Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.39-cu maddəsinə əsasən müəssisə - sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan qurumlardır.

Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisinin vergitutma obyektidir.

Eyni zamanda, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 1.1.1-ci maddəsinə əsasən siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsi hesab edilir.

Qanunun 12.1.12-ci maddəsinə əsasən siyasi partiya bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

Qanunun 12.2-ci maddəsinə əsasən ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı istisna olmaqla, siyasi partiya sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz. Bu Qanunun 12.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin bu Qanunun 12.1.11-ci maddəsinin məqsədləri üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Qeyd olunanlara əsasən sahibkarlıq fəaliyyətini həyata keçirməyən və qeyri-kommersiya hüquqi şəxs hesab olunan siyasi partiya müəsisə anlayışı ilə əhatə olunmadığından əmlak vergisinin ödəyicisi sayılmır.

Bununla yanaşı, siyasi partiya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda, həmin fəaliyyət üzrə istifadə olunan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmaqla dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 197-ci maddələri, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinin müddəalarına əsasən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azaddır.

Göründüyü kimi, hakimlərə ödənilən vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlardan başqa bütün ödənişlər, habelə məzuniyyət haqları gəlir vergisindən azaddır.

Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli qərarı ilə təsdiq edilmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”na əsasən hakimlərə hesablanmış məzuniyyət haqları gəlir vergisindən azaddır.

 Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli qərarı ilə təsdiq edilmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı, ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı, uşağın doğulması haqqında şəhadətnamənin surəti, birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı və övladlığagötürmə barədə məhkəmə qərarının surəti barədə sənədlərdən biri əsas iş yerinə təqdim edilməlidir.

Eyni zamanda, Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan şəxsin himayəçiliyi qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiqedici sənədlə təsdiq edildiyi halda, həmin himayəçinin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Mülki Məcəllənin 33-cü maddəsi.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydaları”nın müddəalarına əsasən əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tez köhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər isə cari təmir məsrəflərinə aid edilir.

Eyni zamanda, vergitutma məqsədləri üçün təmir məsrəflərinin cari təmir məsrəfləri və əsaslı təmir məsrəfləri olmasından asılı olmayaraq, əsas vəsaitlərin təmirinə çəkilən xərclər Vergi Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən müvəqqəti idxal şəklində alınan nəqliyyat vasitəsi balansda uçota alındığı halda, həmin əsas vəsaitin ehtiyat hissələrinin alınmasına çəkilən xərclər, eləcə də, həmin hissələrin dəyişdirilməsi ilə bağlı göstərilən xidmətlərin dəyəri təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir.

Əlavə olaraq, Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinin müddəaları icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclərin çıxılmasını tənzimləyir.

İkinci sualla bağlı bildiririk ki, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə gətirilən nəqliyyat vasitəsinin xarab olmuş motorunun satılmasına vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır və bu təqdimetmədən əldə olunan gəlirlər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirlərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı.

Общая цена: 3/52
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

Eyni zamanda, həmin Qaydaların 3.8-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, vergi ödəyicisi tərəfindən 2022ci ilin iyul ayında təqdim edilən elektron qaimə-fakturada olan səhv 2023-cü ildə aşkar edildikdə, ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmayan elektron qaimə-faktura ləğv edilməklə düzgün şəkildə yenidən təqdim edilməlidir.

Eyni zamanda, aparılan bu əməliyyatlar üzrə müvafiq izahatlar hazırlanmalı, habelə bu əməliyyatlar debitor borclarına da təsir etdiyindən qarşılıqlı üzləşmələr aparılmalı və sənədləşdirilməlidir.

Əlavə olaraq bildiririk ki, adıçəkilən Qaydaların 2.11-ci bəndinə əsasən “malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən” növdə elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) qiymətlərində dəyişikliklər olduqda, əməliyyatın xarakteri dəyişdikdə (vergiyə cəlb edilən əməliyyatın sonradan vergidən azad olunan əməliyyata dəyişdirilməsi və yaxud əksinə vergidən azad olunan əməliyyatın vergiyə cəlb olunan əməliyyata dəyişdirilməsi), habelə sonradan vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar (malların tam və ya qismən qaytarılması halları istisna olmaqla) üzə çıxdıqda tərtib edilir.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, sorğuda qeyd olunan fəaliyyətin istehsal fəaliyyəti hesab olunması vergi qanunvericiliyi ilə tənzimlənmədiyindən məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinə müraciət olunması tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 227-ci maddəsi.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin XIX fəslinin məqsədləri üçün işğaldan azad edilmiş ərazidə rezidentliyin müəyyən edilməsi meyarı kimi vergi ödəyicisinin həmin ərazidə vergi uçotuna alınması və həmin ərazidə fəaliyyət göstərməsi çıxış edir.

Rezidentliyin ayrıca qurum tərəfindən əlavə olaraq təsdiq edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmur. İşğaldan azad edilmiş ərazinin rezidentinin işğaldan azad edilmiş ərazidə bilavasitə fəaliyyət göstərməsi isə ölkə başçısının həmin ərazidə təyin etdiyi xüsusi nümayəndəsinin arayışı ilə təsdiq edilir.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2023-cü il tarixli 48 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” (bundan sonra-Qaydalar) təsdiq edilmişdir.

Qeyd edilən Qaydalar istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına (o cümlədən ictimai iaşə obyektlərində) nəzarəti həyata keçirən və bununla bağlı məlumatların (o cümlədən malların növünə və çeşidinə dair məlumat) Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sistemi (bundan sonra-Sistem) üzərindən həyata keçirilməsi ilə bağlı tənzimləməni müəyyən edir.

Həmin Qaydaların 1.2.7-ci yarımbəndinə əsasən aksiz markalarını və məcburi nişanlamaları hazırlayan, eləcə də Sistemini formalaşdıraraq onun fəaliyyətini təşkil və təmin edən subyekt Operatordur.

Həmin Qaydaların 11.1.1-ci yarımbəndinə əsasən Sistemdən istifadəni həyata keçirmək üçün sifarişçilərin işçi heyətinin təlimatlandırılmasını təmin etmək Operatorun vəzifələrinə aid edilmişdir.

Hazırki mərhələdə Operator tərəfindən ilkin olaraq aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların istehsalçıları ilə görüşlər keçirilərək müvafiq təlimatlandırma işləri aparılmaqdadır.

Qeyd edilənlərlə yanaşı yaxın müddət ərzində Dövlət Vergi Xidmətinin internet səhifəsi üzərindən Sistemə keçidlə bağlı “Kömək” bölməsi, həmin bölmədə sual-cavab üçün onlayn çat və video təlimat yerləşdiriləcəkdir. Sistemdən istifadə ilə bağlı təlimat videoları eyni zamanda Sistemin Operatorunun “Youtube.com” sosial şəbəkəsində yaradılacaq rəsmi kanalında yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Əlavə olaraq bildirmək istərdik ki, Qaydaların 15.1-ci bəndinə əsasən bu Qaydalar qüvvəyə mindiyi tarixdən bütün sifarişçilər Sistemə qoşulanadək aksiz markalarının alınması və tətbiqi bu Qaydalar qüvvəyə mindiyi günədək mövcud olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.  Qeyd edilən Qaydaların 15.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazisində istehsal və ya idxal fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Sistemə qoşulma barədə Xidmət tərəfindən bildiriş aldıqdan sonra həmin günədək aldıqları aksiz markalarını 8 (səkkiz) ay müddətində istifadə edə bilərlər. Bu müddət bitdikdən sonra istifadə olunmamış əvvəlki aksiz markaları ilə markalanmış malların dövriyyəsi və satışı qadağandır

Qeyd edilən Qaydalara əsasən məcburi nişanlanmalı aksizli malların siyahısına daxil olan, lakin hazırda marka tətbiq olunmayan mallara münasibətdə isə Sistemə qoşulma barədə Dövlət Vergi Xidməti tərəfindən  bildiriş almış Azərbaycan Respublikasının ərazisində istehsal və ya idxal fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müvafiq marka tətbiq edilmədən həmin malların ölkə ərazisində dövriyyəsi və satışı qadağandır.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikası Vergilər nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 nömrəli Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1-in tərtib edilməsi Qaydası”na əsasən ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsi tərtib edilən zaman əlavənin “1.4” kodlu (Debitor borcları) və “2.2.1” kodlu (Kreditor borcları) sətirlərində məbləğlərin vergitutma məqsədləri üçün ƏDV-siz daxil edilməsi tövsiyə edilir.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müharibə veteranı vəsiqəsi və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsas iş yerinə təqdim edilməlidir.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılmışdır və altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində müharibə veteranı statusu almış şəxslər barədə məlumatların həmin altsistemə daxil edilməsinin təmin olunması aidiyyəti dövlət qurumlarına tapşırılmışdır.

Qeyd olunanlara əsasən müharibə veteranı adı almış şəxslər barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir və “Müharibə veteranı” vəsiqəsi verilənədək Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müəyyən edilmiş güzəşt hüququ Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilən arayışlar və DOST mərkəzinin arayışı əsasında fiziki şəxslərin muzdlu işdən gəlirlərinə tətbiq edilir. 

Həmçinin güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, sözügedən vergi güzəşti 2022-ci ilin yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən Sizin müharibə veteranı statusunuz yarandığı halda, müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 1 yanvar 2022-ci il tarixdən muzdlu işlə əlaqədar gəlirlərinizdən artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Общая цена: 0/50
Оцените:

Cavab 1. Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışı həyata keçirildikdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 6.4-cü bəndinin müddəalarına əsasən həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

Vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsullar (mallar) vergi ödəyicisi olan digər şəxslərə təqdim edildikdə, malların alıcısına Vergi Məcəlləsinin 71-1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə elektron qaimə-faktura təqdim edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən hazır məhsulların (malların) təsərrüfat subyektlərində pərakəndə qaydada satışı nəzarət-kassa aparatı tətbiq etməklə həyata keçirilməli və alıcılara nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı.

Cavab 2. Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin müddəalarına əsasən nağdsız hesablaşmalar 3 formada -  bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mala görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına ödəniş terminalı vasitəsilə ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir.

Əlavə olaraq bildiririk ki, dəyəri birbaşa bank hesabınıza ödənilmiş mala görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Cavab 3. Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlər hesab edilir.

Cəmiyyət tərəfindən hesabat ili ərzində alınan avadanlıqlar əsas vəsait kimi uçota alınmalı və dəyəri 500 manatdan aşağı olduğu halda hesabat ilində tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilməlidir.

Eyni zamanda Vergi Məcəlləsinin 115.7-ci maddəsinə əsasən əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna qalıq dəyəri sıfıra bərabər olduqda, təmir xərclərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə aid edilir və bu Məcəllənin müddəalarına uyğun olaraq amortizasiya hesablanır.  

Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci, 114-cü və 115-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Soğunuzda qeyd olunan halda ƏDV bəyannaməsinin “Hesabat dövrü üzrə debitor borclarının (ƏDV nəzərə alınmadan) hərəkəti barədə məlumat” bölməsində məlumatlar müvafiq sütunlar üzrə düzgün daxil edilmişdir.

Общая цена: 5/54
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlakvergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən, satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır. 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Belə ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu  Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.

Məlumat üçün bildiririk ki, 2023-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.10-1-ci maddəsinə əsasən yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi vergini ödəməkdən azad edilmişdir. Qeyd olunan azadolma 2023-cü ilin yanvarın 1-dən sonra kirayəçilərə təqdim edilən yaşayış sahələrinə münasibətdə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 164.1.10-1-ci, 165.6-cı maddələri və  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə ödənilən haqq, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergiyə cəlb olunur.

Eyni zamanda həmkarlar ittifaqı tərəfindən fiziki şəxslərə verilən maddi yardımlar gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən təqvim ili ərzində əldə edilən hədiyyələrin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Dəyəri 1000 manatdan yuxarı hədiyyə əldə edən fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.

Belə ki, Vergi Məcəlləsinin 99.3.7-ci maddəsində əsasən təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürən öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hal istisna olmaqla) fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aid edilmişdir. 

Bununla yanaşı, həmkarlar ittifaqı tərəfindən verilən mükafatın gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığından Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci, 102-ci və 150-ci maddələri. 

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunmuşdur. 

Həmin qərara əsasən dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən), rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdırlar.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı.

 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır. Xidmətin göstərilməsi ilə bağlı hər hansı ödəniş tələb olunmur.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını  və digər məlumatları “Xidmətlər” bölməsinin “Vahid standartlar” (buradan) altbölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda - həmin borcun və ya öhdəliyin məbləği muzdlu işlə əlaqədar alınan gəlir hesab olunur və ümumi qaydada gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı hesablanır.

Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunan ödənişlər gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 108-ci və 109-cu maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

Общая цена: 5/51
Оцените: