Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Əli Həsənov al***@gmail.com ID: 5858
Salam. A Şirkəti daxili yükdaşıma fəaliyyəti ilə məşğul olur və B şirkətinə məxsus yükləri daşıyır. Lakin balansında avtonəqliyyat vasitələri yoxdur. A Şirkəti həmin daşımaları müqavilə əsasında digər şəxslər (fiziki və ya hüquqi şəxslər) vasitəsi ilə həyata keçirir. Bu zaman A şirkətinin və Digər şəxslərin (fiziki və ya hüquqi şəxslərin) hansı vergi öhdəliyi yaranır? Həm A şirkəti həmdə digər şəxslər fərqlənmə nişanı almalıdırmı? Əvvəlcədən təşəkkür edirəm.
25/01/2022 Прочитано: 275 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Eyni zamanda, mülki qanunvericiliyə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir.

Buna əsasən mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda cəmiyyətin vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları) həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda həmin vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və əldə etdiyi xidmət haqlarının dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir. 

Bununla yanaşı vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqlarının) həcmindən asılı olmayaraq, əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olmasa belə, vergi ödəyicisi öz müraciətinə əsasən könüllü şəkildə ƏDV qeydiyyatına alına bilər.

Belə ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi yalnız Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-ni tətbiq edə bilər.

Əsas: Vergi Məcəlləsinin 155-ci, 156-cı, 218-ci maddələri və Mülki Məcəllənin 852-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fidan Alieva Vüsal Fi***@mail.ru ID: 5856
Mənim işim kirayə geyimlərdir. VÖEN var, kirayə müqaviləsi var, kassa olmalıdır? Yoxsa xidməti sahə sayılır? Mən ne etməliyəm, çox xahiş edirəm, köməklik göstərəsiniz.
25/01/2022 Прочитано: 184 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Müvafiq olaraq, sorğunuzda qeyd edilən fəaliyyət növü ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş mədaxil qəbzi təqdim edilməlidir.

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinin müddəalarına əsasən əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci,16.1.9-cu və 218-ci maddələri, “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Aleksandr Potaenko po***@gmail.com ID: 5853
Salam. Qeydiyyatlı fiziki şəxs olaraq (VÖEN), ƏDV ödəyicisi olan tikinti materialların satışı ilə məşğul olan şirkətlə xidmət müqaviləsi bağlayıb onların məhsullarının təbliğ (reklam) edərək satışını təşkil etmək niyyətindəyəm. Şərt odur ki, müştərilərə malları şirkət özü satacaq, mən isə müqavilənin şərtlərinə görə hər satılan məhsuldan müəyyən qədər qazanc əldə edəcəm. VÖEN-im üzrə digər bir fəaliyyət yoxdur. Sual: ödədiyim vergi necə hesablanacaq?
25/01/2022 Прочитано: 93 Средняя стоимость: 5

Bildiririk ki, vasitəçilik xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən həmin xidmətlərin göstərilməsi ilə bağlı əldə edilən gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğ gəlir vergisinə cəlb edilir. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bunlardan əlavə vergi ödəyicisi tərəfindən vasitəçilik xidmətlərindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda növbəti ayın ilk 10 günü ərzində həmin vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və aparılan əməliyyatların dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci, 108-ci, 155-ci və 159-cu maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Elnur Atakişiyev at***@gmail.com ID: 5846
Salam. A MMC mikro sahibkardır. İlin sonuna qalıq dəyəri 100.000 əsas vəsait var. Və A MMC həmin əsas vəsaitə amortizasiya hesablamır. Əsas vəsaitin nəqliyyat vasitəsi olduğunu nəzərə alsaq novbəti il keçən ildən qalan 100.000 25 faiz dərəcəsinə 2 norma ilə hesablanan 50.000 azn gəlirdən çıxa bilərmi?
25/01/2022 Прочитано: 122 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Qeyd olunanlara əsasən mikro sahibkarlıq subyektləri əvvəlki hesabat ilində sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarına 2 əmsalı tətbiq etmədikdə, bunun nəticəsində yaranan fərq məbləği növbəti vergi illərində əsas vəsaitlərin qalıq dəyərinə tətbiq edilən amortizasiya normasından hesablanmış məbləğlə cəmlənməklə gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Rafael Cəfərov ra***@hotmail.com ID: 5842
Salam. Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı keçiriləcək test imtahanının məzmununda dəyişikliyə gedərək imtahanın sadəcə Konstutisiya və Məntiq suallarından ibarət olacağı məlumatı həqiqəti əks etdirirmi? Bu məlumatın doğru olub-olmadığı, sözügedən imtahana hazırlaşan biri olaraq mənim üçün həyati önəm kəsb edir. Ümid edirəm sualımı cavablandırarsınız. İndidən təşəkkürlər.
25/01/2022 Прочитано: 63 Средняя стоимость: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Sorğunuzda qeyd olunan formada müsabiqənin təşkil edilməsi mövcud qaydalarda nəzərdə tutulmamışdır. Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik Azərbaycan Respublikası vətəndaşlarının müsabiqədə iştirak etmək hüququ vardır. Odur ki, qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində dövlət vergi orqanlarına işə qəbulla əlaqədar növbəti müsabiqələrdə iştirak etməyiniz tövsiyə olunur.

Həmçinin bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumatı saytımızın "İşə qəbul" bölməsindən və ya Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət etməklə əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cavidan Huseynov Faiq hu***@gmail.com ID: 5834
Salam. Şirkət onlayn qaydada qeydiyyata alınıb, ona yeni təsisçi əlavə etmək üçün onlayn qaydada olunmalıdır, yoxsa vergilər idarəsinə yaxınlaşılmalıdır?
23/01/2022 Прочитано: 85 Средняя стоимость: 5

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Xəyal Manaflı Mənəf ma***@gmail.com ID: 5833
Salam. Bir sualım var. Biz VÖEN-in aktiv olub olmamasını necə yoxlaya bilərik?
23/01/2022 Прочитано: 53 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətinizin dayandırılıb-dayandırılmaması haqda məlumatı Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək VÖEN və ya şəxsi məlumatları təqdim etməklə əldə edə bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Ziya Əsgərəli Fərzəli oğlu zi***@hotmail.com ID: 7580
Salam. Mən "ƏDV geri al" qeydiyyatdan keçirdiyim istifadəçi kabinetimdə çətinliklərlə üzləşirəm. Qeydiyyatdan keçirdiyim nömrəni dəyişdirmək istəyirəm, amma heç bir ƏDV-ni dəstəkləyən bank proqramlarında və sizin veb səhifədə mümkün deyil. Xahiş edirəm, mənə öz köməkliyinizi göstərərdiniz.
23/01/2022 Прочитано: 58 Средняя стоимость: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Elnur Səmədzadə Şükür el***@gmail.com ID: 5827
Müəssisəmiz qeyri-rezident hüquqi şəxslə agent müqaviləsi əsasında əməliyyatlar aparır. Belə ki, müəssisəmiz qeyri-rezidentin proqram təminatından istifadə edərək, Azərbaycan Respublikası daxilində sərnişin və baqajın sərnişin taksisi ilə daşınması xidmətlərinin (sərnişinlərin taksi ilə daşınması) reallaşması istiqamətində işlər həyata keçirir. Müəssisəmiz qeyri-rezidentin proqram təminatından istifadə edərək, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə və ya sahibkarlarla müqavilələr imzalayır, onları bu proqramdan qeydiyyatdan keçirir və sərnişin, baqajın daşınma xidmətindən müəyyən haqq əldə edir. Müəssisəmiz taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərdən və ya sahibkarlardan müqavilə əsasında müəyyən olunmuş məbləğdə ödənişləri depozit olaraq qəbul edir. Daşınma xidmətinin haqqı nağd olaraq sürücüyə ödənildikdə, qeyri-rezidentin və müəssisənin haqqı depozit qoyulmuş məbləğdən silinir. Daşınma xidmətinin haqqı nağdsız olaraq ödənildikdə isə ödəniş bir başa olaraq qeyri-rezidentin hesabına daxil olur. Qeyri-rezident şəxs daxil olmuş məbləğdən özünə məxsus haqqı götürür, digər hissəni isə müəssisəmizin bank hesabına köçürür. Bank hesabına daxil olmuş məbləğdən müəssisəmiz öz haqqını götürərək, digər hissəni daşınmanı həyata keçirən sürücüyə və ya sahibkara köçürür. Mövcud vəziyyətlə bağlı aşağıda göstərilmiş sualları cavablandırmağınız xahiş olunur: 1. Müəssisəmiz hansı fəaliyyət kodunu seçməlidir? 2. Müəssisəmiz taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərdən və ya sahibkarlardan müqavilə əsasında müəyyən olunmuş məbləğdə ödənişləri depozit olaraq qəbul edə bilərmi? (hər iki halda qanunvericilik aktlarının bölmələri, maddələri göstərilməklə) 3. Daşınma xidmətləri haqqının nağd və ya nağdsız ödənilməsindən asılı olmayaraq, müəssisəmiz əldə etdiyi haqqlara görə taksi fəaliyyəti ilə məşğul olan şəxslərə və ya sahibkarlara elektron qaimə-faktura təqdim etməliyikmi? (hər iki halda qanunvericilik aktlarının bölmələri, maddələri göstərilməklə) 4. Qeyri-rezident şəxs tərəfindən nağdsız ödənişlər zamanı müəssisəmizin bank hesabına köçürülən bütün vəsaitimi gəlir kimi tanımalıyıq? Yoxsa daxil olan vəsaitdən sadəcə müəssisəmizin haqqınımı gəlir kimi tanımalıyıq? (hər iki halda qanunvericilik aktlarının bölmələri, maddələri göstərilməklə)
22/01/2022 Прочитано: 293 Средняя стоимость: 5

Bildiririk ki, vergi qanunvericiliyinin müddəalarına əsasən bağlanmış müqavilələr əsasında sərnişindaşıma fəaliyyəti ilə bağlı vasitəçilik (agent) xidmətləri göstərən müəssisə tərəfindən vasitəçilik (agent) xidmətlərindən əldə edilən komisyon haqlarından gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra qalan vəsait müəssisənin vergi tutulan gəlirlərinə aid edilir. 

Sorğunuzda qeyd olunan formada, müəssisənin sürücülərdən depozit vəsatinin alınması ilə bağlı vergi qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. 

Eyni zamanda rezident müəssisənin vasitəçilik (agent) xidmətlərindən əldə edilən gəlirinin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda müəssisə növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və aparılan əməliyyatların dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.

İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. 

Bununla yanaşı, qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və tutulmuş vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, qeyri-rezident şəxsin göstərdiyi onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci, 125-ci, 155-ci, 159-cu və 169-cu maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Cəmşid İsmayıl İrzaquliyev ir***@mail.ru ID: 5823
Mən fiziki şəxs olaraq vətəndaşlara və sahibkarlara hüquqi və mühasibatlıq xidməti göstərməm üçün, kiçik sahibkar kimi qeydiyyata alınmam üçün nə etməliyəm? Təşəkkür edirəm.
22/01/2022 Прочитано: 204 Средняя стоимость: 5

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

5/5 (4 Средняя стоимость)
Оцените:
Orxan Babayev Baba oğlu or***@gmail.com ID: 5822
Salam, hal-hazırda sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdayam. Lakin, 2022-ci ilin əvvəlindən xarici şirkətə ximət göstərirəm, bu səbəbdən də gəlir vergisinin ödəyicisi qeydiyyatdan keçmək istəyirəm. Bunun üçün hansı formada və necə müraciət etməliyəm? Hörmətlə, Orxan Babayev VÖEN: 1405639622
21/01/2022 Прочитано: 95 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.

Vergi mükəlləfiyyətinizin dəyişdirilməsi üçün qeydiyatda olduğunuz vergi orqanına sərbəst formada ərizə ilə müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci maddələri.

4/5 (1 Средняя стоимость)
Оцените:
Məmməd ma***@mail.ru ID: 5819
Salam. Mən özəl mühəndis kimi müqavilə əsasında xidmət göstərirəm. 2021 ci il üzrə mənim hesabıma köçürülən pulun miqdarı 11 690 AZN təşkil edir. Xahiş edirəm məndən Vergi, DSMF və Tibbi sığortaya cari ildə olan tutulmarın miqdarı və necə hesablanması barədə ətraflı mılumat verəsiniz. Hər ay üzrə adı çəkilən hesablara nə qədər ödəniş etməliyəm?
20/01/2022 Прочитано: 168 Средняя стоимость: 0

Bildiririk ki, qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bunlarla yanaşı, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (250 manat) 25 faizinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci maddələri və “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elçin Quliyev el***@mail.ru ID: 5818
Salam. Bankdan bonus şəklində gələn gəlirdən ƏDV tutulurmu? Bankdan göndərilən bonus ƏDV məbləği olmur. Pul vəsaitindən ƏDV tutulmur, Vergi Məcəlləsinə görə. Sual budur ki, bankdan gələn bonus pul ƏDV-yə cəlb olunur?
20/01/2022 Прочитано: 189 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su mal anlayışına aid edilmişdir. Bu maddəyə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.

Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin müddəalarına görə malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət (iş) sayılır. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Qeyd olunanlara əsasən, vergi ödəyicisi tərəfindən əldə olunan pul vəsaiti hansısa xidmət (iş) qarşılığında təqdim olunmadığı halda, ƏDV-yə cəlb olunmur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 159-cu maddələri.  

5/5 (1 Средняя стоимость)
Оцените:
Şirinov Çingiz İsmayıl oğlu el***@mail.ru ID: 5813
Salam. Vergi qanunvericiliyində yeni qaydalara əsasən gəlir vergisi ödəyicisi alış aktı, elektron qaimə olmadan malların satışını elektron qaimə əsasında həyata keçirirsə dövriyyənin 20 faizi vergiyə keçirilir (əvvəlki qaydalara görə 5 faiz vergi keçirilirdi). Xahiş edirəm, yeni qaydalara görə vergi məbləğinin necə hesablanması barədə məlumat verəsiniz. Sağ olun.
20/01/2022 Прочитано: 125 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinə edilmiş və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin mənfəətlərinə (gəlirlərinə) tətbiq edilən 75 faiz vergi azad olunmasının yalnız gəlir və xərclərinin uçotunu aparan şəxslərə tətbiq edilir.

Belə ki, kölgə iqtisadiyyatının qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qeyd edilən dəyişiklik nəticəsində həmin güzəştin bütün vergi ödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan və şəffaf şəkildə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiqi nəzərdə tutulmuşdur.

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

Əsas: Vergi Məcəllləsinin 16-cı, 102.1.30-cu və 130-cu maddələri.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədov Mehman Qəhrəman oğlu me***@gmail.com ID: 5812
"Yeni mövqeyə görə güzəşt hüququ olan şəxs cari ilin yanvar ayında işə başlasa və məsələn dekabr ayında güzəşt hüququnu təsdiq edən sənədi təqdim etsə, mühasibatlıq şöbəsi onun güzəşt hüququnu əmək müqaviləsinin hüququ qüvvəyə mindiyi tarixdən yəni yanvar ayından nəzərə almalıdır. " Vergi Məcəlləsinə dəyişiklikdən sonrakı 102.8. maddəsinin aşağıdakı kimi təsviri düzdürmü?
19/01/2022 Прочитано: 83 Средняя стоимость: 0

Bildiririk ki, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. 

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Qeyd olunan dəyişiklik müvafiq güzəşt hüququ olan şəxsin bu hüququndan sənədlərin işəgötürənə təqdim edilmə tarixindən asılı olmayaraq əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanacaqdır.

Əsas: Vergi Məcəlləsinin 102.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəna Əfəndi Məhəmmədovna re***@gmail.com ID: 5811
Salam, Mən analıq məzuniyyətinə çıxdıqda alacağım müavinətlə bağlıdır: Mən artıq 1 ildən çoxdur ki, Həyat Sığortasına qoşulmuşam və ora köçürdüyüm məbləğin (gross maaşın 45%-i qədərini) 22%-ini işlədiyim şirkət DSMF-yə deyil, elə həmin Həyat Sığortası hesabına köçürür. Qısaca, mənim üçün DSMF-də bu müddət ərzində yığılan məbləğ daha azdır. Mən bilmək istərdim ki, analıq məzuniyyətinə çıxanda alacağım müavinət bu səbəbə görə daha az olacaqmı yoxsa yox?
19/01/2022 Прочитано: 90 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bilal Osmanov Azər bi***@mail.ru ID: 5810
Vergilər Məcəlləsində aşağıda qeyd etdiyim qanun, 2022-ci ilin yanvarında sonra olan ödənişlərə aiddir yoxsa son 3 ildə olan bütün ödənişlərə? Belə ki, əgər işçi 3 ildir işlədiyi təşkilata 2022-ci ilin fevralında hər hansısa güzəştlə bağlı sənəd təqdim edərsə, yalnız 2022-ci ilin yanvarında ödənilən pula yenidən hesablama edilərək güzəşt tətbiq olunacaq yoxsa son üç ildə olan bütün aylarda olan hesablamalara yenidən hesablama təyin ediləcəkdir? 102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
19/01/2022 Прочитано: 83 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Qeyd olunanlara əsasən vergi güzəşti hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yarandığından güzəşt hüququnu müəyyən edən sənədin əsas iş yerinə təqdim edilmədiyi müddət üçün vergi güzəşti tətbiq edilmir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 102.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Behbudov Emil Mürvət oğlu be***@gmail.com ID: 5808
Vergi ödəyicisi olan A fiziki şəxs vergi ödəyicisi olmayan B fiziki şəxsindən - yaxın qohumundan əvəzsiz qaydada (bağışlanma yolu ilə) yük avtomobili əldə etmişdir. A fiziki şəxsi bu yük avtomobilindən sahibkarlıq məqsədləri üçün istifadə etmək niyyətindədir. Bu zaman bir neçə sualım yaranır? 1. A fiziki şəxs bu avtomobilə amortizasiya hesablaya bilərmi? 2. Avtomobili sahibkarlıq məqsədləri üçün istifadə edəcəyi və amortizasiya hesablayacağı üçün onun əldə edilməsi zamanı bu əldə etməni alış aktı və ya hər-hansı sənədlə rəsmiləşdirilməlidirmi? 3. A fiziki şəxs həmin əmlakı balansına salmalıdırmı, salmalıdırsa bunu necə rəsmiləşdirməlidir? 4. Bu zaman hansı vergi öhdəlikləri yaranır?
19/01/2022 Прочитано: 200 Средняя стоимость: 0

Bildiririk ki, əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.

Həmçinin, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını (nəqliyyat vasitələri üçün 25 faizədək) həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Sorğunuzda qeyd olunan nəqliyyat vasitəsi vergi ödəyicisi kimi uçotda olan şəxsdən alındıqda elektron qaimə-faktura əsasında, vergi ödəyicisi kimi uçotda olmayan  şəxsdən alındıqda isə elektron alış aktı əsasında sənədləşdirilməlidir.

Eyni zamanda, vergi ödəyicisinin əvəzsiz qaydada əldə etdiyi əsas vəsaitin dəyəri bazar qiyməti nəzərə alınmaqla, satışdankənar gəlirlərə aid edilir və ümumi qaydada vergiyə cəlb olunur.

Bunlarla yanaşı əsas vəsaitin balansa daxil edilməsi və balansda əks etdirilməsi üzrə sənədləşmə prosesi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsiin 13-cü, 114-cü, 104-cü maddələri. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Abdulov Ilqar Məhərrəm il***@sosial.gov.az ID: 5806
Salam, 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktor müavini imza kartı ilə e-taxes.gov.az ( online kargüzarlıq ) daxil olmaq mümkün deyil. Zəhmət olmasa köməklik göstərəsiniz
19/01/2022 Прочитано: 51 Средняя стоимость: 0

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı, metodiki köməkliyin göstərilməsi üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aslanova Elnara el***@mail.ru ID: 5805
Salam. Fiziki şəxsin heç bir fəaliyyəti olmadığından fəaliyyəti müvəqqəti dayandırılıb. Hal hazırda, bu fiziki şəxs, öz şəxsi daşınmaz əmlakını Hüquqi şəxsə icarəyə verib. Və İcarəçi, mütəmadi olaraq Ödəmə mənbəyindən tutulan verqini budcəyə ödəyir və bəyannaməni təqdim edir. Sual: 1. Bu şəxs tərəfindən icarəçiyə e-qaimə verilməlidir?
18/01/2022 Прочитано: 177 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı müraciətinizdə qeyd olunduğu kimi, vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi fəaliyyətini aktivləşdirmək və bununla bağlı elektron qaimə-faktura təqdim etmək öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü və 124-cü maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените: