Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda kommunal xərclərin ödənilməsinin birmənalı olaraq nağdsız qaydada aparılması təsbit olunmuş, Vergi Məcəlləsinin 58.7-1.5-ci maddəsində isə kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə münasibətdə maliyyyə sanksiyasının tətbiqi nəzərdə tutulmuşdur.
Həmçinin, bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi həmin əmlakın ümumi sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə müvafiq bələdiyyələr tərəfindən hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi hər il 1 avqust tarixinədək mənzilin mülkiyyətçisinə çatdırılır. Mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.
Əsas: Vergi Məcəlləsinin 4-cü, 58-ci, 196-cı,197-ci və 200-cü maddələri və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsi.
Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Müraciətinizdə qeyd olunan halda icarə haqqı hüquqi şəxs tərəfindən ödənildiyi üçün, ödəmə mənbəyində vergi hüquqi şəxs tərəfindən tutularaq, qalan məbləğ fiziki şəxsə ödənilməlidir.
Eyni zamanda, fiziki şəxsin icarə haqqından əldə etdiyi gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir olduğu üçün ƏDV-nin vergitutma obyektini təşkil etmir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 124-cü və 159-cu maddələri.
Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir.
Bundan əlavə malların alıcısı sahibkarlıq fəaliyyəti həyata keçirən hüququ və fiziki şəxs olduqda, vergi ödəyicisi malların alıcısı olan vergi ödəyicisinin tələbi ilə elektron qaimə-faktura təqdim etməlidir.
Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci, 16.1.8-ci və 71-1-ci maddələri.
Bildiririk ki, hüquqi və fiziki şəxslər tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.1-ci maddəsində müəyyən edilmiş vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin ödənilməsi Qanunun 3.1-ci maddəsi ilə müəyyən olunmuş nağdsız hesablaşmaların hər üç növü üzrə (bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürmə yolu ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada bank hesabına köçürülməklə) həyata keçirilə bilər.
Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.
Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir.
Belə ki, Qaydaların 2-ci bəndinin müddəalarına əsasən satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi, istehlakçı isə satıcıdan malı alan fiziki şəxsdir.
Eyni zamanda Qaydaların 4-cü bəndinin müddəalarına əsasən ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı xüsusi portal üzərindən qeydiyyatdan keçir və bu zaman istehlakçı üçün elektron kabinet yaradılır.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
Edvgerial.az portalında sizə məxsus olan elekron kabinetə daxil olaraq, "Sazlamalar" bölməsində mobil nömrəni yeniləyə bilərsiniz. Əlavə məlumat üçün müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.
Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.
1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.
Eyni zamanda qeyd olunmalıdır ki, fiziki şəxs tərəfindən ailə üzvü olan şəxsə daşınmaz əmlakın təqdim olunması vergi öhdəliyini yaratmır.
Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.
Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.
Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini səhifəmizin “Bir Pəncərə” bölməsinin “Lazımı sənədlər” alt bölməsindən əldə edə bilərsiniz.
Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.
Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
1. NMQ qeydiyyat nömrəsi
2. Çek tarixi və saat
3. Yekun məbləğ
4. Fiskal İD
5. VÖ-nin VÖEN-i
6. Obyekt kodu
Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.
Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.
Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.
Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.
Bildiririk ki, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması (“Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) təqdim olunmalıdır.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.
İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri
Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.
Bildiririk ki, vergi ödəyiciləri onlara verilən şifrə- paroldan istifadə edərək “Dövlət Vergi Xidmətinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti vasitəsi ilə Dövlət Vergi Xidmətinə göndərdikləri müraciətlərin icrasına onlayn nəzarət etmək imkanına malikdirlər.
Eyni zamanda vergi ödəycisi tərəfindən İnternet Vergi İdarəsi vasitəsi ilə göndərilmiş ərizə vergi ödəyicisinin “Göndərdiklərim” qovluğuna düşür. Buradan “Əməliyyat tarixçəsi” vasitəsi ilə göndərilən ərizənin Vergilər Nazirliyində gedişatı izlənilə bilər.
Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti üzrə inzibati reqlament”
Bildiririk ki, qeyd etdiyiniz şəxs neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda, 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir və bu halda göstərdiyiniz əmək haqqı məbləğindən gəlir vergisi tutulmur.
Həmçinin bildiririk ki, neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin aylıq gəliri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. Bu halda, müraciətinizdə qeyd olunan şəxsin gəlirindən 350 + 25 manat gəlir vergisi hesablanır.
Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.
Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.
Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.