Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vəzifəsi yalnız pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə aid edilir.
Mehmanxanalar tərəfindən göstərilən xidmətin müqabilində əhali ilə pul hesablaşmaları aparılan zaman müştəridən qəbul edilən pul vəsaitinin müqabilində onlara ciddi hesabat blankı olan qəbz təqdim edilir
Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci və 16.1.9-cu maddələri.
Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.
Bunlarla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.
Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.
Bildiririk ki, banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar.
Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir. Vergi orqanı bank idarəsindən göstərilən bildirişi aldıqdan sonra bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətində həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.
Məlumat üçün bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.
Əsas: Vergi Məcəlləsinin 35-ci maddəsi, Vergilər Nazirliyinin Kollegiyasının 27 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament.
Bildiririk ki, vergi qanunvericiliyinin müddəalarına əsasən fiziki şəxs tərəfindən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin təqdim edilməsi zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergi notarius tərəfindən həmin əmlakları təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.
Fiziki şəxsin 3 (üç) ildən az müddətə qeydiyyatda olduğu yaşayış sahəsinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində Vergi Məcəlləsinin 220.8-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yaşayış evini satan şəxs 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda həmin yaşayış evinin satışı sadələşdirilmiş vergidən azaddır.
Bunlardan əlavə fiziki şəxs tərəfindən torpaq sahəsinin təqdim edilməsi zamanı notarius tərəfindən fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələrinin hər kvadrat metri üçün 0,5 manat məbləğinə torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar (Ağdaş rayonunda yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5 əmsal) tətbiq edilməklə ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.
Digər tərəfdən yaşayış evinin və torpaq sahəsinin ailə üzvünə hədiyyə verilməsi (bağışlanması) vergidən azaddır. Vergi ödəyicisinin ailə üzvlərinin siyahısı Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində göstərilir.
Vergi Məcəlləsinin 220.8-ci maddəsinin müddəalarına əsasən yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş vergi təqdim edilən yaşayış sahəsinin hər kvadrat metri üçün 15 manat, Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin isə hər kvadrat metri üçün 0,5 manat məbləğinə yaşayış və ya torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanır.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 150-ci, 218-ci, 218-1-ci və 220-ci maddələri.
Bildiririk ki, mülki-hüquqi xarakterli müqavilə ilə xidmət göstərən şəxs vergi orqanında uçotda olmadığı halda, gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz məbləğində sosial sığorta haqqı tutularaq büdcəyə ödənilməlidir.
Eyni zamanda, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu halda icbari tibbi sığorta haqqı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən tutularaq ödənilməli və hesabat təqdim olunmalıdır.
Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-3-cü, 150.1.7-ci maddələri, "Sosial sığorta haqqında" və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunları.
Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinin müddəalarına əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.
Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
Vergi Məcəlləsinin 99-cu maddəsinin müddəalarına əsasən dividend gəlirlər fiziki şəxsin qeyri-sahibkarlıqdan gəlirlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulur.
Bu zaman rezident fiziki şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.
Vergi Məcəlləsinin 149.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 97-ci, 99-cu, 101-ci, 102-ci, 127-ci və 149-cu maddələri.
Topdansatış ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən həyata keçirilir.
Həmin qaydalara əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir.
Eyni zamanda bildirirk ki, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur
Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.
Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.
Həmçinin məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirir.
Eyni zamanda, yeni “Asan İmza” sertifikatlarının alınmasi üçün mobil operatordan Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə qabaqcadan onlayn növbə tutmaqla müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.
Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.
Eyni zamanda ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edildiyindən sorğunuzda qeyd olunan halda əməliyyatların dəyərinə ƏDV hesablanacaq.
Əsas: Vergi Məcəlləsinin 159.1-ci, 161-ci maddələri.
Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Müvafiq olaraq hər hansı təsdiqedici sənəd olmadan aparılan ödənişin xərc kimi qəbul olunmamasına əsas verir.
Əlavə olaraq bildiririk ki, korporativ kartın bağlı olduğu hesaba nəzarət edən bank tərəfindən ödənişi təsdiq edən sənəd (sənədlər) təqdim edildikdə, habelə reklamın göstərilməsi müvafiq materiallarla (misal olaraq, reklamın internet resursda verildiyini təsdqiləyən görüntü, elektron qaydada göndərilən invoyslar, xidmətlərin haqqının ödənildiyini təsdiq edən bildirişlərin ekran görüntüləri və s.) təsdiq olunduqda, kart vasitəsi ilə qeyri-rezidentə edilən ödəniş xərc kimi nəzərə alına bilər.
Əlavə olaraq xatırladırıq ki, qeyri-rezidentin elektron qaydada göstərdiyi xidmət ƏDV-nin və ödəmə mənbəyində tutulan verginin vergitutma obyektini yaradır.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 108-ci, 130.1-ci, 125-ci və 169-cu maddələri.
Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Müraciəti qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməlisiniz.
Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".
Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.
Qeyd olunanlara əsasən qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmətdən imtina olunduğu və qeyri-rezidentə ödənilmiş məbləğ tamamilə geri qaytarıldığı halda həmin əməliyyata görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılır. ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.
Bildiririk ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən hazırlanan məhsulların vasitəçi şirkət vasitəsilə əhaliyə təqdim edilməsi zamanı həmin məhsullar vasitəçi şirkətin nümayəndəsinə təhvil verilən zaman təqdim edilmiş malların dəyərinə nəzarət-kassa aparatının çeki verilir.
Eyni zamanda cəmiyyətiniz tərəfindən agent şirkətə təhvil verilən mallara görə Vergi Məcəlləsinin 71-1.5.4-cü maddəsinə uyğun olaraq malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə elektron qaimə-faktura təqdim edilə bilər.
Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda malların dəyərinin vasitəçi şirkət tərəfindən bank hesabınıza köçürüldüyünü nəzərə alaraq nəzarət-kassa aparatına mədaxil edilən məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün vasitəçi şirkətdən bank hesabınıza daxil olmuş vəsaitlər barədə vergi orqanına məlumat verməyiniz tövsiyə olunur.
Vasitəçi şirkət tərəfindən cəmiyyətinizdən təhvil alınmış malların dəyəri bank hesabınıza ödənilərkən bank ödəniş sənədində ödənişin təyinatı, yəni müştəriyə təqdim edilmək üçün alınmış malların dəyərinin ödənilməsi göstərilməlidir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci maddələri.
Bildiririk ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək “Fiziki şəxsin uçotu haqqında ərizə” və həmin ərizəyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin sürəti ilə yaşadığı yer üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alına bilər.
Eyni zamanda, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini mülkiyyətində və ya icarəsində olan təsərrüfat subyekti vasitəsilə həyata keçirdiyi halda həmin obyekt olduğu ünvan üzrə vergi orqanında uçota alınmalıdır.
Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.
Bildiririk ki, Vergi Məcəlləsinin 114.3.6-cı maddəsində istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə illik amortizasiya ayırmalarının hesablanması müəyyən edilmişdir.
Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
Vergi Məcəlləsinin 72.5-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.
Qeyd olunanlara əsasən sorğuda göstərilən halda vergi hesabatı dövrü qurtardıqdan sonra əvvəlki hesabat dövrləri üzrə qeyri-maddi aktivə hesablanmamış amortizasiya ayırmaları vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə uyğun olaraq hesablanaraq səyyar vergi yoxlamasının başlandığı günədək dəqiqləşdirilmiş hesabat təqdim edilə bilər.
Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 72-ci, 85-ci və 114-cü maddələri.
Bildiririk ki, əvvəlki illər üçün məhkəmə qərarına əsasən məcburi işburaxmaya görə ödənilən əmək haqları, habelə 2021-ci ildən əvvəlki illər üzrə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada ödənilən kompensasiya məbləğləri (pul əvəzi) əmək haqqının tərkibinə daxil olmaqla icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb edilir.
Belə ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.
Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək haqqının tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddənin üçüncü hissəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
Bununla yanaşı, işçiyə məzuniyyət vaxtı üçün ödənilən ödəncin əmək haqqı olduğu (orta əmək haqqı), habelə müəyyən səbəblərdən işçi məzuniyyətdən istifadə etmədikdə istifadə edilməmiş məzuniyyətə görə işçiyə pul əvəzinin (kompensasiyanın) ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsində təsbit edilmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 140-cı maddəsinin dördüncü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu və Əmək Məcəlləsinin 140-cı, 154-cü maddələri.
Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.
Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.
Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0
Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.
Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.
Belə ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq vergi məbləğinin cari il üçün bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsi barədə tədiyə bildirişini verilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.
Bildiririk ki, ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın aparıldığı vaxt Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 01.01.2020-ci il tarixədək qüvvədə olan 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.
Eyni zamanda Vergi Məcəlləsinin 166.2-ci maddəsinin 2019-cu ildə qüvvədə olan redaksiyasına əsasən ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.
Qeyd olunanlara əsasən sorğuda göstərilən halda təqdim ediləcək mallara görə avans qaydasında ƏDV depozit hesabına ödənilmiş məbləğlər üzrə ƏDV-nin hesablanması qanununvericilikdə nəzərdə tutulmadığından mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur .
Məlumat üçün bildiririk ki, 01.01.2020-ci il tarixdən etibarən təqdim edilən mallar (işlər və xidmətlər) görə ƏDV tutulan əməliyyatın vaxtı həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi vaxtla müəyyən olunur.
Əsas: Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan 166-cı maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azaddır.
Eyni zamanda Vergi Məcəlləsində kənd təsərrüfatı təyinatlı qurğuların quraşdırılması xidmətlərinin ƏDV-dən azad olması nəzərdə tutulmur. Buna əsasən ƏDV ödəyicisi tərəfindən göstərilən quraşdırma xidmətlərinin tam dəyərinə (quraşdırma ilə bağlı çəkilən xərclər daxil olmaqla formalaşan dəyər daxil olmaqla) 18 faiz dərəcə ilə ƏDV tətbiq edilir.
Bunlarla yanaşı bilavasitə kənd təsərrüfatı təyinatlı qurğuların quraşdırılması həmin malların satıcıları tərəfindən həyata keçirildikdə bu zaman quraşdrma xidmətlərinin dəyəri satılan malların dəyərinə aid edilir.
Əlavə olaraq bildirirk ki, istixanaların quraşdırlmasında istifadə olunan metal konstruksiyalardan və digər materiallardan ibarət qurğuların bilavasitə kənd təsərrüfatlı təyinatlı olması ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 164-cü və 171-ci maddələri.