Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.

Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi (sorğunuzda iyun ayı) nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

Общая цена: 0/50
Оцените:

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə rəsmi qaydada Dövlət Vergi Xidmətinə, istehlakçı hüquqlarınızın pozulması ilə bağlı isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.

Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.

Mülki Məcəllənin 96.2-ci maddəsinə əsasən əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir.

Azərbaycan Respublikasının  Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

Mülki Prosessual Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

Qeyd olunanlara əsasən bildiririk ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı hökmən icra olunmalıdır.

Eyni zamanda bildiririk ki, hüquqi şəxsin iştirakçısının hüquqi şəxsdən çıxması ilə əlaqədar reyestrdə müvafiq dəyişikliklərin qeydə alınması üçün ərizə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, hüquqi şəxsin iştirakçısının hüquqi şəxsdən çıxması ilə bağlı nizamnamə kapitalının azaldılması və yeni redaksiyada nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar, yeni redaksiyada nizamnamə, nizamnamə kapitalının azaldılmasını təsdiq edən sənəd (qəbz, kassa məxaric orderi, auditor rəyi və s.), nizamnamə kapitalının azaldılması ilə bağlı qəzetdə dərc olunmuş elan, ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti qeydiyyat orqanına təqdim edilməlidir.

Общая цена: 5/51
Оцените:

Cavab 1. Bildiririk ki, bina tikintisi ilə məşğul olan şəxslər tikilən binalar üzrə gəlirlərin və xərclərinin uçotunun tanınması Vergi Məcəlləsinin 130.6-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Göründüyü kimi qeyd olunan maddədə, vergi ili ərzində yalnız yerinə yetirilmiş işlər (mərhələlər) üzrə xərclərin gəlirdən çıxılması nəzərdə tutulmuşdur. Bu səbəbdən bina tikintisi ilə bağlı çəkilən işçilərin əməkhaqqı xərcləri müvafiq təsdiqedici sənədlər əsasında Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 130-cu maddələri.

Cavab 2-3. Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Qeyd edilənlərə əsasən, hazır məhsulun istehsalına çəkilmiş xərclər, o cümlədən əmək haqları və ona bərabər tutulan ödənişlər, istehsal prosesinə cəlb olunmuş əsas vəsaitlər üzrə amortizasiya ayırmaları həmin məhsulların dəyərini təşkil etdiyindən satılmayan məhsulların növbəti ildə təqdim edilməsi zamanı həmin məhsulların dəyərində olan xərclər təqdim edildiyi ildə gəlirdən çıxılan xərclərə aid edilir.

Bununla yanaşı istehsal prosesi ilə bağlı olmayan xərclər məhsulun maya dəyərinə daxil edilmir və vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 134-cü, 135-ci, 136-cı və 139-cu maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 

Bələdiyyələr tərəfindən hesablanmış əmlak vergisi barədə tədiyə bildirişi hər il avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği 15 avqust və 15 noyabr tarixlərinədək fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 207.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır. Buna əsasən çoxmənzilli binaların altında olan torpaqların torpaq vergisinə cəlb olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci, 199-cu, 200-cü, 205-ci, 206-cı, 207-ci və 208-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq vergi orqanları tərəfindən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.

Həmçinin bildiririk ki, vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Müraciətiniz barədə əlavə məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 24-cü maddəsi və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu.

Общая цена: 5/52
Оцените:

Cavab 1. Bildiririk ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Banklararası kreditlər üzrə faizlərin orta səviyyəsini Mərkəzi Banka müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü maddələri.

Cavab 2. Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitentin investisiya qiymətli kağızları üzrə ödədiyi dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 7 il müddətində gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsində son dəyişikliyə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad olunur.

Qeyd olunanlara əsasən, 2023-cü il fevralın 1-dən etibarən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri istisna olmaqla, fiziki şəxslərin digər faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. 

Əsas: Vergi Məcəlləsinin 102.1.22-ci və 123-cü maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.44-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ƏDV-dən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 164.1.45-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatı ilə əlaqədar UEFA, onu təmsil edən, habelə onun yaratdığı və tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxslər tərəfindən çempionatla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ƏDV-dən azaddır. 

Göründüyü kimi yuxarıda qeyd olunan azadolmalar, yalnız Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatı ilə əlaqədar göstərilən iş və xidmətlər üçün nəzərdə tutulmuşdur. 

Yuxarıda qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçvəsində keçirilən futbol oyunu ilə əlaqədar hüquqi şəxsin icarə haqqından əldə etdiyi gəlirlər ümumi qaydada mənfəət vergisinə və ƏDV-yə cəlb olunur. 

Həmçinin, vergi qanunvericiliyinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Əsas: Vergi Məcəlləsinin 69-cu, 104-cü, 159-cu və 164-cü maddələri. 

Общая цена: 4/52
Оцените:

Bildiririk ki, vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən Vergi Məcəlləsinin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanının hüquqlarına aid edilmişdir.

Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə müvafiq formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 23-cü, 50-ci maddələri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 29.03.2022-ci il tarixli 2217040100192100 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları".

Общая цена: 0/50
Оцените:

Bildiriri ki, Salmanov Saleh Vahid oğlu (VÖEN 1700672182) vergi ödəyicisi kimi uçotdadır. Uçot məlumatları haqda ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

Общая цена: 3/52
Оцените:

Bildiririk ki, "Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə arayış"ı vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək mümkündür. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə  təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

Общая цена: 4/53
Оцените:

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Qeyd olunan halla əlaqədar, hər hansı anlaşılmazlığın yaranmaması üçün qeydiyyatda olduğunuz vergi orqanına izahat məktubu ilə müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin bu fəaliyyətləri ilə bağlı sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından, hüquqi şəxslər tərəfindən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər mənfəət vergisinə cəlb edilir.

Eyni zamanda, hüquqi şəxsin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın ilk 10 günü ərzində həmin vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və göstərdiyi xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 155-ci., 159-cu və 218.5-ci maddələri.

Общая цена: 5/55
Оцените:

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu və borcun yaranma səbəbi ilə bağlı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə də əldə edə bilərsiniz. 

Общая цена: 0/50
Оцените:

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan hesablama qaydası vergi qanunvericiliyinin tələblərinə uyğun hesab edilmir.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi. 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, işçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98.3-cü, 102.1.14.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Buna əsasən əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Bu zaman vergi ödəyicisinin hesabat ili üzrə göstəriciləri mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəldiyi halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu və illik gəliri 200.000 manatdan yuxarı olmadığı halda) həmin şəxs həmin hesabat ili üçün mikro sahibkar hesab olunur və qanunvericiliklə mikro sahibkarlıq subyektləri üçün müəyyən edilmiş vergi güzəştləri həmin şəxslərə münasibətdə tətbiq edilir.

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Göründüyü kimi, şəxsin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmasından asılı olmayaraq hesabat ili üzrə göstəriciləri mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəldiyi halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu və illik gəliri 200.000 manatdan yuxarı olmadığı halda) həmin şəxs mikro sahibkar hesab olunur.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”.

Общая цена: 5/57
Оцените:

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Həmçinin bildiririk ki, "Asan imza" istifadəçisinin müraciəti əsasında sertifikatın qüvvəsinin dayandırılması mümkündür. Bunun üçün istifadəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ASAN Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) şəxsiyyətini təsdiq edən sənədin surətini və "İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi üçün ərizə"  (Əlavə 2) təqdim etməlidir. Ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, ərizəyə etibarnamə əlavə edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqə ilə bağlı məlumat olmadığından, hər hansı məlumatın verilməsi imkan xaricindədir.  

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

Общая цена: 0/50
Оцените: