əlavə vergi tutulan əməliyyatların olmadığı dövrdə hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxılan xərclərə aid edilmir. Hesablanmış amortizasiya ayırmaları gəlirin əldə olunduğu hesabat dövründə gəlirdən çıxılan xərclərə aid edilir. 

Əsas:  Vergi Məcəlləsinin 16-cı, 108-ci, 114-cü, 197-ci və 198-ci maddələri. 

3/5 (2 Average count)
Qiymət ver:
Rauf İbrahimov ma***@list.ru ID: 4652
Salam! Yerli (rezident) hüquqi şəxsin mülkiyyətində və balansında olan başqa yerli (rezident) hüquqi şəxsinin səhmləri (payları) əsas vəsaitlərin qeyri-maddi aktivlər kateqoriyasına aiddirmi ? Həmin səhmlərə (paylar) dair illik amortizasiya norması necə müəyyən olunmalıdır (Vergi Məcəlləsinin 114.3.6.-cı maddəsi) ? Həmin səhmlərə (paylara) görə onların mülkiyyətçisi və balans saxlayıcısı olan yerli (rezident) hüquqi şəxs tərəfindən əmlak vergisi ödənilməlidirmi (Vergi Məcəlləsinin 197.1.3-cü maddəsi) ?
09/08/2021 Read: 151 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.

 Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.9-cu maddəsinə əsasən qeyri-maddi aktivlər intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlardır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, hüquqi şəxsdəki iştirak payı Vergi Məcəlləsinin 114-cü və 197-ci maddələrinin məqsədləri üçün amortizasiya ayırmaları və əmlak vergisi hesablanan aktivlərə aid edilmir.

4/5 (5 Average count)
Qiymət ver:
Axmed Qurbanov qu***@gmail.com ID: 4699
Sualım bundan ibarətdir: Rezident Hüquqi şəxsə Qeyri Rezident Hüquqi şəxs gömrük rəsmiləşdirmə(broker) xidməti göstərir və Rezident Hüquqi şəxsin adından bütün gömrük ödənişləri o cümlədən idxala görə gömrük rüsumu və ƏDV ödəyir. Göstərdiyi xidmətlərin dəyəri Hüquqi şəxsin adından ödədikləri(gömrük ödənişləri o cümlədən idxala görə gömrük rüsumu və ƏDV) rüsümlar üstəgəl ümümi məbləğin 8% xidmət haqqı(marja olaraq) invoys(hesab faktura) təqdim edir. Rezident Hüquqi çəxs Qeyri Rezidentin göstərdiyi xidmətə görə ödəniş edərkən ümumi invoysun dəyərindən 10% ÖMV-yə və 18% ƏDV-yə cəlb etməlidir yoxsa marja olaraq hesabladığı 8% qeyri rezidentin xidmət haqqına? Zəhmət olmasa ətraflı cavablandırardınız.
09/08/2021 Read: 354 Average count: 5

Bildiririk ki, qeyri-rezidentin göstərdiyi gömrük brokeri xidmətlərinə görə rezident tərəfindən ödənişlərin aparılması zamanı təqdim edilmiş hesab-faktura (invoys) əsasında qeyri-rezidentə ödənilən xidmət haqları Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən qeyri-rezidentin Azərbaycan mənbəyindən gəliri olmaqla 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergiyə və Vergi Məcəlləsinin 169.1-ci maddəsinin müddəalarına uyğun olaraq 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan bu maddə ilə müəyyən olunmuş dərəcələrlə vergi tutulur.

Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Eyni zamanda Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 125-ci və 169-cu maddələri.

5/5 (5 Average count)
Qiymət ver:
Rafiq Rafiqzadə Ramil Ra***@inbox.ru ID: 4998
Salam. Mən Azərbaycan Dövlət Neft və Sənaye universitetinin proseslərin avtomatlaşdırılması mühəndisliyi fakultəsini bakalavr dərəcəsində bitirmişəm. Sualım belədir ki, bitirdim ixtisasla Dövlət Vergi Xidmətində xidmət edə bilərəm?
08/08/2021 Read: 74 Average count: 5

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

5/5 (1 Average count)
Qiymət ver:
İsa Teymurzadə Akif is***@gmail.com ID: 4997
Salam. Nizamnamə kapitalının artırılması ilə bağlı hansı sənədlər tələb olunur və prosedur necə həyata keçirilir?
08/08/2021 Read: 205 Average count: 0

Bildiririk ki, kommersiya və ya publlik hüquqi şəxsin nizamnamə kapitalının artırılması üçün, “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və ya  “Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə”, “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə” və/və ya “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə” və ya “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəyə əlavə”, nizamnamə kapitalının artırılması və nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar, yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi, idarəçiliyində olmayan lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy, qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi şəxsin nizamnaməsinə dair müvafiq rəy (təhsil,  bank və s. fəaliyyətlər üzrə),  nizamnamə kapitalının artırılmasını təsdiq edən sənəd (qəbz, kassa mədaxil orderi, auditor rəyi və s.),  ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti vergi orqanına təqdim olunmalıdır. 

Əsas: Vergi Məcəlləsinin-nin 34-cü maddəsi, Mülki Məcəllənin 43-113-cü maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun, Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100  nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının  aparılmasına dair Metodiki Göstəriş”
 

0/5 (0 Average count)
Qiymət ver:
Azər Rəşidov Nəriman oğlu 30***@mail.ru ID: 4996
Nəzərinizə çatdırıram ki, tərəfimdən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət təsis olunub və mənim onlayn kargüzarlıq elektron kabinetimə dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron formatda göndərilib. Xahiş edirəm mənim sualıma aydınlıq gətirəsiniz. Dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamənin, təsisçiyə kağız daşıyıcısında təqdim olunması qanunvericilikdə nəzərdə tutulurmu?
06/08/2021 Read: 129 Average count: 5

Bildiririk ki, 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın kağız daşıyıcıda qeydiyyat orqanı tərəfindən verilməsi zərurəti aradan qaldırılmışdır.

Həmin qanunun 18.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın qeydiyyat orqanı tərəfindən  kağız daşıyıcıda verilməsi zərurətinin aradan qaldırılması, vergi ödəyicisini həmin sənədləri əldə etmək hüququndan məhrum etmir.

Eyni zamanda bildiririk ki, hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) banklar tərəfindən elektron əldə edilməsi üçün texniki imkan yaradılmışdır.

Bu məqsədlə bankın əməkdaşı İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq” bölməsinə daxil olaraq “Reyestr məlumatlarına baxış” bölməsində hüquqi şəxsin VÖEN-ni və şəhadətnamə-dublikatın nömrəsini yığmaqla hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədləri (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) öz kompüterinə yükləyə bilər.

5/5 (1 Average count)
Qiymət ver:
Vüqar Hüseynov Ehtibar oglu ay***@gmail.com ID: 4995
Cüdo federasiyasında 3 ildir VÖEN ilə işləyirəm. Son 6 ay maaşımdan 150 azn tutulur, keçən ay tam olaraq maaşımı aldım. Bu ay isə 73 azn tutulur, səbəbini bilmək istəyirəm.
05/08/2021 Read: 112 Average count: 0

Bildiririk ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:

Bu səbəbdən sorğunuzda qeyd olunan halda, hüquqi şəxs tərəfindən əsas fəaliyyət növü ilə bağlı olan işlərin və xidmətlərin yerinə yetirilməsi üzrə işlərə cəlb etdiyi işçilərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmaqla əmək münasibətləri rəsmiləşdirilməlidir.

Əmək qanunvericiliyinin tətbiqi, o cümlədən tərəflər arasında əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsinin bağlanması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi kimi uçota alındığınız halda, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə və vergi borcu və ödənişləriniz haqda məlumat ala bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Sətdam Səddar oğlu sa***@mail.ru ID: 4992
Onlayn müraciətin baxılma müddəti barədə məlumat verilməsini xahiş edirəm.
04/08/2021 Read: 74 Average count: 0

Bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq müraciət ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.

0/5 (0 Average count)
Qiymət ver:
Əzizova Leyla Süüleyman qızı le***@creative141.com ID: 4991
Salam, hörmətli vergi əməkdaşları. Sualım Vergi Məcəlləsinin 168.1.5 və 165.1.3 maddəsinin tətbiqi ilə bağlıdır. Şirkətimiz qeyri-rezidentin məhsullarının onlayn qaydada reklamı ilə məşğuldur. Bununla bağlı, ticarət markasının reklamı, eləcə də əmtəə məhsullarının satışının stimullaşdırıılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, aksiya çərçivəsində həmin əmtəə məhsullarının ƏDV ödəyicisi olan digər rezident şəxslərdən alınaraq istehlakçılara pulsuz paylanması, oyunların və müsabiqələrin keçirilməsi, malların istehlakçısı olan və yarışda iştirak edərək yarışın qalibi olan şəxslərə əşya şəklində müxtəlif hədiyyələrin və mükafatların təqdim edilməsi əməliyyatı həyata keçirilir. Məlumat üçün bildirirəm ki, istehlakçılara pulsuz paylanan və yarışın qaliblərinə hədiyyə şəklində verilən malların dəyərinin ƏDv-si müəssisəmiz tərəfindən müvafiq qaydada əvəzləşdirilmişdir. Həmin malların dəyəri, həmçinin malların paylanması ilə əlaqədar rezident şəxslərdən alınmış xidmətlər üzrə çəkilmiş xərclərin dəyəri isə tərəfimizdən təqdim edilmiş invoysa əsasən tədbirlərin tərkib hissəsi kimi yenə də malı reklam olunan qeyri-rezident tərəfindən müəssisəmizə ödənilmişdir. Reklam haqqında qanunun 15-ci maddəsinə əsasən müəyyən əmtəəni əldə etmiş alıcılar arasında lotereya, müsabiqə, oyun və digər tədbirlərin keçirilməsi haqqında məlumatdır əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklam hesab olunur və yarışlarla bağlı göstərilən xidmətlər ƏDV-yə “0” dərəcə ilə cəlb olunmalıdır. (VM 165.1.3). Sualım belədir: Malların reklamı ilə əlaqədar aksiya zamanı istehlakçılara paylanmış malların və həmin malların paylanması ilə əlaqədar rezident şəxslərdən alınmış xidmətlərin dəyərinə, həmçinin yarışın qaliblərinə əşya şəklində verilmiş hədiyyələrin dəyərinə (həmin xərclərin dəyəri qeyri-rezident tərəfindən müəssisəmizə ödənilir) müəssisəmiz tərəfindən ƏDV hesablanmalıdırmı?
04/08/2021 Read: 390 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilir.
Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən məsləhət və reklam xidmətlərinin və digər analoji xidmətlərin göstərilməsi, habelə kompüter, internet və digər elektron şəbəkələr vasitəsilə xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.

Buna əsasən hüquqi şəxs reklam yayıcısı kimi xidmət göstərdiyi halda qeyri-rezident reklamvericinin təqdim etdiyi informasiya məhsullarının reklam yayıcısına məxsus internet informasiya resursu ilə vasitəsilə yayımlanması tərəflər arasında bağlanmış müqavilə və reklam xidmətlərinin göstərilməsinə dair təhvil-təslim aktları ilə rəsmiləşdirildiyi halda Cəmiyyət tərəfindən göstərilən həmin reklam xidmətləri ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilə bilər.

Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. 

Eyni zamanda həmin Qanunun 2-ci maddəsinin müddəalarına əsasən reklamverici reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxsdir. Reklam yayıcısı reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı ƏDV tutulan əməliyyat sayılır. 

Sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla, bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, habelə tərəflər arasında bağlanmış müqavilələr və ödəniş şərtləri barədə məlumatları qeydiyyatda olduğunuz vergi orqanına təqdim edərək, yaranan vergi öhdəlikləri haqda məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165-ci və 168-ci maddələri və “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu.
 

0/5 (0 Average count)
Qiymət ver: