Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Samir Hüseynov Səyyad sa***@yahoo.com ID: 6783
Məlumat üçün bildiririk ki, lizinqlə əmlakın alınması zamanı lizinq alan qismində çıxış edən fərdi sahibkar lizinq üzrə ilkin ödənişi lizinq verənin yəni lizinq şirkətinin bank hesabına mədaxil etməklə ödəyirlər. Lakin Vergi Məcəlləsində eləcə də Nağdsız Hesablaşmalar haqqında qanunda lizinq alan tərəfindən ilkin ödənişlərin lizinq şirkətinin bank hesabına mədaxil etməklə yoxsa öz fərdi sahibkar bank hesabına mədaxil edərək sonradan köçürmə ilə lizinq şirkətinin bank hesabına köçürmələrinə toxunulmamışdır. Aylıq lizinq ödənişləri zamanı lizinq alanların yəni fərdi sahibkarların aylıq ödənişləri lizinq şirkətinin bank hesabına mədaxil etməklə yoxsa öz fərdi sahibkar bank hesablarına mədaxil edərək köçürmə ilə lizinq şirkətinin bank hesabına köçürməli olduqları da qanunda öz əksini tapmamışdır. Lizinq alan tərəfindən lizinq verən şirkətin bank hesabına ilkin ödəniş və ya aylıq ödənişləri mədaxil etməsi də nağdsız ödəmə sayıla biləcəyindən qanunvericiliyə əsaslanaraq yuxarıda qeyd edilənlərə şərh verməyinizi Sizdən xahiş edirik. Öncədən təşəkkür.
18/10/2022 Read: 200 Average count: 5

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.1-ci maddəsinə əsasən lizinq əməliyyatları üzrə borcların ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Adıçəkilən Qanunun 3.2-ci maddəsinin müddəalarına əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilə bilər.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, fərdi sahibkar tərəfindən lizinq əməliyyatları üzrə borc ödənişləri fərdi sahibkarın bank hesabından lizinq verən şirkətin bank hesabına köçürülməklə həyata keçirilməlidir.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununu.

5/5 (3 Average count)
Qiymət ver:
Əliquliyeva Elmira el***@mail.ru ID: 6819
Salam. Mən bankdan kredit götürürərək, avtomobil alıb taksiyə icarəyə vermək istəyirəm, qalmaq şərtilə. Bunun üçün mən nə qədər vergi ödəməliyəm? Vergi güzəşti ediləcəkmi? Vergi ödənişi nə qədər olacaq? Zəhmət olmasa, aydın və ətraflı yazardınız.
18/10/2022 Read: 248 Average count: 5

Bildiririk ki, nəqliyyat vasitəsinin icarəyə verilməsindən əldə edilən gəlir fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hesab edilir və belə gəlirdən xərclər çıxılmadan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən icarəyə götürən vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində vergi tutulur. Bu zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutaraq icarə haqqını icarəyə verən şəxsə ödəyir.

Sorğuda qeyd olunan halda, nəqliyyat vasitələrinin icarəsi üzrə ödəmə mənbəyində verginin tutulması ilə bağlı güzəşt vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildiririk ki, nəqliyyat vasitələrini icarəyə götürərək taksi ilə sərnişin daşınmasını həyata keçirən şəxslər “Fərqlənmə nişanı” almaqla öz vergi öhdəliklərini yerinə yetirirlər.

Əsas: Vergi Məcəlləsinin 124-cü, 150-ci və 221-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Mais Şabanov Bəhram oğlu Ma***@mail.ru ID: 6667
Xahiş edirəm aşağıda göstərilən hal üzrə vergi qanunvericiliyinin tətbiqinə münasibət bildirəsiniz. Müəssisə tərəfindən 2021-ci ildə vergi ödəyicilərindən metal qırıntısı alınmış və həmin qırıntılardan külçə istehsal edilərək satışa verilmişdir. Sonradan vergi orqanı alınmış metal qırıntısının satıcılarının riskli müəssisələr olması qənaətinə gələrək alınmış e-qaimə fakturaları üzrə əvəzləşdirilmiş ƏDV məbləğini əvəzləşmədən çıxararaq ƏDV hesablamışdır. Alınmış metal qırıntıları Müəssisənin il ərzində satdığı külçənin xərc hissəsini təşkil etmişdir. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Maddənin məzmunundan da göründüyü kimi riskli hesab edilən əməliyyatlar üzrə alınmış mallar bazar qiyməti ilə nəzərə alınmalıdır. Xahiş edirik qeyd edilənləri nəzərə alaraq aşağıdakı suala münasibət bildirəsiniz. Sual: 2021-ci il ərzində alınmış mallar üzrə vergi orqanı tərəfindən riskli hesab edilən və əvəzləşməsi ləğv edilən e-qaimə fakturaları əsasında vergi ödəyicilərindən alınmış mallar satış dövriyyəsində iştirak edirsə həmin malların dəyəri xərcə hansı dəyərlə tanınmalıdır?
18/10/2022 Read: 313 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.

Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, riskli əməliyyatlar üzrə alınmış mallara görə ƏDV-nin əvəzləşdirilməsi ləğv edilməklə yanaşı, gəlirdən xərclərin çıxılması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Həmçinin sorğuda qaldırılan məsələ ilə bağlı vergi ödəyicisi tərəfindən həyata keçirilən əməliyyatlar, işin faktiki halları barədə məlumatlar və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 109-cu və 175-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı.

5/5 (3 Average count)
Qiymət ver:
İlahə Verdiyeva Hidayət il***@gmail.com ID: 7094
Salam. Bilmək istərdim mağaza çek veribsə, sonradan müəyyən səbəblərdən təkrar çek istəyəndə verməlidir, yoxsa verməməlidir?
17/10/2022 Read: 126 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Vergi ödəyicisi tərəfindən mal və ya xidmət təqdim edilərkən kassa çeki təqdim edildiyi halda, təkrarən kassa çekinin təqdim edilməsi vergi ödəyicisinin vəzifələrində nəzərdə tutulmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi. 

5/5 (2 Average count)
Qiymət ver:
Vüsal Mikayilzadə vu***@gmail.com ID: 7092
ƏDV ödəyicisi yeni satış növü (bonus kartla) üzrə xidmətinin təqdim edir. Sualım bundan ibarətdir ki, istehlakçıları fiziki şəxs (Satıcısı ƏDV ödəyicisi) olan müştərilərinə münasibətdə, pərakəndə satış və ticarət üzrə, yeni tətbiq elədiyi satış növünü, (bonus kartla) ödəniş xidmətini təqdim edərkən yəni, müştəriləri ödəniş terminalları vasitəsi ilə, bir başa bonus kartlarına nağd pul vəsaitini mədaxil etməklə, əvvəlcədən əhali ilə pul hesablaşmalarının aparılmasından sonra şəbəkəsinə məxsus təsərrüfat subyektlərinin (obyektlərindən) filiallarından, satılan malların dəyərinin yeni (bonus kartla) ödəniş növündən istifadə etməyi tətbiq edir. Bilmək istərdik ki, bu yeni xidmət növündən istifadə edilərkən satış əməliyyatı aparılan halda, ƏDV üzrə vergi ödəyicisinin barəsində vergi nəzarəti üzrə yoxlamalarını həyata keçirirən vergi orqanının vəzifə və hüquqları çərcivəsində, vergi qanunvericiliyinin pozulmasına və digər vergi hüquqpozmalarına görə məsuliyyətə cəlb edilmə və ya maliyyə sanksiyası tətbiq edilirmi? Eyni zamanda, bu satış əməliyyatı üzrə, Mülki Məcəllənin və İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyinin və ya digər normativ hüquqi aktın pozulması halları yaranırmı? Sualıma ətraflı cavab verilməklə Vergi Məcəlləsinə , yuxarıda qeyd olunan və digər normativ hüquqi aktın mənbələrinə istinad etməyiniz Sizdən artıq dərəcədə xahiş edirəm.
17/10/2022 Read: 175 Average count: 0

Bildiririk ki, müraciətdə göstərilən halda ödəniş kartları ilə hər hansı ödənişlər edilməklə əldə edilən mala (işə, xidmətə) görə alıcıya nəzarət-kassa aparatı çeki təqdim edilir.

Belə ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Həmçinin, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinin müddəalarına əsasən pərakəndə ticarət fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Bunlarla yanaşı bildiririk ki, “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq Vergi Məcəlləsinə uyğun olaraq müəyyən olunan gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Bununla belə, sorğunuzda qeyd olunan halda satış növü barədə ətraflı izahat verməklə, eyni zamanda zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edərək ətraflı məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

 

 

0/5 (0 Average count)
Qiymət ver:
Samir İmanov Natiq sa***@gmail.com ID: 7091
Salam. Vergi ödəyicilərinin sahibkarlıq meyarlarını VÖEN üzrə sorğulaya biləcəyimiz bir onlayn platforma varmı? ƏDV ödəyicilərinin axtarışı kimi.
17/10/2022 Read: 85 Average count: 5

Bildiririk ki, vergi ödəyicisinin aid olduğu sahibkarlıq kateqoriyası haqda məlumat vergi sirri hesab edilir. Kommersiya (vergi) sirri təşkil edən məlumatlar vergi ödəyicisi tərəfindən şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə müraciət edilməklə əldə edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Sona Rəhimova Qurban ja***@gmail.com ID: 7088
Salam. Bir neçə gün öncə Kapital Banka məxsus ƏDV gerial hesabımın balansı öz-özünə 0-landı. Mənim hesabımın balansında təxminən 60 manata yaxın pul və gözləmə olan 15 manatım var idi. Bu barədə banka müraciət etsəm də problemin həlli üçün Dövlət Vergi Xidməti ilə əlaqəyə keçməli olduğu deyildi. Hazırkı ƏDV gerial hesabımın balansında 0 manat pul və 28 qəpik gözləmədədir. Qeyd olunan hadisə aşağıdakı kimi baş verdi. Rabitə Bank mobil tətbiti vasitəsi ilə ƏDV gerial portalından eyni nömrə ilə qeydiyyatdan keçdim. Normalda həmin nömrə ilə mövcut hesab olduğundan bu mümkün olmamalı idi. Amma niyəsə həmin nömrə ilə qeydiyyatdan keçə bildim. Nəticədə, balansımdakı pul 0-landı. Və onların geri qaytarılmasını istəyirəm. Köhnə balansımla bağlı əlimdə ekran görüntüsü olmasa da həmin balansa yüklədiyim bəzi ƏDVlərin çeklərini hələdə saxlamışam.
16/10/2022 Read: 57 Average count: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Tural Həsənov Şirzad oğlu tu***@mail.ru ID: 7086
Mən mağazadan kompüter aldım, açdılar baxdım, ancaq klaviaturanın "İrlandiya" olduğunu mənə demədilər. Onu da proqram yazıb yoxlamamış bilmək olmur. Yazdım, yoxladım gördüm tamam başqa klaviaturadır, mənim işimə yaramır. Mənim haqqım nədir, onu bilmək istəyirəm.
15/10/2022 Read: 117 Average count: 5

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Sorğunuzda qeyd olunanlar Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə, bu barədə ətraflı məlumat almaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (competition.gov.az/az) müraciət etməyiniz tövsiyə olunur. 

5/5 (1 Average count)
Qiymət ver:
Ülvi Əliyev Mahir al***@list.ru ID: 7084
Salam. İnstaqramda səhifə açıb onlayn satış etmək istəyirəm. Bunun üçün VÖEN tələb olunur? Əgər tələb olunursa, sıfırdan başlamaq üçün nə etməliyəm, hara, hansı sənədlərlə müraciət etməliyəm? Hansı xərclər çıxacaq? Bundan əlavə, mən hal-hazırda işləyirəm, işimlə bərabər onlayn satış etmək istəyirəm. Bunun üçün əlavə DSMF ödənişi etməliyəm aylıq?
14/10/2022 Read: 179 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (1 Average count)
Qiymət ver:
Şamxal Mahmudzadə Zaur sa***@gmail.com ID: 7083
Salam. "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)"ni elektron formada təqdim etmək mümkündür, yoxsa yalniz vergi idarəsində kağız üzərində doldurulmalıdır? BTP-də bəyənnaməni təqdim etmək istədiyim zaman "Yalnız büdcədən maliyyələşən idarə və təşkilatlar tərəfindən bəyənnamənin BTP üzərində tərtib edilməsi nəzərdə tutulmuşdur." yazılır. Öncədən təşəkkürlər.
14/10/2022 Read: 97 Average count: 5

Bildiririk ki, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)" nin BTP prqoramı vasitəsilə təqdfim edilməsi yalnız büdcədən maliyyələşən idarə və təşkilatlar üçün mümkündür. Digər vergi ödəyiciləri qeyd olunan Vahid bəyannaməni İnternet Vergi İdarəsi portalı üzərindən  onlayn qaydada təqdim edə bilərlər. Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası ilə buradan  tanış ola bilərsiniz.

 

5/5 (1 Average count)
Qiymət ver:
Samir İmanov Natiq sa***@gmail.com ID: 7081
Salam. Nağdsız hesablaşmalar haqqında qanunun 3.4.1-ci bəndində göstərilən kreditlərin verilməsi nağdsız aparılmalıdır, lakin, 3.5.1-ci maddəyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu nağd qaydada aparıla bilər. Sual 1: Kənd təsərrüfatı təyinatlı kredit alan sahibkar krediti nağd ala bilmirsə, kənd məhsullarını necə nağd alacaq? Sual 2: Vergi məcəlləsinin 58.7-1.1. maddəsində qeyd olunan Nağdsız hesablaşmalar haqqında qanunun 3.3-cü maddəsinin tələblərinin pozulmasına görə vergi ödəyicisinə edilən sanksiya banklara da tətbiq oluna bilərmi? Nəzərə alsaq ki, sahibkarlar banklarda olan hesablarından vəsait nağdlaşdırırlar və Məcəllədə bununla bağlı sanksiya qeyd edilməyib.
14/10/2022 Read: 159 Average count: 0

Cavab 1-2. Bildiririk ki,  “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.1-ci maddəsinə əsasən, kreditlərin verilməsi kreditin təyinatından asılı olmayaraq, yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Həmçinin, Vergi Məcəlləsinin 58.7-1.2-ci maddəsinə əsasən həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla, kreditləri nağd qaydada verən kredit verənə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Göründüyü kimi, yuxarıda qeyd olunan maddədə, maliyyə sanksiyasının kreditləri nağd qaydada verən kredit verənə tətbiq olunması qeyd olunmuşdur.

Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Məlikov Nicat Cahid oğlu nn***@gmail.com ID: 7080
Salam. Mən Xırdalan şəhərində çaxır istehsal edirəm. Anbarım isə Bakı şəhərində yerləşir. İshehsal olunmuş mallar "malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" əsasında anbara təhvil verilir. Bu malların aksizləri anbarda vurula bilərmi? Yoxsa istehsal etdiyim zavodda vurulub göndərilməlidir? Bu malları nə vaxt vergiyə cəlb etməliyəm? Zavoddan çıxdıqdan sonra yoxsa sifariçşilərə satıldıqdan sonra?
14/10/2022 Read: 169 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 184-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması aksizin vergitutma obyektini təşkil edir. Bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir. Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan halda istehsal edilən aksizli mallar istehsal binasının (sorğunuzda Xırdalan şəhəri) hüdudlarından kənara buraxıldığı vaxtda həmin mallar üçün aksizlər hesablanıb dövlət büdcəsinə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 184-cü və 186-cı maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Zaur Kazımov Mənsim oğlu za***@hotmail.com ID: 7079
Salam. EQF sistem tərəfindən təsdiqlənməsi hansı hüquqi əsasları daşıyır? Yəni, alıcı malı almamsını əsas gətirə bilərmi ki, əslində mən mal almamışam və EQF sistem tərəfindən təsdiqlənib. Ümumiyyətlə EQF malın təhvil verməsinə əsasdırmı? Bir məsələni də qeyd edək ki, Nazirlər Kabinetinin qərarında 5 gündən sonra avtomatik təsdiq olunma məsələsi nəzərdə tutulmayıb. Bu müddət vergi orqanının AVİS proqramına verilən texniki tapşırıqda müəyyən edilir.
14/10/2022 Read: 159 Average count: 4

Bildiririk ki, "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları" (Bundan sonra Qaydalar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 

Qaydalara əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur.

Həmçinin, Qaydaların 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Nazirlər Kabinetinin-nin 02.02.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

4/5 (3 Average count)
Qiymət ver:
Ləman Kərimli Əli qızı l.***@caspianlegalcenter.az ID: 7075
Salam, bilmək istərdim ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsi kimlərə şamil olunur? Həmin maddədə qeyd olunan "daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır" müddəası yalnızca yaşı 18-ə dək olan şəxslərin himayəçilərinə aiddir? Yoxsa, yaş məhdudiyyəti olmadan, məsələn, 50 yaşında orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin himayəçisi hesab olunan arvadın əsas iş yerində gəlirləri 200 manat məbləğində azaldılırmı? Xahiş edirəm ki, dəqiq cavab verəsiniz. Bu maddə biraz qarışıq olduğundan mübahisə doğurur.
13/10/2022 Read: 122 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Maddədə qeyd olunan vergi güzəşti orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) şəxslərin və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin özlərinə aid edilir. 

Eyni zamanda, həmin maddəyə əsasən daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun (yaşından asılı olmayaraq) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır. Bu halda isə, vergi güzəşti 18 yaşınadək əlilliyi müəyyən edilmiş və yaxud da orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan şəxslərə aid edilir. 

Müvafiq güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı.
 

5/5 (1 Average count)
Qiymət ver:
Tural Cəfərov Fazil 21***@gmail.com ID: 7074
Salam, stoksuz onlayn satışla məşğul olmaq üçün vergilər tətbiq edilmirmi? Əgər edilirsə nə qədər?
13/10/2022 Read: 139 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Fərid Alişanov Zaur fa***@gmail.com ID: 7070
Bir çox hallarda, bəzi vergi ödəyiciləri obyektlərin POS-terminala sahib olmalarına baxmayaraq "POS-terminal işləmir", "limiti keçmişik", "kartdan-karta köçürmə edə bilərsiniz" və ya "nağd şəkildə ödəyin" deyilir. Bu kimi situasiyalarda hara müraciət olunmalıdır? Bu qanun pozuntusudur və müştəri olaraq satıcı ilə bu barədə mübahisə etmək qətiyyən istəmirəm. Düşünürəm bir dəfə cərimə olunsalar aidiyyəti qurumlar tərəfindən, bu hallar bir daha təkrarlanmaz. Zəhmət olmasa, bu barədə köməklik edərdiniz.
13/10/2022 Read: 253 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunmuşdur. 

Həmin qərara əsasən dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən), rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdırlar.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi qanunvericiliyinin pozulması faktları ilə rastlaşdıqda bu barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı.

5/5 (2 Average count)
Qiymət ver:
Sultanov Elşad Mahir el***@gmail.com ID: 7069
Salam. Mən VÖEN-i bağlamaq istəyirəm. Ancaq istifadəçi kodunu, şifrəni itirmişəm və xaricdə qalıram. Necə eləyim?
12/10/2022 Read: 121 Average count: 5

Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. Qeyd olunanlara əsasən, etibarnamə əsasında səlahiyyətli nümayəndəniz vasitəsilə vergi orqanına müraciət edə bilərsiniz.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

5/5 (3 Average count)
Qiymət ver:
Ceyhun Mirzəyev Ce***@mail.com ID: 7067
Salam. Mənim atam obyekt işlədir, kassa aparatı almaq istəyir. Sadəcə asan imzası yoxdur, mənim asan imza nömrəm var. Onunla qeydiyyat keçə bilər, mən istifadə etmirəm?
12/10/2022 Read: 176 Average count: 0

Bildiririk ki, nəzarət-kassa aparatının qeydiyyata alınması üçün “NKA-nın qeydiyyata alınması haqqında ərizə”, e-kassa istifadəçisi ilə e-kassa operatoru arasında bağlanmış müqavilənin PDF formatı, e-kassanın təsərrüfat subyektində (obyektində) quraşdırılması üçün onun NMQ-sinə göndərilmiş sertifikat faylının yazılması barədə Akt (e-kassa operatorunun İnternet Vergi İdarəsi portalında olan elektron kabinetinə sertifikat faylı göndərildikdən sonra) vergi orqanına elektron qaydada təqdim edilir. 

Məlumat üçün bildiririk ki, vergi ödəyici tərəfindən vergi orqanına elektron müraciətlər Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə olan - elektron kabinet vasitəsilə təqdim edilməlidir. Bu səbəbdən, vergi ödəyicisi yalnız özünə məxsus olan gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetinə daxil ola və vergi orqanına müraciət edə bilər.  

“Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir. 

Müraciətiniz barədə ətraflı məlumat və metodiki köməklik üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 13.2.72-ci, 16.1.8-ci və 24.0.6-cı maddələri, Nazirlər Kabinetinin 14.02.2019-cu il tarixli 52 nömrəli “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında” Qərarı, Nazirlər Kabinetinin 01.08.2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”, Vergilər Nazirliyinin Kollegiyasının 22.04.2019-cu il tarixli 1917050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının elektron uçotunun  aparılması Qaydası”

0/5 (0 Average count)
Qiymət ver:
Hamayıl Əlizadə Camal he***@gmail.com ID: 7066
Salam. "Kamstaff ltd" şirkətinin (VÖEN 1404376071) bağlanması ilə bağlı müraciət etmişəm. Birinci mərhələdə qəzetdə elan və s mərhələsini başa vurduqdan sonra mənə Bir pəncərədə akt və bildiriş verildi. Orada mənə bildirdilər ki, ilk öncə möhür düzəltdirməliyəm (ləğv prosesindədir), daha sonra bank hesablarını bağlayın və xidmət mərkəzinə yaxınlaşın. Bunları etdim, lakin mənə xidmət mərkəzində bank hesablarını bağladıqdan sonra xidmət mərkəzinə yenidən yaxınlaşmağa ehtiyac olmadığını bildirdilər. Mən bilmək istəyirəm, bundan sonra nə etməliyəm?
12/10/2022 Read: 89 Average count: 0

Bildiririk ki, hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında ətraflı məlumatla, o cümlədən təqdim olunan sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Nigar Mustafayeva Ayaz hr***@qarantkredit.az ID: 7064
Salam, vergi SMS-lərinin gəldiyi qeydiyyat nömrəsini necə dəyişə bilərəm?
12/10/2022 Read: 68 Average count: 5

Mobil telefon nömrənizə SMS səhvən gəldiyi halda, bu haqda Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz xahiş olunur. 

5/5 (1 Average count)
Qiymət ver: