Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 4801
Müəssisə mənfəət və ƏDV ödəyicisi olan ticarət fəaliyyəti göstərən vergi ödəyicisidir. Təsərrüfat əməliyyat fəaliyyəti zamanı hər hansı bir məhsulu nisyə alqı satqı müqaviləsi bağlayaraq satışını həyata keçirir. Sonradan nisyə alqı satqı müqaviləsini Mülkü Məcəllənin 193-cü maddəsinə əsasən tələbi 3-cü tərəfə ötürür. 3-cü tərəf tələbi qəbul etdikdən sonra özünün müəyyən komisyon haqqını çıxdıqdan sonra müəssisəyə ödəniş edir. Sual : müəssisənin vergi öhdəliyi hansı məbləğdən hesablanmalıdır : nisyə alqı satqı müqaviləsində göstərilən məbləğdən yoxsa tələbin ötürülməsindən sonra 3-cü tərəfin komisyon haqqını çıxaraq müəssisəyə ödədiyi məbləğdən?
12/07/2021 Read: 171 Average count: 4

Bldiririk ki, bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilən malların dəyərinin alınması hüququnun tapşırıq müqaviləsinə əsasən üçüncü bir vergi ödəyicisinə verilməsinə vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Qeyd olunanlara əsasən, tərəflər arasında bağlanan müqavilə üzrə borcların yığılması üzrə göstərilən xidmətlərə görə ödənilən xidmət haqları gəlirin əldə olunması ilə bağlı olduğu halda gəlirlərdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

4/5 (9 Average count)
Qiymət ver:
Abdullayev Aqşin Duman mu***@mail.ru ID: 4816
Salam. Sualım belədir ki, A MMC müasir kassa aparatı (Hipermarketdən) ilə alış edir. Hipermarketdən alınmış mallara görə verilən çekin üzərində alınmış malların miqdarı, vahidinin məbləği və yekun ödəniləcək məbləğ göstərilir. Ödənişi A MMC nağdsız qaydada biznes kartı vasitəsilə edir. Qeyd edilən əməliyyat gəlirdən çıxılan xərc hesab edilir? Əvvələdən təşşəkürlər.
12/07/2021 Read: 247 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeki və ya qəbz malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Buna əsasən sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənədlər Vergi Məcəlləsində nəzərdə tutulan qaydada həmin malları təqdim edən şəxslər tərəfindən malların alıcılarına verilən elektron qaimə-faktura hesab edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

5/5 (10 Average count)
Qiymət ver:
İlhamə il***@gmail.com ID: 4906
Xidmət göstərdiyim müəssisə mənim bank hesabıma pul köçürüb. Lakin, Kapital Bankda olan hesabıma pul köçməyib və mən VÖEN ödəyə bilmirəm. Zəhmət olmasa, mənə yol göstərin. Mən VÖEN-i yeni açdırmışam.
12/07/2021 Read: 77 Average count: 0

Bildiririk ki, banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları yalnız vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verildiyini təsdiq edən sənədlər verildikdən sonra hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə milli və ya xarici valyutada cari və ya digər hesablar açmağa, bank sənədlərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə hesablar üzrə əməliyyatlar aparmamağa borcludurlar. 

Sorğunuzda qeyd olunan halda, vəsaitin bank hesabına köçüb-köçməməsinin aydınlaşdırılması vergi orqanlarının səlahiyyətlərinə aid edilmədiyi üçün, aidiyyəti üzrə banka və ya vəsaiti ödəyən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bununla yanaşı, qeyd olunan əməliyyat haqda məlumatları qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməklə, vergi qanunvericiliyi və inzibatçılığı baxımından yaranacaq öhdəlikləriniz haqda məlumat əldə edə bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
Tural Şərifli Rasim tu***@gmail.com ID: 4741
Fərdi sahibkar xaricdən nəqliyyat vasitəsi idxal edərək daxildə vətəndaşlara satışını həyata keçirmək istəyir. Sual 1. Nəqliyyat vasitəsini vətəndaşa satarkən kassa mədaxil orderindən istifadə edə bilərmi? Sual 2. Vergi ödəyicisi olmayan vətəndaşlara satdığından NKA yəni kassa aparatı ilə fəaliyyət göstərməlidir yoxsa kassa aparatı olmadan kassa mədaxil orderi ilə fəaliyyət göstərə bilər? Sual 3. Əgər kassa mədaxil orderi ilə satışa icazə verilirsə hansı fəaliyyət kodunu seçməlidir ki, vergilər kassa aparatı quraşdırılmasını tələb etməsinlər? Sual 4. Nəqliyyat vasitəsinin və yük maşınlarının idxalı və vətəndaşlara satışı ilə məşğul olarkən könüllü olaraq ƏDV ödəyicisi olmadan mikro sahibkar olan gəlir vergisi ödəyicisi ola bilərəmmi?
12/07/2021 Read: 282 Average count: 5

Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Qeyd olunanlara əsasən, avtomobillərin pərakəndə qaydada satışı zamanı alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 155-ci və 220-ci maddələri.

5/5 (4 Average count)
Qiymət ver:
Əhmədov Hümbət Məhəmməd Oğlu hu***@gmail.com ID: 4905
Sizdən xahiş edirəm, Vergi Məcəlləsinin hansı maddəsinə əsasən (və ya başqa qaunular uzrə) aşağıdakı Vergi orqanında qeydiyatda olmayan şəxlərdən əlvan metal qırıntılarının alınması qadağandır. Və ya alınması mümkün olduğu halda məhdudiyət varmı və nə qədərdir? 1 - hüquqi şəxs vergi ödəyicisinin rəhbər və ya təsisçisinindən; 2 - fiziki şəxs vergi ödəyicisidən; 3 - vergi ödəyicisinin muzdlu işçisinin və sairə.
12/07/2021 Read: 180 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Qeyd olunanlara əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən mallardan başqa sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan digər malların vergi orqanında uçotda olmayan şəxslərdən alınması zamanı alınmış mallara görə alış aktlarının tərtib edilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. 

Bundan əlavə vergi orqanlarında uçotda olmayan şəxslərdən alınmış və alış aktı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmiləşdirilən məlumatlar üzrə elektron alış aktı tərtib edilməlidir.

Əlavə olaraq bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Sorğunuzda qeyd olunan şəxslər Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən, qarşılıqlı surətdə asılı olan şəxslər olduqda vergi orqanının bazar qiyməti nəzərə alınmaqla vergi hesablamaq hüququ var.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 16-cı, 18-ci 33-cü, 71-2-ci, 101-ci, 102-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə tənzimlənir.

0/5 (0 Average count)
Qiymət ver:
Əsgərova Gülçin Vahid el***@mail.ru ID: 4784
Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” təsdiq olunmuşdur ki, illik gəliri 200 min manatadək və ya işçilərin orta siyahı sayı 10 nəfərdən çox olan sakibkar mikro sahibkar hesab olunur. SUAL: Qeyd olunanları nəzərə alaraq ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatatadək olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Azərbaycan Respublikasının ərzsizində xarici hüquqi şəxsə xidmət göstərdiyi halda sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? Nəzərə alsaq ki, xarici hüquqi şəxs Məcəllənin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi hesab edilmir.
12/07/2021 Read: 135 Average count: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində yalnız vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər istisna edildiyindən, qeyri-rezident hüquqi şəxslərə xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Sorğunuza əsasən, gəlirlərinizin yalnız qeyri-əhali tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq qeyri-rezident hüquqi şəxslərə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

4/5 (5 Average count)
Qiymət ver:
Elvin Əzizov Nazim ez***@hotmail.com ID: 4904
Salam. Hazırda mənim aktiv olan Asan İmza Sertifikatım var (biznes üçün nəzərdə tutulmayıb, şəxsi istifadə üçündür) və mobil nömrədən aylıq xidmət haqqı ödəyirəm. Qeyd etdiyim sertifikatın etibarlılıq müddəti bitmək üzrədir. Mən hazırki sertifikatın istifadə müddətini necə uzada bilərəm? Zəhmət olmasa, lazımi prosesləri yazsanız minnətdar olaram. Öncədən təşəkkürlər.
12/07/2021 Read: 90 Average count: 0

Bildiririk ki, istifadəçilər tərəfindən sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur.

“Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Turan Bünyad eb***@gmail.com ID: 4807
Müəssisənin əsas fəaliyyəti avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq və tranzit yüklərin daşınmasıdır. Sürücülərə "Ezamiyyə xərclərinin normaları haqqında" AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI ilə daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir. Sual 1: Vəsaitin ödənilməsinin rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilir, bununla əlaqədar hansısa nümunəvi forma müəyyən olunubmu? Sual 2: Bu ödəniş gəlirdən çıxılan xərclərə aiddirmi?
12/07/2021 Read: 272 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Bunlarla yanaşı, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərə müəssisə tərəfindən ezamiyyə xərcləri əvəzinə hər gün üçün ödənilən əlavə vəsait həmin vəsaitin ödənilməsini təsdiq edən sənəd əsasında müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Qeyd olunan vəsaitlərin ödənişinin rəsmiləşdirilməsi haqda aidiyyəti üzrə Maliyyə Nazirliyinə sorğu etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli Qərarı.

5/5 (3 Average count)
Qiymət ver:
Həmidli Elməddin İltifat el***@gmail.com ID: 4902
Parol, şifrə və VÖEN-i itirmişəm, necə əldə edim?
11/07/2021 Read: 66 Average count: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Elnur Atakişiyev At***@gmail.com ID: 4900
Salam. Vergi mecellesin malların əskik gəlməsi ilə bağlı konkret yanaşma var. Bəs malların artıq gəlməsi zamanı hansı vergi öhdəlikləri, hansı risklər yaranır? Hər hansı vergi yoxlaması zamanı artıq gələn mallara görə sanksiya tətbiq oluna bilərmi? Və ya satışdan kənar gəlir kimi qiymətləndirilə bilərmi? Öncədən təşəkkürlər.
11/07/2021 Read: 151 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın 3.7-ci bəndinə əsasən uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onların mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.

Buna əsasən inventarizasiya zamanı aşkar edilən elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən mallar həmin malların bazar qiyməti ilə uçota alınır və həmin malların dəyəri vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilir. Mallar vergi ödəyicisi tərəfindən təqdim edilən zaman malların vergi ödəyicisinin balansına mədaxil dəyəri vergi ödəyicisinin xərclərinə aid edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

0/5 (0 Average count)
Qiymət ver:
Qafur Qədirov Ağaqədir qe***@gmail.com ID: 4899
Salam, mən VÖEN-i dondurmuşam 5 illik. Hər 3 aydan bir bəyamnamə verməliyəm?
10/07/2021 Read: 112 Average count: 0

Bildiririk ki, tərəfinizdən təqdim edilmiş sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən fəaliyyətinizin 05.04.2019-cu il tarixdən 05.04.2024-cü il tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir.

Vergi Məcəlləsinin 221.3-cü maddəsinin müddəalarına görə sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Vergi ödəyicisinin fəaliyyətinin bağlı olduğu sonrakı hesabat dövrləri üçün hesabatın təqdim olunması tələb olunmur. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 149-cu və 221-ci maddələri ilə tənzimlənir.

0/5 (0 Average count)
Qiymət ver:
Kənan Cəfərov Şəhrud ke***@gmail.com ID: 4896
Salam. İşə qəbul üçün imtahanana qeydiyyat nə zaman başlayacaq və imtahan hansi ayda keçirilməsi nəzərdə tutulur?
10/07/2021 Read: 70 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqə ilə bağlı yeni məlumat olmadığından, hər hansı məlumatın verilməsi imkan xaricindədir.  

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Elnur Atakişiyev Mehdi at***@gmail.com ID: 4892
Salam. Təmsil etdiyim MMC (ictima iaşə obyekti) 2021 ci ilin 1-ci rübündə yanvar ayında pandemiyaya görə fəaliyyət göstərməmişdir. Və heç bir icarə haqqı ödəməmişdir həmin ay üçün. Və bu səbəbdən də SV bəyannaməsi göndərəndə yanvar ayı üzrə ÖMV qeyd etməmişdir. Amma DVX tərəfindən uyğunsuzluq gəlmişdir. Bunun səbəbini zəhmət olmasa, geniş izah ederdiz. Öncədən təşəkkürlər.
09/07/2021 Read: 81 Average count: 0

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Təqdim edilmiş bəyannamələr üzrə kameral vergi yoxlaması aparılan zaman müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi yoxlamasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Turan Həsənov Azad ww***@gmail.com ID: 4891
Salam. Mənim dondurulmuş VÖEN-im var. Sadəcə bilmək isdəyirəm ki, VÖEN itirildikdə, onu yenidən necə əldə edə bilərəm? Və rüsum nə qədərdir?
08/07/2021 Read: 98 Average count: 5

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. Müraciəti elektron kabinetiniz vasitəsilə və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla təqdim edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (2 Average count)
Qiymət ver:
Əsədova Səkinə Eldar qızı as***@gmail.com ID: 4890
Salam. Mən dövlət qarşısında vergi öhdəliyinin olmaması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən sənəd üçün müraciət edirəm. Sənəd Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə əlaqədar Asan Xidmətə təqdim olunacaq. Xahiş olunur, ölkə daxilində bir ay qalacağımı nəzərə alıb müraciəti mümkün qədər tez cavablayasınız.
08/07/2021 Read: 84 Average count: 4

Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. 

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

4/5 (4 Average count)
Qiymət ver:
Əfsanə Həsənova ah***@gmail.com ID: 4889
Salam. Sabunçu rayonu, İvan Anaşkin 27 ünvanında yerləşən Bizim market (Rusif) vergi ödəyicisidirmi?
07/07/2021 Read: 101 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Həmçinin, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.

4/5 (4 Average count)
Qiymət ver:
Fərid Bədəlov Faiq Be***@mail.ru ID: 4887
Salam. Mənim cin nömrəm işləmir. Mən də o nömrə ilə "edvgerial"da qeydiyyatdan keçmişəm. İndi də o pulu nə çıxara bilirəm, nə də istifadə edə bilirəm. İşləməyən nömrəyə təsdiq üçün sms yollayır, o nömrə də yoxdur.
07/07/2021 Read: 51 Average count: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı, aidiyyəti üzrə müştərisi olduğunuz müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Elman Qasımov Əhməd oğlu el***@ateshgah.com ID: 4882
İşçinin əmək müqaviləsi üzrə aylıq əmək haqqısı 1000 manat təşkil edir. Yığım sığortası müqaviləsi bağlanmış və sığortaçıya 610 manat (+22% 110 manat) ödəniş olunur. Qeyd olunan 110 manat məbləğ işçinin gəlirlərində daxil edilir və qanunvericiliyə əsasən həyatın yığım sığortası üzrə 50% yəni 555 manat mdss və vergi üzrə güzəşt tətbiq olunur. Qanunvericiliyə əsasən əməyin ödəniş fonduna daxil olan gəlirlər və əmək haqqının tərkibinə daxil olmayan gəlirlər müəyyənləşdirilmişdir. Sosial və kompensasiya xarakterli ödənişlər əmək haqqı fonduna daxil olmayan gəlirlər kimi təsnif edilmişdir. Fikrimizcə işçinin xeyrinə qarşı tərəfə ödənilən 110 manat mdss haqqı məbləği əmək haqqının tərkibinə daxil olmayan gəlirlərə aiddir, işsizlik sığortası və icbari tibbi sığorta haqqlarına cəlb edilməməlidir. Sizdən xahiş olunur ki, əməkhaqqının tərkibinə daxil olmayan sosial və kompensasiya xarakterli ödənişlərin siyahısının geniş açıqlamasını qeyd edərdiniz. Sualım belədir; yuxarıda qeyd olunan işçinin xeyrinə qarşı tərəfə ödənilən 110 manat mdss haqqı məbləği işsizlik sığortası və icbari tibbi sığorta haqqlarına cəlb edilməlidirmi?
06/07/2021 Read: 267 Average count: 0

Bildiririk ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Misal:

Dövlət sektorunda çalışan işçinin aylıq vergiyə və sosial sığorta haqqına cəlb olunan gəliri – 1000 manat

Həyatın yığım sığortasına yönəldilən məbləğ – 500 manat

İşəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilən sosial sığorta haqqından azad olan sosial sığorta məbləği – 110 manat (500*22%)

Bu halda işinin aylıq gəliri 1110 manat təşkil edir (1000 manat əmək haqqı+işəgötürənin sığortaçıya ödədiyi 110) manat. İşəgötürən işçinin əməkhaqqından 610 manat məbləğ həyatın yığım sığortasına köçürdüyü halda yalnız 555 manat məbləğ vergi və sosial sığorta haqlarından azad olacaqdır. Qalan məbləğ isə vergiyə və sosial sığorta haqlarına cəlb ediləcəkdir.

Bunlardan əlavə, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

İşsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə)  pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır. 

Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Qeyd olunanlara əsasən sığortaedən tərəfindən ödənilən işsizlikdən sığorta haqqı ilə sığortaolunanın ödədiyi işsizlikdən sığorta haqqı məbləğləri fərqli məbləğlər ola bilər.

Həmçinin bildiririk ki, əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər sığortaedən nə sığortaolunan üzrə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunan gəlirlərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 109.3-cü və Əmək Məcəlləsinin 157-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Ramin Qəhrəmanov ra***@gmail.com ID: 4881
Salam, hər vaxtınız xeyir. Bu gün e-sosial portalından özümə dair məlumatları yoxlayarkən Turan-Tay kiçik müəssisəsi tərifindən mənə dair qeydiyyata alınmış əmək müqaviləsinə rast gəldim. Halbuki, mənim bununla əlaqədar heç bir məlumatım yoxdur. Hansı quruma müraciət etməliyəm?
06/07/2021 Read: 94 Average count: 5

Qüvvədə olan əmək müqavilələri haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142,www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

 

5/5 (2 Average count)
Qiymət ver:
Ilham Əliyev Oktay oğlu mr***@mail.ru ID: 4876
Salam. Xarici şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyinə kapital xarakterli (nümayəndəliyin xərclərinin qarşılamaq üçün) ödədidiyi ödənişlər hansı vergilərə cəlb olunur? Qeyd nümayəndəlik Azərbaycan Respublikasından gəlir əldə etmir.
04/07/2021 Read: 125 Average count: 5

Bildiririk ki, qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və baş ofisin tapşırıqlarını yerinə yetirməklə fəaliyyət göstərdiyi halda həmin nümayəndəlik vergi orqanında mənfəət vergisinin ödəyicisi kimi qeydiyyata alınmalıdır. Bu zaman baş ofisdən göndərilən saxlanma xərcləri ilə sənədlərlə rəsmiləşdirilmiş xərclər arasındakı fərq mənfəət vergisinə cəlb edilir.
Qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən gəlir və xərclərinin uçotu aparılmadıqda və ya qeyri-rezidentin daimi nümayəndəliyi vasitəsilə əldə etdiyi gəlirini birbaşa müəyyən etmək mümkün olmadığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq nümayəndəliyin xərclərinin maliyyələşdirilməsi ilə bağlı baş ofis tərəfindən köçürülən məbləğ üzrə şərti rentabellik norması əsasında müəyyən edilmiş vergitutma obyektindən mənfəət vergisi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 104-cü, 108-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”

5/5 (3 Average count)
Qiymət ver: