Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Zakir Qurbanov Əli Əkbər oğlu za***@gmail.com ID: 7427
Salam, bilmək istərdim ki, bir A adlı şirkət təmir işi həyata keçirərkən, digər bir B adlı şirkətin əmlakına zərər vurarsa və o digər B adlı şirkət bu barədə məhkəməyə müraciət edib ziyana görə 8000 manat tələb edərsə, Məhkəmə də B adlı şirkətin lehinə qərar verib, A adlı şirkətin B adlı şirkətə 8000 manat ödəməsini tələb edərsə, A adlı şirkət bu məbləği ödədikdən sonra, bu 8000 manatı gəlirdən çıxılan xərcə sala bilərmi?
23/12/2022 Прочитано: 184 Средняя стоимость: 4

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən X fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmamışdır.

4/5 (3 Средняя стоимость)
Оцените:
Süleyman Rzayev Aslan oğlu Da***@mail.ru ID: 7425
Hüquqi şəxs və ya fərdi sahibkar sadələşdirilmiş vergini ödəməkdən imtina etməklə ƏDV-nin ödəyicisi olmaq üçün hansı hərəkətləri və hansı qaydada həyata keçirilməlidir (prosedur)? Hansı sənədlərlə və hara müraciət etmək olar?
23/12/2022 Прочитано: 147 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 156.1-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Könüllü qeydiyyat zamanı ƏDV məqsədləri üçün qeydiyyat - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə qüvvəyə minir:

ƏDV-nin məqsədləri üçün qeydiyyatın qüvvəyə minmə tarixi Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarix sayılır.

Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə və onun doldurulma qaydası ilə Buradan tanış ola bilərsiniz. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin XI fəsli.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağaşirinov Rəşad Oruc re***@mail.ru ID: 7423
Salam mən dənizdə işləyirəm neft-qaz sektorunda fəhlə. Özümə xəbər saytı açmaq istəyirəm. Hüquqi şəxs kimi aça bilərəmmi? Yeni açılmış saytların 90%-nin iki il ən azı gəliri olmur. Yəni mən xərcləri cibimdən qarşılayıram. Bu halda mənim saytdan gəlirim yoxdursa vergi və DSMF xərclərini ödəməliyəm? Axı gəlirim yoxdur. Bildiyim qədər ayda 57 manat DMSF-yə ödəniş etməliyəm.
22/12/2022 Прочитано: 116 Средняя стоимость: 0

Bildiririk ki, onlayn medianın subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər. 

Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 33-cü maddələri və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bayramov Rasim Vidadi oğlu ba***@gmail.com ID: 7416
ƏDV ödəyicisi olmayan mənfəət və ya gəlir vergisinin ödəyicisi, hansı halda və Vergi Məcəlləsinin hansı maddələrinə əsasən sadələşdirilmiş vergi ödəyicisi ola bilər?
22/12/2022 Прочитано: 193 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.1-ci maddəsi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olan şəxslərin dairəsini müəyyən edir. 

Həmçinin, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (Vergi Məcəlləsinin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.

Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi.

5/5 (4 Средняя стоимость)
Оцените:
Şamiyev Rəsul il***@gmail.com ID: 7413
Mənim atam rəhmətə gedib. Atam 30 min manat vergi verib, amma atam öləndən sonra heç bir yardım ödənməyib. Xahiş olunur, bu məsələyə baxasınız.
22/12/2022 Прочитано: 254 Средняя стоимость: 5

Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin I hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

Eyni zamanda, Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Qeyd olunanlara əsasən, vergi ödəyicisinin vəfat etməsi ilə bağlı hər hansı yardımın göstərilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bununla yanaşı, sosial müavinətlər üzrə məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət edə bilərsiniz.

5/5 (4 Средняя стоимость)
Оцените:
Asif Əmirov Firidun oğlu a.***@prac.az ID: 7045
Salam. Müəssisə incəsənət əsərlərinin sərgisi ilə məşğuldur və əldə etdiyi gəlirlərdən incəsənət əsərlərinin (rəsmlərin) müəlliflərinə müəyyən haqq ödəyir. Sualım ondan ibarətdir ki, müəllifə ödənilən haqq royalti kimi ödəmə mənbəyindən vergiyə cəlb edilməlidirmi və həmçinin ödənilən haqdan ödəmə mənbəyində MDSS (İşsizlikdən sığorta, icbari tibbi sığorta) tutulmalıdırmı? Bundan başqa əgər müəllif vergi orqanında qeydiyyatdan keçmişsə və ona ödənilən haqdan ödəmə mənbəyində MDSS tutulmuşdursa, fərdi sahibkar olaraq Vahid bəyannamə təqdim edərkən təkrar sahibkarlıq fəaliyyəti üzrə minimum əmək haqqının 25 faizi məbləğində MDSS öhdəliyi yaranırmı? Xahiş edirəm ətraflı cavablandırasınız. Öncədən təşəkkür edirəm.
21/12/2022 Прочитано: 248 Средняя стоимость: 5

Bildiririk ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin müddəalarına əsasən “müəllif” dedikdə əsərin yaradıcısı olan fiziki şəxs başa düşülür. Adıçəkilən Qanunun 4-cü maddəsinə əsasən müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə (vergi uçotunda olub-olmamasından asılı olmayaraq) ödənilər haqlardan (müəlliflik qonararlarından) müəssisə tərəfindən “Sosial sığorta haqqında” 14.5.4-cü maddəsinə əsasən hesablanmış məbləğin 15 faizi miqdarında ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqları tutulur. Ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqqı tutulmuş incəsənət əsərlərinin müəllifi tərəfindən həmin ödəmələr üzrə bir daha məcburi dövlət sosial sığorta haqqı öhdəliyi yaranmır.

Bununla yanaşı, incəsənət əsərlərinin istifadə hüququnun verilməsinə görə müəssisə tərəfindən incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə ödənilən haqdan ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Bu halda müəllifin vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmaq öhdəliyi yaranmır. Bu cür ödənişlərdən gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Əlavə olaraq bildiririk ki, incəsənət əsərlərinin müəllifinə ödənilən haqlardan icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 124-cü maddələri, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (2 Средняя стоимость)
Оцените:
Əli Oruclu Ağasəf el***@gmail.com ID: 7101
Mediasiya təşkilatının gəlirləri ədv yə və mənfəətə cəlb edilirmi?
21/12/2022 Прочитано: 270 Средняя стоимость: 5

Bildiririk ki, mediasiya təşkilatına dair tələblər, habelə mediasiya təşkilatı tərəfindən mediasiya fəaliyyətinin həyata keçirilməsinin əsasları “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.

Qeyd olunanlara əsasən mediasiya təşkilatının göstərdiyi mediasiya xidmətlərinə görə alınmış haqlar təşkilatın gəlirlərinə aid edilməklə ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Bununla yanaşı, mediasiya təşkilatı tərəfindən mediasiya xidmətlərinin göstərilməsi qeyri-kommersiya fəaliyyəti olduğundan bu fəaliyyət üzrə aparılan əməliyyatlar ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 155-ci və 159-cu maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Emin İlyasov Nürəddin oğlu Em***@gmail.com ID: 7411
Salam. Mənim adımda hüquqi şəxs olaraq qeydə alınıb. Mən dövlətdə işləmişəm, lakin işdən çıxmışam. Amma hüquqi şəxs olaraq niyə qeydiyyatdayam?
21/12/2022 Прочитано: 71 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələ ilə əlaqədar olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etməyiniz məsədəuyğundur. 

 

0/5 (0 Средняя стоимость)
Оцените:
İlkin Məmmədov Zabil oğlu il***@gmail.com ID: 6979
Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunun 12-1. maddəsində Publik hüquqi şəxslərin mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi qaydaları öz əksini tapmışdır. Qanunun 12-1.3.-maddəsində "Bir və ya daha çox törəmə publik hüquqi şəxsə və (və ya) təsərrüfat cəmiyyətinə malik olan hər hansı publik hüquqi şəxs hazırladığı maliyyə hesabatından əlavə olaraq, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidir." qeyd edilmişdir. Bildiyiniz kimi, Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının qanununun Publik hüquqi şəxsin yaradılması haqqında 4-cü maddəsinin 4.2-ci yarımbəndi (4.2. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər.) 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının qanununun 3.2-ci yarımbəndinə əsasən Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulduğu halda yalnız təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan Publik hüquqi şəxs həmin Mərkəzi icra hakimiyyəti orqanının Kollegiyasının müvafiq qərarı ilə yaradılan Publik hüquqi şəxsin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi və xidmətlərin göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən (onların nizamnamə kapitalarında heç bir payı olmayan) publik hüquqi şəxsdir. Qeyd edilən publik hüquqi şəxslərin vergitutma məqsədləri üçün hər birinin özünün müstəqil mükəlləfiyyətləri vardır. Bu halda Mərkəzi icra hakimiyyəti orqanının Kollegiyasının müvafiq qərarı ilə yaradılan Publik hüquqi şəxs nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş həmin Mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan Publik hüquqi şəxsin törəmə püblik hüquqi şəxsi hesab edilib-edilməməsinə, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib edib-etməməsinə və müvafiq vergi hesabatlarının (Vahid bəyannamə, Ödəmə mənbəyində vergi, Mənfəət vergisi, Əmlak vergisi və.s) birləşdirilmiş (konsolidə edilmiş) qaydada təqdim edilməsinin uyğun olub-olmamasına dair məsələlərə münasibət bildirməyinizi Sizdən xahiş edirəm.
21/12/2022 Прочитано: 247 Средняя стоимость: 5

Bildiririk ki, sorğuda göstərilən halda, qanunvericiliyə uyğun olaraq hər biri ayrılıqda dövlət qeydiyyatına alınmış publik hüquqi şəxslər (törəmə publik hüquqi şəxs olub-olmasından asılı olmayaraq) vergitutma məqsədləri üçün ayrıca vergi mükəlləfiyyətləri olan müstəqil şəxslər hesab olunur və həmin şəxslərin hər biri tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş ümumi qaydada hesablanmış vergilər üzrə qeydiyyatda olduğu vergi orqanına vergi hesabatları təqdim edilir.

Belə ki, Vergi Məcəlləsinin 33.1-ci maddəsinin müddəalarına əsasən publik hüquqi şəxslərə qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatlarını vergi orqanlarına təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Həmçinin Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.

Eyni zamanda, müraciətdə qeyd olunan publik hüquqi şəxsin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları təqdim edib-etməməsi ilə bağlı mühasibat uçotu məqsədləri üçün müvafiq sahədə funksional idarəetməni həyata keçirən qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü və 72-ci maddələri, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (2 Средняя стоимость)
Оцените:
Novruzov Fərid Əzbər fe***@gmail.com ID: 7145
A Məhdud Məsuliyyətli Cəmiyyəti kafel - metlax yapışdırıcısı istehsalı fəaliyyəti ilə məşğuldur. İstehsal olunan məhsulun əsas tərkibi hissəsini Qum təşkil edir. Xammal şəklində alınan Qum istehsal prosesinə daxil olmamışdan öncə müxtəlif ələk - xəlbirlər vasitəsilə tərkibindəki daş çınqıl kimi istehsala yararsız materiallardan təmizlənir. Həmçinin anbarda qaldığı müddət ərzində quruma prosesi ilə əlaqədar çəki itirir. Labalator müayinələr nəticəsində istehsala buraxılmayan zay xammalın miqdarı 20 faiz civarında olduğu müəyyənləşdirilmişdir. İstehsala buraxılmayan zay xammal (daş, çınqıl, şebel) tullantı şəklində atılır. Atılan xammalın hansı ciddi hesabat blank forması ilə rəsmiləşdirilməsini və dəyərinin istehsal olunan məhsulun maya dəyərinə yoxsa birbaşa xərcə silinməli olduğu barədə məlumat verməyinizi xahiş edirəm.
21/12/2022 Прочитано: 243 Средняя стоимость: 4

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Həmin Qaydaların 5.4-cü bəndinə əsasən məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən “Zay məhsullara dair akt” tərtib edilir.

“Zay məhsullara dair akt” ciddi hesabat blankı hesab edilmir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 108.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən istehsal prosesində norma daxilində baş verən təbii itkilər gəlirdən çıxılan xərclərə aid edilir. İstehsala buraxılmayan zay xammal vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada sənədləşdirildiyi halda, zay xammal istehsal prosesində iştirak etmədiyi və cəmiyyət tərəfindən təqdim edilmədiyi üçün həmin zay xammalın dəyəri vergitutma məqsədləri üçün vergi tutulan gəlirlərə və gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

4/5 (3 Средняя стоимость)
Оцените:
Faiq Ağayev Heybət oğlu fa***@mail.ru ID: 7122
Salam. MMC-nin nizamnamə kapitalına qoyulmuş (1000 manat dəyərində qiymətləndirilmiş) avadanlıq və mal-material istehsal prosesində istifadə olunmuşdur. Yəni mal-material xammal, avadanlığın dəyəri isə amortizasiya ayırmaları şəklində istehsal olunmuş hazır məhsulun maya dəyərinə silinmişdir. Hazır məhsul satılmış, müvafiq vergiləri (ƏDV, mənfəət vergisi, dividentdən ödəmə mənbəyində vergi və s.) ödənilmişdir. Müəyyən müddət keçəndən sonra təsisçi nizamnamə kapitalını azaltmaq, 10 manat müəyyənləşdirmək istəyir. Nizamnamə kapitalına qoyulmuş avadanlıq və mal-materialın dəyərindən 990 manat təsisçiyə pul şəklində qaytarılarsa hər hası vergi öhdəliyi yaranırmı? Cavaba görə əvvəlcədən minnətdarlığım bildirirəm.
21/12/2022 Прочитано: 315 Средняя стоимость: 3

Bildiririk ki, təsisçi tərəfindən cəmiyyətin mal-materialların pay şəklində nizamnamə kapitalına qoyulması həmin malların alışına və ya idxalına dair sənədlər əsasında həyata keçirilməlidir.

Bununla əlaqədar bildiririk ki, vergi orqanı tərəfindən həyata keçirilən səyyar vergi yoxlamaları zamanı bu əməliyyatlar üzrə vergidən yayınma sxemi aşkar edildikdə, faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanması həyata keçirilə bilər.

Əlavə olaraq bildiririk ki, sorğuda qeyd olunan əməliyyatlara dair ətraflı məlumatlar göstərilməklə və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 23-cü maddələri.

3/5 (9 Средняя стоимость)
Оцените:
Şirzad İsmayılov sh***@gmail.com ID: 7408
Salam. Fiziki şəxs pərakəndə ticarət fəaliyyəti ilə məşğul olur. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə satışda alıcıya kassa çeki verilməlidir. Bəs hüquqi şəxsə nağdsız yolla (köçürmə yolu ilə) mal satıldıqda və malın dəyəri fiziki şəxsin bank hesabına ödənildikdə hüquqi şəxsə hansı sənəd verməlidir? Cavabınıza görə öncədən təşəkkür edirəm.
21/12/2022 Прочитано: 147 Средняя стоимость: 0

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında hüquqi şəxsə təqdim edilən mallara görə hüquqi şəxs tərəfindən fiziki şəxsin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə nəzarət kassa-aparatının çeki təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 16-cı maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Yasin Rza oğlu Şirinov ya***@mail.ru ID: 7228
"Mediasiya haqqında" Qanunun 28.1. maddəsinin tələbinə əsasən kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mediasiya təşkilatı müstəqil vergi ödəyicisidir, biz bunun üçün bu təşkilata qanunvericiliklə müəyyənləşdirilən bəlli ödəniş məbləği (20-400 manat arası) ödəməliyik. Həmin məbləğ üçün mediasiya təşkilatının bizə EQF göndərilməsi vacibdirmi?
21/12/2022 Прочитано: 181 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicsinin vəzifəsidir. 

Göründüyü kimi, mediasiya təşkilatları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində istisna edilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 71-1-ci maddələri, Nazirlər Kabinetinin-nin 02.02.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

5/5 (4 Средняя стоимость)
Оцените:
Qasımov Mikayıl Əliş oğlu mi***@mail.ru ID: 7046
Salam. Xahiş edirəm aşağıdakı suala aydınlıq gətirəsiniz. İki təsisçi hüquqi şəxsin iştirakı ilə (Təsisçilərdən biri xarici hüquqi şəxsin Azərbaycan Respublikasında daimi nümayəndəliyi, digəri Azərbaycan Respublikasının qanunvericiliyinə əsaaən yaradılmış hüquqi şəxsdir.) hər birinin nizamnamə kapitalında iştirak payı 50 % olmaqla “A” MMC (Şərti olaraq “A” MMC adlanır) yaradılmışdır. Hər iki təsisçi hüquqi şəxs fəaliyyət göstərdiyi dövrlər ərzində 2 dəfə onlara çatmalı olan dvidend payının nizamnamə fonduda arırılmasına (iştirak paylarının artırılması məqsədi ilə) yönəltmişdilər. Hal-hazırda xarici təsisçi hüquqi şəxsin Azərbaycan Respublikasında daimi nümayəndəliyi ona çatası payı götürüb getmək fikrindədir. Digər təsisçi isə fəaliyyətini davam etdirmək fikrindədir. Çıxmaq fikrində olan təsisçinin öz payının götürülməsi zamanı bir sıra suallar yaranır. Sual 1. Təsisçi xarici hüquqi şəxsin payına düşən pul (nizamnamə fonduna yönəldilmiş) vəsaitlərinin və əmlak payının götürülməsi zamanı hansı vergi öhdəlikləri yaranır? Sual 2. Təsisçi hüquqi şəxsin payına düşən əmlak payı ona qalıq dəyəri ilə verilə bilərmi? Sual 3. Təsisçi hüquqi şəxsin payına düşən əmlak payı bazar qiyməti ilə qiymətləndirilməlidirmi? Sual 4. Təsisçi hüquqi şəxsin payına düşən əmlak payı natura formasında verilə bilərmi? Bunlardan başqa hər hansı vergi öhdəlikləri yarana bilərmi? Əvvəlcədən minnətdarlığımı bildirirəm.
21/12/2022 Прочитано: 228 Средняя стоимость: 4

Bildiririk ki, Mülki Məcəllənin 53.3-cü maddəsinin müddəalarına əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.

Eyni zamanda Mülki Məcəllənin 64.5-ci maddəsinin müddəalarına əsasən təsərrüfat cəmiyyətlərinin iştirakçıları fiziki və hüquqi şəxslər ola bilərlər.

Qeyd olunanlara əsasən xarici hüquqi şəxsin daimi nümayəndəliyi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılan təsərrüfat cəmiyyətinin təsisçisi ola bilməz.

Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda aparılan əməliyyatların xarakteri tam açıqlanmaqla müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Mülki Məcəllənin 53-cü və 64-cü maddələri.

4/5 (4 Средняя стоимость)
Оцените:
Abdinova Günay Səməd qızı gu***@mail.ru ID: 7406
Salam. İşçiyə istifadə etmədiyi illərə görə məzuniyyət haqqı (son haqq-hesab) hesablanan zaman hər il üzrə hesablanmış məbləğdən 102.1.6 maddəsi üzrə 200 AZN güzəştdən əlavə digər güzəstlər də (misal üçün işçi veterandırsa, əlilliyi varsa və s güzəstlər) çıxılmaqla vergiyə cəlb olunmalıdır?
20/12/2022 Прочитано: 186 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.   

İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əmək haqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan vergi güzəştlərinin məbləğləri ümumi qaydada çıxılır. 

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Ülfət Heydərli Ədalət oğlu ul***@gmail.com ID: 7303
Salam sizə bir sualım var. Zəhmət olmasa, cavablandırın. Deməli məzuniyyətə çıxarkən, məzuniyyətdən əvvəlki ayın maaşı məzuniyyətdə olduğum ayın maaşı ilə birlikdə toplanaraq hər ikisinə eyni anda vergi tətbiq olunur. Buna görə də çıxılan vergi məbləği daha çox olur. Bu məsələnin qanuni əsası nədir?
20/12/2022 Прочитано: 211 Средняя стоимость: 5

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

5/5 (5 Средняя стоимость)
Оцените:
Anar İsmayılov an***@gmail.com ID: 7400
Salam. İşçinin iyun ayında əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətin 14 gündən artıq hissəsinə görə DSMF tərəfindən sentyabr ayında ödəniş olunur. Bu zaman DSMF tərəfindən ödənilən müavinət işçinin iyun yoxsa sentyabr ayı qazancı hesab edilir? Sual orta aylıq və orta əmək haqqı hesablanması zamanı işçinin 12 və 2 aylıq qazancının müəyyənləşdirilməsi üçün ünvanlanmışdır.
19/12/2022 Прочитано: 109 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əzimov Nurlan Novruz oğlu nu***@mail.ru ID: 7399
Alibabadan onlayn sifarişlə, satış məqsədilə məhsul gətirib satmaq istəyirəm. Gömrüklə bağlı prosedur və verginin məbləğini öyrənmək istəyirəm. Bütün ödəmələr daxil. Zəhmət olmasa cavablandırardız.
17/12/2022 Прочитано: 188 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Hüseynov Elnur Vuqar oğlu ha***@gmail.com ID: 7397
Salam. Mən çörək (lavaş sexi) sexi işlədirəm, mən çörək (lavaş) istehsal edib vətəndaşlara satıram, mən obyektə nəzarət kassa aparatı qoymalıyammı? Xahiş edirəm, məlumat verəsiniz.
17/12/2022 Прочитано: 221 Средняя стоимость: 5

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışı həyata keçirildikdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 6.4-cü bəndinin müddəalarına əsasən həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

Vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsullar (mallar) vergi ödəyicisi olan digər şəxslərə təqdim edildikdə, malların alıcısına Vergi Məcəlləsinin 71-1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə elektron qaimə-faktura təqdim edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən hazır məhsulların (malların) təsərrüfat subyektlərində pərakəndə qaydada satışı nəzarət-kassa aparatı tətbiq etməklə həyata keçirilməli və alıcılara nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı.

5/5 (2 Средняя стоимость)
Оцените:
Süleymanova Esmira Nəcməddin es***@gmail.com ID: 7393
Bildirirəm ki, övladım 2007 ci il təvəllüdlü Sağlamlıq imkanları məhdud 18 yaşınadək (ikinci dərəcəli əlilliyi müəyyən edilmiş) Xanpəriyev Şahruddin Elşad oğlu 180 manat və daimi aylıq qulluğa görə valideynə 80 manat Prezident təqaüdü verilir. Prezidentin müvafiq sərəncamına və ya Vergi Məcəlləsinin müvafiq maddəsinə (102.3) əsasən valideynə hansı güzəşt edilir. Xahiş edirəm sorğumu cavablandırasız.
16/12/2022 Прочитано: 132 Средняя стоимость: 0

Bildiririk ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti:
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığa götürmə barədə məhkəmə qərarının surəti

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Средняя стоимость)
Оцените: