Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Elvin Xudiyev Elçin el***@gmail.com ID: 8133
Salam, mən müvəqqəti yaşayış vəsiqəsi ilə VÖEN açmışam, indi vəsiqəni yeniləyirəm. VÖEN-i yeni vəsiqəyə birləşdirmək lazımdır?
09/05/2023 Прочитано: 77 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisi uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.  Vergi ödəyicisi bu barədə müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin uçotu haqqında Ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir. Bu barədə ətraflı məlumatla buradan tanış ola bilərsiniz: "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşad ra***@gmail.com ID: 8132
Salam. Mən 18% ƏDV ödəyicisiyəm. Bilmək istəyirəm, əhalindən zibilin daşınmasına görə daşınma haqqı alınır və həmin vəsit cari hesaba mədaxil olunur. Bilmək istəyirəm, əhalidən alınan həmin pul vəsaiti 18% ƏDV cəlb olunur və həmin cəlb olunan məbləği BTP-də hansı qrafada göstərilməlidir. Əvvəlcədən təşəkkür edirəm.
09/05/2023 Прочитано: 140 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir.

Müraciətinizdə qeyd olunanlara əsasən Siz ƏDV ödəyicisi kimi qeydiyyatda olduğunuz üçün, göstərdiyiniz xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və vergi tutulan əməliyyatların dəyəri müvafiq dövr üzrə təqdim edilən ƏDV bəyannaməsinin 301.1-ci sətrində əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 173-cü maddələri. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əzimzadə Fərid fa***@mail.ru ID: 8131
Zəhmət olmasa qeyd edərdiniz, Azərbaycanda məhdud məsuliyyətli cəmiyyətdə iki təkbaşına icra orqanının (təkbaşına icra orqanın funksiyalarını yerinə yetirən 2 fiziki rəhbər-nəfər) yaradılması mümkündürmü? Qeyd etmək istəyirəm ki, bu təcrübə Rusiya Federasiyasında mövcuddur və bəzi hallarda üstünlüklərə malikdir.
08/05/2023 Прочитано: 55 Средняя стоимость: 5

Bildiririk ki, qanunvericilikdə kommersiya qurumunun bir neçə direktor tərəfindən idarəçiliyi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

5/5 (1 Средняя стоимость)
Оцените:
Fərmanov Sədi Filman oğlu fa***@gmail.com ID: 8129
Salam Mən öyrənmək istəyirdim ki adıma aktiv VÖEN varmı?
07/05/2023 Прочитано: 77 Средняя стоимость: 5

Bildiririk ki, Fərmanov Sədi Filman oğlu (VÖEN 4600347442) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Altay Əfəndiyev Seid al***@mail.ru ID: 8127
Mən vəkiləm. Məhkəməyə verdiyim ərizədə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin və Ordubad Rayon Qeydiyyat Şöbəsinin VÖEN-i göstərməliyəm, lakin, taxes.gov.az saytında bu məlumatı ala bilmirəm. Nə edim?
06/05/2023 Прочитано: 80 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində Binəqədi Rayon Qeydiyyat Şöbəsinin və Ordubad Rayon Qeydiyyat Şöbəsinin uçotda olmaları barədə məlumat mövcud deyil.

Saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ni əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Средняя стоимость)
Оцените:
Quliyeva Kamilə Həsən qızı ka***@gmail.com ID: 8125
Salam, mənim bir sualım var, zəhmət olmasa cavablayardınız. Azərbaycan Respublikasında olan bir A hüquqi şəxsinin təsisçisi xarici B hüquqi şəxsdir. Həmin xarici hüquqi şəxs B özünün A-dakı paylarını A-nın özünə sata bilərmi? Əgər satsa, hər hansı vergi öhdəliyi yaranırmı? İkinci sualım odur ki, əgər həmin B adlı xarici hüquqi şəxs A-dakı paylarını digər bir xarici C hüquqi şəxsinə satsa, bu halda vergi öhdəliyi yaranırmı? Zəhmət olmasa, vergi öhdəliyi yaranırsa, Vergi Məcəlləsinin konkret maddəsi ilə qeyd edərdiniz. Təşəkkür edirəm.
05/05/2023 Прочитано: 187 Средняя стоимость: 0

Bildiririk ki, hüquqi şəxsdəki payların hüquqi şəxsin təsisçisi iştirak paylarını digər təsisçilərə və ya kənar şəxslərə təqdim edə bilər. 

Əlavə olaraq bildiririk ki, vergi qanunvericiliyinə əsasən rezident hüquqi şəxsdə iştirak payının satılmasından əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. Buna əsasən Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident müəssisənin rezident müəssisədəki səhmlərinin satışından əldə olunan gəlirləri Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinin müddəaları nəzərə alınmaqla Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir. 

Eyni zamanda Vergi Məcəlləsinin 149.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan, Vergi Məcəlləsinin 125.1.3-cü, 125.1.4-cü, 125.1.5-ci və ya 125.1.7-ci maddələrinə müvafiq qaydada ödəmə mənbəyində vergi tutulan gəlir əldə edən qeyri-rezident vergi ödəyicisi bu cür gəlir haqqında bəyannamə verməklə tutulmuş verginin qaytarılması tələbini irəli sürə bilər. Bu cür bəyannamə bu Məcəllənin 149.2-ci maddəsinin birinci cümləsində müəyyən edilən müddətlərdə verilməlidir. Belə vergi ödəyicisindən Azərbaycan Respublikasında vergi ödəyicisinin daimi nümayəndəliyinin gəliri kimi Vergi Məcəlləsinin 105.1-ci maddəsində müəyyən edilən dərəcə ilə vergi tutulur, vergi ödəyicisinin gəlir əldə edilməsi ilə bağlı olan xərci isə daimi nümayəndəliyin xərcində olduğu kimi gəlirdən çıxılmalıdır, bu şərtlə ki, vergi bu Məcəllənin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin məbləğindən artıq olmasın.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda Azərbaycan mənbəyindən əldə olunmuş gəlirindən ödəmə mənbəyində vergi tutulmuş gəlir əldə edən qeyri-rezident Vergi Məcəlləsinin 149.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycanda vergi uçotuna alına və səhm satışından əldə olunan gəliri üzrə bəyannamə təqdim edə bilər. 

Vergi Məcəlləsinin 149.1.3-1-ci maddəsinin müddəaları qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlir əldə etdiyi və əldə etdiyi gəlirdən ödəmə mənbəyində verginin tutulması mümkün olmadığı hallarda tətbiq edilir.

Əlavə olaraq bildirirk ki, Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 85-ci, 87-ci, 105-ci, 106-cı, 125-ci, 149-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağahüseyn Əsgərov Bəxtiyar Es***@gmail.com ID: 8059
Fiziki şəxsəm. Orta məktəbdə psixoloq işləyirəm. Vergi ödəyirəm. Orta məktəbdə ayda 1 dəfə və ya həftədə 1 dəfə ödənişli sınaq imtahanları təşkil etmək istəyirəm. Bunun üçün nə qədər vergi ödəməliyəm? Hara müraciət etməliyəm? Bir fəaliyyət üzrə vergini ödədiyim halda 2-ci fəaliyyət üçün yenə vergi ödəməliyəm?
05/05/2023 Прочитано: 252 Средняя стоимость: 4

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda vergi, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

4/5 (7 Средняя стоимость)
Оцените:
Urfan Babayev Nazim u.***@azdo.az ID: 8123
Salam. Sualım budur: Hazırda fəaliyyət göstərən ABC şirkəti vardır. Həmin şirkətin 2 təsisçisi var. Nizamnamə kapitalı 50 manat təşkil edir. Şirkət xarici investor tapıb. Lakin, borc müqaviləsi əsasında investisiya əldə etmək əvəzinə, investoru MMC-nin yeni iştirakçı kimi qeydiyyata salmaq istəyir. İnvestor isə kapitala 50 000 vəsait qoymaq fikrindədir. Hansı qaydada bu proses baş tutmalıdır? Və bu ssenari üzrə yeni iştirakçı 50 000 qoyduğu halda, cari təsisçilərin payı necə hesablanacaqdır? Mümkündürmü müqavilə ilə və təsisçilərin səsverməsi ilə yeni iştirakçıya fiks pay (məsələn 10%) təyin etmək onun ərizəsi əsasında (10% istədiyi halda) və şirkətin kapitalına həmin və ya yeni müqavilə əsasında yuxarıda qeyd etdiyim 50 000 vəsait qoysun? Yoxsa, yeni iştirakçını əlavə etməkdən əvvəl şirkətin dəyərini yenidən hesablamaq lazımdır və nizamnamə kapitalını dəyişmək lazımdır və hansı sənədlər tələb olunacaqdır? Əgər xarici investor hüquqi şəxsdir? Mənə qanuna uyğun, düzgün yolu göstərməyinizi xahiş edirəm. Ətraflı cavab üçün minnətdar olaram.
05/05/2023 Прочитано: 216 Средняя стоимость: 0

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.

Kommersiya və ya publik hüquqi şəxsin nizamnamə kapitalının artırılması üçün ələb olunan sənədlər və digər ətraflı məlumatları "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" bölməsindən (Buradan) tanış ola, əlavə suallar yarandıqda Çağrı Mərkəzinə (195-1) və ya Bakı şəhəri üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (Tel.: (012) 403-83-38,  office.milli@taxes.gov.az, Bakı şəhəri, H.Əliyev prospekti, 105) müraciət edərək əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin-nin 34-cü maddəsi, Mülki Məcəllənin 43-113-cü maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun, Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100  nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının  aparılmasına dair Metodiki Göstəriş”

0/5 (0 Средняя стоимость)
Оцените:
Jalə Nadirova ja***@gmail.com ID: 8066
Salam. Sualım 102.1.15 maddə ilə bağlıdır. Maddədə beynəlxalq yarışlarda pul şəklində alınan mükafatın 4000 manatı vergidən azad olduğu qeyd edilib. Beynəlxalq yarışın Azərbaycanda yoxsa xaricdə keçirilməsinin fərqi varmı?
05/05/2023 Прочитано: 176 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinin müddəlarına əsasən, beynəlxalq yarış (idman yarışları istisna olmaqla) və müsabiqənin hansı ölkədə keçirilməsindən asılı olmayaraq əldə olunan mükafatların dəyərinin 4000 manatadək hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.15-ci maddəsi.

3/5 (2 Средняя стоимость)
Оцените:
Zaur Musayev z.***@gmail.com ID: 8122
2022-ci ilin nəticələrinə görə açıq səhmdar cəmiyyəti 15 may tarixində dividend verməyi planlaşdırır. ASC-nin səhmdarları fiziki şəxslərdir. ASC-nin səhmləri kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış, lakin sonradan “delistinq” edilərək tənzimlənən bazarda ticarətdən çıxarılmışdır. Dividendin elan edildiyi və ödənilmə tarixində səhmlər kütləvi təklif edilmiş olsa da artıq tənzimlənən bazarda ticarət edilmir. Belə olduğu halda yuxarıdakı nümunəyə uyğun gələn səhmlər üzrə fiziki şəxslərə dividend ödənilən zaman Vergi Məcələssinin 102.1.22-2-ci maddəsi əsas tutularaq həmin dividentlərə güzəşt şamil edilirmi? Dolayı yolla desək, fiziki şəxslərdən 10%-lik ÖMV tutulmalıdırmı?
05/05/2023 Прочитано: 198 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin müddəalarına əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Qeyd olunanlara əsasən 2023-cü ilin fevral ayının 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 102-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ülvin İbrahimov Əsgər ul***@gmail.com ID: 8061
Salam, mən 4 faizli ipoteka ilə "Kristal Abşeron"dan ev almışam. ƏDV ala bilərəm? Bunun üçün nə etməliyəm?
05/05/2023 Прочитано: 267 Средняя стоимость: 3

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir. Alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

Mənzil ipoteka krediti hesabına alındıqda mənzilin dəyərinin satıcıya tam ödənildiyi üçün həmin alıcılar da ƏDV-nin geri qaytarılması üçün müraciət edə bilərlər.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı  xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

3/5 (2 Средняя стоимость)
Оцените:
Rüstəmli Səbinə ru***@gmail.com ID: 8060
Salam, təsisçi dəyişilməsi zamanı hansı sənədləri təqdim edilməldir?
05/05/2023 Прочитано: 164 Средняя стоимость: 5

Bildiririk ki, kommersiya və ya publik hüquqi şəxsin təsisçisinin dəyişdirilməsi zamanı tələb olunan sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

5/5 (3 Средняя стоимость)
Оцените:
T. Həsənağa he***@gmail.com ID: 8052
Salam. ƏDV ödəyicisi olan şirkət həm topdan həm də pərakəndə fəaliyyəti ilə məşğuldur. Pərakəndə fəaliyyətində həm ədvli həm də ədv-dən azad malların satışını icra edir. Vergi Məcəlləsinin 175.4-cü maddəsində qeyd edilir ki, əgər uçotu ayrı-ayrılıqda aparırlarsa ƏDV-li əməliyyatlara görə ödənilən ƏDV tam əvəzləşdirilir. Uçotun ayrı-ayrılıqda aparılması deyərkən, konkret misal üzərindən hansı qaydada getməsini izah edərdiniz. Bura sırf e-qaimə ilə alınmış ƏDV-li əməliyyatların (mal və xidmətlər) uçotunu ayırmaqdan gedir, yoxsa orada işçinin maaşı, amortizasiya hesablanması da bura aiddir?
05/05/2023 Прочитано: 306 Средняя стоимость: 3

Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Adıçəkiləm maddədə, Vergi Məcəlləsinin 164-cü maddəsində qeyd olunan əməliyyatların uçotunun (həmin məhsulların alışı və satışı üzrə məlumatların) mühasibat uçotunun və Vergi Məcəlləsinin tələblərinə əsasən sənədləşdirilməsi nəzərdə tutulur. 

Mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq aparılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.

3/5 (3 Средняя стоимость)
Оцените:
Orxan Vəliyev Əfqan or***@gmail.com ID: 8062
Mən hal-hazırda 2-ci kurs tələbəsiyəm gələcəkdə vergi xidmətində çalışmaq istəyirəm bilmək istəyirəm ki hərbi xidmətdə olmadan işləmək mümkündürmü? Zəhmət olmasa, cavablandırarsınız. Əvvəlcədən təşəkkürlər.
05/05/2023 Прочитано: 148 Средняя стоимость: 5

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna ol-maqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Sakit Əliyev sa***@mail.ru ID: 8119
Salam. Yanğın nəticəsində hüquqi şəxsin 5.000 AZN dəyərində malı zay olmuşdur. Zay mallara görə 6.000 AZN sığorta ödənişi alınmışdır. Mənfəər vergisi üçün hansı məbləğ diqqətə alınacaq: zərərə aid edilən 5.000 AZN, yoxsa zərərdən artıq olan 1.000 AZN?
04/05/2023 Прочитано: 170 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.

Eyni zamanda 106.1.6-ci maddəsinə əsasən alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa) mənfəət vergisindən azaddır.

Sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa sığortalının sığortaçıdan aldığı sığorta ödənişləri mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 104-cü və 106.1.6-cı maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Tural Ələkbərov Faiq tu***@gmail.com ID: 8113
Salam. Vergi Məcəlləsinin 16.1.11-11.3. mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə; Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur. Bu bəndi izah edin, zəhmət olmasa.
04/05/2023 Прочитано: 156 Средняя стоимость: 0

Məlum olduğu kimi, ötən il Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumatlar malların idxal olunacağı tarixədək vergi orqanına təqdim edilməlidir. Dəyişikliyin məqsədi idxal əməliyyatları həyata keçirən, habelə üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsi məqsədilə idxal olunan malların sifarişçiləri, habelə həmin malların saxlanc yerləri barədə əvvəlcədən vergi orqanlarına məlumatın verilməsidir.

Bununla belə, vergi ödəyicilərinin inzibati yükünün azaldılması məqsədilə qeyd olunan məlumat formasını təqdim edən subyektlərin dairəsində 01.01.2023-cü il tarixdən etibarən dəyişiklik edilib. Belə ki, "Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə etmiş vergi ödəyicilərinin vergidən yayınma riskinin az olması nəzərə alınmaqla, əlavə sənədləşmə üzrə inzibatçılıq yükünün artmasının qarşısının alınması üçün həmin şəxslər tərəfindən idxal ediləcək mallar barədə məlumatların vergi orqanına təqdim olunması tələbi istisna edilib. Həmçinin, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda, idxal edilən malların qeydiyyatda olan həmin obyektə aparılması kimi qiymətləndirilməsi və məlumat formasının təqdim olunmaması müəyyən edilib. Digər vergi ödəyiciləri tərəfindən isə həmin məlumatların təqdimolunma müddəti artırılıb, malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların isə gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) təqdim olunması ilə bağlı dəyişiklik edilib.

Dəyişiklik haqda ətraflı məlumatla buradan tanış ola bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Elnurə Qəmbərova Elyas qızı ka***@list.ru ID: 8025
Salam. Mənzil aldıqda ƏDV-ni necə geri ala bilərəm?
01/05/2023 Прочитано: 182 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsində Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması nəzərdə tutulmuşdur.

Eyni zamanda “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Bölmədə qeyd olunanlarla tanış olaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizəni müvafiq qaydada təqdim edə, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşid Salmanov Zaman in***@gmail.com ID: 8080
Salam. Gəlir vergisindən azad olunmanı necə və haradan bilmək olar? Tətbiq və ya hər hansısa sizin şöbənizdən öyrənmək olarmı?
28/04/2023 Прочитано: 114 Средняя стоимость: 0

Bildiririk ki, gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir.

Eyni zamanda əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Vergi qanunvericiliyi və inzibatçılığı barədə üzləşdiyiniz suallarla bağlı saytımızda (www.taxes.gov.az) yerləşdirilən məlumatlarla tanış ola, o cümlədən Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı.

0/5 (0 Средняя стоимость)
Оцените:
Arasan Dilarə İsmayıl qızı ar***@gmail.com ID: 8079
Salam, əməkdaş mart ayında tam işləyib yəni 17 gün 1600 manat, aprel ayında 6 iş günü olub 533 manat ə/h-sı olub. Əməkdaşa aprel ayında 12 təqvim gününə 1037,84 manat təhsil məzuniyyəti hesablanıb, may ayında yenidən 6 iş günü təhsil məzuniyyətinə çıxır. Bu zaman aprel ayındakı hesablanmış təhsil məzuniyyəti hesablamaya düşəcəkmi, yoxsa (1600+533)/23*6 olacaq.
28/04/2023 Прочитано: 138 Средняя стоимость: 4

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz daha məqsədəuyğundur.

4/5 (2 Средняя стоимость)
Оцените:
Elxan Behbudov Sabir oğlu el***@gmail.com ID: 7705
Dəyişikliklərə əsasən, "227.1 İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1 dən etibarən 10 il müddətində mənfəət (gəlir) vergisindən azaddırlar" dedikdə fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin gəlir vergisindən (Maddə 101) azad olunması düşünülürmü?
27/04/2023 Прочитано: 210 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Eyni zamanda, Vergi Məcəlləsinin 227.1-ci maddəsinə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

Bununla yanaşı, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən sözügedən azadolmalar işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən fiziki şəxslərin həmin ərazilərdə həyata keçirdiyi sahibkarlıq fəaliyyətlərinə münasibətdə tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 226-cı və 227-ci maddələri.

4/5 (1 Средняя стоимость)
Оцените: