Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Rəcəb re***@gmail.com ID: 7298
Salam. Aşağıda qeyd olunan arayışın nümünə formasını əladə edə bilərəm ? 1.15. himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir: ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı; Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışları.
30/11/2022 Read: 144 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

 "Gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair arayış" formasını saytımızdan əldə edə bilərsiniz.

 https://www.taxes.gov.az/vn/beyanname/2001/guzestin_elde_edmesi_barede.pdf .

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Average count)
Qiymət ver:
Toğrul Abbaslı Fazil oğlu to***@rahat.az ID: 7183
Hörmətli yoldaşlar, sualım hüquqi şəxsin icarəyə götürdüyü obyektin kommunal ödənişlərinin xərcə salınması ilə bağlıdır. Fiziki şəxsdən (VÖEN-i olmayan) icarəyə götürülmüş obyektin kommunal ödənişlərini (xüsusilə də elektrik) icarədar özü ödəyirsə və hesablaşma zamanı ödənilən kommunal ödənişi icarəçidən (hüquqi şəxsdən) tələb edirsə, hüquqi şəxs ödənişi hansı formada etməli və nəyə əsasən xərcə salmalıdır?
30/11/2022 Read: 227 Average count: 5

Bildiririk ki, icarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin hüquqi şəxs (icarəçi) tərəfindən fiziki şəxsə (icarəyə verən) və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Vüqar Vəliyev Vaqif oğlu vu***@inbox.ru ID: 7297
Salam. Öyrənmək istəyirəm ki, fiziki şəxs kimi fəaliyyət göstərən sahibkar öz fəaliyyət kodunu dəyişərək həmin VÖEN-lə yeni adla müəssisə yarada bilərmı? Yəni adı dəyişərək MMC kimi fəaliyyət göstərə bilərmi?
30/11/2022 Read: 149 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və hüquq münasibətlərində yalnız öz adlarından iştirak edirlər.

Eyni zamanda, VÖEN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir. Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan fiziki şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi və yaxud yeni hüquqi şəxs yaratmaqla həyata keçirə bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Parviz pe***@azerishiq.az ID: 7296
"Azərişıq" ASC üçün portal.com.az -saytına daxil olmaq üçün ASAN imza lazımdır. ASAN imza üçün nömrə alınıb, amma İD nömrə üçün nə edilməlidir bilinmir. Etibarnəmə yazılmalıdır, cəmiyyət sədrinin adından öyrənildi. Etibarnamənin mövzusu necə olmalıdır? Mövzu "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzində elektron imza üçün sertifikat əldə etməyi və ona verilmiş elektron imzadan portal.com.az -saytına daxil olmaq üçün istifadə etməyi “Azərişıq” ASC-nin .vəzifə. ..ad oğluna (şəxsiyyət vəsiqəsi: - 07.03.2013-ci il tarixdə Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmişdir) həvalə edirəm." olsa olar?
30/11/2022 Read: 197 Average count: 0

Bildiririk ki, hüquqi şəxslərin rəhbərləri üçün sertifikat əldə etmək üçün ASXM-ə aşağıdakıları təqdim etməlisiniz:

- müqavilənin bağlanması üçün ərizə;

- “Asan İmza” SİM kartı;

- ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, hərbi qulluqçular üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəxsi vəsiqə, hakimlər üçün şəxsiyyət vəsiqəsi və hakimlərin vəsiqəsi);

- ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, həmin şəxsə verilən etibarnamə (Nümunəvi forma 2) və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti. Ərizəçinin adından verilən etibarnamə notarial qaydada təsdiq edilməlidir. Ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir.

- Hüquqi şəxslərin işçiləri üçün (işçi dedikdə, hüquqi şəxsin əmək müqaviləsi üzrə işçiləri, həmçinin xidmət müqaviləsi əsasında hüquqi şəxsə müəyyən xidmətlər göstərən (məsələn, mühasibatlıqla bağlı) şəxslər başa düşülür).

- müqavilənin bağlanması üçün ərizə;

- “Asan İmza” SİM kartı;

 - ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, hərbi qulluqçular üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəxsi vəsiqə, hakimlər üçün şəxsiyyət vəsiqəsi və hakimlərin vəsiqəsi);

- hüquqi şəxs tərəfindən işçisinə verilən etibarnamə (Nümunəvi forma 1). Hüquqi şəxs tərəfindən verilən etibarnamə hüquqi şəxsin blankında tərtib edilərək hüquqi şəxsin möhürü ilə və ya notarial qaydada təsdiq edilməlidir;

- ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, həmin şəxsə verilən etibarnamə (Nümunəvi forma 2) və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti Ərizəçinin adından verilən etibarnamə notarial qaydada təsdiq edilməlidir.

Ərizə və etibarnamə formaları ilə buradan tanış ola bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin 29 fevral 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”.

0/5 (0 Average count)
Qiymət ver:
Diana Qədimova ma***@gmail.com ID: 7187
Salam. Mən bir çox yerdə ƏDV çeki istəyəndə aparatı ola-ola deyirler: "Biz sadələşdirilmiş vergi ilə işləyirik". Mənim haqqım var ƏDV çeki tələb etməyə?
30/11/2022 Read: 345 Average count: 5

Bildiririk ki, ƏDV-nin geri qaytarılması yalnız ƏDV ödəyicisi olan vergi ödəyicilərindən alınmış mal və xidmətlərə aid edilir. ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür.

Həmçinin, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərlə bağlı nağd pul hesablaşmaları aparılan zaman alıcıya kassa çeki təqdim etməli və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməlidir. 

Məlumat üçün bildiririk ki, ƏDV ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən təqdim olunan malların (iş və xidmətə) dəyərinə ƏDV tətbiq olunmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” 

5/5 (3 Average count)
Qiymət ver:
Səxavət Rzayev Kamil oğlu se***@gmail.com ID: 7152
Salam. Xahiş edirəm aşağıda göstərilən 2 sual üzrə münasibətinizi bildirəsiniz. 1) Fərdi sahibkar meşədən çürümüş və torpağa qarımış münbit torpağı (dibçək əkmək üçün yararlı torpaq) əhalidən alış aktı ilə alaraq qablaşdırıb satır. Belə olan halda fərdi sahibkar hansı vergiləri ödəməlidir? 2) Fərdi sahibkar meşədən çürümüş və torpağa qarımış münbit torpağı (dibçək əkmək üçün yararlı torpaq) özü yığaraq qablaşdırıb satır. Belə olan halda fərdi sahibkar hansı vergiləri ödəməlidir? Qeyd: Hər iki halda illik satış dövriyyəsi 200.000 manatdan aşağı olur. Öncədən təçəkkür.
29/11/2022 Read: 281 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Sorğunuzda qeyd olunan halda, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadığı halda vergi ödəyicisi sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququna malikdir və əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci, 218-ci və 220-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Orxan Kazımzadə Namiq or***@gmail.com ID: 7295
Salam. Adım Orxran Kazımzadə Lənkəran rayonu Vilvan kəndində anadan olmuşam. "Wolt" kuryer xitmədində işə düzəlmə ilə bağlı Asan xidmətə müraciət etdim. Qeydiyyatda olduğum yer Lənkəran rayonu olduğu üçün bunla bağlı mənə kömək edə bilmədi. Hal hazırda Bakıda müvəqqəti kirayədə qalıram, mənə dedikləri kirayə qaldığım ərazidə və həmin əraziyə baxan jek müdirindən faktiki yaşayış ilə bağlı arayış almalıyam, amma bu mümkün olmadı. Daha bir məsələ var ki, mən fiziki şəxs olaraq açmaq istədiyim VÖEN hesabını qeydiyyatda olduğum yerdə edə bilərəm. Bunla bağlı ən yaxın Asan xidmət dairəsi Masallı rayonunda yerləşir. Bilmək istədiyim Lənkəran qeydiyyat da olduğum halda VÖEN hesabının açılmasını mən necə edə bilərəm. Bunla bağlı Lənkəran rayon ərazisində yerləşən Vergilər dairəsinə müraciət edim yoxsa Masallı rayonunda yerləşən Asand xidmətəmi müraciət edim? Əlavə olaraq Lənkəran rayonu üzrə Vergilər idarəsinə VÖEN hesabı açmaq üçün lazım olan sənədlər hansılardır və mən həmin Vergilər idarəsinə müraciətimi necə edə bilərəm? Yəni öncədən qəbulamı düşməliyəm?
29/11/2022 Read: 103 Average count: 0

Bildiririk ki, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyəti təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Vergi orqanına müraciət etmək üçün qabaqcadan növbənin tutulması tələb olunmur.

Vergi Məcəlləsinin müddəalarına əsasən fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Eyni zamanda, fiziki şəxs onlayn rejimdə də qeydiyyatdan keçmə imkanına malikdir. Bunun üçün həmin şəxs səhifəmizin "Elektron xidmətlər" bölməsindən "Fərdi sahibkarların onlayn qeydiyyatı" adlı elektron xidmət vasitəsilə İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olmalıdır. Bunun üçün isə, ilk növbədə, fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır.

Fiziki şəxsin onlayn qaydada qeydiyyatdan keçməsi üçün tələb olunan addımlar barədə daha ətraflı məlumatı "Onlayn kargüzarlıq" internet səhifəsindən istifadə barədə TƏLİMAT-dan əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

0/5 (0 Average count)
Qiymət ver:
Fərid Rzalı Musa rz***@gmail.com ID: 7119
Mən müharibə veteranıyam. "Bravo market"də işləyirəm. Müharibə veteranlarının gəlir vergisindən azad olunması ilə bağlı şirkətə müraciət etdikdə, əməkhaqqımdan vergi tutulmasa pensiya fonduna pul köçürülməyəcəyini dedilər. Bu belədirmi?
29/11/2022 Read: 214 Average count: 5

Bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmçinin, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Bundan savayı, həmin işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödəmə mənbəyində adi qaydada işəgötürən tərəfindən tutulur və bu tutulmalarda müharibə veteranları üçün azadolma və ya güzəşt nəzərdə tutulmamışdır.

Siz, “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
Togrul Mehdizadə to***@mail.ru ID: 7153
Salam. Bilmək istəyirdim ki, hal-hazırda müəssisəmizdə borc görsənmir, lakin 5 verilməmiş hesabat görsənir. Müəssisəmiz ƏDV ödəyicisi deyil, bunun üçün hansı hesabat formalarını təqdim etməliyəm? Müəssisə yeni fəaliyyətə başladığı üçün hesabat verilməyib, bunun üçün hazırlayacağım hesabat növlərini mənə deməkdə köməklik göstərməyinizi sizdən xahiş edirəm.
29/11/2022 Read: 197 Average count: 5

Bildiririk ki, hüquqi şəxs vergi orqanında sadələşdirilmiş və ya mənfəət vergisi ödəyicisi olaraq dövlət qeydiyyatına alınır.

Sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxs verginin məbləğini hesabat rübü ərzində təqdim edilmiş mallara (işlərə xidmətlərə) və əmlaka görə əldə edilmiş hasilatın, habelə satışdankənar gəlirlərin həcminə 2 faiz tətbiq etməklə hesablayır. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz tətbiq etməklə vergini hesablayır. Hesablanmış verginin məbləği hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq "Sadələşdirilmiş vergi bəyannaməsi" ilə bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir.

Mənfəət vergisinin ödəyicisi kimi vergi uçotuna alınan hüquqi şəxs hesabat ili ərzində əldə etdiyi mənfəətdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə mənfəət vergisini hesablamalıdır. Hesablanmış verginin məbləği "Mənfəət vergisinin bəyannaməsi" ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir. Mənfəət vergisinin ödəyicisi olan şəxs hesabat ili ərzində rübdə bir dəfə olaraq Vergi Məcəlləsinin 151-ci maddəsində qeyd olunan qaydada mənfəət vergisi üzrə hesablanmış cari vergi ödənişinin məbləğini büdcəyə ödəməli, hesabat ili başa çatdıqdan sonra isə bəyannamənin təqdim olunmasınadək büdcə ilə son haqq-hesabı etməlidir.

Eyni zamanda, vergi ödəyiciləri vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Vergi orqanına təqdim edilməli olan hesabatlar (bəyannamələr), onların formaları və doldurulma qaydaları ilə saytımızın "Bəyannamə" bölməsində tanış ola bilərsiniz. Bəyannamələrin təqdim edilməsi ilə bağlı əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək xidmətlərdən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 105-ci, 108-ci, 218-ci, 220-ci maddələri.

 

5/5 (1 Average count)
Qiymət ver:
Namiq Məmmədov bb***@mail.ru ID: 7288
Ət məhsullarının pərakəndə satışı ilə məşğul olan mağazada nəzarət-kassa aparatının quraşdırılması mütləqdirmi?
28/11/2022 Read: 202 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət fəaliyyəti üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Qeyd olunanlara əsasən, ət məhsullarının satışı üzrə pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

5/5 (3 Average count)
Qiymət ver:
Seyfulla İntiqam Mirzəhüseyn oğlu si***@gmail.com ID: 7284
Salam. Vergi məcəlləsinin 102.1.22-2. Maddəsinə əsasən “2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri” gəlir vegisindən azaddır. Burada “kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar” dedikdə, hansı səhm və isteqrazlar nəzərdə tutulur? Açıq Səhmdar Cəmiyyətində səhmdar dəyişdikdə, satışa çıxarılan səhmlər yuxarıda qeyd olunan səhmlərə aid edilirmi?
28/11/2022 Read: 116 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Qeyd olunan maddədə səhm və istiqrazların emissiyasını həyata keçirən emitent şəxsdən asılı olmayaraq, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış istənilən səhm və istiqrazlar üzrə ödənilən gəlirlərə vergi güzəştinin tətbiqi nəzərdə tutulmuşdur.

Eyni zamanda kütləvi təklif edilmiş və tənzimlənən bazarda səhmlərin və istiqrazların ticarətə buraxılması Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Vəzirov Azər Elmar oğlu az***@socar.az ID: 7283
Salam. Çernobıl AES - də qəzanın aradan qaldırılmasında iştirakçı olmuş, yəni vəsiqəsi, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətə İdarəsindən arayışı olan əməkdaşa Vergi Məcəlləsinin 102.2.8-ci maddəsini tətbiq etmək olarmı? Xahiş edirəm münasibət bildirəsiniz.
28/11/2022 Read: 84 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.8-ci maddəsinə əsasən Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.8-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan tətbiq olunur. 

Sorğunuzda qeyd olunan şəxs, müvafiq təsdiqedici sənədi iş yerinə təqdim etməklə vergi güzəştindən istifadə edə bilər.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Average count)
Qiymət ver:
Nəcəf Hüseynov Fərhad ne***@mail.ru ID: 7282
Salam. Vergi borcumu necə öyrənə bilərəm?
27/11/2022 Read: 81 Average count: 0

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu və borcun yaranma səbəbi ilə bağlı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə də əldə edə bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
Sərvinaz Aliyeva Fikrət al***@gmail.com ID: 7280
Salam. Mən bilmək istəyirəm adıma VÖEN varmı?
25/11/2022 Read: 84 Average count: 5

Bildiririk ki, Sərvinaz Aliyeva Fikrət qızı adına VÖEN müəyyən edilməmişdir. 

Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və ya “Ada görə” axtarış etməklə şəxsin vergi orqanında qeydiyyatda olması vəziyyətini müstəqil şəkildə yoxlaya bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (2 Average count)
Qiymət ver:
Mehdiyev Fuad Nağı 0ğlu mo***@mail.ru ID: 7279
Əməkhaqqımdan indiyədək tutulan vergilər barədə məlumat almaq istərdim. Vergi hesabına daxil olub nəzarət etmək mümkündürmü?
25/11/2022 Read: 101 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan məlumatı aidiyyəti üzrə çalışdığınız idarənin mühasibatlığına müraciət edərək əldə edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, saytımızda mövcud olan “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

5/5 (2 Average count)
Qiymət ver:
Samir İmanov Natiq sa***@gmail.com ID: 7278
Salam. Vergi Məcəlləsinin 218-1.1.5. maddəsinə əsasən mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi zamanı azı 3 təqvim ili üzrə yaşayış yeri üzrə qeydiyyatda olduğu halda vergitutma obyekti sadələşmiş vergi ödəməkdən azad olunur. Lakin, praktikada bağ evlərinin təqdim edilməsi zamanı evlər sadələşdirilmiş vergidən azad olduğu halda həyətyanı sahələr sadələşdirilmiş vergiyə cəlb olunur. Vergi Məcəlləsində torpaq sahələri və evlərin həyətyanı sahələri açıq yazılmadığı üçün əlavə şərhə ehtiyac var.
25/11/2022 Read: 121 Average count: 5

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Sorğunuzda qeyd olunan, Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi sadələşdirilmiş vergidən azad edilir.

Göründüyü kimi, yuxarıda qeyd olunan azadolma yaşayış sahələrinin təqdim edilməsinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

 

5/5 (1 Average count)
Qiymət ver:
Günel Sabirli Elçin gu***@gmail.com ID: 7276
İnternet Vergi İdarəsində əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan vergi ödəyicisi ilə əməliyyat aparmaq vergi ödəyicisi kimi digər şəxsə problem yarada bilərmi və mənfəət vergisi bəyannaməsində həmin şəxslə əməliyyatlar xərc kimi nəzərə alınır?
25/11/2022 Read: 180 Average count: 0

Bildiririk ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar - əmtəəsiz əməliyyat sayılır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Eyni zamanda, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

Əsas: Vergi Məcəlləsinin 13-cü,14-cü, 67-ci, 109-cu və 175-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”.

 

0/5 (0 Average count)
Qiymət ver:
Eldar Piriyev el***@yandex.ru ID: 7270
Salam. Vergi Məcəlləsinin 65.7-1-ci maddəsi ilə bağlı sualım yarandı. Vəsaiti olmayan xarici valyuta hesabına alınmalı sərəncam daxil olub və 5 gündən sonra valyuta hesabına vəsait daxil olub. Həmin halda 10 iş günü vəsait daxil olduğu gündən yoxsa sərəncam daxil olduğu gündən hesablanmalıdır? Məsələn: 01.11.2022-ci il tarixdə vəsaiti olmayan hesaba sərəncam daxil olub və 05.11.2022-ci il tarixdə vəsait daxil olub.
24/11/2022 Read: 120 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir.

Eyni zamanda  Vergi Məcəlləsinin 65.7-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən onun bank hesabında xarici valyutada olan pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu gündən 10 bank günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti bank tərəfindən konvertasiya edilməklə sərəncam icra edilir.

Göründüyü kimi, sorğunuzda qeyd olunan halla bağlı xüsusi hal nəzərdə tutulmamışdır və vergi ödəyicisi tərəfindən vergi orqanının sərəncamı daxil olduğu gündən 10 bank günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində bank tərəfindən dondurulmuş pul vəsaiti konvertasiya edilməklə sərəncam icra edilir.

Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi.

 

5/5 (1 Average count)
Qiymət ver:
Mir Abas Məmmədov Mir Qədir o mi***@mail.ru ID: 7269
Vergi Məcəlləsinin fiziki şəxslərin əmlak vergisinə dair maddələr fərdi, özbaşına tikilmiş evlərə də aiddir? Hansısa istisna var?
24/11/2022 Read: 107 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyekti sayılır.

Məlumat üçün bildiririk ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 197.1.1-ci maddəsi və Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 12.1-ci maddəsi ilə tənzimlənir.

5/5 (1 Average count)
Qiymət ver:
Ağayev Vaqif Şamil oğlu v-***@rambler.ru ID: 7266
Mən "Dünyada tarixin gedişini dəyişmiş 100 dahi" kitabının müəllifi kimi öz kitabımı satış üçün 30% xidmət haqqı ödənilmək şərti ilə Elektron qaimə ilə "Azərpoçt" MMC-yə vermişəm. Bu da hesabatda öz əksini tapıb. Bundan başqa mənim 2007285982 nömrəli VÖEN-də heç bir əməliyyat aparılmayıb. Mənə 80,18 manat vergi və 12,80 manat icbari tibbi sığorta üzrə vergi hesablanıb. Mənim heç bir gəlirim olmadan bu vergini nə üçün və hansı pulla ödəməliyəm? Mən pensiyaçı şəxs, heç bir gəliri olmadan pensiyamdan vergi ödəməliyəm? Çox xahiş edirəm məni bu həyəcandan azad edin!
23/11/2022 Read: 214 Average count: 1

Bildiririk ki, müəllif tərəfindən yaradılmış əsər (kitab) digər şəxslər (nəşriyyat şirkətləri) tərəfindən nəşr edilərək satıldığı halda əsərdən (kitabdan) istifadə hüququnun verilməsinə görə müəllifə ödənilən məbləğdən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Bu halda müəllifin vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmaq öhdəliyi yaranmır.

Belə ki, Vergi Məcəlləsinin 13.2.23-cü maddəsinə əsasən ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər royalti hesab olunur.

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə royaltidən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Bu cür ödənişlərdən gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Əsərlərin müəllifi olan fiziki şəxslərə (vergi uçotunda olub-olmamasından asılı olmayaraq) ödənilər haqlardan (müəlliflik qonararlarından) müəssisə tərəfindən “Sosial sığorta haqqında” 14.5.4-cü maddəsinə əsasən hesablanmış məbləğin 15 faizi miqdarında ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqları tutulur. Ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqqı tutulmuş incəsənət əsərlərinin müəllifi tərəfindən həmin ödəmələr üzrə bir daha məcburi dövlət sosial sığorta haqqı öhdəliyi yaranmır. Əlavə olaraq bildiririk ki, incəsənət əsərlərinin müəllifinə ödənilən haqlardan icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Sorğunuzda qeyd olunan halın araşdırılması üçün zəruri sənədləri təqdim etməklə, qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 124-cü maddələri, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

1/5 (1 Average count)
Qiymət ver: