Cavab 1. Bildiririk ki, Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarına (bundan sonra - Qaydalar) uyğun olaraq müraciət olunan DTA-03 və DTA-05 Ərizə formaları və onlara əlavə olaraq təqdim olunan sənədlərlə bağlı “İzahedici Mövqe”-yə 08.04.2021 tarixində dəyişiklik edilmişdir. Həmin dəyişikliklərə əsasən, DTA-03 və DTA-05 formaları üzrə qeyri-rezidentlər tərəfindən təqdim olunan rezidentlik sertifikatını müvafiq qaydada həmin sertifikatı təqdim edən müvafiq qurumun rəsmi internet səhifəsindən yoxlamaq imkanı olduğu təqdirdə (QR kod, identifikasiya nömrəsi), həmin sertifikatlar gerbli möhür və ya apostil və ya leqallaşdırma və Azərbaycan dilinə müvafiq tərcümə olmadan vergi orqanları tərəfindən tanınır.
Cavab 2. Qaydaların 8.6-cı bəndinə əsasən, DTA-05 forması üçün qeyri-rezidentin rezident olduğu dövlətin vergi orqanları tərəfindən təsdiq edilmiş rezidentlik sertifikatı vergilərin artıq ödənildiyi dövrü əhatə etməlidir. Təqdim olunan nümunəyə əsasən, qeyd etmək istərdik ki, qeyri-rezident təşkilat 2016-2020-ci illərdə Azərbaycan mənbəyindən əldə etdiyi gəlirə münasibətdə tətbiq olunan vergiləri geri qaytarmaq istəyirsə, Azərbaycan Respublikası ilə həmin ölkə arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişə əsasən həmin dövrlər üçün (vergilər artıq ödənildiyi) onların müvafiq vergi qurumlarından rezident olduğu barədə sertifikatları təqdim etməsi məqsədəmüvafiq hesab olunur.
Bildiririk ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. Qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədiyi halda, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz.
Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilmişdir:
Birinci proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı, İkinci proqram isə, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı olmuşdur. Hazırda maliyyə dəstəyinin təqdim olunması nəzərdə tutulmamışdır.
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.
Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər.
Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.
Eyni zamanda bildiririk ki, icbari tibbi sığorta üzrə sığorta haqları şəxsin fəaliyyəti üzrə gəlir əldə etmədiyi dövrlər üzrə hesablanmır.
Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci və 15-10-cu maddələri.
Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, müvafiq arayış vergi orqanına həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq təqdim edilməlidir.
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə əvvəlki ərizəsində qeyd olunan fəaliyyətinin bərpa ediləcəyi tarix ilə növbəti ərizəsində qeyd olunan fəaliyyətinin dayandırılması tarixi arasında müddət fərqi olduqda, fəaliyyətinin aktivləşdiyi dövr üzrə müəyyən edilmiş müddətdən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.
Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.
Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 57.1-ci maddələri.
Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir.
Belə ki, Qaydaların 2-ci bəndinin müddəalarına əsasən satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi, istehlakçı isə satıcıdan malı alan fiziki şəxsdir.
Eyni zamanda Qaydaların 4-cü bəndinin müddəalarına əsasən ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı xüsusi portal üzərindən qeydiyyatdan keçir və bu zaman istehlakçı üçün elektron kabinet yaradılır.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".
Bildiririk ki, müəssisəyə təsisçi tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər.
Hüquqi şəxsin təsisçisi tərəfindən pul vəsaiti əvəzsiz olaraq hüquqi şəxsə verildikdə, bu zaman həmin pul vəsaitləri hüquqi şəxsin gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək müvafiq qaydada vergiyə cəlb olunmalıdır.
Hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldığından təsərrüfat əqdləri həmin şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Nizamnamə kapitalına pul qoyuluşu hər iki tərəfdə (təsisçi və təsis olunan hüquqi şəxsdə) vergi öhdəliyi yaratmır.
Əsas: Vergi Məcəlləsinin 14.3-cü, 18-ci, 58.7-1-ci, 110-cu, 123.1-ci 150-ci maddələri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.
Bildiririk ki, İqtisadiyyat Nazirliyi tərəfindən vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı vergi ödəyicilərindən daxil olan təkliflər ümumiləşdirilir və həmin təkliflərə ölkədə aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq baxılır.
Bununla bağlı müraciətlərinizi səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
Cavab 1. Bildiririk ki, vergi ödəyicisinin vergi borcunun ödənilməsi ilə bağlı pulun hər hansı mənbədən ödənilməsi ilə bağlı tələb vergi qanunvericilyində nəzərdə tutulmamışdır. Bununla belə, vergi ödəyicisinin vergi borcunun kənar şəxs tərəfindən ödənilməsi vergi ödəyicisinin satışdankənar gəliri hesab oluna bilər.
Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci maddəsi.
Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.
Əsas: Vergi Məcəlləsinin 72-ci maddəsi.
Cavab 3. Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllə, maddə 739.2).
Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).
Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).
Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.
Cavab 4. Bildiririk ki, mənfəət vergisi üzrə bəyannamənin təqdim edilməsi və yekun verginin ödənilməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq həyata keçirilməlidir. Vergi borcunuzun yaranması səbəbi haqda ətraflı məlumatı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edərək əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 149-cu və 152-ci maddələri.
Bildiririk ki, 2021-ci ildən əvvəlki illər üzrə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada ödənilən kompensasiya məbləğləri (pul əvəzi) əmək haqqının tərkibinə daxil olmaqla icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb edilir.
Belə ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.
Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək haqqının tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddənin üçüncü hissəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
Bununla yanaşı, işçiyə məzuniyyət vaxtı üçün ödənilən ödəncin əmək haqqı olduğu (orta əmək haqqı), habelə müəyyən səbəblərdən işçi məzuniyyətdən istifadə etmədikdə istifadə edilməmiş məzuniyyətə görə işçiyə pul əvəzinin (kompensasiyanın) ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsində təsbit edilmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 140-cı maddəsinin dördüncü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu və Əmək Məcəlləsinin 140-cı, 154-cü maddələri.
"Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)" təqdim edildikdən sonra "Göndərdiklərim" bölməsinə daxil olaraq hesabatda qeyd olunan məlumatları kompüterinizə endirə və çap edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Sorğunuzda qeyd olunan halın araşdırılması üçün, müraciətinizi Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə və ya elektron qaydada səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
Bildiririk ki, müraciətinizdə qeyd olunanlara əsasən 2021-ci ilin 2-ci rübü ərzində qeydiyyata alındığınız üçün tərəfinizdən 2021-ci ilin birinci rübü üçün bəyannamənin təqdim edilməsi tələb olunmur.
Belə ki, sadələşdirilmiş vergi ödəyiciləri vergi bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidir və sizin tərəfinizdən 2-ci rüb üzrə sadələşdirilmiş vergi bəyannaməsi 2021-ci il iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
Bildiririk ki, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüququ hesab olunur. Bu hüquqdan istifadə edilən zaman kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam verilir.
Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.
Sərəncamın geri qaytarılması haqda məlumatı qeydiyyatda olduğunuz vergi orqanına elektron kabinetiniz vasitəsilə sərbəst ərizə ilə müraciət edərək əldə edə bilərsiniz.
Müraciətinizlə bağlı əratflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 23.1.7-ci, 60-cı və 65-ci maddələri.
Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrini (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) həyata keçirən şəxslərə Vergi Məcəlləsinin XVIII fəslinin müddəaları şamil edilir.
Eyni zamanda Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.
Bildiririk ki, vergi ödəyicisinin fəaliyyətinin pandemiyadan zərər çəkən fəaliyyət sahələrinə adi edilib-edilməməsinin faktiki uçot məlumatları əsasında müəyyən edilməsi üçün aidiyyəti sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 222-ci və 224-cü maddələri.
Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar.
Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyiciləri kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.
Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergi ödəyicisinin vergisi 1 ədəd nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.
“Sosial sığorta haqqında” Qanuna əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 30 manat sosial sığorta haqqı ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci, 221-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.
Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul elan edildikdə müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı “İşə qəbul” bölməsinin müvafiq altbölməsində yerləşdirilmişdir (https://www.taxes.gov.az/az/page/ise-qebul).
Saytımızda yerləşdirilən ədəbiyyat siyahısı dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunacaq 100 test tapşırığından 80-ni əhatə edir.
Müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunan 100 test tapşırığının 20-ni məntiqi təfəkkürün müəyyən edilməsi istiqamətində tapşırıqlar təşkil edir və bununla bağlı əlavə məlumat üçün Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərsiniz.
Sığortaolunanın fərdi uçota alınması və uçotdan çıxarılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və ya "DOST" mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.