Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən tərəfindən ödənilən müavinətlər, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri, habelə işçilərə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilən müavinətlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb edilmir.

Əsas: Əmək Məcəlləsinin 157-ci və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10-cu maddələri.

Общая цена: 4/59
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş  “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 206-cı maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda işəgötürən tərəfindən ezamiyyəyə göndərilən işçinin ezamiyyə xərclərinin ödənilməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar 2012-ci il tarixli 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” ilə tənzimlənir.

Həmin Qərara əsasən nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.

Qeyd olunanlara əsasən şirkət tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı xarici ölkələrə ezamiyyələr zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilən norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin ezam olunma yerinə getmək və qayıtmaq xərclərini təsdiq edən sənədlər əsasında işçiyə ödənilən nəqliyyat xərcləri gəlirdən çıxılan xərclərə aid edilir.

Əlavə olaraq ölkədaxili və xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə müəyyən edilmişdir.

İkinci sualla bağlı bildirirk ki, qeyri-rezidentə ödənilən aviabiletlərin dəyəri Azərbaycan mənbəyində gəlir olmadığı üçün ödəmə mənbəyində vergiyə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar 2012-ci il tarixli 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı.

Общая цена: 5/58
Оцените:

Bildiririk ki, tərəflər arasında bağlanılmış müqavilə əsasında vergi ödəyicisinə verilən endirimlər (credit note) vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilməklə, ümumi qaydada vergiyə (sadələşdirilmiş və ya gəlir/mənfəət) cəlb edilir.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə".

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrini (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) həyata keçirən şəxslərə Vergi Məcəlləsinin XVIII fəslinin müddəaları şamil edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.

Bildiririk ki, vergi ödəyicisinin fəaliyyətinin pandemiyadan zərər çəkən fəaliyyət sahələrinə adi edilib-edilməməsinin faktiki uçot məlumatları əsasında müəyyən edilməsi üçün aidiyyəti sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 222-ci və 224-cü maddələri.

Общая цена: 5/55
Оцените:

Bildiririk ki, yanacağın təbii itki normasının müəyyən edilməsi və hesablanma qaydası Vergi Məcəlləsi ilə tənzimlənmir. Qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Общая цена: 4/55
Оцените:

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün yeni nəsil kassa aparatı çekinin məlumatlarını əlavə etməklə internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.4.3-cü maddəsinə əsasən Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 45.1-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Həmin qanunun 52.1-ci maddəsinə əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər.

Əmək Məcəlləsinin 179-cu maddəsinin g bəndinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda onun iş yeri və orta əmək haqqı saxlanılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.12-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı, hərbi hissənin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisənin arayışları, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.4.3-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.   

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncəmına əsasən ehtiyatda olan hərbi vəzifəlilər təlim-yoxlama toplanışlarına çağırıldığı halda müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edildikdən sonra onların hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, Əmək Məcəlləsinin 179-cu maddələri, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Общая цена: 5/54
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir.

Buna əsasən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu tərəfindən Koronovirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kredit təşkilatlarından aldıqları kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün sahibkarın bank hesabına mədaxil edilərək banka köçürülən vəsaitlər vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilir. Fondun vəsaiti hesabına bank tərəfindən silinən faizlər vergi ödəyicisinin borc öhdəlikləri üzrə həmin faizlərin ödənildiyi hesabat dövrünün gəlirdən çıxılan xərclərinə aid edilir.

 

Общая цена: 5/54
Оцените:

Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır. Buna əsasən, 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir. 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələri.

Общая цена: 5/510
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda malların təchiz edilməsi ilə bağlı çəkilən xərclər, o cümlədən malların idxalına görə çəkilən gömrük rüsumları və vergilər üzrə çəkilən xərclər idxal edilən malların dəyərini təşkil edir və cəmiyyətin xərcləri hesab edilmir. Cəmiyyətə malların idxalı ilə bağlı ödənilən məbləğ ilə malların idxalına görə çəkilən xərclər arasında yaranan fərq cəmiyyətin göstərdiyi xidmətlərin dəyərini müəyyən edir və həmin məbləğ ƏDV-yə cəlb edilir. Malın dəyərini təşkil edən malların yüklənməsi, daşınması, boşaldılması və idxalı ilə bağlı xərclər kompensasiyalı xərclər olmaqla xərcləri təsdiq edən sənədlər əsasında sifarişçi tərəfindən qarşılanır.

Общая цена: 4/56
Оцените:

Bildiririk ki, vergi qanunvericiliyinə uyğun olaraq ƏDV tutulan əməliyyatın dəyəri yol vergisi nəzərə alınmadan müəyyən edilir. ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.

Eyni zamanda mənfəət vergisinin məqsədləri üçün yol vergisi əməliyyatın dəyərinə əlavə edilərək malların maya dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilir.

Belə ki, Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.

Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Qeyd olunanlara əsasən müraciətinizdə qeyd olunan şəxs gəlir vergisi ödəyicisi kimi, əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyənləşdirilən xərcləri çıxmaqla 20 faiz dərəcə ilə vergi ödəməlidir.  Eyni zamanda, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlir vergisinin ödəyiciləri hər rüb başa çatdıqdan sonra növbəti ayın 15-dən gec olmayaraq vergi orqanına cari vergi ödəmələri barədə arayışı və il başa çatdıqdan sonra növbəti ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisi bəyannaməsi"ni vergi orqanına təqdim etməlidirlər.

"Gəlir vergisi bəyannaməsi"nin forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 149-cu, 151-ci-ci maddələri, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarı.

 

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, sorğuda qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyinin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı qeyd edilsədə bununla bağlı əsaslı məlumatlar qeyd edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 19.1-ci maddəsində daimi nümayəndəliyin tam və ya qismən sahibkarlıq fəaliyyəti ilə məşğul olması göstərilmiş və daimi nümayəndəliyə aid edilə bilən elementlər Vergi Məcəlləsinin 19.2-ci maddəsində sadalanmışdı.

Eyni zamanda Vergi Məcəlləsinin 19.3-cü maddəsində daimi nümayəndəliyə aid olmayan fəaliyyət növləri qeyd edilmişdir. Vergi Məcəlləsinin bu maddəsində göstərilən fəaliyyət növləri,  o cümlədən qeyri-rezident müəssisənin yalnız özü üçün malların alınması və ya məlumatların toplanması, qeyri-rezident müəssisənin özü üçün hər hansı digər hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsi kimi fəaliyyətlər daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmır və bu fəaliyyət növləri üzrə mənfəət vergisi öhdəliyi yaranmır.

Bildiririk ki, qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında gəlir əldə etmək üçün nümayəndəlik vasitəsilə müştərilərlə müqavilələrin bağlanması və ya sövdələşmələrin təşkil edilməsi kimi fəaliyyətlər Vergi Məcəlləsinin 19.3-cü maddəsində göstərilən fəaliyyət növlərinə aid edilmir və belə fəaliyyət  daimi nümayəndəlik yaradan fəaliyyət hesab edilir.

Eyni zamanda sorğuda filialın müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı qeyd edilsədə filialın ƏDV qeydiyyatında olduğu göstərilmişdir. Bununla bağlı bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərməyən şəxsin ƏDV qeydiyyatına alınması və çəkdiyi xərclər üzrə ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququ yoxdur.

Qeyd olunanlara əsasən sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə filialın nizamnaməsi, daxil olan pul vəsaitlərinin hərəkəti, filialın fəaliyyəti və onun ƏDV məqsədləri üçün qeydiyyata alınmasının səbəbləri və əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.          

Əsas: Vergi Məcəlləsinin 13-cü, 19-cu, 104-cü, 108-ci, 159-cu, 175-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.6-cı maddəsinə əsasən mühasibat  uçotu mühasibat  uçotu  subyektlərinin  aktivləri,  öhdəlikləri,  kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.

Eyni zamanda maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən tənzimlənir.

Həmin Qaydaların 2.1-ci bəndinin müddəalarına əsasən aktiv- keçmiş hadisələrin nəticəsi kimi mühasibat uçotu subyekti tərəfindən idarə olunan və ona gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resurslardır. Öhdəlik – mühasibat uçotu subyektinin kеçmiş hadisələrdən yaranmış və ödənilməsi özündə iqtisadi səmərəni təcəssüm etdirən resurslarının kənara ахını ilə nəticələnən mövcud borcudur. Каpital (xalis aktivlər) – bütün öhdəliklər çıxıldıqdan sonra, mühasibat uçotu subyektinin xalis aktivlərinin dəyəridir.

Əlavə olaraq bildiririk ki, “cəmi aktivlər” mənfəət vergisi və sadələşdirilmiş vergi bəyannamələrinin 1 nömrəli Əlavəsinin 1-ci sətrində, “cəmi kapital” 2.1-ci sətrində və “cəmi öhdəliklər” 2.2-ci sətrində əks olunmaqla vergi ödəyicisi tərəfindən tərtib edilərək vergi orqanına təqdim edilir.

Общая цена: 4/53
Оцените:

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə satışın bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti olduğunu nəzərə alaraq pərakəndə qaydada iri həcmli əmtəə partiyasının müxtəlif fiziki şəxslərə satılması həmin şəxslərin vergi orqanında uçota alınmadan fəaliyyət göstərməsi və potensial vergidən yayınan şəxslər olması ehtimalını yaradır.

Vergi qanunvericiliyinə əsasən isə həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan (VÖEN təqdim etməyən) şəxslərə satılan mallara görə əldə olunan pul vəsaiti “Mədaxil qəbzi” ciddi hesabat blankı ilə, satılan malların fiziki şəxslərə təhvil verilməsi isə “Malların fiziki şəxslərə təhvil-qəbul qəbzi” ciddi hesabat blankı ilə rəsmiləşdirilməsi və “Malların fiziki şəxslərə təhvil-qəbul qəbzi” ciddi hesabat blankında mallar təhvil verilən fiziki şəxsin soyadı, adı, atasının adı və digər lazımi göstəricilərinin (FİN) qeyd edilərək qeydiyyatda olduğunuz vergi orqanına təqdim edilməsi Sizə tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 2-ci, 13-cü, 58-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.     

Общая цена: 5/56
Оцените:

Bildiririk ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.

Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə səhifəmizdə məlumat veriləcək.

Общая цена: 5/52
Оцените:

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

Sığortaedənin uçot nömrəsiin (SUN) əldə olunması ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Общая цена: 5/54
Оцените: