Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Vüsal Muradov Möhübbət Vu***@sosial.gov.az ID: 5325
Salam. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə onun vərəsələrinə ödənilən orta aylıq əmək haqqının 3 misli məbləğində müavinətdən gəlir vergisi tutulur?
17/10/2021 Read: 127 Average count: 5

Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 102-ci və Əmək Məcəlləsinin 77-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Kərimov ferid Az***@mail.ru ID: 5320
Yeni VÖEN almışam, ona pulu nə zaman köcürməliyəm?
16/10/2021 Read: 66 Average count: 0

Fiziki şəxsin vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarətdir.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. Eyni zamanda mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 149-cu, 218-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Orxan Ağayev Əlyar or***@mail.ru ID: 5319
Salam. 1941-45 -ci il müharibə veteranlarına və iştirakçılarına, Qarabağ müharibəsi veteranlarına və iştirakçılarına hansı güzəştlər var? Güzəşti tətbiq etmək üçün arayışlarda konkret olaraq nə qeyd olunmalıdır?
16/10/2021 Read: 95 Average count: 5

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;
  • Azərbaycanın Milli Qəhrəmanlarının;
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
  • müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin; 
  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Qeyd olunan güzəşt Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda adı çəkilən sənədlərdən biri olduqda işçinin əmək kitabçasının olduğu əsas iş yerində tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 102.2-ci maddəsi və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Average count)
Qiymət ver:
Gülarə Bəşirova gu***@gmail.com ID: 5318
Müraciətim odur ki, mənim telefonuma mesaj gəlib ki, VÖEN-niz var. Amma mən heç vaxt VÖEN açdırmamışam vəxəstəxanadan başqa heç bir yerdə işləməmişəm.
16/10/2021 Read: 78 Average count: 0

Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə şəxsin vergi orqanında qeydiyyatda olması vəziyyətini müstəqil şəkildə yoxlaya bilərsiniz.

Telefon nömrəsinə mesaj səhvən gəldikdə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Mehdiyev Elşən el***@mail.ru ID: 5317
Salam. Sualım belədir ki, deyək A MMC xırda bir dükanla müqavilə bağlayıb malları satmaq üçün və A MMC malları ƏDV ilə satır. Amma dükan malların dəyərini nağd ödəyir. Bu zaman ƏDV əvəzləşməsi necə bas tutur? Bildiyim qədərilə ƏDV ancaq nağdsız həyata keçirilir. Bir də bu dükana göndərilən qaimə e-taxesdə qeyd olunmalıdır? Zəhmət olmasa, cavablandırardınız.
16/10/2021 Read: 119 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicsinin vəzifəsidir.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 

Sorğunuzda qeyd olunan halda, müəssisə malları təqdim edərkən mağazaya elektron qaimə-faktura təqdim etməlidir və mağaza ƏDV ödəyicisi kimi qeydiyyatda olduğu halda, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə riayət etməklə, ƏDV məbləğini əvəzləşdirə bilər.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci və 175-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Sabir Hüseynov ta***@mail.ru ID: 5312
Salam hər vaxtınız xeyir. Mən onlayn olaraq VÖEN-mi bağlatmışdım. Lakin mənə sms gəldi ki : VÖEN 2905971932! 2021-ci ilin 3-cü rübü üzrə muzdlu işlə əlaqədar vahid bəyannamə 20.10.2021-ci ildən gec olmayaraq təqdim olunmalıdır. Mən 3 aydan çoxdur işləmirəm. İndi nə etməliyəm ki, VÖEN bağlansın?
15/10/2021 Read: 111 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı hesabat dövrü üçün vergi orqanına hesabatı təqdim etməlidir. 

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Feqan Melik fe***@gmail.com ID: 5310
VÖEN 4400546392! 2021-ci ilin 3-cü rübü üzrə muzdlu işlə əlaqədar vahid bəyannamə 20.10.2021-ci ildən gec olmayaraq təqdim olunmalıdır. Əlaqə tel: 195 Bu nədir?
15/10/2021 Read: 106 Average count: 0

Bildiririk ki, Məlikzadə Fəqan Rafət oğlu (VÖEN 4400546392) vergi ödəyicisi kimi uçotdadır və fəaliyyəti dayandırılmışdır.

Həmçinin bildiririk ki, gəlir vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni  rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,149-cu və 221-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Alıyev Kamal Nazim oğlu cs***@cafinance.az ID: 5308
Salam. Xahiş edirəm Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması üzrə göstərilən xidmətlərin "Azərbaycan mənbəyindən əldə olunan gəlir" hesab edilib edilmədiyi haqda vergi orqanının mövqeyini bildirəsiniz. Öncədən təşəkkürlər.
15/10/2021 Read: 184 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə əsasən beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergiyə cəlb edilir.

Bununla əlaqədar olaraq rezident müəssisə tərəfindən müraciətdə qeyd olunan halda Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması ilə bağlı (yüklərin göndərilmə (təyinat) məntəqəsi Azərbaycan Respublikası olmayan) qeyri-rezidentə aparılan ödənişlər qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilən gəlirlərinə aid edilmir və həmin ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında həyata keçirilən daşımalara görə, habelə bir neçə dövlətin ərazisindən keçməklə təyinat (göndərilmə) məntəqəsi Azərbaycan Respublikası olan daşımalara görə qeyri-rezidentlərə ödənilən daşıma haqlarının tam həcmindən (hər bir qeyri-rezidentə ödənilən məbləğdən) ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur və dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 125-ci maddələri. 

5/5 (3 Average count)
Qiymət ver:
Məmmədov Xıdır Rəşid oglu em***@gmail.com ID: 5305
Salam, onlayn növbə almaq üçün ad və soyadı yuxarıda yazılan şəkildə yazmışam. Daxil etdiyiniz ad və soyad, ya ata adı məlumatları uyğun deyil yazılıb. Xahiş edirəm, bu problemi həll etməkdə kömək edəsiniz.
14/10/2021 Read: 69 Average count: 5

Onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur). Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. 

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Məmmədov Ramil Natiq oğlu ra***@gmail.com ID: 5304
Dövlət müəssisəsində işləyən işçi (Gəlir vergisi VM-nin 101.1 maddəsinə əsasən tutulur) işdən azad olunur və ona dövrlər üzrə kompensasiya ödənilir. Hesablanmış son haqq hesabı cari ay üzrə 1 000 manat və Kompensasiya məbləği cəmi dövrlər üzrə 15 000 (2019-5000, 2020-5000, 2021-5000) manat ümumilikdə 16 000 manat təşkil edir. İşçi son haqq hesabın VM-nin 102.1.8 maddəsinə əsasən 7200 manatını həyatın yığım sığortasına yönləndirir. Bu halda gəlir vergisinin tətbiqi hansı şəkildə aparılacaq? Zəhmət olmasa, suala misal üzərindən aydın şəkildə cavab verin. Əvvəlcədən təşəkkürlər.
14/10/2021 Read: 208 Average count: 4

Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları müvafiq olaraq gəlir vergisindən azaddır.

Eyni zamanda, işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əmək haqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman işçiyə hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində nəzərdə tutulan vergi güzəşti tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
Əliyeva Nüşabə nu***@gmail.com ID: 5303
Salam. İşçi respublika ərazisi daxilində 2 fərqli regiona ezam olunduqda, birinci ezamiyyətdən qayıtdığı və ikinci ezamiyyətə yollandığı gün eyni günə təsadüf edirsə, o zaman həmin günün ezamiyyə xərci necə hesablanmalıdır (1 yoxsa 2 ezam günü kimi)? Təşəkkür edirəm.
14/10/2021 Read: 121 Average count: 0

Bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə dair izahatın verilməsi Dövlət Vergil Xidmətinin səlahiyyətlərinə aid olmadığından, ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
İlyazov Renat Rafaelyeviç re***@gmail.com ID: 5302
Здравствуйте. Необходимо ли иметь сертификат о прохождении вакцинации при подаче налоговой отчетности по упрощенной форме (до 20 числа этого месяца)?
13/10/2021 Read: 70 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərində vətəndaşların qəbulu üçün COVID-19 xəstəliyi əleyhinə "Peyvənd sertifikatı" tələb olunmur.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ceyhun Zeynalov Adil gu***@gmail.com ID: 5219
Salam, zəhmət olmasa 7200292362 nömrəli VÖEN-im üzrə 2019 və 2020-ci illər üzrə vergi borcu haqqında dəqiq məlumat verəsiniz.
13/10/2021 Read: 206 Average count: 5

Bildiririk ki, Zeynalov Ceyhun Adil oğlunun (VÖEN: 7200292362) 13.10.2021-ci il tarixə dövlət büdcəsinə 4 414,44 (dörd min dörd yüz on dörd manat, 44 qəpik) manat məbləğində vergi borcu vardır.

Vergi borcu ilə bağlı məlumat qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, onlardan istifadə edilməklə “İnternet Vergi İdarəsi”dən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla da əldə edilə bilər.

Eyni zamanda, şəxsi hesab vərəqəsindən çıxarışı uçotda olduğunuz vergi orqanına xidmət mərkəzinə gələrək və ya elektron kabinetiniz vasitəsilə müraciət edərək əldə edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 30.2.5-ci maddəsi, Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (2 Average count)
Qiymət ver:
Mövludlu Əflatun Qalib oğlu af***@gmail.com ID: 5298
Salam, muzdlu və qeyri-muzdlu işlə əlaqədar Vahid bəyyannaməni tərtib edərkən səhvə yol verdim. Hal hazırda qaralamalar hissəsində qalıb, amma ləğv etmək olmur. Nə etməliyəm?
13/10/2021 Read: 92 Average count: 0

Bildiririk ki, "Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə"ni (Vergi, MDSS, İS, İTS) təqdim edən zaman istifadəçi “Qaralamalar” səhifəsində hesabat sətrinin ən sağ hissəsində yerləşən “Əməliyyatı seçin” düyməsini sıxır. Burada “Dəyişdir”, “Ləğv et” və “Yoxla” əməliyyatları görünür. İstifadəçi hazırlağığı hesabatı ləğv etmək üçün “Ləğv et” düyməsinə sıxır. Sığortaedən “Ləğv et” düyməsinə sıxdıqda “Bəyannaməni ləğv etmək istəyinizdən əminsinizmi?” mesajı göstərilir. Sığortaedən “Ləğv et” düyməsinə sıxarsa, hesabat Qaralamalar bölməsindən silinəcək.

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı metodiki üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Piriyev Abdulla Vaqif ab***@gmail.com ID: 5296
Salam, Azərbaycan Republikası qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən və ƏDV məqsədləri üçün qeydiyyata alınmış “ABC” MMC toyuq və toyuq ətinin topdan satışı ilə məşğuldur. Belə ki, “ABC” MMC satış məqsədləri üçün tədarük etdiyi kəsilmiş, dondurulmuş və ya dondurulmamış toyuq məhsullarını, yəni bütov halda toyuq və eyni zamanda toyuq budu, filesi və s. kimi məhsulları təqdim edir. AR VM-nin 164.1.37-ci maddəsinə və eləcə də, VM-nin 164-cü maddəsinin qeyd hissəsinə əsasən bu formada quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad əməliyyatlar hesab olunur. Sual: “ABC” MMC tərəfindən tədarük edilmiş kəsilmiş halda olan bütöv toyuq məhsulu müəssisənin daxili imkanları çərçivəsində hissələrə ayrıldığı halda, yəni bötüv toyuq məhsulu bud, qanad, file və s. hissələrə ayrılmaqla, həmçinin toyuq məhsulunun ətinin sümüklərdən təmizlənərək təqdim edilməsi ƏDV-dən azad əməliyyat hesab olunurmu?
12/10/2021 Read: 265 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsində edilmiş və 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minmiş Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il 1 yanvar tarixindən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. Bu maddənin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir.

Buna əsasən sorğuda qeyd olunan təzə və ya soyudulmuş toyuğun hissələrinin (qanad, file, bud) satışı Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə uyğun olaraq ƏDV-dən azad olunur. Digər toyuq əti məhsulları emal prosesinə (kəsilmə və dondurulma əməliyyatları istisna olmaqla) məruz qaldıqları halda onların satışı ümumi qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 164-cü, 175-ci maddələri və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

5/5 (1 Average count)
Qiymət ver:
Elçin el***@gmail.com ID: 5294
İstifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləğinə Məcburi Dövlət Sosial Sığorta, İşsizliyin sığortası və Tibbi sığorta hesablanırmı. Hesablanmırsa, xahiş edirəm qanunvericilikdə bu məsələ öz əksini hansı qanunda tapır göstərəsiniz.
12/10/2021 Read: 173 Average count: 0

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və  məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta haqlarına cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və Əmək Məcəlləsinin 154-cü, 157-ci maddələri, “Tibbi sığorta haqqında", "Sosial sığorta haqqında",  "İşsizlikdən sığorta haqqında"  Azərbaycan Respublikasının Qanunları. 

0/5 (0 Average count)
Qiymət ver:
Kamal Məmmədov ka***@mail.ru ID: 5378
Salam, edvgerial üzrə səhvən çek əlavə etmişəm. Onu sistemdən silmək mümkündür?
12/10/2021 Read: 89 Average count: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Arzuman Məmmədov Çingiz az***@gmail.com ID: 5288
Salam. Mən evimi kirayə vermək istəyirəm. Aylıq misal olaraq, 350 AZN kirayə haqqı alsam vergi ödəməliyəmmi? Və ya müqavilə bağlamadıqda cəriməsi olurmu? Təşəkkürlər.
11/10/2021 Read: 229 Average count: 5

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergi ödəyicilərinin vəzifəsidir. Əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilə bilər.

Xatırladırıq ki, vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 57-ci, 58-ci, 99.3-cü, 101-ci, 124-cü və 150-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Yalçın Tayıbov Ənvər yt***@gmail.com ID: 5223
Xaçmaz vergi idarəsi neçə saylı vergi idarəsi sayılır?
11/10/2021 Read: 141 Average count: 5

Bildiririk ki, Quba, Qusar, Xaçmaz və Şabran rayonları 3 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə aid edilir. Eyni zamanda, adıçəkilən rayonların hər birində vergi ödəyicilərinə xidmət mərkəzləri fəaliyyət göstərir. Xidmət mərkəzlərimiz haqda məlumatla buradan tanış ola bilərsiniz.  

5/5 (3 Average count)
Qiymət ver:
Vüsal Əhmədli Şövkət oğlu vu***@gmail.com ID: 5231
Salam. Mən II Qarabağ müharibəsi iştirakçısıyam. Hal-hazırda dövlət orqanında işləyirəm. Veteranlıq vəsiqəsinin verilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı əsasında əmək haqqından tutulan vergi güzəşti hüququndan istifadə edə bilərəmmi? Zəhmət olmasa qanunla əsaslandırın.
11/10/2021 Read: 199 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.7-ci bəndinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin güzəşt hüququ müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsasında müəyyənləşdirilir.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.7-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Əsas: Vergi Məcəlləsinin 102.2.7-ci, 102.8-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (5 Average count)
Qiymət ver: