Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.
Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan məhsulların satıcısı pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicisi olduğu və təqdim edilən kassa çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verdiyi halda, ƏDV-nin müəyyən edilmiş hissəsi geri qaytarılır.
Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları ilə rastlaşdıqda bu barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”
Bildiririk ki, Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
Bununla yanaşı hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən bank hesablarında olan pul vəsaitləri nağdsız qaydada istifadə olunduğu halda aparılan əməliyyat Vergi Məcəlləsinin 220.12-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilmir.
Eyni zamanda, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan bank hesabından vəsaitin çıxarılmasına görə sadələşdirilmiş vergi tutulmur.
Bununla belə, sorğunuzda qeyd olunan halda vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.
Əsas: Vergi Məcəlləsinin 220.12-ci maddəsi.
Bildiririk ki, əmlakın kirayə verilməsindən əldə olunan gəlirlərdən 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur. Əmlakı kirayəyə götürüb icarə haqqı ödəyən şəxsin VÖEN-i olmadığı halda kirayə verən şəxs vergi orqanında uçota alınaraq VÖEN əldə etməli və əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Bundan əlavə əmlakı kirayə götürən şəxsin VÖEN-i olduğu halda həmin şəxs kirayə verənə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutur və dövlət büdcəsinə köçürür.
Ödənilməli olan vergi məbləğini onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 124-cü və 149-cu maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.
Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Sorğunuzda qeyd olunan halda, müvafiq vergi güzəşti 1 yanvar 2022-ci il tarixdən tətbiq olunmalıdır.
Əsas: Vergi Məcəlləsinin 102.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu.
Bildiririk ki, sorğunuzda qeyd olunan VÖEN 7703215702 Piriyeva Aidə Həbibulla qızına aiddir.
Mobil telefon nömrənizə SMS səhvən gəldiyi halda, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Buna əsasən, vergi ödəyicisinin müflis elan edilmiş bankda hesablaşma hesabında olan pul vəsaitləri ümidsiz borc hesab edilmir və gəlirdən çıxılan xərclərə aid edilmir.
Əsas: Vergi Məcəlləsinin 108-ci. 109-cu və 111-ci maddələri.
Bildiririk ki, kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.
Əsas: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".
Bildiririk ki, sorğuda qeyd olunan halda icarə müqaviləsi üzrə təminat xarakterli alınan, qarşılığında hər hansı bir xidmət göstərilməyən və müqavilə bitdikdən sonra geri qaytarılan depozit məbləğləri ƏDV-nin vergitutma obyektini yaratmadığından həmin məbləğlər üzrə ƏDV hesablanmır.
Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir.
Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Buna əsasən vergi ödəyicisi tərəfindən pərakəndə satış sahəsi bir obyekt kodu üzrə qeydiyyata alınmış ümumi obyektdən ayrılmaqla vergi orqanında ayrıca uçota alınmalı və istehsal olunmuş məhsulların həmin pərakəndə ticarət obyektindən pərakəndə qaydada satışı nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir.
Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi.
Bildiririk ki, rezident tərəfindən xarici elektron pul kisəsindəki vəsaitin rezident bank hesablarına köçürülməsinə görə vergi tutulmur.
Belə ki, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürüldüyü halda əməliyyatı həyata keçirən yerli bank tərəfindən həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində verginin tutulması nəzərdə tutulmuşdur.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 125-ci və 169-cu maddələri.
Bildiririk ki, sorğuda qeyd olunan məsələ ilə bağlı göstərilən xidmətlərin bir müqavilə üzrə vahid tərkibdə olub-olmaması, daşıma xidmətlərinin ayrıca xidmət kimi göstərilib-göstərilməməsinə dair məlumatlar və təsdiqedici sənədlər (müqavilələr, aktlar və s.) ilə birlikdə işin faktiki hallarına dair ətraflı məlumatlar qeyd edilməklə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əlavə olaraq bildiririk ki, daşıma xidmətləri sadələşdirilmiş verginin vergitutma obyekti olduğu halda həmin xidmətlərin göstərilməsi üzrə əməliyyatlar ƏDV-yə cəlb edilmir və həmin xidmətlərə görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.
Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi.
Bildiririk ki, sorğuda qeyd olunan məsələ ilə bağlı əsas vəsaitlərin əldə edilmə mənbəyi, sənədsiz olmasının və Cəmiyyət tərəfindən uçota alınmamasının səbəbləri, o cümlədən əsas vəsaitlərin qiymətləndirilməsi və uçota alınmasına dair sənədlər (aktlar, icarə müqavilələri və s.) ilə birlikdə işin faktiki hallarına dair ətraflı məlumatlar qeyd edilməklə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Birinci sual ilə bağlı bildiririk ki, Vergi məcəlləsinin 143-cü maddəsinin müddəalarına əsasən aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və Vergi Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.
İkinci sualla bağlı bildiririk ki, əsas vəsaitə hesablanmış illik amortizasiyanın onun istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə müvafiq olan hissəsinin gəlirdən çıxılması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.
Buna əsasən əsas vəsaitlər hesabat ili ərzində gəlirin əldə edilməsi məqsədləri üçün istifadə edildiyi halda hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxılan xərclərə aid edilir.
Əsas: Vergi Məcəlləsinin 108-ci və 114-cü maddələri.
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin müddəalarına əsasən, qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.
Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir.
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən, bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasına cəlb olunması "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqlarından azad olunan gəlir növləri sadalanmış və həmin maddənin 12-ci abzasında maddi yardımın sosial sığorta haqqından azad olunduğu göstərilmişdir.
Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı ödəmək öhdəliyi yaranmır.
Əsas: “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 5-ci, 15-ci və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.
Həmçinin bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı,97-ci, 101-ci, 102-ci və 220-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları..
Bildiririk ki, qanunvericiliyə uyğun olaraq hüquqi şəxslər və onların təsisçiləri mülki hüququn ayrı-ayrı subyektləridir.
Sorğuda göstərilən halda fiziki şəxsin əldə etdiyi gəlir xarici hüquqi şəxsdən dividend şəklində əldə etdiyi gəlir hesab edildiyindən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə Azərbaycan Respublikasında vergiyə cəlb edilir.
Bu zaman rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.
Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.
Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğunuz vergi orqanına müvafiq qaydada müraciət etməyiniz tələb olunur.
Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 35-ci, 101.2-ci və 127-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr) haqda məlumat nəzarət-kassa aparatının çeklərində qeyd olunmalıdır.
Sorğunuzda qeyd olunan halda, müvafiq xətanın aradan qaldırılması üçün məhsulu aldığınız satış nöqtəsinə müraciət edə bilərsiniz.
Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı və 50-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
Vergi Məcəlləsinin 33.4-cü maddəsinin müddəalarına əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.
Bu zaman rezident fiziki şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.
Vergi Məcəlləsinin 149.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 97-ci, 99-cu, 101-ci, 102-ci, 127-ci və 149-cu maddələri.
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalar üzrə sadələşdirilmiş vergitutma metodunun tətbiqi ləğv edilmiş və bu şəxslərin vergi öhdəliklərini ƏDV və mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirməsi nəzərdə tutulmuşdur.
Eyni zamanda, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasinin Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri tərəfindən 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır.
Bildiririk ki, iştirak payının təqdim edilməsi üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi fiziki şəxslərə münasibətdə Vergi Məcəlləsinin 96.5-ci maddəsi ilə tənzimlənir.
Qeyd olunan maddənin müddəalarına əsasən iştirak payı əvəzsiz təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq fiziki şəxs olan təsisçilərin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri olmaqla Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.
Eyni zamanda Vergi Məcəlləsinin 102.1.27-ci maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir vergisindən azaddır.
Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.
Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 102-ci, 149-cu maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.