Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.
Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Bildiririk ki, xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
Əsas: Vergi Məcəlləsinin 110-cu maddəsi.
Bildiririk ki, taksi minik avtomobili ilə sərnişindaşıma həyata həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəkyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.
«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir.
Eyni zamanda, fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.
Müraciətinizlə bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzindən (ASXM) Asan İmza sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir.
Bildiririk ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilib.
Müraciətlərin qəbulunun həyata keçirilməsi üçün xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: https://bit.ly/2UqPoOc
Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:
Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.
İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan fərdi (mikro) sahibkarlara şamil edilir.
Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.
Vergi Məcəlləsinin 16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Qeyd olunan maliyyə sanksiyaları mallara aid edilmişdir, iş və xidmətlərin elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə Vergi Məcəlləsində maliyyə sanksiyası nəzərdə tutulmamışdır.
Bildiririk ki, fiziki şəxsin mülkiyyətində olan mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206-cı maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.
Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.
Müraciətinizin icra vəziyyəti ilə əlaqədar olaraq qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla siyahıda göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Bildiririk ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli, 1917040101742500 nömrəli əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydası yeni redaksiyada təsdiq edilmişdir. Qeyd olunan Bəyannamə (hesabat) forması (icbari tibbi sığorta haqlarının hesablanılması və hesabatların təqdim olunması istisna olmaqla) 01.04.2020-ci il tarixdən qüvvəyə minmişdir.
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz.
Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan tanış ola bilərsiniz.
Qeyd etdiyiniz fəaliyyəti (46390 İÇKİ VƏ TÜTÜN MƏMULATLARI DA DAXİL OLMAQLA YEYİNTİ MƏHSULLARININ İXTİSASLAŞDIRILMAMIŞ TOPDAN SATIŞI) fəaliyyət növünü seçərək həyata keçirə bilərsiniz.
Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, qeyd etdiyiniz müəssisə kiçik sahibkar meyarına uyğun gəlir. Belə ki, kiçik sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan çox, 3 milyon manatadək olan sahibkarlıq subyektləri nəzərdə tutulur.
Qərara əsasən, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
Sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə sorğunuzda qeyd olunan sənədləri təqdim etməklə bilavasitə qeydiyyatda olduğunuz vergi orqanına və ya yazılı qaydada Vergilər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, təsisçi tərəfindən əvəzsiz olaraq hüquqi şəxsə istifadəyə verilmiş obyekt gəlir götürmək üçün istifadə edildiyi halda həmin əməliyyat əmlakın əvəzsiz istifadəyə verilməsi kimi deyil, onun icarəyə verilməsi kimi qiymətləndirilir və bu halda tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə müqaviləsi bağlanılaraq hüquqi şəxs tərəfindən təsisçi fiziki şəxsə ödəniləcək icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcəsi ilə vergi tutulmalı və gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” vergi orqanına təqdim edilməklə hesablanmış vergi məbləği dövlət büdcəsinə köçürülməlidir.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 124-cü və 150-ci maddələri.
Bildiririk ki, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
Vergi güzəştlərinin əsas iş yerində tətbiq olunduğunu nəzərə alaraq, ikinci iş yerində əldə olunan gəlirdən vergi hər hansı güzəşt tətbiq edilmədən hesablanır.
Əsas: Əmək Məcəlləsinin 58-ci maddəsi, Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 101.1-2-ci, 102.8-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.
Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.
Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.