Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları  1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.

Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci və 102.1.6-cı maddələri.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat yalnız gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri.

Общая цена: 4/53
Оцените:

Bildiririk ki, vergitutma məqsədləri üçün startap innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti hesab olunur və bu fəaliyyət müvafiq şəhadətnamə alındığı tarixdən 3 il müddətinə gəlir və ya mənfəət vergisindən azad edilir.

Müvafiq vergi güzəştlərinin əldə olunması barədə dəqiq məlumat qeyd olunan meyarlar müəyyən edildikdən sonra  verilə bilər.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə, ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin faktiki görüldüyü (xidmətlərin faktiki göstərildiyi) yer (sorğunuzda Brüssel şəhəri) hesab olunur.

Məlumat üçün bildiririk ki, qeyri-rezident şəxslər tərəfindən imtahan xidmətləri onlayn qaydada həyata keçirilirsə və xidməti alan şəxs ölkə daxilində imtahanda iştirak edirsə, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Azərbaycan Respublikası hesab olunur və bu xidmətlər ƏDV-yə cəlb olunur.

Müraciətinizdə qeyd olunanlara əsasən, imtahan ölkə hüdudlarından kənarda keçirildiyi halda həmin xidmətlər ƏDV-yə cəlb olunmur.

Qeyd olunanlara əsasən, artıq tutulmuş ƏDV-nin qaytarılması üçün müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 168.1.2-ci və 169-cu maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, peşə xəstəliyi səbəbindən dəymiş zərərin ödənilməsi ilə bağlı işçiyə ödənilmiş və daha sonra ödəniləcək məbləğlər dəymiş zərərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri hesab olunduğundan gəlir vergisindən azaddır.

Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir və dəymiş zərərin ödənilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qərarı əsas iş yerinə təqdim edilməklə gəlir vergisinin güzəştindən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102.1.10-cu maddəsi.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, balansında olan daşınmaz əmlakın digər şəxsə bağışlanması hüquqi şəxs tərəfindən aktivlərin təqdim edilməsi sayılır. Daşınmaz əmlakın təqdim edilməsi zamanı (Vergi Məcəlləsinin 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) yaranan vergi Vergi Məcəlləsinin 220.8.1-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanır və qeyri-yaşayış sahəsinin təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur və həmin daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər hüquqi şəxsin mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərinə aid edilmir.

Eyni zamanda, aparılmış əməliyyatlar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləğləri təqdimetmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Bununla belə, həmin əmlakı əvəzsiz əsasla alan fiziki şəxsin belə gəliri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməklə onun 1000 manatdan yuxarı olan hissəsi Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilir və qeyd olunan şəxs vergi orqanında uçota alınmaqla qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi ödəməli və hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.2-ci, 150.1.9-cu və 218.4.3-cü maddələri.

Общая цена: 5/54
Оцените:

Bildiririk ki, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Göründüyü kimi, hesabat ilində əldə olunan əsas vəsaitin dəyəri  amortizasiya hesablanması məqsədilə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əlavə edilir və hesabat ili ərzində alınmış əsas vəsaitlər gəlirin əldə edilməsi məqsədləri üçün istifadə edildiyi halda hesablanmış amortizasiya ayırmaları tam olaraq gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı, 115-ci və 143-cü maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi həmin əmlakın ümumi sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə müvafiq bələdiyyələr tərəfindən hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi hər il 1 avqust tarixinədək mənzilin mülkiyyətçisinə çatdırılır. Mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

Mənzil-kommunal istismar idarələrinə vətəndaşlar tərəfindən ödənilən məbləğlər isə vergi deyil, dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqıdır. Mənzil (ev) xidməti tarifləri, habelə yaşayış binalarında liftdən istifadəyə görə ödənişlər Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı ilə, mərkəzi istilik sisteminin fəaliyyətinin təşkili və isti su təchizatı ilə bağlı xidmətlərin haqqı Tarif Şurasının müvafiq qərarları ilə müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 8-ci, 197.1.1-ci, 198.1.1-ci, 199.1-ci və 200-cü maddələri, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 244-IIQ nömrəli Qanununun 7-ci və 11.4-cü maddələri, “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı, “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Tarif (Qiymət) Şurasinin 4 nömrəli 24.10.2011-ci il tarixli Qərarı, “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Tarif (Qiymət) Şurasının 5 nömrəli 24.10.2011-ci il tarixli Qərarı.

Общая цена: 4/54
Оцените:

Bildiririk ki, NKA çekində səhvən artıq məbləğin göstərilməsinə görə yaranmış uyğunsuzluq barədə uçotda olduğunuz vergi orqanına sərbəst məzmunlu məktubla (səhv vurulmuş çekin surətini əlavə etməklə) yazılı və ya elektron şəkildə müraciət etməyiniz məqsədəuyğundur.

Общая цена: 4/53
Оцените:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən, fərdi sahibkar kimi digər hüquqi şəxsə xidmət göstərdiyinizi nəzərə alaraq, sizin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnuz olmadığından 1 yanvar 2019-cu il tarixdən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Başqa sözlə, mikro sahibkarlıq subyekti olan fərdi sahibkar əldə etdiyi gəlirlərindən xərclər çıxıldıqdan sonra 75 faiz azadolma nəticəsində ona qalan gəlirdən 5 faiz həcmində vergi ödəyir.

Misal üçün, 1000 manat gəlir əldə edən şəxsin 300 manat xərci var. Vergiyə cəlb olunan gəliri 700 manat olduğu üçün 20 faiz dərəcə ilə 140 manat vergi ödəməli idi. Lakin 75 faiz həcmində azadolmanı tətbiq etdikdə, 140 – 75 % = 35 manat vergi ödəyir. Bu isə nəticədə 700 manatın 5 faizini təşkil edir.

Əsas: Vergi Məcəlləsinin  102.1.30-cu, 218.5.10-cu maddələri.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, investisiya təşviqi sənədi İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara təqdim olunur. Bu sənədi əldə etmək üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

Общая цена: 3/52
Оцените:

Bildiririk ki, rezident müəssisə tərəfindən güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezidentdən alınmış mallara görə köçürülən məbləğdən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezident tərəfindən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.

Общая цена: 5/52
Оцените:

İnternet vergi idarəsi ilə www.e-taxes.gov.az ünvanında tanış ola bilərsiniz. Həmin saytın “Yardım” bölməsində saytın bölmələri haqda istifadəçi təlimatları yerləşdirilmişdir.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, ƏDV bəyannaməsinin  “Cari hesabat ayında və ya hesabat dövrünün 1-ci ayında muzdlu işlə əlaqədar hesablamalar” adlı sətrində cari hesabat ayında əmək müqaviləsi üzrə işçilərin sayına iş icazəsi verilmiş, lakin əmək müqaviləsi bağlanmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də sayı əlavə edilməklə sayı, muzdlu işlə əlaqədar gəlir əldə etmiş faktiki işçilərin sayı, onlara hesablanmış gəlirin, habelə vergi ödəyicisinin fəaliyyət sahəsinə görə qrupuna uyğun olaraq vergiyə cəlb edilən gəlirin və bu gəlirə görə hesablanmış gəlir vergisinin məbləği qeyd edilir.

Gəlirin məbləği dedikdə hər hansı güzəşt tətbiq olunmadan ümumi gəlirləri nəzərə alınır. Vergiyə cəlb olunan gəlirlər dedikdə isə güzəşt və azadolmalar (o cümlədən Vergi Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulan azadolmalar) çıxıldıqdan sonra verginin hesablandığı məbləğ  nəzərdə tutulur.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, respublika daxilində sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.

«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir. «Fərqlənmə nişanı» vergi ödəyicisinin təsdiq edilmiş formada ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir.

«Fərqlənmə nişanı» olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınma xidmətinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.2-ci, 218.4.1-ci və 221.4.7-ci maddələri.

Общая цена: 5/51
Оцените:

Nazirlər Kabinetinin  2009-cu il 28 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na əsasən,  elektron vergi hesab-fakturasının ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası  ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və bu zaman ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

Общая цена: 4/53
Оцените:

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda, bildiririk ki, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəlikləri öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir. 

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci və 160-cı maddələri.

Общая цена: 3/52
Оцените:

Torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması və dəyişiklik edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməyiniz tövsiyə olunur.

Общая цена: 5/51
Оцените:

Vergi borcunuz barədə məlumatı Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng edərək “3” düyməsini seçib öz VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "E-xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.d

Bununla yanaşı, vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər.

Fəaliyyətinizin aktiv olub-olmaması barədə məlumat kommersiya və (və ya) vergi sirri hesab olunan məlumat sayılır, “Sual-cavab” bölməsində isə kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatlar verilmir.

Vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edərək, vergi borcunuz və fəaliyyətinizin aktiv olub-olmaması barədə məlumatı əldə edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, vergi ödəyicisi Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin birinci dəfə əldə edilməsi üçün vergi uçotunda olduğu vergi orqanına, hər hansı səbəbdən yeni istifadəçi kodu, parol və şifrənin əldə edilməsi üçün isə ərazi prinsipi nəzərə alınmadan istənilən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilər.

Müraciətinizdə qeyd olunan halda, “Elektron sənəd mübadiləsi haqqında Ərizə” və  “Elektron sənəd mübadiləsi haqqında Müqavilə” (2 nüsxədə) hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir.

Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı müraciət edən şəxsə təqdim olunur.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası” və Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” (Xidmət kodu: 1.7 və 2.6).

Общая цена: 5/51
Оцените: