Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi

  1. Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi hansı sahibkarlara aiddir?

Dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini həyata keçirir.

  1. Pandemiyadan zərər çəkən sahələr hansılardır?

Pandemiyadan zərər çəkmiş 4 böyük sektor üzrə aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilib.

  • Sənaye sektoru üzrə:

  • İstehsal sektoru (ərzaq, dərman, tütün və içki istehsalı istisna olunmaqla).

  • Ticarət sektoru üzrə:

  • Topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olunmaqla);

  • Turizm, ictimai iaşə və digər xidmətlər sektoru:

  • Yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;

  • Turoperator və turagent fəaliyyəti;

  • Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq məhsullarının daşınması və (və ya) çatdırılması xidmətləri;

  • İctimai iaşə fəaliyyəti;

  • Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

  • İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;

  • Hazırlıq (tədris) və ixtisasartırma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərin fəaliyyəti;

  • Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti;

  • Özəl təhsil müəssisələri (o cümlədən uşaq bağçaları);

  • Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri.

  • Nəqliyyat sektoru:

  • Ölkədaxili yük və sərnişindaşıma (o cümlədən taksi ilə) fəaliyyəti.

Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatı ilə ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://www.e-taxes.gov.az/new/downloads/Fealiyyet_kodlari_pandemiya_yeni.xlsx

  1. Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyindən faydalanmaq üçün sahibkar müraciəti haradan etməlidir?

“Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə məlumat qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetinə də göndərilir. Vergi ödəyiciləri müraciəti İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etməlidirlər. Bunun üçün elektron kabinetdə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” altbölməsinə daxil olmaqla buradakı müvafiq altbölmədəki müraciət forması elektron qaydada doldurulmalıdır. Müraciətin tərtib olunması qaydaları ilə bağlı hazırlanmış videotəlimatla İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində (www.economy.gov.az) və Nazirliyin sosial şəbəkə səhifələrində (YoutubeFacebookInstagram) tanış olmaq mümkündür.

  1. Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyini əldə etmək üçün sahibkardan hansı məlumatların verilməsi tələb olunur?

Müraciət formasında vergi ödəyicisinin reyestr məlumatları - vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayı - avtomatik əks etdirilir. Sahibkarlar müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, bu fəaliyyət sahələri üzrə 1 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısını, vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı barədə əlavə məlumatları onlayn qaydada doldurmalıdırlar.

  1. Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyini əldə etmək üçün sahibkarın göndərdiyi müraciətdəki məlumatlar yoxlanılacaqmı?

Məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Vergi ödəyicisi məlumatların səhih verildiyinə, vergi orqanlarına təqdim etdiyi hesabatlardakı göstəricilərdən fərqli olmamasına diqqət yetirməlidir. Müraciətin yoxlanılması zamanı sistem vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməsini, müraciət tarixinə işçi sayında azalmaların olmamasını, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi halları yoxlayacaq. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir.

  1. Əgər məlumatlarda uyğunsuzluq aşkarlanarsa, bunu düzəltmək imkanı olacaqmı?

Vergi ödəyicisinə uçot məlumatları üzrə uyğunsuzluğu aradan qaldırmaq və şəxsi kabineti vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.

  1. Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyi sahibkarlara hansı şəkildə ödəniləcək?

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

  1. Sahibkar bu vəsaitləri digər təxirəsalınmaz zəruri xərclərinə yönəldə bilərmi?

Dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.

  1. Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi göstərilərkən hansı meyar əsas götürüləcək?

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə 2020-ci ilin yanvar ayına olan orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülür.

  1. Əgər işçilər orta aylıq əməkhaqqından daha çox maaş alırsa, onlara hansı məbləğ ödəniləcək?

Müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

Misal

Vergi ödəyicisinin 10 işçisi var. Onlardan 6-sının əməkhaqqı 600 manat, 4-ünün isə 1200 manatdır. Bu halda, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizminə əsasən:

- 600 manat əməkhaqqı alan şəxslər üçün: həmin vəsait iki bərabər hissəyə bölünür, 300 manatı aprel, 300 manatı may ayında ödənilir.

- 1200 manat əməkhaqqı alan şəxslər üçün: ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi – 712 manat əsas götürülür və iki bərabər hissəyə bölünür. Həmin şəxslərə 356 manat aprel, 356 manat da may ayında ödənilir.

  1. Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi çərçivəsində, əmək haqlarına hesablanmış sosial sığorta ayırmaları da qarşılanacaqmı?

Dövlət maliyyə dəstəyi muzdlu işçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsinin də vergi ödəyicilərinin bank hesablarına köçürülməsini nəzərdə tutur.

  1. Vergi ödəyicisinin ərzaq dükanı var və 2019-cu ildən etibarən 2 faiz sadələşdirilmiş vergi rejimində işləyir. Eyni zamanda, mağazada 2 işçi də çalışır. Belə olan halda sahibkar maliyyə dəstəyi ala bilərmi?

Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş fərdi (mikro) sahibkarlara şamil edildiyi üçün belə vergi ödəyiciləri fərdi sahibkar kimi maliyyə dəstəyi üçün müraciət edə bilərlər. 
Lakin ərzaq məhsullarının satışı bir fəaliyyət istiqaməti olaraq pandemiyadan zərər çəkən sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil olmadığı üçün həmin sahibkar muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üzrə proqramda iştirak etmək hüququna malik deyil..

  1. Şəxsi kabinetdə ərizələrin siyahısından əməkhaqqı üçün maliyyə dəstəyi ərizəsini necə tapmaq olar?

Pandemiyadan zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyi əldə etmək üçün aşağıda qeyd olunan keçid yolu vasitəsilə müraciət təqdim edə bilərsiniz:
Giriş > "Onlayn kargüzarlıq və e-VHF" bölməsi > Yeni müraciət > Müraciətin növü - Ərizə > Sənədin növü -"Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət".

  1. Muzdlu işçi sahibkarın əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyi alıb-almadığını necə öyrənə bilər? Əgər sahibkar maliyyə dəstəyi aldığı təqdirdə əmək haqlarını ödəməsə, bu halda işçi hansı addımlar ata bilər?

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat və Vergilər nazirliklərinin rəsmi internet saytlarında yerləşdirilir və hər gün yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər.

  1. Maliyyə dəstəyi ilə bağlı müraciətə vergi orqanları tərəfindən imtina verildikdə, bu barədə bildiriş göndərilirmi?

Vergi ödəyicilərinin müraciəti sistem tərəfindən avtomatik yoxlanılır, uyğunsuzluq aşkar edildikdə, bu haqda ekranda bildiriş əks olunur. Vergi ödəycisinin təqdim etdiyi məlumatlarda müraciətin emalı zamanı doğru olmayan məlumat aşkar edildikdə isə, vergi ödəyicisinə məlumatların dəqiqləşdirilməsi üçün bildiriş göndərilir.

  1. Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi göstərilərkən növbəti ay da vergi orqanına müraciət etmək tələb olunurmu?

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir və bunun üçün vergi ödəyicisinin növbəti ay üçün müraciət etməsi tələb olunmur.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi
  1. Maliyyə dəstəyinin göstərilməsi zərər çəkən fərdi sahibkarların hamısına aiddirmi?

Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş fərdi (mikro) sahibkarlara şamil edilir.

  1. Maliyyə dəstəyi fərdi sahibkarlara necə çatdırılacaq?

Dövlət büdcəsindən ayrılan vəsaitlər fərdi sahibkarların bank hesablarına köçürüləcək.

  1. Fərdi sahibkarlar maliyyə dəstəyindən faydalanmaq üçün müraciəti haradan etməlidir?

Vergi ödəyiciləri İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) şəxsi elektron kabinetlərində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” altbölməsinə daxil olaraq elektron qaydada müraciət formasını doldurmalıdırlar. Müraciətin tərtib olunması qaydaları ilə bağlı hazırlanmış videotəlimatla İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində (www.economy.gov.az) və Nazirliyin sosial şəbəkə səhifələrində (YoutubeFacebookInstagram) tanış olmaq mümkündür.

  1. Maliyyə dəstəyini əldə etmək üçün müraciət etdiyi zaman fərdi sahibkarlardan hansı məlumatların verilməsi tələb olunur?

Müraciət formasında reyestr məlumatları – vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər - avtomatik əks etdirilir. Sahibkarlar müraciətlərində öz vergi rejimi barədə məlumatları (2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması, yaxud gəlir vergisi mükəlləfiyyəti olması), habelə vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabını göstərməlidirlər.

  1. Maliyyə dəstəyini əldə etmək üçün fərdi sahibkarın etdiyi müraciətdəki məlumatlar necə yoxlanılacaq və yanlışlıq olduğu halda bunu düzəltmək imkanı olacaqmı?

Fərdi (mikro) sahibkarların verdiyi məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Müraciətin yoxlanılması zamanı vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması ilə bağlı uyğunsuzluqların olub-olmaması araşdırılır. Əgər uçot məlumatlarında uyğunsuzluq aşkar edilərsə, bu halda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı verilir.

  1. Maliyyə dəstəyinin göstərilməsi anına sahibkarın dövlət büdcəsinə borcu olarsa, ona ödənilən vəsait borca silinə bilərmi?

Pandemiyadan zərər çəkmiş vergi ödəyicilərinə göstəriən maliyyə dəstəyi üzrə ödənilmiş vəsaitlər digər borclara görə silinməyəcək. Vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin ediləcək.

  1. Fərdi sahibkarlara dövlət maliyyə dəstəyinin minimal həddi varmı?

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi mexanizmi çərçivəsində göstərilən maliyyə dəstəyinin minimum həddi 250, maksimum həddi 5000 manatdır. Əgər fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olarsa, ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.

Misal: Fərdi sahibkarın ötən il ərzində ödədiyi vergilərin məbləği 180 manat təşkil edir. Bu halda fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində vergi ödəyicisinə 250 manat məbləğində ödəniş həyata keçiriləcək.

  1. Vergi qeydiyyatına durmaqla fərdi sahibkarlar üçün maliyyə dəstəyi proqramından faydalanmaq üçün müraciət etmək olarmı? 

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı 2019-cu il ərzində vergi, sosial sığorta və işsizlikdən sığorta haqqı ödəmiş vergi ödəyicilərinə aid edildiyi üçün yeni vergi qeydiyyatına durmaq maliyyə dəstəyi almaq məqsədilə müraciət etmək hüququ vermir. 

  1. Sahibkarların maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərinin nəticəsi nə zaman bilinəcək? 

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlər sistem tərəfindən avtomatik yoxlanılır və uyğunsuzluq aşkar edilmədiyi halda müraciət qəbul edilir. Müraciətin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicisinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetinə və SMS şəklində mobil telefonuna göndərilir.

  1. Vergi ödəyicisinin VÖEN-ə bağlı olmayan bank hesabı mövcuddur. Maliyyə dəstəyi çərçivəsində sahibkara ödəniləcək vəsaitin həmin hesaba köçürülməsi mümkündürmü?

Maliyyə dəstəyi çərçivəsində ayrılmış vəsaitlər yalnız vergi ödəyicisinin VÖEN-lə əlaqəli olan bank hesabına köçürülür.

  1. İnternet Vergi İdarəsində şəxsiyyət vəsiqəsinin FIN kodu üçün nəzərdə tutulan bölməyə daxil olub maliyyə dəstəyi müraciəti etmək olarmı?

Xeyr, bu üsul yalnız yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı üçün nəzərdə tutulub. Vergi ödəyiciləri maliyyə dəstəyi üçün müraciəti Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq təqdim etməlidirlər.

  1. Şəxsi kabinetdə ərizələrin siyahısından fərdi sahibkarlar üçün maliyyə dəstəyi ərizəsini necə tapmaq olar?

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi əldə etmək üçün müraciəti aşağıda qeyd olunan keçid yolu vasitəsilə təqdim edə bilərsiniz:
Giriş > "Onlayn kargüzarlıq və e-VHF" bölməsi > Yeni müraciət > Müraciətin növü - Ərizə > Sənədin növü - "Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət".

  1. Vergi ödəyicisi maliyyə dəstəyi üçün meyarlara uyğun gəlir, lakin bank hesabı yoxdur. Vergi və sosial sığorta haqqı üzrə borcu olduğuna görə şəhadətnamə-dublikatın alınması üçün müraciət göndərə bilmir. Bu halda necə müraciət edə bilər?

Bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadığı halda verilir. Vergi ödəyicisinin borcu olduqda, şəhadətnamə-dublikatın verilməsi üçün məhdudiyyətin aradan qaldırılması məqsədilə qeydiyyatda olduğu vergi orqanına və ya Vergilər Nazirliyinə sərbəst ərizə forması ilə müraciət edilməlidir. Şəhadətnamə-dublikatın alınmasına məhdudiyyət götürüldükdən sonra vergi ödəyicisi bank hesabı açılması üçün müraciət edə bilər.

  1. Mənim adıma keçən ildən VÖEN var, vergi ödəməmişəm və müraciət etmək üçün şifrə və parolu itirmişəm. Mən yeni şifrə və parol əldə etsəm, maliyyə dəstəyi ala bilərəmmi?

Fərdi sahibkarlar üçün maliyyə dəstəyi 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir. Bu səbəbdən sizin maliyyə dəstəyi üçün müraciət etmək hüququnuz yoxdur.

  1. Fərdi sahibkarlar üçün maliyyə dəstəyi hər ay ödəniləcək?

Xeyr, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi birdəfəlik ödənişlər formasında həyata keçirilir.


  1. Vergi ödəyicisi VÖEN-ini müvəqqəti dayandırmaq üçün nə etməlidir?

Fəaliyyəti müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim edilməlidir. Arayış və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, fiziki şəxsin fəaliyyəti Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə dayandırıla bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

 

  1. Vergi ödəyicisi VÖEN-ini ləğv etmək üçün nə etməlidir?

Vergi uçotunu ləğv etmək üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edilməlidir. Ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XzZv0w-M_9I

 

  1. Elektron kabinetə daxil olmaq üçün nəzərdə tutulmuş istifadəçi kodu, parol və şifrə unudulduqda, yenisi necə əldə edilə bilər?

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada tərtib olunmalı, poçt vasitəsilə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına göndərilməlidir.

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

 

  1. Hər hansı bir şəxs VÖEN-i olsa da, fəaliyyətini müvəqqəti dayandırıbsa, 190 manat birdəfəlik müavinət ala bilərmi?

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən, fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) vergi ödəyiciləri, yaxud onların əri və ya arvadı işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmənin alınması məqsədilə müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə  müraciət edə bilərlər.

Общая цена: 4/557
Оцените: