Fiziki şəxslər və bələdiyyə müəssisələri özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmalıdırlar.
Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət torpaqlarının özəlləşdirilməsi, bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı və ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır.
Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır və bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.
Eyni zamanda, vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
Əlavə olaraq qeyd etmək istərdik ki, "Sual-Cavab” rubrikasına daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin ünvanına və ya elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 85.4-cü, 203-cü, 205-ci maddələri.