Bildiririk ki, ƏDV malın (işin, xidmətin) dəyərinə daxil edilən dolayı vergi olmaqla son istehlakçı tərəfindən ödənilir.
Eyni zamanda Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kənd təsərrüfatı məhsullarının (yumurtanın) istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı, habelə kəsilmiş və dondurulmuş formada satılan heyvan və quş ətinin satışı ƏDV-dən azaddır.
Buna əsasən yuxarıda qeyd olunan məhsullarının satışı ƏDV-dən azad olunduğundan istehlakçılar tərəfindən ödənilən belə məhsulların satış qiymətində ƏDV ödənilmir və belə pərakəndə ticarət zamanı ƏDV ödənilmədiyindən istehlakçının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq ƏDV-ni geri almaq hüququ yaranmır.
Bununla yanaşı bildiririk ki, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının onların istehsalçısı tərəfindən deyil, digər sahibkarlıq subyektləri tərəfindən istehsalçıdan alınaraq ticarət şəbəkələrində pərakəndə qaydada satışı zamanı isə ƏDV ticarət əlavəsindən hesablanır. Bu zaman, istehlakçı tərəfindən alınan məhsulun dəyərində ƏDV ödənildiyindən alıcının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq ƏDV-ni geri almaq hüququ yaranır.
Eyni zamanda, istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Əsas: Vergi Məcəlləsinin 50-ci, 159-cu, 164-cü və 165-ci maddələri.
Bildiririk ki, hüquqi şəxsin yenidən təşkilinin bir forması olan birləşmə həmin hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Bu zaman hüquqi şəxs yeni yaranan hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.
Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Təhvil aktı yenidən təşkili haqqında qərar qəbul etmiş təsisçilər (iştirakçılar) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və onda yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar əks etdirilməlidir.
Yenidən təşkil edilmiş hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün təqdim edilməli sənədlər ilə bağlı "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" faylını yükləməklə (1.1.3. bənd) məlumat ala, aydın olmayan məqamlar barədə Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Mülki Məcəllənin 55-58-ci maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun.
Bildiririk ki, sorğuda göstərildiyi kimi malların (iş və ya xidmətlərin) dəyəri malların təqdim edildiyi vaxtadək ödənildiyi halda malların (iş və xidmətlərin) təqdim edilməsinədək ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmamışdır.
Belə ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Buna əsasən, alınmış avansa görə vergi ödəyicisi tərəfindən mallar (iş və xidmətlər) təqdim edildikdən sonra həmin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.
Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Əlavə məlumat üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.
Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.
Sorğunuzda qeyd olunan Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışının uçotu ayrılıqda aparıldığı halda, ƏDV ticarət əlavəsindən hesablana bilər.
Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci və 174.3-cü maddələri.
Bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.
Sorğunuzda qeyd olunan peşə növləri ilə bağlı misal olaraq, "Polis haqqında" Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz.
Digər qurumlarda çalışan peşə sahibləri ilə bağlı, aidiyyəti üzrə həmin qurumlara (misal olaraq, hərbçilərlə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə) müraciət etməyiniz tövsiyə olunur.
Əsas: "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi və "Polis haqqında" Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.
Bu maddədə “digər analoji xidmətlərin göstərilməsi” dedikdə bu maddədə sadalanan xidmətlərə oxşarlıq (uyğunluq) təşkil edən xidmətlər nəzərdə tutulur.
Əlavə olaraq bildiririk ki, konkret halla bağlı əməliyyatın xarakteri tam açıqlanmaqla qeydiyyatda olduğunuz vergi orqanına müraciət edildiyi halda əməliyyata münasibət bildiriləcəkdir.
Əsas: Vergi Məcəlləsinin 168-ci maddəsi.
Bildiririk ki, Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” Qanununun 15-10-cu və 15-2-ci maddələrinin müddəalarına əsasən həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta haqları hesablanır.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Eyni zamanda, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
Bildiririk ki, ƏDV bəyannaməsinin 3 nömrəli Əlavəsində 301.1 kodlu “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) sütununda ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan (Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı istisna olmaqla) malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatların dövriyyə məbləği ƏDV-siz, “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda daxil olmuş məbləğ ƏDV-siz, “Əlavə dəyər vergisi məbləği” sütununda isə daxil olmuş məbləğin 18 faiz dərəcəyə vurmaqla yaranan hasili - Əlavə Dəyər Vergisinin məbləği yazılır.
Sorğunuzda qeyd olunan əməliyyatla bağlı, təqdim olunmuş malların dəyəri ödənildiyi üçün debitor borclarına məbləğində hər hansı dəyişiklik baş vermir.
Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.
Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.
Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.
Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".
Fiziki şəxsin gəlir vergisi, sorğunuzda qeyd olunan 2000-2003-cü illər arası gəlir vergisi 12-35 faiz dərəcə ilə, 1 yanvar 2004-cü il tarixdən isə 14-35 faiz dərəcələri ilə hesablanırdı. 2010-cu il yanvarın 1-dən isə fiziki şəxslərin gəlir vergisi dərəcəsinin maksimal həddi 35 faizdən 30 faizə, 2013-cü ilin yanvar ayının 1-dən 25 faizə endirilmişdir. 19 iyun 2009-cu il tarixli 835-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün bu dərəcə 35 faizdən 20 faizə endirilmişdir.
Bildiririk ki, vergi qanunvericiliyinə əsasən ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.
Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.
Bunlara əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən vergi ödəyicilərinə xidmətlərin göstərilməsi ictimai iaşə fəaliyyəti göstərən müəssisənin 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnu məhdudlaşdırmır.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 218-ci maddələri.
Bildiririk ki, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.
Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 218-1.1.4-cü maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Buna əsasən malların təqdim edilməsindən əldə olunan gəlirlər vergi ödəyicisinin vergi tutulan gəlirlərinə, təqdim edilən malların maya dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir. Xarab olan mallar cəmiyyətə gəlir gətirmədiyi üçün həmin malların dəyəri vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilmir.
Bunlarla yanaşı sorğuda qeyd olunan malların dəyəri “Mənfəət vergisi bəyannaməsi”nin 1 nömrəli Əlavəsinin 1.3.2-ci “Mallar” sətrinin “ləğv edilmişdir” xanasında göstərilməklə əks olunur.
Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.
Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.
Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.
Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.
Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinin müddəalarına əsasən pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə aparmaları vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Eyni zamanda Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Qeyd olunanlara əsasən təmir-tikinti fəaliyyəti üzrə xidmətlərin göstərilməsi nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı ilə aparılması məcburi olan fəaliyyət növlərinə aid edilməmişdir və bu fəaliyyət həyata keçirilən zaman nağd pul hesablaşmaları çek, qəbz və digər ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.
Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
Buna əsasən, dövlət tərəfindən ödənilən əmək pensiyası fiziki şəxslərin gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi.
Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.
Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Qeyd olunanlara əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində yalnız pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi geri qaytarılır.
Sorğuda göstərilən halda fiziki şəxslər tərəfindən mehmanxana və ya digər xidməltətə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Lakin, yeməkxana tərəfindən göstərilən ictimai iaşə xidmətlərinə görə ödənilən ƏDV-nin müəyyən edilmiş hissəsinin geri qaytarılması mümkündür. Bunun üçün, yeməkxana fəaliyyətini həyata keçirən vergi ödəyicisi sadələşdirilmiş vergi yox, ƏDV ödəyicisi kimi uçotda olmalıdır. Sorğunuzda qeyd olunan halın araşdırılması üçün yeni nəsil kassa aparatı çekinin məlumatlarını əlavə etməklə internet səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.
Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”
Bildiririk ki, Vergi Məcəlləsinin 161-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.
Adıçəkilən maddədə ƏDV tutulan malın dəyəri müəyyən edilərkən yol vergisinin çıxıldığı qeyd edilir. Qeyd olunanlara əsasən neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ ƏDV-li satış məbləği olduğundan həmin məbləğdən (məbləğin içindən) ƏDV-nin hesablanması həyata keçirilir.