Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Səbuhi Həsənov İbrahim oğlu sh***@azercell.com ID: 8354
Salam. Mən bir məlumat almaq istəyirəm. Atam 1 -ci Qarabağ müharibəsi veteranıdır. Bilmək istəyirəm ki, veteranlara dövlət tərəfindən hansı güzəştlər verilir? O güzəştlər veteranın ailə üzvlərinə də şamil edilirmi? Təşəkkür.
26/06/2023 Прочитано: 153 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Eyni zamanda qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Həmçinin, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Qeyd olunan güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu, 207-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Средняя стоимость)
Оцените:
Seymur se***@gmail.com ID: 8352
Sabit qəbiz alan biri gündəlik istədiyi yerdə xidmət göstərə bilər. Məsələn Ofisiant.
25/06/2023 Прочитано: 187 Средняя стоимость: 0

Bildiririk ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. 

Buna əsasən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs (ofisiant) vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. 

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. 

Eyni zamanda bildiririk ki, sabit qəbz əsasında fəaliyyət göstərən fiziki şəxs eyni dövr ərzində müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərərsə, bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği ödənilir.

Əsas: Vergi Məcəlləsin 16-cı, 33-cü, 218-ci, 220-ci və 221-ci maddələri və “Tibbi sığorta haqqında”, “Sosial sığorta haqqında” haqqında Azərbaycan Respublikasının Qanunları.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Tural Ələkbərov tu***@gmail.com ID: 8351
Salam. Əgər müəssisənin hesabında pul yoxdursa, təsisçi tərəfindən müəssisənin bank hesabına pul qoyulursa ödənişləri ödəmək üçün bu zaman bu prosesin vergi məsələsi necə olur? Bu məbləğdən hər hansı vergi tutulurmu? Sonra müəssisənin hesabında pul gəldikdən sonra təsisçi əvvəlcə hesaba qoyduğu pulu götürə bilərmi? Bu zaman hər hansı vergi tutulacaqmı həmin məbləğdən? Zəhmət olmasa cavablandırardınız.
25/06/2023 Прочитано: 229 Средняя стоимость: 0

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Seyfəddin Rəsulov Fariz re***@gmail.com ID: 8348
Salam, mən vətən müharibəsi iştirakçısıyam. 2022-ci ilin iyul ayında işdə əmək müqaviləsi bağlamışam. Amma mənə vergi güzəşti indiyə kimi olmayıb. Bilmək istəyirəm, qanunla tutulan vergi qaytarılmalıdırmı və məzuniyyət keçərlidimi?
24/06/2023 Прочитано: 151 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müharibə veteranı vəsiqəsi və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsas iş yerinə təqdim edilməlidir.

Həmçinin güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, sözügedən vergi güzəşti 2022-ci ilin yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 2022-ci ilin iyul ayından etibarən Sizin müharibə veteranı statusunuz yarandığı halda, müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə həmin tarixdən muzdlu işlə əlaqədar gəlirlərinizdən artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Средняя стоимость)
Оцените:
İsmayılov Emil Salman oğlu em***@hotmail.com ID: 8246
Salam. Məni belə bir sual maraqlandırır. Azərbaycan Respublikası rezidenti olan hüquqi şəxsin xaricdə hərhansısa bir məhkəmədə (məsələn Parisdə) maraqlarını müdafiə etmək üçün hansısa bir qeyri-rezident hüquq firması ilə müqavilə bağlayıb xidmətlər aldığı halda bu cür xidmətlərə görə ödəniş zamanı 125-ci, 169-cu və 13.2.16-cı maddələrə istinadən ödəmə mənbəyində vergi (ÖMV) və ƏDV hesablanmalıdırmı? Mən belə düşünürəm ki, hesablanmamalıdır. Belə ki, xidmətlər Azərbaycan Respublikası hüdudlarında göstərilmir. Məhkəmədə müdafiə də xaricdə təşkil edilir, müdafiəyə hazırlıq işləri də xaricdə görülür. Sizin mövqeyinizi bilmək maraqlıdır. Təşəkkürlər, öncədən!
24/06/2023 Прочитано: 333 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir. Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi hüquq xidmətlərinə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda qeyri-rezidentin göstərdiyi hüquq xidmətlərinin tam dəyərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci və 168-ci maddələri.

3/5 (5 Средняя стоимость)
Оцените:
Hüseynov İmran Süleyman oğlu se***@mail.ru ID: 8347
Salam. Mən dövlət qulluğunda çalışıram. Mükafat verilərkən əmək haqqına ayrı, mükafata ayrı cədvəl tutulur. Əmək haqqında güzəşt çıxılıb yerdə qalanının 14 faizi gəlir vergisi kimi tutulur. Mükafatdan isə birbaşa 14 faiz tutulur. Öyrənmək istəyirdim ki, bu qanunidirmi? Aldığımız mükafat niyə güzəştli vergiyə düşmür?
23/06/2023 Прочитано: 124 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Göründüyü kimi, adıçəkilən vergi güzəşti ay ərzində əldə olunan gəlirlərə ayrı-ayrılıqda deyil, ümumi cəmi nəzərə alınmaqla bir dəfə tətbiq edilir.

Siz, “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nicat Hüseynov Zülfüqar oğlu ni***@gmail.com ID: 8346
Salam, mən 12.10.2022 Tarixində VÖEN açdırmışdım, VÖEN:1905286282. Daha sonra bəzi səbəblərə görə Fəaliyyətə başlamama qərarı aldım və 22.10.2022 - 15.11.2022 tarixləri arasında Vöenin ləvğ olunması üçün lazım olan Uçotdan çıxarılma ərizəsi, Ləğv Bəyannaməsi, Vöenə Bağlı bank hesabının bağlanması kimi prosedurları Müvafiq idarənin köməkliyi ilə yerinə yetirdim. Poçt vasitəsi ilə Vöenin ləğv edildiyi barədə bildiriş alacağımı düşündüm, lakin mənə bildiriş gəlmədi, mən isə vaxt məhdudiyyəti ilə əlaqədar bu halı diqqətə almadım. Yekunda hal hazırda DMA'nın təşkil etdiyi kurslara qatılmaq istədikdə Məşğulluqdan mənə İşsizlik statusunun verilməsi üçün Aktiv Vöenin bağlanmasını tələb etdilər. 15.11.2022 tarixində ləğv bəyannaməsi göndərdiyim halda hansı səbəblə mənim VÖEN-im hələdə aktivdir və bu barədə mənə heç bir bildiriş göndərilmir və bundan əlavə Müvafiq idarədə (Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində) mənim daha bir neçə ay bildirişi almaq üçün gözləyəcəyimi bildirdilər, bu məlumat nə dərəcədə doğrudur? Zəhmət olmasa ətraflı məlumat verərdiz, Vöenin hansı səbəbə uzun müddətdir ləğv olunmur və ya nə zaman ləğv olunacaq. Əgər bu bir problemdirsə xaiş edirəm qısa müddət ərzində müraciətimə baxılsın, mən vöenin ləğv olunmamasına görə Dövlət Məşğulluq Agentliyinin Kurslarında iştirak edə bilmirəm.
23/06/2023 Прочитано: 198 Средняя стоимость: 0

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Eyni zamanda bildiririk ki, fiziki şəxsin uçotu haqqında şəhadətnamə vergi ödəyicisi tərəfindən vergi orqanına təhvil verilməlidir.

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotu ləğv olunur və bu barədə vergi orqanı tərəfindən müraciət edən şəxsə məlumat verilir.

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində 1905286282 saylı VÖEN aşkar edilməmişdir. 

Saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Mustafayev Kənan Mahir im***@gmail.com ID: 8244
Salam. Bilmək istəyirəm, Mustafayev Kənan Mahir oğlu adına VÖEN aktivdirmi və ya ümumiyyətlə adıma VÖEN açılırmı?
21/06/2023 Прочитано: 188 Средняя стоимость: 4

Bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində Mustafayev Kənan Mahir oğlunun uçotda olması barədə məlumat mövcud deyil. Saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ni əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

4/5 (6 Средняя стоимость)
Оцените:
Nəsirov Nurlan Təşkilat oğlu na***@gmail.com ID: 8325
Salam. Sualım belədir: VÖEN-i olan fiziki şəxs (VÖEN başqa fəaliyyət üçün nəzərdə tutulub) yaşayış yerini hüquqi şəxsə icarəyə verir. 1. Bu halda e-qaimə təqdim olunmalıdırmı? 2. 195 çağrı mərkəzindən aldığım məlumata əsasən icarədən gəlir icbari tibbi sığorta haqqına cəlb edilmir. Əsas kimi də icarə fəaliyyətinin qeyri-sahibkarlıq fəaliyyəti olduğu yazıldı. Lakin "Tibbi sığorta haqqında" Qanununda qeyri-sahibkarlıq fəaliyyətinin icbari tibbi sığortaya cəlb edilməsi haqqqında heç bir qeyd yoxdur. Əksinə həmin Qanunun 15-2-ci maddəsində sığortalılar qismində Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar), mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər və əvvəldə qeyd olunan kateqoriyalardan başqa digər sığortaolunanlar çıxış edirlər (Maddə 15-2.2.3.). Buna əsasən icarə fəaliyyəti icbari tibbi sığortaya cəlb olunmalıdırmı? Əgər cəlb olunmursa, xahiş edirəm bunu ətraflı şəkildə qanuni əsaslarla əsaslanıdırardınız. Əvvəlcədən təşəkkürlər!
21/06/2023 Прочитано: 288 Средняя стоимость: 0

Cavab 1. Bildiririk ki, qanunvericiliyə əsasən daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti xidmətlərin göstərilməsi hesab edilir. Eyni zamanda, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. 

Sorğunuzda qeyd olunan fiziki şəxs vergi uçotunda olduğundan, onun tərəfindən müvafiq icarə xidmətləri göstərildiyindən, həmin şəxs tərəfindən icarəyə götürən hüquqi şəxsə elektron qaimə-faktura verilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci, 99.3-cü və 124-cü maddələri.

Cavab 2. Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər.

Göründüyü kimi icarə haqqından gəlir əldə edən şəxsin icbari tibbi sığorta haqqı ödəməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
İmran Əliyev Məhərrəm oglu i.***@mail.ru ID: 8323
Mən bir dəfə də müraciət etmişəm-əmak vergisi ilə bağlı. Ancaq Bakıxanav bələdiyəsi bu cavabı qəbul etmir ki, doğru deyil və öz bildiklərini edirlər.Sizin əməkdaşlara da rəsmi müraciət etdim , müsbət bir nəticə yoxdur. Sizin məsləhətinizi bilmək istəyirdim, kimə müraciət edim ki, bələdiyyə işçilərinə tövsiyə versinlər, onlar da əməllərindən əl çəkib insanları incitməsinlər. Öncədən sizlərə təşəkkürmü bildirirəm.
20/06/2023 Прочитано: 164 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlakvergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ceyhun Əsədli Valeh je***@gmail.com ID: 8322
Salam, mən proqram təminatı üzrə mühəndis kimi şirkətlər üçün xidmət göstərmək istəyirəm. Bunun üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçməliyəm? Əgər elədirsə, zəhmət olmasa bütün etməli olduğum addımları göndərin.
20/06/2023 Прочитано: 173 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız. 

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ramazan Babyev Məmməd oğlu ra***@gmail.com ID: 8318
Bilirikki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan satışı zamanı tətbiq edilən ticarət əlavəsi ƏDV-nin məqsədləri üçün vergitutuma obyektidir. Bu zaman ticarət əlavəsi elektron qaimə-fakturanın “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri (manatla)” sütununda, malın alış dəyəri isə elektron qaimə-fakturanın “ƏDV-yə cəlb edilməyən əməliyyatların dəyəri (manatla)” sütununda əks olunur. E-qaimədə “ƏDV-yə cəlb edilməyən əməliyyatların dəyəri (manatla)” sütununda müvafiq məbləğ qeyd etdiyimizə görə bunu əlavə 3-ün "ƏDV tutulan əməliyyat sayılmayan dövriyyə barədə məlumat" hissəsinə qeyd etməliyikmi? Əgər etməliyiksə, hansı sətrə, hansı maddəylə qeyd etməliyik? Qeyd etmədiyimiz təqdirdə Bəyannamədə uyğunsuzluq yaranır. Xahiş edirəm bu barədə ətraflı izah verib bizi məlumatlandırasınız
20/06/2023 Прочитано: 221 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 01.01.2022-ci il tarixdən qüvvəyə minən müddəalarına əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Kənd təsərrüfatı məhsullarının ticarət əlavəsinə ƏDV tətbiq edilməklə satışı zamanı alıcıya təqdim edilən elektron qaimə-fakturada ticarət əlavəsi elektron qaimə-fakturanın “ƏDV-yə 18% dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda, həmin məhsulların alış dəyəri isə elektron qaimə-fakturanın “ƏDV-yə cəlb edilməyən əməliyyatların dəyəri” sütunlarında əks olunur.

Həmçinin, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının təqdim edilməsi zamanı təqdim edilən malların dəyəri deyil, yalnız ticarət əlavəsi vergitutma obyektlərinə aid edildiyindən kənd təsərrüfatı məhsullarının təqdim edilməsi üzrə əməliyyatların uçotu “Əlavə dəyər vergisinin bəyannaməsinin” müvafiq olaraq ticarət əlavəsi üzrə 301.2-ci sətrində, əməliyyatın dəyəri üzrə isə 301-2-ci sətrində aparılır. Qeyd olunan sətirlərin təsnifatı isə bəyannamənin 2 saylı Əlavəsində təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi, “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Səid Bağırzadə Vüqar ba***@gmail.com ID: 8316
Salam. Azərbaycan qanunvericiliyinə əsasən şirkət olaraq hərrac fəaliyyəti ilə məşğul olmaq olarmı? Əgər belədirsə, bu, qanunla necə tənzimlənir?
20/06/2023 Прочитано: 115 Средняя стоимость: 3

Bildiririk ki, öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hər kəsin Konstitusiya hüququdur və hər kəs bu fəaliyyəti istər bilavasitə fərdi sahibkar kimi, istərsə də hüquq şəxs təsis etməklə həyata keçirə bilər.

Sorğunuzda qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün lisenziya və ya icazənin alınıb-alınmaması Vergi Məcəlləsi ilə tənzimlənmədiyi üçün, bu barədə ətraflı məlumat üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə (Çağrı Mərkəzi (195-1) və www.economy.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Средняя стоимость)
Оцените:
Ofeliya Əhmədzadə Tağı qızı of***@gmail.com ID: 8315
Mənim sualım ondan ibarətdir ki, sahibkarlıq subyekti, əgər vergi bəyannaməsini verməyibsə, necə işçilərin say göstəricisinə görə kiçik sahibkar kimi tanına bilər və kiçik sahibkar olduğunu təsdiq edə bilər?
20/06/2023 Прочитано: 100 Средняя стоимость: 0

Bildiririk ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin Qərara əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Eyni zamanda sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Nail Kamilov ka***@gmail.com ID: 8200
Salam. Sualım belədir. Uçotumu kassa metodu ilə aparıram. İl ərzində 14 900 AZN-lik mal daxil olub, lakin bu mallara görə 14 470 AZN ödəniş olub. Daxil olan 14 900 AZN malların hamısı satılıb. Satışın maya dəyəri olaraq gəlirdən çıxılan xərclərə malların dəyəri hansı dəyər daxil edilməlidir?
20/06/2023 Прочитано: 217 Средняя стоимость: 4

Bildiririk ki, vergi ödəyicisinin gəlir və xərclərinin uçotu kassa metodu ilə aparılarkən dəyəri ödənilməmiş, lakin təqdim edilmiş malların dəyəri gəlirdən çıxılmır. Vergi ödəyicisi həmin malların dəyərini yalnız bu malların dəyərinin malgöndərənə ödənildiyi hesabat dövründə gəlirdən çıxılan xərclərə aid edir.

Əsas: Vergi Məcəlləsinin 130-cu, 131-ci və 133-cü maddələri.

4/5 (4 Средняя стоимость)
Оцените:
Qasımbəyova Nərmin İlqar na***@gmail.com ID: 8313
Fiziki şəxslərin investisiya fəaliyyətindən - müəssisə, birlik və təşkilatların onlara məxsus olan səhmlərin, istiqrazların, digər qiymətli kağızların alınmasından gələn gəlirdən vergi tutulması nəzərdə tutulurmu?
19/06/2023 Прочитано: 256 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 123-cü maddəsinə əsasən rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib. 

Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 122-ci və 123-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mustafayev Həmid Çingiz oğlu ha***@bk.ru ID: 8311
Azərbaycan Respublikasının rezident hüquqi şəxsi ABŞ-da fəaliyyət göstərən müəssisənin təsisçilərindən biridir. Həmin müəssisədən dividend alarkən, təkrar olaraq aldığı dvidendə görə Azərbaycan Respublikasında vergi ödəməlidirmi?
19/06/2023 Прочитано: 192 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirdən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu halda Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair bağlanmış beynəlxalq Sazişlərə əsasən, Azərbaycan Respublikasının rezidenti tərəfindən digər dövlətdə ödənilmiş vergilərin təsdiqi üçün xarici dövlətin bununla bağlı xüsusi forması olduğu halda həmin forma (DTA-02 formasında göstərilən məlumatlar əhatə olunmaqla sərbəst formada) üzrə məlumatlar və ya “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 Forması) forması uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 99-cu, 101-ci, 127-ci, 149-cu maddələri və Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cümşüdova Fərqanə Təhməz qızı cf***@gmail.com ID: 8309
VÖEN hesabımı bağlamaq istəyirəm. Zəhmət olmasa, köməklik göstərəsiniz.
19/06/2023 Прочитано: 86 Средняя стоимость: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
Ceyhun Abdullayev Feyzulla Ab***@gmail.com ID: 8304
Salam. Mən ikinci Qarabağ müharibəsi veteranıyam. Hal-hazırda Avromed MMC -də paketləyici işləyirəm. Aklad olaraq 441 AZN əmək haqqından 399 AZN pul alıram. Vergi məcəlləsnin 102.2.7 ci maddəsinə əsasən əməkhaqqından olan tutulmalara görə güzəşt olunmalıdır. Amma mən iki ildən çoxdurki bu güzəştən yararlana bilmirəm. İşlədyim müəssəyə müraciət edirəm amma müraciətimə baxmırlar. Xahiş edirəm, köməklik göstərin.
17/06/2023 Прочитано: 119 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Bundan savayı, həmin işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödəmə mənbəyində adi qaydada işəgötürən tərəfindən tutulur və bu tutulmalarda müharibə veteranları üçün azadolma və ya güzəşt nəzərdə tutulmamışdır.

Sorğunuzda qeyd olunanlara əsasən, Sizin əməkhaqqınızdan gəlir vergisi tutulmur. “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elmar Əhmədov Əzizxan el***@mail.ru ID: 8293
Hər vaxtınız xeyirli olsun. Sualım belədir. Sahibkar olaraq xidmət göstərdiyim yerlərdə, köçürmə ilə olan ödənişlərdə, dövlət vergi xidmətinə və vergi xidmətlərinə həvalə edilmiş sosial yığımla bağlı ilə borc yarana bilərmi? Sahibkar hesabıma köçürülmüş məbləğ nağdlaşdırmanın buna təsiri varmıdır? Hansı hallarda banklarla olan müqaviləyə əsasən xidmətin göstərilməsi zamanı, hesablara sərəncam verilə bilər?
16/06/2023 Прочитано: 197 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Vergi ödəyiciləri tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) uçotu sənədləşdirilmiş məlumat əsasında vaxtlı-vaxtında dəqiq uçotu aparılmalıdır.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) ibarət olur.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər Vergi Məcəlləsinin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə, yəni borc bildirişinin gəldiyi tarixdən 5 gün ərzində ödənilmədikdə kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə alınma barədə sərəncam göndərilir.

Vergi borcu vergi orqanının hesabladığı vergilər üzrə olduqda və 5 gün ərzində ödənilmədiyi halda isə, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 65-ci, 101-ci, 102-ci, 155-ci və 220-ci maddələri.

 

 

0/5 (0 Средняя стоимость)
Оцените: