Bildiririk ki, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq olunmaqla hesablanır.
Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.
Əsas: Vergi Məcəlləsinin 198.1-ci və 199.3-cü maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Vergi Məcəlləsinin 127.1-ci maddəsinə əsasən rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.
Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 127.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla rezident şəxsin əldə etdiyi gəlirlərdən (o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirlər daxil olmaqla) həmin gəlirlərin əldə edilməsi ilə bağlı olan xərclər çıxıldıqdan sonra qalan mənfəətindən 20 faiz dərəcə mənfəət vergisi hesablanaraq dövlət büdcəsinə ödənildiyindən filialın fəaliyyəti üçün köçürülən vəsait gəlirdən çıxılmır.
Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, satıcı tərəfindən zəmanətlə satılmış yük avtomobili üzrə göstərilən xidmətlər bazar qiyməti ilə müəssisənin gəlirinə aid edilir və gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər, o cümlədən ehtiyat hissəsinin dəyəri çıxıldıqdan sonra qalan fərq mənfəət vergisinə cəlb edilir və “Mənfəət vergisinin bəyannaməsi”nin 221.15-ci “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətrində göstərilir.
Eyni zamanda ƏDV məqsədləri üçün qediyyatda olan şəxslər tərəfindən müştərilərə satılmış mallara verilmiş zəmanət üzrə xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini yaradır və göstərilən zəmanətli təmir xidmətlərinin tam dəyərindən (ehtiyat hissələri də daxil olmaqla) ƏDV hesablanır və həmin xidmətlərlə bağlı Vergi Məcəlləsinin 175-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilir.
Bildiririk ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkarlar bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Vergi ödəyicisi uçota alınmağa dair ərizə təqdim etməzsə, vergi ödəyicisinin uçou vergi orqanı tərəfindən aparılır və bu barədə vergi ödəyicisinə məlumat verilir.
Qeyd olunanlara əsasən mütəmadi qaydada iri həcmli partiyalarla metal qırıntıların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Həmin fiziki şəxslər vergi orqanları tərəfindən vergi uçotuna alındığı və əldə etdikləri gəlir üzrə mənbəyi bəlli məlumat əsasında (alış aktları əsasında) kameral qaydada gəlir vergisi hesablandığı halda həmin gəlirləri üzrə ödəmə mənbəyində hesablanmış vergilər dürüstləşdirilir.
Əsas: Vergi Məcəlləsinin 33-cü və 101-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəalarına əsasən ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
Eyni zamanda Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Bunlarla yanaşı Vergi Məcəlləsinin 179.2-ci maddəsinin müddəalarına əsasən əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.
Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 85-ci, 87-ci, 153-cü və 179-cu maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.
Buna əsasən malların idxalı ilə bağlı gömrük ərazisində həyata keçirilən digər əməliyyatlar (o cümlədən 75-ci və 85-ci sətirlər) üzrə yaranan xərclər vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir və gömrük xidmətlərinə görə ödənilmiş əvəzləşdirilməyən ƏDV məbləği həmin xidmətlərin dəyərinə aid edilir.
Əsas: Vergi Məcəlləsinin 162-ci və 175-ci maddələri.
Bildiririk ki, fiziki şəxsin əsas (əmək kitabçasının olduğu yerdə) və ya əlavə iş yerində muzdlu işlə əlaqədar əldə edilən gəlirləri Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb edilir.
Eyni zamanda Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.
Bununla yanaşı, fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərindən verginin tutulması zamanı tətbiq olunan güzəşt və azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Fiziki şəxsin Vergi Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən edilən vergi güzəştləri yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Göstərilənlərə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxsin həm əsas iş yeri üzrə, həm də əlavə iş yeri üzrə ayrılıqda muzdlu işdən aylıq gəliri 8000 manatdan çox olduqda fiziki şəxsin bu gəliri Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb edilir və fiziki şəxsin Vergi Məcəlləsinin 102-ci maddəsi üzrə güzəşt hüququ onun əsas iş yeri üzrə gəlirlərinə münasibətdə tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri.
Bildiririk ki, hüquqi şəxs tərəfindən təqdim edilən yanacağa görə verilən elektron qaimə-faktura təqdim edilən yanacağın dəyəri, ƏDV və yol vergisi ayrı-ayrılıqda müvafiq sütunlarda göstərilməklə tərtib edilir.
Bildiririk ki, vergi qanunvericiliyinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Elektron qaimə-faktura malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.
Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydaların 2.3.9-cu bəndinə əsasən elektron qaimə-fakturada malın (işin, xidmətin) kodu barədə məlumatlar əks etdirilir.
Qeyd olunanlara əsasən sorğuda qeyd olunan halda təqdim edilmiş elektron qaimə-fakturada “malın (işin, xidmətin) kodu” səhv göstərildikdə həmin səhvin düzəldilməsi zamanı elektron qaimə-fakturanın “Növü” sətrində “Düzəliş” qeydi seçilməklə düzəliş edilən elektron qaimə-fakturanın seriyası, nömrəsi, tarixi və düzəlişin səbəbi “Əlavə qeydlər” sətrində göstərilir.
Bunlarla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə aparılan bu cür əməliyyatlar riskli əməliyyatlar hesab edilir.
Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”.
Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.
Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.
Əsas: Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.
Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir.
Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir.
Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunacaq və bu barədə uçotda olduğunuz vergi orqanı tərəfindən Sizə məlumat veriləcəkdir. Müraciətinizin icrası haqda əlavə məlumatı uçotda olduğunuz vergi orqanından əldə edə bilərsiniz.
Bildiririk ki, bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı metodiki köməkliyin göstərilməsi üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) qaydada müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, vergi ödəyicisi Əzizova Şahnisə Emin qızı (VÖEN:2905706572) vergi ödəyicisi kimi uçotdadır və fəaliyyəti dayandırılmışdır. Eyni zamanda, hər hansı vergi və sosial sığorta haqqı üzrə borcu yoxdur.
Həmçinin bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.
Eyni zamanda, qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək ödənişləriniz, təqdim edilməli bəyannamələriniz haqda məlumat ala bilərsiniz.
Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir.
Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir.
Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunacaq və bu barədə uçotda olduğunuz vergi orqanı tərəfindən Sizə məlumat veriləcəkdir.
Bildiririk ki, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.
Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.
Eyni zamanda, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.
Qeyd edilənlərə əsasən, dekabr ayında təhvil alınmış xidmətlər üzrə çəkilən məsrəflər və ya təhvil verilmiş xidmətər üzrə gəlirlər, müvafiq olaraq dekabr ayının gəlir və xərclərinə aid edilir və 2020-ci ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.
Vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.
Təqdim edilmiş bəyannamələr üzrə kameral vergi yoxlaması aparılan zaman müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (tərəflər arasında bağlanmış müqavilələr, təhvil-təslim aktları və s.) kameral vergi yoxlamasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 37-ci, 134-cü, 135-ci və 136-cı maddələri.
Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.
Bildiririk ki, ünvanlı dövlət sosial yardımı haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142 www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.