Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Tərlan Qurbanov Musayəddin te***@mail.ru ID: 1997
Salam. VÖEN müvəqqəti olaraq dondurulmuşdur. Yenidən necə bərpa edə bilərik?
17/05/2020 Read: 33 Average count: 0

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad Əliyev Elxan re***@gmail.com ID: 1996
Salam, zəhmət olmasa mənə bildirərdiniz. Mən keçən il vergi ödəmişdim, onun geri qaytarılması mümkündür ya yox?
17/05/2020 Read: 42 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ramazan Hüseynov Məzahir ra***@mail.ru ID: 1995
Salam. Yazaraq sizdən xahişim, bu il Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı olaraqdan test imtahanının nə zaman olacağı (ən azından təxmini olaraq) haqqında məlumat verməyinizi xahiş edirəm. Hörmətlə,
17/05/2020 Read: 33 Average count: 5

Bildiririk ki,  Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınıb. Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdiriləcək.

5/5 (2 Average count)
Qiymət ver:
Ilkane Qasimova im***@inbox.ru ID: 1994
Salam. Məndə 2 sual olacaqdır sizə. 1- Azərbaycanda PSA əsasında çalışan bir neçə şirkətlər var, hansılar ki, ƏDV-dən azadolma sertifikatı təqdim edirlər. Sadəcə hər saziş üzrə öz ÖMV dərəcələri olmalıdır, necə ki, Şahdənizdə 6.25%, Azəri və Çıraqda 5%-dir. Mən bilmək istərdim bütün sazişlər üzrə ÖMV dərəcələini necə və haradan öyrənə bilərik? 2- Əgər fiziki şəxs sahibkarıəq fəaliyyətindən gəlir vergisi ödəyicisidirsə və onun müqaviləsi şirkətlə 1 mayda bitirsə bu şəxs may ayı üçün DSMF və vergi ödəməlidirmi? Əgər ödəməlidirsə bu necə hesablanacaq? Nəzərə çatdırmaq istərdim ki, 1 gün üçün şirkət həmin şəxsə ödəniş edir.
16/05/2020 Read: 208 Average count: 0

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsi qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda Vergi Məcəlləsində və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.

Hasilatın Pay Bölgüsü üzrə bağlanmış sazişlərə və onlara uyğun olaraq təsdiq edilmiş protokollara əsasən həmin sazişlər çərçivəsində Podratçı tərəfə və ya Əməliyyat şirkətinə malları, işləri və xidmətləri birbaşa və ya dolayısı ilə təqdim edən hər bir subpodratçı, bu təqdim edilən mallar, işlər və xidmətlər üzrə ƏDV-ni sıfır faiz (0%) dərəcə ilə tətbiq edir. Onların Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin  ƏDV-dən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir. Qeyd edilən sertifikat təqdim olunmadığı halda malların, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV-yə cəlb olunur.

Eyni zamanda, Hasilatın Pay Bölgüsü haqqında sazişlərə və onlara uyğun olaraq təsdiq olunmuş protokollara əsasən həmin sazişlər çərçivəsində iş, xidmət təqdim edən xarici hüquqi şəxslərə iş və xidmətlərə görə ödənilən ödənişlərdən sazişlərdən asılı olaraq müəyyən edilmiş dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və bu əməliyyat Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı mallar, işlər yaxud xidmətlərin təqdim edilməsi üçün podratçı tərəflə və ya əməliyyat şirkəti ilə və ya subpodratçı ilə birbaşa və ya vasitəli müqavilə bağlayan xarici subpodratçılara şamil edilir.

Hasilatın pay bölgüsü haqqında Sazişə dair protokollar (PSA) ilə buradan tanış ola bilərsiniz.

Cavab 2. Müraciətinizdə qeyd olunan şəxs gəlir vergisi ödəyicisi olduğu üçün il ərində əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı olan və gəlirdən çıxılmasına yol verilən xərcləri çıxmaqla 20 faiz (mikro sahibkarlıq subyekti olduqda 5 faiz) dərəcə ilə gəlir vergisi  ödəməlidir. Həmçinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ay üzrə (günlərin sayından asılı olmayaraq) qanunla müəyyən edilmiş sosial sığorta haqqını ödəməli və vergi orqanına hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 108-ci, 109-cu maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

0/5 (0 Average count)
Qiymət ver:
Yusifov Vahid Dj***@gmail.com ID: 1993
Salam. Mənim MMC turizm şirkətim var. Bu ilin aprelin 4-dən şirkətin fəaliyyətini dayandırmışam. 2 gün qabaq vergidən zəng vurub dedilər ki, fəaliyət ünvanınız qeydiyyata qoyulmalıdır, əks halda siz cərimə olunacaqsınız. Xahiş edirəm cavablandırasınız.
16/05/2020 Read: 58 Average count: 5

Bildiririk ki, təsərrüfat subyekti (obyekti) - malların (işlərin, xidmətlərin) təqdim edilməsinin həyata keçirildiyi, həmçinin vergi ödəyicisinin gəlirlərinin formalaşmasında iştirak edən yer hesab olunur. Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.  Qeyd etdiyiniz fəaliyyəti həyata keçirmək üçün nəzərdə tutulan təsərrüfat subyekti (obyekti) yerləşdiyi ərazi üzrə vergi orqanında uçota qoyulmalı, həmin təsərrüfat subyektində (obyektində) əhali ilə nağd pul hesablaşmaları ciddi hesabat blankları vasitəsi ilə, istəyinizə əsasən NKA quraşdırıldıqa bu hesablaşmalar NKA vasitəsi ilə aparılmalıdır. 

5/5 (1 Average count)
Qiymət ver:
Ruslan Qafarov Arif qa***@gmail.com ID: 1992
Salam. Mən kiçik sahibkaram, yeni açılacaq ərzaq mağazaya satış üçün kassa aparatı, barkod, tərəzi necə əldə edə bilərəm?
16/05/2020 Read: 44 Average count: 0

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

Yeni nəsil kassa aparatlarına aid tələblər, operator lar və digər aidiyyəti məsələlər barədə suallara www.e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz. Müraciətinizdə qeyd olunan digər avadanlıqların əldə olunması ilə bağlı tərəfimizdən məlumatın verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.24-cü, 16.1.8-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Pərvin Hidayətova Füzuli he***@mail.ru ID: 1991
Salam. Mən 22.04.2020-ci il tarixində poçtla Bakı şəhər kiçik sahibkarlıqla iş (Binəqədi rayonu) məktub göndərmişəm. Məktubda vöenimin (2004345722) kod şifrə parolunun dəyişdirilməsin istəyirdim. Mənə 28.04.2020 tarixdə ərizəmin qəbul olduğu haqda bildiriş gəlsə də hələ də şifrə parol gəlməyib. Nömrələrə yığıram neçə həftədir, götürən yoxdur. Bilmək istəyirdim ki, problem nədədir? Poçta gəlib ordan gecikdirillər ya hələ göndərilməyob? Zəhmət olmasa, araşdırıb məlumat verərdiniz
16/05/2020 Read: 40 Average count: 0

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Vüqar Məmmədov Oruc.O vu***@gmail.com ID: 1990
Salam mən taksi fəaliyyəti ilə məşğul olmaq üçün fərqlənmə nişanı almaq üçün BNA 9 azn və DSMF'na isə 30 AZN ödəniş eləmişəm. Mənə fərqlənmə nişanı verilmir, indi isə mən pulumu geri almaq istəyirəm, xaiş edirəm mənə köməklik edərdiz.
16/05/2020 Read: 60 Average count: 0

Bildiririk ki, «Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara «Fərqlənmə nişanı» verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş vergi və məcburi dövlət sosial sığorta haqqı onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsinin 221-ci maddəsi., "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

0/5 (0 Average count)
Qiymət ver:
Cavadova Ofella Ağaxan qızı Ca***@qmil.com ID: 1989
190 azn ücün Sizinin mənə verdiyniz cavabla (imkansız aylələr meyarlarına uyqun olmadığnız ücün imtina edilir.) Razı deyiləm. Səbəb? Niyə düşmür, xahiş edirəm, izahın verəsiniz. Ailədə 3 nəfərik, həyat yoldaşım xəstə, az yaşlı oğlum. Hec yerdə işləmirik.
16/05/2020 Read: 26 Average count: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Vüqar Paşayev Bəlqiyə vu***@mail.ru ID: 1987
VÖEN-nin bağlanıb-bağlanmamasını internet vasitəsilə necə yoxlamaq olar?
15/05/2020 Read: 33 Average count: 5

Bildiririk ki, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergi ödəyicisi elektron kabinetinə daxil olaraq məktubla tanış ola bilər.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (1 Average count)
Qiymət ver:
Abdullaev Elxan Soltan ab***@gmail.com ID: 1986
Salam. Xırdalan vergi idarəsinə VÖEN-lə bağlı müraciət etmək istədim, növbə götürmək üçün idarə ilə üzbəüz vergi xidmətləri yazılan yerə girdim. Növbəyə yazılması üçün məndən 10 manat aldılar, bu nə qədər qanunidir? Çəkdi sadə bir kağız kserokopyada adımı yazıb verdilər.
15/05/2020 Read: 36 Average count: 0

Bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Ximdət mərkəzlərində göstərilən xidmətlər ödənişsiz həyata keçirilir.
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. 

Müraciətinizdə qeyd olunan xidmət dövlət vergi orqanları tərəfindən həyata keçirilmədiyi üçün, digər sahibkarlıq subyektləri tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı qanunvericilikdə qadağa nəzərdə tutulmamışdır. Həmin şəxslər sizə göstərdikləri xdimət qarşılığında nağd pul hesablaşmaları aparılan zamanı ciddi hesabat blankı olan mədaxil qəbzi təqdim etməlidirlər. 

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əhmədova Lalə Ramis qızı pe***@mail.ru ID: 1985
Yazıb Sizdən həyatın yığım sığortası müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda vergi və MDSS haqları hesablanması barədə məlumat almaq istəyirik. Sığortaçı tərəfindən, həyatın yığım sığortası müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi üçün, İşçiyə əvvəlki aylar üçün həyatın yığım sığortasına yönəldilmiş məbləği, Şirkətə isə İşəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilən sosial sığorta haqqından azad olan sosial sığorta məbləği qaytarılmışdır. Sual ondan ibarətdir ki, həmin qaytarılmış məbləğlər üzrə vergi və MDSS haqları necə hesablanmalıdır. Misal: Şirkət 2 ay ərzində Sığortaçı şirkətinə 383.33 manat (aylıq) ödənilmişdir: ondan 300 manat sığorta yığım məbləği , 50 manat (MDSS 15%) və 33.33 (MDSS 10%) təşkil edirdi. Həyatın yığım sığortası 3 ildən tez müddətdə xitam verildiyi üçün işçiyə 600 man (300*2ay), İşəgötürənə isə 166.66 ((50+33.33)*2ay) qaytarılmışdır. Həmin misal üstündə qaytarılmış məbləğlər üzrə Həyatın yığım sığortasına cəlb olunan hansı məbləğ vergiyə cəlb olunur və Sığortaedənin hesabına həyatın yığım sığortasına cəlb olunmuş məbləğə nisbətdə hesablanmış məcburi dövlət sosial sığorta haqqı necə hesablanmalıdır?
15/05/2020 Read: 109 Average count: 3

Bildiririk ki, həyatın yığım sığortası müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda sığortaçı tərəfindən işəgötürəndən müqavilənin qüvvədə olduğu dövr üçün sığortaolunanın gəlirləri və gəlirlərindən tutulmuş vergi və sosial sığorta haqqı barədə müvafiq arayış alınmalı və işçidən tutulmalı olan vergi və sosial sığorta haqqı sığortaçı tərəfindən hesablanmalıdır.

İşəgötürən tərəfindən ödənilməli olan sosial sığorta haqları isə işəgötürənin özü tərəfindən hesablanıb ödənilməlidir. Bu məqsədlə sığortaçı və işəgötürən tərəfindən hesablamalar ödənişin aparıldığı (sığortaçı tərəfindən ödənişlərin aparılmalı olduğu) hesabat dövrü üçün bəyan edilməli və hər bir ay üzrə ayrılıqda hesablanmalıdır.

3/5 (4 Average count)
Qiymət ver:
Elvin Ramazanlı Cəmil oğlu el***@yahoo.com ID: 1984
Hüquqi şəxs vergi ödəyicisi kimi uçotda olmayan şəxsdən sonradan satmaq məqsədi ilə Alış aktı (elektron Alış aktı) ilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilməyən mallar ala bilərmi? Ala bilərsə, bu zaman Ödəmə mənbəyindən vergi tutulmalıdırmı? Əvəlcədən təşəkkür edirəm.
15/05/2020 Read: 119 Average count: 5

Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur. Digər malların alınması zamanı ödəmə mənbəyində verginin tutulması tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi. 

5/5 (1 Average count)
Qiymət ver:
Qasım Eyvaz Şahbazov he***@gmail.com ID: 1983
Mən muzdu işçi kimi əmək müqaviləm var. Amma iki aydır işdən ayrılmışam, mən mənə ayrılan pulu necə ala bilərəm?
15/05/2020 Read: 34 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər. Müraciət formasında vergi ödəyicisinin reyestr məlumatları - vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları - avtomatik əks etdirilir.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

 

0/5 (0 Average count)
Qiymət ver:
Fəxrəddin Quliyev Əlövsət oğlu so***@Mail.ru ID: 1982
Mikro sahibkaram! Kornoavirus (COVİD19) pandemiyasının ölkədə yayılması ilə əlaqədar sahibkarlıq failiyyətim dayanıbdır. Yenicə istəyirdik ki, Kafeni işə salaq , Koronavirus yayılmağa başlayanda, fəailiyyət göstərə bilmədik. Çörək sexinin təmiri sona çatmadı, Biləsuvar rayonunda əkdiyim 20 hektar taxılım baxılmadığı üçün batıb getdi. Yaş həddinə Görə "EVDƏQAL"-a görə KƏND təsərrüfatı nazirliyi tərəfindən çölə çıxmağa icazə vermədi. İcarəyə verdiyim daşınmaz əmlakım, aldığım 250 manatdan 14 faizdən artıq 49 manat tutularaq, İcarə götürən, Dövlət büdcəsinə ödəniş etmişdir. TuranBamka kredit ödəyirəm. Mənim isə başqa yerdən gəlirim yoxdur. Xahiş edirəm bizə kömək edin biz nə edək. Hazırda sahibkar fəailiyyətim dayanıbdır. Mən nə etməliyəm? Xahiş edirəm xususi komisiya yaradılıb araşdırmalar aparılsın.
15/05/2020 Read: 84 Average count: 5

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Bununla yanaşı, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi çərçivəsində vergi və sosial sığorta qanunvericiliyinə dəyişiklik edilmiş, sahibkarlıq subyektlərinin vergi və sosial sığorta yükü azaldılmışdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Vahid Cəfərov va***@socar.az ID: 1981
Mən Lökbatanda yerləşən Kingsmart mağazasından istifadə edirəm. Bu mağazanın verdiyi çekləri saxlamışam. Lakin həmin çeklər üzrə ƏDV-ni geri ala bilmirəm. Həmçinin, qeyd etməliyəm ki, ödənişləri Albalı və Birkart vasitəsilə etmişəm. Xahiş edirəm, çeklər üzrə ƏDV-nin geri almasında mənə köməklik göstərəsiniz. Təşəkkür edirəm.
15/05/2020 Read: 33 Average count: 4

Bildiririk ki, İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bu zaman istehlakçı fiziki şəxs olmalı, ƏDV ödəyicisi olan satıcı isə yeni nəsil kassa aparatlarından istifadə etməlidir.

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında ətraflı məlumatla Buradan tanış ola bilərsiniz.

4/5 (2 Average count)
Qiymət ver:
Əkbər Səmədov Məhərəm ek***@gmail.com ID: 1980
Salam, mən vergimi baglatmışam, ancaq hələ də sistemdə görünür, xahiş edirəm mənim bu problemimi həll edəsiniz, vergi ödəyicisi olmadığımı sistemdən siləsiniz.
15/05/2020 Read: 34 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir. 
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Emil Elçin em***@toxumlar.az ID: 1979
Hüquqi şəxs olaraq (kiçik sahibkar) kənd təsərrüfatı məhsulları sayılan taxıl, tərəvəz toxumlarının istehsalı və satışı ilə faliyət göstəririk. Bununla yanaşı Respublika Süni Mayalama Mərkəzinin istehsal etdiyi buğa toxumunu (buğa spermasını) alaraq, baytarlara satışını təmin etdikdə ədv ödənilməlidirmi? Kənd təsərrüfatı məhsullarının satışı ədv azaddır və süni mayalanmaya dövlət dəstəyini nəzərə alaraq güman edirəm ki, ƏDV-dən azaddır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmişdir).
15/05/2020 Read: 114 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.30-cu maddəsinə əsasən toxum və tinglərin idxalı və satışı ƏDV-dən azaddır. Buna əsasən süni mayalanma üçün buğa toxumunun toxum hesab edildiyi halda ƏDV-dən azaddır. Müraciətinizdə qeyd olunan məhsulun toxuma aid olması barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziriliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 159-cu, 164-cü maddələri və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”

5/5 (1 Average count)
Qiymət ver:
azer memmedov akif az***@mail.ru ID: 1978
Salam, müraciətimin səbəbi ölkədə və dünyada yayılan pandemiya ilə əlaqədar dövlətim tərəfindən mənə verilən yardımla əlaqədardır. Mikro sahibkaram, 28 apreldən gözləyirəm. Amma hələ bank hesabıma pul köçürülmür. Nə qədər gözləməliyəm? Karantin günlərində iişləmədiyim üçün borclar yığılıb ödəyə bilmirəm aztəminatlı ailəyəm heç yerdən gəlirim yoxdur. Zəhmət olmasa, köməklik göstərin.
14/05/2020 Read: 25 Average count: 0

Maliyyə dəstəyi almış sahibkararın siyahısı saytımızda yerləşdirilmişdir. Siyahıda ad və ya VÖEN-ə görə yoxlayın. Adınız siyahlda olmadığı halda qeydiyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Fəxriyyə Səfərəliyeva Qaryağdı sa***@mail.ru ID: 1977
Salam. Mən ƏDVgerial portalından qeydiyyatdan keçmişəm. Kapital bankın 1Kart istifadəçisi olduğum üçün alış-veriş daim 1kart, bəzən isə maaş kartı ilə etmişəm (maaş kartım da Kapital Banka məxsus). Qeydiyyatdan keçərkən isə orada qeyd olunmuşdur ki, ödəmə çeklərinin ƏDV faizi mart ayının 21-dən olan geri qaytarıla bilər. Çeklər olmasa belə nağd alış olmadığı üçün təbii ki, həmin tarixdən hal-hazırlı günümüzə qədər olan bütün ödənişlərin faizini necə geri qaytara bilərəm?
14/05/2020 Read: 63 Average count: 1

Bildiririk ki, ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür və bu səbəbdən istehlakçılar aldıqları mal və xidmətlərə görə kassa çekini əldə etmələridir.

Həmçinin, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir.  Göründüyü kimi, malları təqdim edərkən kassa çekini təqdim etmiş vergi ödəyicisis vəzifəsini icra etmiş hesab olunur və keçmiş dövrlərdə təqdim edilmiş mallara görə NKA çekinin verilməsi həmin şəxsin vəzifəsi deyil. 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

1/5 (1 Average count)
Qiymət ver: