Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Mədinə Rəsulzadə İlham me***@gmail.com ID: 7108
Salam. Mən VÖEN-imi yeni aktivləşdirmişəm. Aktivləşdirdikdən sonra borc məlumatllarıma baxdıqda orada 5 sayda təqdim edilməmiş bəyannaməmim olduğunu gördüm. Bu gün işləmədiyim dövrlərə uyğun bəyannamə hazırlayıb göndərdim amma hələ də hesabımda eyni təqdim edilməmiş bəyannamə olduğu göstərilir. Bu nə ilə əlaqədərdir? Mən bəyannamlərimi göndərmək üçün necəsə köməklik əldə edə bilərəmmi? Video təlimat və yaxud yerindəcə təlimləndirmək.
11/11/2022 Read: 171 Average count: 5

Bildiririk ki, vergi orqanına təqdim edilməli olan hesabatlar (bəyannamələr), onların formaları və doldurulma qaydaları ilə saytımızın "Bəyannamə" bölməsində tanış ola bilərsiniz. Bəyannamələrin təqdim edilməsi ilə bağlı əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək xidmətlərdən istifadə edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Xəyal Məhərrəmov Məzahir me***@gmail.com ID: 7155
Salam. Mən saat almışam, saatın kassa çeki yoxdur və bu saatı dəyişmək istəyirəm. Həmin dəyərində başqa bir saat götürmək istəyirəm. Lakin, satıcı bunun saat qutusundan çıxıb deyə mümkün olmadığını bildirir. Köməklik göstərərdiniz, zəhmət olmazsa.
11/11/2022 Read: 245 Average count: 4

Bildiririk ki, istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.

Həmçinin, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə rəsmi qaydada Dövlət Vergi Xidmətinə, istehlakçı hüquqlarınızın pozulması ilə bağlı isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

 

4/5 (4 Average count)
Qiymət ver:
Fikrət Əmirov Dadaş fi***@gmail.com ID: 7156
Salam. Sualım Gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair arayışın hansı qurum tərəfindən veriməsinə aiddir. Sözü gedən arayışı əldə etmək üçün ASAN xidmətə, yaşadığım rayonun (Nəsimi r-nu) 41 saylı MKİS və Nəsimi rayon bələdiyyəsinə müraciət etmişəm. Lakin, hər üç qurum bu arayışın onlara aid olmadığını deyir. 41 saylı MKİS və Nəsimi rayon bələdiyyəsinin nümayəndələri ümümiyyətlə belə sənədin mövcudluğu haqqında məlumatlarının olmadığını bildirdilər. Hal bu ki, bu sənəd Azərbaycan Respublikası Vergilər Nazirliyinin 01 fevral 2001 ci il tarixli A-20 saylı əmri ilə təsdiq etdilmiş sənəddir. Və bu öz əksini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarında tapmışdır. Qərarın 1. 15 bəndinə əsasən: Himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir: Ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı; Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışları. Xahiş edirəm arayışı haradan və necə əldə etməyimə köməklik göstərəsiniz. Öncədən təşəkkür edirəm.
11/11/2022 Read: 212 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Göründüyü kimi, arayışı yaşadığınız ərazi üzrə yerli icra hakimiyyəti və ya bələdiyyələrdən əldə etməyiniz Nazirlər Kabinetinin Qərarında müəyyən edilmişdir. "Gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair arayış" formasını saytımızdan əldə edə bilərsiniz.

 https://www.taxes.gov.az/vn/beyanname/2001/guzestin_elde_edmesi_barede.pdf .

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

 

5/5 (2 Average count)
Qiymət ver:
Əhmədov Kənan Şəmşir ke***@gmail.com ID: 7253
Salam. Dövlət Vergi Xidmətində işə qəbulla bağlı müraciət etmək istəyirəm. Bu barədə mənə ətraflı məlumat verməyinizi xaiş edirəm. Təşəkkürlər.
11/11/2022 Read: 44 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Emil Əliyev Xudaşükür em***@mail.ru ID: 7120
Salam. Sadələşdirilmiş vergi ödəyicisi rübün ilk ayında e-qaimə ilə xidmət göstərib. Digər iki ayında NKA xidmət göstərilib. Vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi kimi hesabat verəcək ya gəlir vergisi ödəyicisi kimi? Öncədən Təşəkkür edirəm.
10/11/2022 Read: 227 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuzda qeyd olunan vergi ödəyicisinin rüb ərzində həyata keçirdiyi əməliyyatların həcmi haqda məlumat qeyd olunmadığı üçün, müraciətinizin cavablandırılması imkan xaricindədir. Bu səbəbdən müraciətinizi dəqiqləşdirərək yenidən Sual-Cavab bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi.

5/5 (4 Average count)
Qiymət ver:
Günel Əliyeva Xanbala qızı al***@mail.ru ID: 7204
3 tərəf arasında investisiya əməliyyatı aparılır. Bu tərəflərdən A - MMC, fərdi sahibkar və ya fiziki şəxs, B- MMC , C - MMC olarsa və A B MMC-yə ödəniş edir və B MMC həmin məbləği C MMC-yə investisiya şəklində qoyur. "B" MMC agent rolunu oynayır. Sualları aşağıda qeyd edirəm. 1. Gəlirdən vergi hansı formada və necə tutulmalıdır? 2. "A" MMC "B" MMC-yə xarici valyutada (USD) pul qoyuluşu edə bilərmi? 3. Müqavilədə vergi mükəlləfiyyətinə uyğun hər hansı bir məlumat qeyd edilməlidirmi?
10/11/2022 Read: 239 Average count: 0

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitentin investisiya qiymətli kağızları üzrə ödədiyi dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 7 il müddətində gəlir vergisindən azad edilirdi.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad olunur. Digər hallarda, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

İkinci sualda qeyd olunan məsələnin vergi qanunvericiliyi ilə tənzimlənmədiyini nəzərə alaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqan olan Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Tərəflər arasında bağlanmış müqavilədə vergi mükəlləfiyyətinin qeyd olunması ilə bağlı bildiririk ki, vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Bu baxımdan sorğunuzda qeyd edilən halda gəlirlər Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq ümumi qaydada vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 102-ci, 104-cü, 108-ci və 123-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Zeynalov Natiq Vahid ni***@gmail.com ID: 7198
Salam. Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə sual vermək istəyirəm. Rəsmi saytınızda bu məlumat yerləşdırilib: "Belə ki, plastik kartlar vasitəsilə nağdsız qayada aparılan ödənişlərdən üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur. Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur: xaricdən malların alınmasına görə ödəniş; xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş; fiziki olaraq xaricdə alınan (istehlak) edilən iş və xidmətə görə ödəniş." Belə ki bu qaydalar vətandaş xarici səfərdə ezamiyyət olduğu zaman fiziki olaraq xaricdə istehlak etdiyi Uber-dən taxi xidmətinə görə kartla ödəniş etdikdə ƏDV-yə bank tərəfindən cəlb edilməlidir ya yox? Bir də vurğulamaq istəyirəm ki, xidmət Azərbaycan ərazisində alınmayıb. Xaricdə alınıb və istehlak olunub, oteldən aeroporta gedəndə, lakin bank bundan ƏVD tutub və elektron ticarət barəsində qanunvericiliyə istinad edir. Xahiş edirəm açıqlama verəsiniz.
08/11/2022 Read: 315 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda taksi xidmətinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Əli İlyas Abdurəhmanov ab***@outlook.com ID: 7196
Salam, hər vaxtınız xeyir. Mən onlayn satış üçün internet saytı yaratmaq istəyirəm. Bunun üçün VÖEN açılmalıdırmı və bunun şərtləri nədir? Sayt məişət texnikası, mebel kimi ev əşyalarının satışı üstündə qurulacaq. Zəhmət olmasa, bu mövzuda məlumat verərdiniz.
07/11/2022 Read: 158 Average count: 0

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz. 

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Həmçinin bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. Təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə və ya gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Elxan Vəliyev Əvəz el***@gmail.com ID: 7194
Salam. Bir məlumat öyrənmək istəyirəm. Qeyri-kommersiya qrumu dövlət qeydiyyatına alınanda hansı sənədlər təqdim olunur və o burada onun doldurulma formasının nümunəsi varmı? Hansı formada mənə yardımçı ola bilərsiniz?
07/11/2022 Read: 105 Average count: 0

Bildiririk ki, qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən sonra 30 gün müddətində vergi orqanlarında uçota alınmaq üçün müvafiq ərizə vergi orqanına təqdim edilməlidir. Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması üçün təqdim olunacaq sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Ərizə və arayış formaları” altbölməsindən, Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması üçün təqdim olunacaq lazımi sənədlərin siyahısını isə saytımızın “Xidmətlər” bölməsinin "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

0/5 (0 Average count)
Qiymət ver:
Ravid Sdgzadeh sd***@gmail.com ID: 7192
Deməli, VÖEN-ə sahib olmayan adi bir Azərbaycan vətəndaşı Vergi Məcəlləsində öz cavabını tapmayan sualla qarşılaşdıqda ( Məs., Vergi Məcəlləsində yaranan boşluqlardan cavabını tapmayan suallar yarandıqda) nazirliyə bu barədə rəsmi məktub ünvanlayaraq rəsmi cavab məktubu almaq istəyərsə, bu prosedur hansı mərhələlərdən ibarətdir?
06/11/2022 Read: 80 Average count: 0

Bildiririk ki, istənilən şəxs elektron müraciətini (təklif, ərizə, şikayət) internet səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə rəsmi qaydada təqdim edə bilər.

Bundan əlavə, müraciətlər poçt (o cümlədən elektron poçt), Çağrı Mərkəzi (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsilə də rəsmi qaydada təqdim edilə bilər. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Babək Məmmədov Abuzər ba***@mail.ru ID: 7223
Dovlet Vergi Xidmətinə işə qəbul olmaq üçün nə etməliyəm? Necə CV verməliyəm?
05/11/2022 Read: 57 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Nuranə Allahverdi Fazil qızı nu***@gmail.com ID: 7191
Dividendlərdən tutulan 10 faiz vergi hansı növ vergi hesab edilir?
05/11/2022 Read: 109 Average count: 0

Bildiririk ki, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunan ödəmə mənbəyində tutulan vergi fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid ediir.

Əsas: Vergi Məcəlləsinin 122-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayılova Nazilə Elşad na***@gmail.com ID: 7329
Salam. Mənim VÖEN hesabım dondurulduğu halda hesabıma 31 manat borc yazılıb. Səbəbini mümkün qədər tez zamanda öyrənmək istərdim. Xahiş edirəm bu barədə qeyd etdiyim telofon nömrəsi ilə əlaqə saxlayın.
05/11/2022 Read: 67 Average count: 0

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu və borcun yaranma səbəbi ilə bağlı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə də əldə edə bilərsiniz. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Nuriyev Rasim Camal oğlu ra***@mail.ru ID: 7181
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir: Sərnişin daşınması (taksi istisnaolmaqla), oturacaq yerlərinin sayına görə 1 oturacaq yeri üçün Sadələşdirilmiş verginin aylıq məbləği 1.8 əmsala vurulur. Buradakı oturacaq yerləri deyəndə, sürücünün yeri də saya daxildir ya yox? Daxildirsə niyə, deyilsə niyə?
03/11/2022 Read: 170 Average count: 5

Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-ci maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" alarkən dövlət büdcəsinə ödəməlidirlər.

Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir. Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə həmin göstəricilər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq yerlərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq qaydada müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 220-ci maddəsi, “Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında" və  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (1 Average count)
Qiymət ver:
İrfan Səmədov Şahin ir***@gmail.com ID: 7179
Müəssisə (filial) öz baş ofisindən malı 100 manata alıb Az-da 110 manata satır. Baş ofisin mal satışı daimi nümayəndəlik yaradırmı? Baş ofis malları ixrac edir, filial gömrükdə oz adına rəsmiləşdirir və idxal edir. Hər iki tərəfin vergi öhdəikləri nədir?
03/11/2022 Read: 217 Average count: 0

Bildiririk ki, qeyri-rezident bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə 12 ay ərzində üst-üstə 90 gündən az olmayaraq Azərbaycan Respublikasında tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdikdə daimi nümayəndəlik yaratmalıdır. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Sorğuda göstərilən halda qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən malların satışından əldə olunan gəliri mənfəət vergisinin məqsədləri üçün nümayəndəliyin vergi tutulan gəlirlərinə aid edilir. Daimi nümayəndəlik tərəfindən Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Eyni zamanda daimi nümayəndəlik tərəfindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu halda, daimi nümayəndəlik ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır.

Bunlarla yanaşı qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 19-cu, 33-cü, 104.2-ci, 126-cı və 155.1-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Rüstəm Əliyev Eldar oğlu ru***@mail.ru ID: 7173
Salam! Mən vergi ödəyicisi olmayan fiziki şəxsəm. "Kapital Bank" debet kartı vasitəsilə onlayn olaraq www.newegg.com saytından 299,99 USD məbləğində videokart (fiziki mal) alınıb. Həmin gün bank tərəfindən hesabımdan 92.61 manat məbləği tutulmuşdur. Bank bildirir ki, debet kartı vasitəsilə onlayn ödənişi etdiyim saytında məhsul rəqəmsal olaraq göstərilir, bunun üçün 18 faiz vergi tutulub! Bank hesabımdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı müştərisi olduğum banka müraciət etdim, təəssüf ki, bank kömək etməkdən imtina etdi. Kimə müraciət edim? Təşəkkürlər!
02/11/2022 Read: 140 Average count: 5

Bildiririk ki, malların elektron ticarət qaydasında alışına yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Sorğuda göstərilən halda müştərinin hesabından tutulmuş ƏDV məbləğinin malların alınması ilə bağlı olduğu müvafiq sənədlərlə təsdiq edildiyi halda müştəridən tutulmuş ƏDV məbləğləri qaytarılmalıdır.

Bankların fəaliyyəti ilə bağlı əlavə məlumat üçün aidiyyəti üzrə Mərkəzi Banka müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Tural Şərifli Rasim tu***@gmail.com ID: 7171
165.1.4. beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi; Bu maddədə yazılan yük aşırılma xidməti dedikdə nə nəzərdə tutulur? Əlavə olaraq Mülki Məcəlləyə əsasən ekspeditor sözünün açıqlaması - ekspeditor 3-cü şəxslər vasitəsi ilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını təşkil edən şəxsdir. Bunu nəzərə alaraq bildirmək istəyirəm ki, şirkətin əsas fəaliyyət kodu beynəlxalq yük daşımalarıdır. Sadəcə olaraq, balansımızda yük avtomobili yoxdur və firmamız beynəlxalq yükdaşıma il bağlı yükdaşımanın təşkil edilməsində iştirak edir (bu fəaliyyət ekspeditor xidməti hesab edilirmi?) və buna görə də yükdaşıma sifarişini verən firmalar bizə xidmət haqqı ödəyir. Belə olan vəziyyətdə həmin xidmət haqqı ƏDV-yə cəlb olunurmu? Bu halda Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq hansı vergi öhdəliklərimiz yaranır? (ƏDV və mənfəət). Təşəkkür edirəm.
02/11/2022 Read: 319 Average count: 5

Vergi Məcəlləsində 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan əməliyyatlar sırasına aid edilib. 

Eyni zamanda Mülki Məcəllənin 852-ci maddəsinin müddəalarına əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. 

Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzddan ibarət ola bilər. 

Qeyd olunanlara əsasən cəmiyyət tərəfindən digər şəxslər vasitəsilə həyata keçirilən beynəlxalq daşımalara görə (ekspeditor xidmətlərinə görə) əldə olunan komisyon muzd mənfəət vergisinə və sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Bununla yanaşı, sorğunuzda qeyd olunan yükün aşırılması dedikdə, "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanununun 3.1.11-ci maddəsinə əsasən, beynəlxalq, yerli və tranzit daşımalar zamanı, o cümlədən limanın sərhədləri daxilində yükün yerdəyişməsi və texnoloji yığımı, yaxud texnoloji yığım aparılmadan yükün və (və ya) baqajın bir nəqliyyat növündən başqa nəqliyyat növünə yüklənməsi üzrə xidmətlərin və (və ya) işlərin kompleks növü nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 159-cu,165-ci və Mülki Məcəllənin 852-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Əli Oruclu Ağasəf al***@mail.ru ID: 7168
Qeyri-rezident şəxs Azərbaycanda ADY ASC və fraxt agentlərlə 1 illik müqavilə bağlayaraq, ekspeditor fəaliyyəti göstərmək istəyir. Bu fəaliyyət 90 gündən artıq davam etdiyi üçün daimi nümayəndəlik yaradır və mənfəətə cəlb edilir, yoxsa 125-ci maddəyə əsasən ÖMV yə?
02/11/2022 Read: 176 Average count: 0

Bildiririk ki, qeyri-rezident bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə 12 ay ərzində üst-üstə 90 gündən az olmayaraq Azərbaycan Respublikasında tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdikdə daimi nümayəndəlik yaratmalıdır. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Sorğuda göstərilən halda qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən xidmətlərin göstərilməsindən əldə olunan gəliri mənfəət vergisinin məqsədləri üçün nümayəndəliyin vergi tutulan gəlirlərinə aid edilir. Daimi nümayəndəlik tərəfindən Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Eyni zamanda, daimi nümayəndəlik tərəfindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu halda, daimi nümayəndəlik ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır.

Bunlarla yanaşı qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 19-cu, 33-cü, 104.2-ci, 126-cı və 155.1-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Ağayeva Səmayə Şaban qızı as***@yahoo.com ID: 7167
Salam. 1000 manat "gross" əməkhaqqı olan işçidən 25% aliment tutulur. Bu zaman gəlir vergisi, məcburi dövlət sosial sığortasına cəlbolma, icbari tibbi sığorta və işsizlikdən tutulma necə hesablanır?
02/11/2022 Read: 229 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Burada “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. 

Buna əsasən alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi, “Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında" və  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (1 Average count)
Qiymət ver:
Nərmin Paşayeva Çələbi pa***@gmail.com ID: 7161
Salam. Mən köhnə iş yerimdə qeydiyyatda qalmışam, yəni işə götürən hal-hazırda tapılmır. Mən yeni iş yerinə keçmək istəyirəm, amma köhnə müdir Asan imzası ilə qeydiyyata aldığı üçün çıxa bilmirəm. Nə etməliyəm, hara yaxınlaşmalıyam?
01/11/2022 Read: 78 Average count: 0

Sorğunuzda qeyd olunan halın araşdırılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

 

0/5 (0 Average count)
Qiymət ver: