Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Anar Miriyev an***@gmail.com ID: 7063
Salam. Vergi Məcəlləsinin 3.2 ci maddəsində qeyd edilib ki, vergilər iqtidsadi cəhətdən əsaslandrılmalır. Sual. Fəaliyyətin dayandıran müəssisə balansında olan əmlaka görə əmlak vergisi ödəməlidir. Burada iqtisadi cəhətdən əsalandırma haradadır? Amotizasaiya etməyə icazə verilmir, başa düşüləndir, niyə əmlak vergisinə cəlb edilir? Mənə aydın olmayan tərəfi iqtisadi cəhətdən əsaslandırma tərəfidir ki, bu necə əsaslandırılır?
12/10/2022 Read: 186 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyekti sayılır.

Vergi Məcəlləsinin 198.2-ci maddəsinə görə müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. 

Vergi Məcəlləsinin 16.4-cü maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandıraraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

Göründüyü kimi, əmlak vergisinin ödənilməsi vergi ödəyicisinin fəaliyyətinin aktiv və ya passiv olması ilə şərtləndirilməmişdir. Belə ki, qeyd olunan vergi növündə vergitutma obyekti əmlakdır və vergitutma obyekti vergi ödəyicisinin fəaliyyətinin nəticəsindən asılı deyil. 

Qeyd olunanlara əsasən müəssisə tərəfindən fəaliyyətini dayandırdığı dövrdə balansında olan əsas vəsaitlərə görə əmlak vergisi hesablanıb ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 108-ci, 197-ci,198-ci və 202-ci maddələri. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Aslan sa***@hotmail.com ID: 7060
Salam. Mən "Al market" mağazasına icarə yer vermişdim. İcarə ləğv olundu. Mən VÖEN-i bağlatmaq üçün nə etməliyəm?
11/10/2022 Read: 155 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Vasif Nəbi va***@gmail.com ID: 7059
Salam. Mən öz istehsal etdiyim kənd təsərrüfatı məhsullarını (kartof, yerkökü, yemək çuğunduru, ağartı məhsulları, toyuq, ördək, yumurta və s) sayt üzərindən satışını həyata keçirmək istəyirəm. Bilmək istəyirəm ki, mən sadələşdirilmiş vergi hesabatını necə verməliyəm ki, mən kənd təsərrüfatı məhsullarının satışına tətbiq oluna vergidən azad olmadan yararlanım?
11/10/2022 Read: 252 Average count: 0

Bildiririk ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də digər vergi ödəyciləri kimi ilk növbədə vergi orqanında uçota durmalı, bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməlidir.

Həmçinin bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi "Sadələşdirilmiş vergi bəyannaməsi"nin 811.1 kodlu “Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi” sətrinin B1 xanalarında qeyd olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.62-ci, 15.1.3-cü, 33-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 218-1.1.1-ci maddələri və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16 fevral 2022-ci il tarixli 2217040100098600 №-li Əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Elxan Məmmədov Yunus mm***@mail.ru ID: 6841
Salam, mən pay torpağı sənədinə VÖEN açdırmalıyam, lakin sənəddə olan payçılardan biri və torpaq sahibi dünyasını dəyişib bilmək istəyirəm ki, əgər vəfat edən payçıların ölüm kağızları və digər payçıların şəxsiyyət vəsiqələri ilə yaxınlaşsam torpaq mülkiyyətçisi kimi vöen açdıra bilərəm? Xahiş edirəm, sualımı cavablandırasınız. Əvvəlcədən təşəkkür edirəm.
10/10/2022 Read: 175 Average count: 5

Bildiririk ki, torpağa dair mülkiyyət hüququnu təsdiq edən sənəddə payçılardan biri vəfat etdikdə təqdim edilən sənədlərə vəfat edən payçının ölüm kağızı əlavə edilməklə müvafiq ərizə ilə birlikdə torpaq mülkiyyətçisi kimi uçota alınmaq üçün torpağın yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət edilməlidir.

Torpaq mülkiyyətçisi vəfat etdikdə vərəsəlik əsasında paylar yenidən müəyyən edilməklə yeni mülkiyyət hüququnu təsdiq edən sənəd alınmaqla, müvafiq ərizə və sənədlərlə birlikdə torpağın yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət edilməlidir.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

5/5 (4 Average count)
Qiymət ver:
Vüsal Quliyev Rasim oğlu gu***@gmail.com ID: 6824
Salam. Bildiyiniz kimi, beynəlxalq daşıma zamanı qeyri rezidentə ödənilən məbləğdən 6 faiz ÖMV tutulub dövlət büdcəsinə ödənilir. Bununla yanaşı, ikiqat vergi tutulmasının qarşısını almaq məqsədilə hazırlanmış beynəlxalq müqavilələrə əsaslanaraq DTA 03 arayışı təqdim etməklə qeyri rezidentə ödənilən məbləği vergidən azad etmək olur. Beynəlxalq daşıma hava, su və yer üstü (avtomobil və dəmir yolu) nəqiliyyat vasitələri ilə həyata keçirilir. Azərbaycan Respulikası və digər ölkələr arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması üzrə beynəlxalq müqavilələrin bəzilərində beynəlxalq daşımanın hansı vasitə ilə aparılmasından asılı olaraq ikiqat vergidən azad olunması barədə qeyd olunub. Yəni, bəzi müqavilələrdə yuxarda qeyd olunan daşınma vasitələrinin ((hava , su , yer üstü (avtomobil və dəmir yolu)) hamısı qeyd olunub, bəzilərində isə dəmir yolu ilə daşımalar istisna edilib. Bu da özlüyündə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq daşıma şirkətlərinin işinə mənfi təsir göstərir. Belə ki, rezident A MMC qeyri rezident B LLC-dən yüklərin dəmir yolu vasitəsi ilə Azərbaycandan Qazaxıstana göndərilməsi ilə bağlı sifariş almışdır. Bu daşımanın ölkəmizdən keçən hissəsi üçün yol haqqı misal 500 USD A MMC tərəfindən rezident müəssəsəyə ödənmişdir. Daşımanın geri qalan qismi yəni, Qazaxıstan Respublikasında olan hissəsi üçün A MMC qeri rezident Qazaxısatan şirkətinə 500 USD ödəniş etməlidir. Lakin, Məcəllənin 125.1.4. bəndinə əsasən bu məbləğdən 6 faiz ÖMV tutulub büdcəyə ödənməlidir. 500 USD-ni Qazaxıstan şirkətinə tam ödəmək üçün məbləğ “gross up” etdikdə, 531.9 USD məbləğ ortaya çıxır. Azərbaycan respublikası ilə Qazaxıstan respublikası arasında bağlanan iki tərəfli müqavilənin beynəlxalq daşımaya aid olan hissəsində dəmir yolu ilə daşıma qeyd olunmadığına görə A MMC DTA 03 arayışı təqdim edib ÖMV dən azad oluna bilmir və nəticədə bu da A MMC nin qəbul etdiyi sifarişin xərcini artırır. Ancaq, sifarişi verən qeyri-rezident bu sifarişi başqa qeyri-rezidentə, “C LLC”-yə verəcək olsa sifarişi qəbul edən “C LLC” daşımanın Azərbaycanda olan hissəsi ilə yanaşı Qazaxıstanda olan hissəsi üçün də əlavə vergi öhdəliyi olmadan ödənişi edəcək və nəticədə bu daşıma üçün xərci A MMC nin xərcindən az olacaq ki, bu da beynəlxalq daşımada A MMC-nin rəqabət aparmasını məhdudlaşdıracaq. Bu məsələ ilə bağlı hər hansı alternativ yol varmı, yoxdursa bu məsələ ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklər aparılmasını təklif kimi qiymətləndirməyinizi xahiş edirəm. Təşəkkürlər!
10/10/2022 Read: 397 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı əksər ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərində “beynəlxalq daşımalar” termininə dəniz və ya hava gəmisinin yalnız Razılığa gələn bir Dövlətin məntəqələri arasında istismar edilməsi halları istisna olmaqla, Razılığa gələn Dövlətlərdən birində yerləşən müəssisə tərəfindən istifadə edilən dəniz yaxud hava gəmisi vasitəsi ilə həyata keçirilən bütün daşımalar aid edilmişdir. Lakin, sazişlərin bir qismində isə həm avtomobil həm də dəmir yolları vasitəsilə həyata keçirilən beynəlxalq daşımalar qeyd olunan terminlə əhatə olunmuşdur.

Eyni zamanda, həmin sazişlərin “Sahibkarlıq fəaliyyətindən mənfəət” maddələrinə əsasən Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətdə yerləşən daimi idarə (nümayəndəlik) vasitəsilə sahibkarlıq fəaliyyəti göstərmirsə, onun mənfəətinə yalnız Razılığa gələn bir Dövlətdə vergi qoyulur. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirmirsə, onun mənfəəti Razılığa gələn digər Dövlətdə, mənfəətin yalnız bu daimi idarəyə (nümayəndəliyə) aid olan hissəsi həcmində vergiyə cəlb edilə bilər. 

Qeyd olunanları nəzərə alaraq, qeyri-rezidentin Azərbaycan Respublikası mənbəyindən əldə olunan və yerüstü vasitələrlə həyata keçirdiyi (avtomobil, dəmir yolu) beynəlxalq daşımalarla bağlı gəlirləri Azərbaycan Respublikası ilə digər dövlət arasında qüvvədə olan müvafiq sazişlərin “Sahibkarlıq fəaliyyətindən mənfəət” maddəsi üzrə daimi nümayəndəlik yaratmadığı təqdirdə, qeyri-rezidentin belə gəlirləri onun rezident olduğu dövlətdə vergiyə cəlb olunur. Odur ki, qeyri-rezident müəssisələrin beynəlxalq daşıma termini ilə əhatə olunmayan müxtəlif nəqliyyat vasitələri ilə həyata keçirdikləri beynəlxalq daşımalardan əldə etdikləri gəlirləri “Sahibkarlıq fəaliyyətindən mənfəət” maddəsi çərçivəsində tənzimlənir.

5/5 (4 Average count)
Qiymət ver:
Böyükağa Vəkil Əliyev al***@gmail.com ID: 6934
Salam yazıb bildirirəm ki, vergi orqanlarında işə qəbul üçün Dövlət Vergi Xidməti müsabiqə elan edib. Mənim təhsilim var, litsey diplomum var, hal-hazırda təhsilimi qardaş Türkiyə Respublikasında davam etdirirəm. Ali təhis alıram, dövlət idarəetmə ixtisası üzrə mən vergi orqanlarında işə qəbul ola bilərəm? Cavablandırmağınızı xahiş edirəm.
10/10/2022 Read: 128 Average count: 5

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 19.09.2022-ci il tarixdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

Yuxarıda qeyd olunan müsabiqədə iştiraka ali təhsilə malik (qeyri-hüquq sahələri üzrə müraciət edən namizədlər üçün ixtisas tələbi yoxdur), yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar. Bu səbəbdən, ali təhsilini başa vurmamış şəxslərin müsabiqədə iştirakı nəzərdə tutulmamışdır.

Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərsiniz:
(https://www.taxes.gov.az/az/post/2090

5/5 (2 Average count)
Qiymət ver:
Adil Ələkbərov ad***@gmail.com ID: 7049
Mənfəət vergisi ödəyicisi olan mikro sahibkarlıq subyekti hüquqi şəxsin şəhadətnamə dublikat əsasında açılmış biznes kart hesabına vergi ödəyicisi olmayan fiziki şəxslərdən malların təqdim edilməsinə görə "card to card" vasitəsi ilə ödənişlər daxil olur. Bu halda qanunvericiliyin pozulması halı mövcuddurmu? Mövcuddursa, hansılar?
08/10/2022 Read: 276 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Sorğunuzda qeyd olunan halda, malların dəyərinin alıcı tərəfindən bank kartı vasitəsilə satıcının bank kartına ödənilməsinə görə hər hansı məhdudiyyət və ya maliyyə sanksiyası nəzərdə tutulmamışdır. Lakin, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci, 164-cü və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".

5/5 (1 Average count)
Qiymət ver:
Elxan Behbudov Sabir oğlu el***@gmail.com ID: 7044
Müəssisəmiz dövlət büdcəsindən maliyyələşən və 100 faiz dövlətə məxsus olan publik hüquqi şəxsdir. Müəssisəmizdə çalışan və Həyatın Yığım Sığortası xidmətinə qoşulmuş hər bir əməkdaşın əmək haqqısının 45%-i sığortaya cəlb edilir. Bu halda işçilərin əmək haqqı üzrə gəlir vergisi və MDSS ödənişləri də (işçinin və işəgötürənin hesabına formalaşan) Həyatın Yığım sığortasına köçürülür. Əmək haqqının 45%-i həcmində Həyatın Yığım sığortasına qoşulmuş işçinin xeyrinə sığorta şirkətinə köçürülən ödənişlərə görə işəgötürənin hər hansı vergi və sosial sığorta ayırmaları (MDSS) kimi öhdəliyinin olub-olmaması haqqında məlumat vermənizi Sizdən xahiş edirik.
07/10/2022 Read: 192 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Buna əsasən işçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır.

Eyni zamanda, sığortaedənin vəsaiti hesabına ödənilən sosial sığorta haqlarından sığortaedən tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən həmin məbləğlər işçinin gəlirlərinə və həmin ödənişlər işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Tağıyev Əli Sabir ta***@mail.ru ID: 7043
Salam. Aliment ilə bağlı məsələyə aydınlıq gətirməyinizi istəyirəm. Tutaq ki, dövlət müəssisəsində işçinin maaşı 800 manatdırsa və 20% aliment tutulmalıdır. O zaman vergi, aliment və digər məcburi tutulmalar (3%, 0.5% və 2%) hansı qaydada hesablanacaq? Xahiş edirəm, konkret olaraq açıq şəkildə tutulmaları rəqəmlərlə qeyd edəsiniz.
07/10/2022 Read: 212 Average count: 3

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Burada “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. 

Buna əsasən alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi, “Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında" və  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

3/5 (3 Average count)
Qiymət ver:
Səmədov Əfsər su***@mail.ru ID: 7042
Salam. Mən heç bir yerdə işləmirəm, rayonda yaşayıram. "Mygov.az"-da qeydiyatdan keçdim və şəxsi məlumatımda hal-hazırda "EKOSERVİS-A" MMC-də işlədiyim məlum oldu. Mən heç bir yerdə işləmirəm, mənə bu işdə kim köməklik edə bilər?
07/10/2022 Read: 92 Average count: 5

Qüvvədə olan əmək müqavilələri haqda məlumat əldə etmək və sorğunuzda qeyd olunan halın araşdırılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142,www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Namizəd Əyyubov Məmmədəli ey***@mail.ru ID: 7039
Aylıq əmək haqqısı 1230,0 manat olan işçiyə növbəti əmək məzuniyyəti hesablanan zaman, ay ərzində hesablanan əmək haqqı və məzuniyyət haqqı 2500,00 manatdan çox olur. Məsələn, işçi noyabr ayının 1-dən əmək məzuniyyətinə buraxılırsa məzuniyyət haqqı qanunla oktyabr ayının 25-i və ya sonrakı günlərdə hesablanıb noyabr ayının 1-nə kimi ödənməlidir. Bu halda oktyabr ayı ərzində hesablanan əmək haqqı və məzuniyyət haqqı 2500,00 manat həddindən çox olur. Bu halda gəlir vergisi hansı dərəcə ilə hesablanmalıdır? Əvvəlcədən təşəkkürümü bildirirəm. Mümkündürsə cavabı email ünvanına göndərin.
06/10/2022 Read: 154 Average count: 0

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Dövlət və neft-qaz sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinin (o cümlədən əmək haqqının) 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur. 

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Seymur Səmədov Ədalət se***@gmail.com ID: 6871
ƏDV ödəyicisi olan müəssisə hansı halda ƏDV məbləğini və ya əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləğini alınan malın və ya istehsal olunan məhsulun üzərinə gələ, birbaşa xərcə silə, bölüşdürülməmiş mənfəətdən azalda bilər?
05/10/2022 Read: 225 Average count: 4

Bildiririk ki, vergi ödəyicisi tərəfindən mallar, eləcə də xidmətlər əldə olunarkən ödənilən ƏDV məbləği Vergi Məcəlləsinin müddəalarına əsasən əvəzləşdirilə bilmədikdə, ƏDV məbləği həmin malların və ya xidmətlərin dəyərinə əlavə edilir. Qeyd olunan mal və ya xidmətlər üzrə çəkilən xərclər gəlirin əldə olunması ilə bağlı olduqda, həmin xərclər vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. 

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 175-ci maddələri.

4/5 (6 Average count)
Qiymət ver:
Elçin Əmrahov Allahverdi oğlu em***@gmail.com ID: 7037
Salam, mən Vergillər məcəlləsinin 101.1, 102.1.6 və 102.2-ci maddələrinin tətbiqi ilə bağlı aşağıda qeyd etdiyim məsələnin aydınlaşdırılması üçün müraciət edirəm. Belə ki, 101.1- ci maddəyə əsasən işçinin vergi tutulan aylıq gəlirinin məbləği 2500 manatadək olduqda verginin miqdarı 14 faizlə hesablanır və 102.1.6-cı maddəsinə əsasən isə Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Həmçinin 102.2-ci maddəyə əsasən aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Sualım: Əgər işçinin hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatdan çox olarsa ancaq 102.2,102.3,102.4 və 102.5-ci maddələrdə qeyd olunan güzəştlər işçiyə tətbiq edildikdən sonra Vergi tutlmalı olan aylıq gəlirin məbləği 2500 manatdan az olarsa bu zaman gəlir vergisi hesablanan zaman 102.1.6-cı maddədə qeyd olunan 200 manat məbləği vergidən azad olacaqmı? Fikrimi daha dəqiq qeyd etmək üçün belə bir numunə misal göstəririəm. Əgər, işçinin aylıq gəliri 2650 manat olarsa və işçi 102.3-cü maddədə göstərilən 200 manat məbləğində güzəşt hüququna sahib olarsa bu zaman vergi hesablanması aşağıdakı hesablamalardan hansına uyğun olacaq? 1. Vergi tutulan aylıq gəlir məbləği: 2650-200=2450 (2450-200)*14%=315 2. Vergi tutulan aylıq gəlir məbləği: 2450 2450*14%=343
05/10/2022 Read: 112 Average count: 5

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Sorğunuzda qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2650 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt tətbiq olunmur və  200 manat çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

5/5 (1 Average count)
Qiymət ver:
Буркин Александр ne***@gmail.com ID: 6897
Добрый день. Я стал индивидуальным предпринимателем. Меня интересует какие налоги и какой процент с полученного дохода я должен платить? Годовой доход у меня будет меньше 200 000 манат. И как часто мне необходимо оплачивать налоги, каждый месяц, каждый квартал или раз в год?
05/10/2022 Read: 143 Average count: 5

Лицо, получающее доход от предпринимательской деятельности и ставшее на налоговый учет в качестве плательщика упрощенного налога, рассчитывает сумму налога путем применения ставки 2% на объем валовой выручки, полученной за предоставленные товары (работы, услуги) и имущество, а также внереализационные доходы в течение отчетного квартала.

Физическое лицо - плательщик упрощенного налога - освобождается от уплаты НДС и подоходного налога от предпринимательской деятельности. Лица, указанные в статье 218.5 Налогового кодекса, не обладают правом уплаты налогов по упрощенной системе. 

Индивидуальный предприниматель, получающий доход от предпринимательской деятельности и ставший на налоговый учет в качестве плательщика подоходного налога, должен рассчитывать налог с полученного в течение отчетного года дохода, т.е. с разницы между налогооблагаемым доходом и расходами, разрешенными к вычету главой Х Налогового кодекса, по ставке 20%. Рассчитанная сумма подается "Декларацией подоходного налога" в налоговый орган не позднее 31 марта года, следующего после отчетного года.

Индивидуальный предприниматель, являющийся плательщиком подоходного налога, в течение отчетного года раз в квартал, в порядке, установленном статьей 151 Налогового кодекса, должен выплачивать в бюджет сумму текущей налоговой выплаты по подоходному налогу, а по завершении отчетного года произвести окончательные расчеты с бюджетом до подачи декларации.

Налогоплательщик подоходного налога, объем налогооблагаемых операций которого в любой месяц (месяцы) в периоде 12 последовательных месяцев превышает 200.000 манатов, в течение 10 дней следующего месяца должен обратиться в налоговый орган с заявлением для регистрации плательщиком НДС, а после регистрации выполнять налоговые обязательства плательщика НДС.

Рекомендуем ознакомиться с разделом «Налоговый гид» нашего сайта, чтобы получить более подробную и полную информацию о некоторых процедурах, связанных с налоговым учетом, а также об упомянутых системах налогообложения.

Обоснование ответа: Статьи 16, 33, 101, 155, 218 и 220 Налогового кодекса Азербайджанской Республики.

5/5 (1 Average count)
Qiymət ver:
İlqar Abbasov Adil il***@inbox.ru ID: 6896
Salam. Bilmək istərdim ki, mənfəət vergisi ödəyicisi olan ictimai iaşə müəssisəsi son 12 ayda 195 000 manat dəyərində xidmət göstərərək elektron qaimə yazmışdırsa, lakin həmin dövrdə bank hesabına 205 000 manat daxil olmuşdursa (o cümlədən 10000 manat avans ödənilibsə) həmin müəssisənin xidmət dövriyyəsi hansı məbləğ hesab olunur? Həmin müəssisə ƏDV qeydiyyatına düşməlidirmi?
05/10/2022 Read: 267 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin və xidmətin) təqdim edilməsi vergi tutulan əməliyyat hesab edildiyindən alınmış avans məbləğləri üzrə malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt vergi tutulan əməliyyat baş tutmuş olur.

Buna əsasən sorğuda göstərilən halda cəmiyyətə ödənilən avans məbləğləri vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan 200.000 manat həddinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 155-ci maddələri. 

5/5 (7 Average count)
Qiymət ver:
Qəzənfər Qəzənfərli Elşən qz***@gmail.com ID: 7034
Salam. Mənim bir yaxınımın işlədiyi kursda müəllimlərin maaşının bir hissəsi hesablarına köçür, bir hissəsi isə əldən verilir. Müəllimlərin maaşının fərqli olduğuna baxmayaraq sistemdə minimum əmək haqqı qeyd olunur və işçilər əmək müqaviləsi bağlanılmadan müəyyən müddət işlədilir, əmək haqqı isə əldən verilir. Bu barədə nə edə bilərəm?
05/10/2022 Read: 114 Average count: 4

Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları ilə rastlaşdıqda bu barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

4/5 (1 Average count)
Qiymət ver:
Məmmədov Bəhmən Azər be***@gmail.com ID: 7033
Salam, mən asan imza sertifikatı almışdım təxmini 3 il əvvəl. Asan nömrəyə sertifikarın müddətinin bitəcəyi ilə bağlı ismarıc gəlib. Müddəti uzatmaq üçün hara müraciət etməliyəm və hansi sənədləri gətirməliyəm? Çox sağolun.
05/10/2022 Read: 102 Average count: 0

Bildiririk ki, istifadəçilər tərəfindən sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur.

“Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Samir Cəfərov sa***@gmail.com ID: 7028
Salam. Xaric şirkətə müqavilə əsasında proqram təminatı xidməti göstərirəm və bunun qarşılığında hər ay həmin xarici şirkət mənim VÖEN-ə bağlı xarici valyutudakı bank hesabıma ödəniş edir. Qeyd edim ki, hüquqi şəxs kimi yox fiziki şəxs kimi qeydiyyatayam. Aşağıdakı sullara cavab verməyinizi sizdən xahiş edirəm. 1) Əgər mənim bank hesabıma 12 ay ərzində daxil olan məbləğ 200.000 AZN keçərsə mən ƏDV ödəyicisi olmağım tələb olunurmu və əgər olacaqsa hansı dərəcə ilə ƏDV ödəyicisi sayılır proqram təminatının yazılması xidmətinin ölkə xaricindəki şirkətə göstərilməsi (Azərbaycandan xarici şirkətə kompüter vasitəsilə elektron qaydada göstərilir). 2) Digər sual fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad olunmasi üçün limit 200.000 AZN güzəşt məbləği son 12 ay üçün hesablanır, yoxsa hər cari ilin yanvar ayında sifirlanir və növbəti ilin üçün yenidən hesablanır? 3) Fiziki şəxs VOEN hesabındakı məbləği digər VOEN hesabina köçürmə etdikdə bunu vergi arayışında və ya il sonunda vergi beyannaməsində xərc kimi göstərə bilərmi?
05/10/2022 Read: 202 Average count: 0

Bildiririk ki, vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olur.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın dəyərinin 18 faizidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 155-ci və 173-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Fariz Atabəy oğlu fa***@dmx.gov.az ID: 7026
Vergi Məcəlləsinin 164.1.19. maddəsində qeyd edilən müvafiq icra hakimiyyəti orqanı tərəfindən Qeyri-rezidentlərdən xüsusi proqram təminatlarının (antivirus, lisenziya və sair.) alınması zamanı, onlara ödənilən məbləğdən 10% ÖMV tutulmalıdırmı?
04/10/2022 Read: 315 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 164-cü maddəsində sadalananlar əlavə dəyər vergisinin məqsədləri üçün vergi ödəməkdən azad edilmə hallarını tənzimləyir.

Qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan Vergi Məcəlləsinin 125-ci maddəsində qeyd olunan dərəcələrlə vergi tutulur. 

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan qeyri-rezident tərəfindən proqram təminatı üzrə göstərilən xidmətlərə görə aparılan ödənişlərdən royalti predmetini təşkil etmədiyi halda ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 125-ci, 164-cü maddələri.

 

 

3/5 (2 Average count)
Qiymət ver:
Haciyev Ravil Eldar ra***@0gmail.com ID: 7022
Salam. Müharibə iştirakçıları vergilərdən azaddır? Məndən bir ildir vergi tuturlar, tutulan vergiləri qaytarırlar?
03/10/2022 Read: 123 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Sorğunuzda qeyd olunan halda, müvafiq vergi güzəşti təsdiq edici sənəd əsasında 1 yanvar 2022-ci il tarixdən tətbiq olunmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 102.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu.

0/5 (0 Average count)
Qiymət ver: